Birinci hissə, 12
Page 2 of 2 · 50%
– Dağa-daşa düşmə, qız məndədir.
Çərkəz yalnız bircə anlığa susdu. Qarşısında dayanan Şamxalın sifətində quyruğunun üstünə qalxıb, adamı çalmağa hazırlaşan şahmar ilan soyuqluğunu duydu. Ona elə gəldi ki, üzünə zillənən gözlərdə ovunu əvvəlcə ovsunlayıb, sonra yeyən bir yırtıcı sehrkarlığı var. Şamxalın üzündəki tüklər də ona zəhərli tikanlar kimi görünürdü. Əgər bircə an da keçsə, Çərkəz fürsəti əldən verəcək, gozünün içinə fısıldayıb qıvrılan Şahmar atılıb boynuna dolanacaqdı. O doğrudan da qəfildən zəhərli ilanı tapdalayan adam kimi dəhşətlə geri atıldı və dərhal da tüfəngi hərlədi. Bir göz qırpımında gülləni lüləyə verdi. Barmağını tətiyə uzadana qədər Şamxal ov güdən pişik cəldliyi ilə irəli şığıdı. Tüfəngdən yapışıb, lüləni yuxarı qaldırdı. Onlar süpürləşməyə başladılar. Şamxal bir əli ilə qundaqdan, bir əli ilə də lülədən yapışıb, tüfəngi həm özündən uzaqlaşdırır, həm də vurub Çərkəzin əlindən almaq istəyirdi. Çərkəz isə var gücü ilə müqavimət göstərir, necə olursa-olsun silahı əldən verməməyə çalışırdı.
Şamxal ayağını Çərkəzin qarnına dayayıb, tüfəngi geri çəkdi. Rəqibinin qolunu qanırıb, silahı qoparmaq istədi. Ancaq bacarmadı. Belə olduqda qundağı yuxarı qaldırıb, lüləni torpağa doğru çevirməyə çalışdı. Çərkəz onun fikrini duyduğundan, var gücünü topladı və barmağını tətiyə yetirdi. Güllə Şamxalın qulağını yalayıb keçdi. Çiynini qarsaladı. Kəsif barıt qoxusu burunlarına doldu. Bundan sonra onlar tüfəngdən daha möhkəm yapışdılar. Hər ikisinin dizi yerə gəldi. Bir anlığa dayanıb, nəfəslərini dərdilər. İkisi də qan-tərə batıb, taqətdən düşmüşdü. Köynəklərinin yaxası açılmışdı. Şamxalın sinəsindən tər axırdı. Çərkəzin islanmış saçı dağılıb, alnına yapışmışdı. Nəfəs aldıqca sinələri qalxıb-enir, genişlənmiş burun pərələrindən nəfəsləri fisqırırdı. Onlar son dəfə güclərini sınayırdılar. Bu ani sükutdan sonra qəti hücumun başlanacağı şübhəsiz idi. Şamxal arada tüfəngi buraxıb, xəncəri siyirməyi ağlından keçirtdi. Lakin ürək eləmədi. Çərkəzin dərhal ayağa durub, çaxmağı yenidən hərləyəcəyindən qorxdu. Bəs nə etməli? O birdən var gücü ilə tüfəngi özünə tərəf çəkib burdu. Çərkəz bunu gözləmədiyi üçün səndələdi. Müvazinətini itirdiyindən, başı çatıltı ilə Şamxalın alnına dəydi. Gözlərindən qığılcım qopsa da, tüfəngi buraxmadılar. Buynuzlarını bir-birinə keçirdib, kəllə-kəlləyə gələn kəllər kimi yenidən tutaşdılar. Səhər şehinə çilənmiş göy otlar dizlərinin altında əzildi. Torpaq eşim-eşim oldu.
Qardaşı oğlunun ehtiyatsızlıq etdiyindən narahat olan Şahnigar xanım evdə qərar tuta bilmədi. "Gədənin təşəxxüslüyünə bir bax, xalqın qızını gətirib evə, amma qardaşını saya salmır. Bu saat Çərkəz qızıl ilana dönüb, rastına kim gəlsə tas-tas eləməyə hazırdır, bu da tüfəng götürüb onun qabağına çıxmağı şəninə sığışdırmır. Bütüncə dədəsidir", - deyə ürəyində Şamxalı asıb-kəsdi. Qazma damın qulaqları cingildədən sükutu içərisində ürək çırpıntılarını duydusa da, özünü o yerə qoymadı. Ehmalca tüfəngi götürdü. Qapını açıb bayıra atılmağa hazırlaşan Güləsərin qabağını kəsdi. Salatının qolundan tutub geri itələdi. "Oturun yerinizdə!" – deyə onlara acıqlanıb, gözünü ağartdı, həyətə çıxdı. Çardaqda ayaq saxlayıb, dirəyə söykəndi. Cavanlar əlbəyaxa olsa, harayçılığa çatmaq üçün hazır dayandı. Ancaq onların çöməltmə oturub, yanaşı söhbət etmələri, arxayın-arxayın papiros çəkmələri Şahnigar xanımın bir az sakitləşdirdi. "Allah eləyə, hər şey elə-belə, davasız-şavasız qurtara", - deyə öz-özünə düşündü. Hətta qabağa yeriyib onların söhbətinə qulaq asmaq, hər şeyi zarafata salıb, qurtarmaq belə istədi. Ancaq cavanların birdən-birə əlbəyaxa olduğunu görəndə özünü itirdi. Güllə açılanda isə bir sıçrayışla irəli atılıb, tüfəngi üzünə qaldırdı. Göy otluqda eşələnənlərin başının üstünü kəsdirdi. Onun qəzəb dolu cingiltili səsi eşidildi:
– Aralanın deyirəm sizə! Eşidirsinizmi? Yoxsa ikinizi də qanınıza boyayacam.
Çərkəzlə Şamxal onun sözünü eşitmədilər. Tüfəngi əldən verməkdən qorxduqlarına görə dartışmalarında davam etdilər. Şahnigar xanım çaxmağı hərləyib, yenidən qışqırdı.
– Sizə aralanın demirəmmi?!
Onun sözü yenə cavabsız qaldı. Şahnigar xanım tətiyi çəkdi. Vıyıldayıb gedən güllə dalaşanları diksindirdi. Çərkəz sinəsinə tuşlanmış tüfəngin boz üzünü gördü və nəhayət inadından əl çəkən dalaşqan uşaqlar kimi qollarını boşaldıb tüfəngi buraxdı. Şamxal bunu gözləmədiyindən təngildədisə də tez özünü ələ aldı. Sıçrayıb ayağa durması ilə tüfəngi hərləməsi bir oldu. Şahnigar xanım özünü irəli salıb sinəsini güllənin qabağına verdi. Çardağın altından qışqırıq qopdu.
– Narahat olmayın, xanım, - deyə yerindən tərpənməyən Çərkəz sakitcə dilləndi. - Ata bilməz, çaxmağı çıxartmışam.
Şamxal yalnız bundan sonra əbəs yerə atılıb-düşdüyünü anladı və tüfəngi hirslə yerə atdı. Şahnigar xanım da dərindən nəfəs alıb, qundağı üzündən araladı.
Çərkəz əyilib tüfəngini götürdü. Çaxmağı yerinə saldı. Üzünü Şamxala çevirdi:
– Namərd!.. Burada da özünü bildirdin.
– Adam dostuna elə söz deməz, - deyə Sahnigar dilləndi.
– Gördüm dostluğunu.
– Yaxşı, ağıllı ol. Bir qız bir oğlanındır, elə şeydən ötəri dava salmazlar. Gəlin barışın. Atamın goru haqqı, əl çəkən deyiləm.
– Mən elə namərdnən üz-üzə durmaram.
– Qoy rədd olsun, ay bibi.
– Səsini kəs, sənə söz düşmür.
Çərkəzin gözü çardağın altında dirəyi qucaqlayıb, için-için ağlayan bacısına sataşanda ağlı başından çıxdı. Gözlərinə qaranlıq çökdü. Hirsindən və aciziiyini dərk etdiyindən daxildən qopub gələn hönkürtünü güclə boğub dişini-dişinə sıxdı. Qızarıb qan çanağına dönmüş gözlərinin həlqəsində yığışan yaş damlalarını geri qaytarıb udqundu. Onun hulqumu bir neçə dəfə qalxıb-endi.
– Niyə durdun? Gedək bacınla görüş.
Çərkəz Şahnigar xanıma cavab vermədi. Qəzəbdən alışıb yanan gözlərini Şamxala zillədi. Sözlər dişlərinin arasından fısıltı ilə çıxdı:
– Kökünüz kəsilsin!
Şamxal xəncəri siyirib, yenidən irəli atılmaq istədi. Şahnigar xanım qardaşı oğlunun sinəsindən geri itələdi. Çərkəzin son sözünə əhəmiyyət verməməyə çalışdı.
– A qırışmal, bilirəm acıqlısan, amma sarsaqlama. İndiyəcən dost idiniz, indi də qohum oldunuz, daha nə istəyirsən?
Çərkəz heç nə demədi. Tüfəngi çiyninə keçirib, ağır-ağır uzaqlaşdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-birinci-hisse-12
Use ← → keys to move, R for a random poem
More by this author
Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su da keçmədi. Kişinin həndəvərinə hərlənmək olmadı. Mələk qorxa-qorxa, barmaqlarının ucunda, otağa girib, onun üstünə yorğan salanda, ərinin kürəklərinin titrədiyini, iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü, amma cıqqırını da çıxartmadı, söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər.Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Dinməz-söyləməz paltarını geyindi. Qoltuqaltısını götürdü. Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi. Bunlar azmış kimi xəncəri də belinə bağladı. Hava isti olsa da, dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. Yazığın nəfəsi güclə gedib-gəlirdi. Necə deyərlər, diri gözlü ölmüşdü. O, ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz",- deyə fikirləşdi. Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. Əslinə baxsan, Zərnigar xanım özü də Şamxaldan narazı idi.
İkinci hissə, 1Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var. El arasında buraya "Zayej" ("Zayezjiy dom" sözünün el arasında işlənən şəkli) deyirlər. Qocaların söylədiyinə görə, bu evi vaxtilə xır yolunu çəkənlər tikiblər. Onlar gündüzlər yolda işləyir, axşamlar isə burada yatırmışlar.Göytəpəlilərdən bu yolun necə çəkilməsini xatırlayanlar az deyil. Hətta onların çoxu yola döşəmək üçün Kürün sahilindəki çaylaqdan araba ilə xır daşıdıqlarını indi də unutmamışdır.
İkinci hissə, 2Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Faytonçu da yorulmuşdu. Görünür, uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq həvəsdən düşmür, necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi.Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının üstünə aşıraraq, yanpörtü əyləşmişdi. Xırdaca gözlərini qıyıb boz təpələrə, lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə, düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı, Kürə doğru süründü.
İkinci hissə, 3Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.