Page 1 of 2

Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su da keçmədi. Kişinin həndəvərinə hərlənmək olmadı. Mələk qorxa-qorxa, barmaqlarının ucunda, otağa girib, onun üstünə yorğan salanda, ərinin kürəklərinin titrədiyini, iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü, amma cıqqırını da çıxartmadı, söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər.

Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Dinməz-söyləməz paltarını geyindi. Qoltuqaltısını götürdü. Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi. Bunlar azmış kimi xəncəri də belinə bağladı. Hava isti olsa da, dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. Yazığın nəfəsi güclə gedib-gəlirdi. Necə deyərlər, diri gözlü ölmüşdü. O, ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz",- deyə fikirləşdi. Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. Əslinə baxsan, Zərnigar xanım özü də Şamxaldan narazı idi.

Birdən Zərnigar xanım Mələyin qolundan yapışdı. Nə isə demək istədi. Dili söz tutmadı. Arvadın gözü onun üzünə dikilib qaldı. Bu baxışda nələr yox idi?! Ətrafı qırışmış gözlərin işığı sönmüşdü. Didələr öləziməkdə olan qara çıraq kimi titrəyib soğulurdu. Yalnız bəbəklər geniş açılıb, şüşə kimi parıldayırdı. Mələyə elə gəldi ki, arvadın gözünün ağı həddindən artıq böyüyüb, qarası isə tən ortada, balaca bir nöqtə kimi işıldayır. Əgər bir azca da belə getsə, arvad ayaq üstündə keçinəcəkdi. Mələk eyni zamanda bu gözlərin dərinliyində müti bir qul kimi diz çöküb yerə döşənmək istəyən aciz bir insanın yalvarışını da gördü. Zərnigar xanım imdad istəyirdi.

Mələk dözə bilmədi. Asta-asta qapının ağzına yeridi. İçəridən çıxmağa hazırlaşan ərinin qabağında dayanıb, üzünə baxdı. Kişinin sifətindən qan damırdı.

– Belə bivaxt hara gedirsən?

Cahandar ağa qəfil zərbə almış adam kimi təngildəyib yerində dayandı. Geniş açılmış heyrətli gözləri ilə az qaldı qarşısında dayanan arvadı yesin. Səsi xırıldayıb boğazında qırıldı.

– Nə vaxtdan kişinin işinə qarışırsan?!

– Qarışmıram soruşuram. Mən nəkarəyəm ki, sənə söz deyəm, amma ürəyim uçunur. Səni and verirəm o balalarıyın canına, ətəyindən daşı tök.

Cahandar ağa yolu kəsib, qapının ağzında dayanan və onu bayıra , buraxmaq istəməyən Mələyin döşündən itələdi.

– Çəkil yolumdan!..

Gəlin tərpənmədi. Qollarını gərib qapının çərçivəsindən yapışdı. Cahandar ağa bir an nə edəcəyini bilmədi. Hələ indiyə qədər onun qabağını kəsən, getdiyi yoldan qaytaran olmamışdı.

– Cəhənnəm ol, deyirəm sənə, yoxsa o it küçüyünün hayıfını səndən alaram!

– Al, neylək, al. Vallah, düz sözümdür.

– Qanını üstümə tökmə!

– Halal eləyirəm, tök.

Cahandar ağa onu kənara eləyib keçmək istədi. Mələk qapını örtüb, arxasını söykədi. Kişinin beyninə qan sıçradı. Qıllı qaşların tükləri biz-biz olub pırpızlandı, arası düyünləndi, qırışlar sıslaşdı, yanaqlarında göyümsov ləkələr oynadı. Qolunu hərləyib var gücü ilə arvada bir şillə çəkdi, otağın divarları cingildədi. Mələk gözlərinə qan çökdüyünü və qulaqlarının uğuldadığını hiss etdi. Ona ele gəldi ki, evin divarları çökəlib, aşağı yatdı. Ayağının altından yer qaçdı. Tavandan asılmış otuzluq lampa sağa-sola gedib ləngərləndi. Arvadın yanağı alışdı, gözlərinə qor doldu.

Cahandar ağa arvadın çıraq kimi sönüb yerə çökdüyünü görəndə ayaq saxladı. Onun geri çəkilib yol verəcəyini gözlədi. Amma Mələyin ətli bədəni divar boyu ağır-ağır sürüşdü və birdən kəsilmiş ağac kimi yerə sərildi. "Lənət sənə şeytan, işə düşmədik", - deyə söylənən Cahandar ağa onun üstündən adlayıb keçmək istədi. Amma arvadın sifətinin kağız kimi ağardığını, ağız-burnundan qan fışqırdığını görəndə həyəcanlandı. Aşağı əyilib onu yerdən qaldırdı. Taxtın üstünə uzatdı. Arvadı soyuq tor basdığını görüb, özünü lap itirdi: - Ay uşaq, kim var, tez olun, su gətirin.

Bayaqdan o biri otaqda qorxudan titrəyə-titrəyə bu işlərin nə ilə qurtaracağını gözləyən Salatın özünü içəri saldı. Zərnigar xanım da sürünə-sürünə gəldi. Mələyin ağarmış sifətini, ağız-burnundan axıb laxtalanmış qanı görəndə üzünü cırıb, dizinə döydü:

– Allah sənə insaf versin, ay Cahandar ağa, bu yazığı niyə öldürdün? Yetimin günahı nəydi?

– Günahın hamısı sənin küçüyündədir. Sümüyümüzü it sümüyünə caladı.

Onun nəriltisi otağı başına götürdü. Zərnigar xanım "niyə mənim olur, elə sənin də küçüyündür, adımızı batırdı", - demək istədisə də qorxusundan dinmədi. Mələyin üzünə su çiləyən qızına kömək etdi.

Cahandar ağa tüfəngi taxtın üstünə atıb eşiyə çıxdı. Əlləri əsə-əsə papiros eşdi. Həyətdə fırlandı. O, qəfəsə salınmış yaralı pələng kimi dolandıqca, göyümsov tüstü boynunun ardında burulur, sonra da duman kimi çöküb, enli kürəyinin ortasında yatırdı. O vurnuxurdu. Əlinin bu qədər ağır olduğunu, bir şapalaqla o boyda arvadı yerə sərə biləcəyini ağlına gətirə bilmədiyindən indi əzab çəkirdi. Qəribə idi: elə bil üç gündən bəri ürəyinin başında qurğuşun kimi çöküb dayanan ağrılar yox olmuş, bütün hirsi elə o şillə ilə çıxıb getmişdi. Cahandar ağa sinəsində bir boşluq, qollarında yorğunluq hiss edirdi. Beyni güyüldəyir, gözləri alacalanırdı. Mələyin başına gələn əhvalat ona her şeyi unutdurmuşdu. Öldürmək istədiyi oğlunu da, tikə-tikə doğrayacağını qət etdiyi gəlinini də yaddan çıxartmışdı. Axşam qaranlığında həyətdə dolaşan nökərləri, örüşdən qayıdan malları görmür, dana-buzov səsini, qoyun-quzu mələşməsini də eşitmirdi. Özünü zahirən laqeyd göstərsə də, fikri evdə, Mələyin yanında idi. içəri girib arvadının halını öyrənməyə üzü gəlməsə də, gözünü örtülüb-açılan qapıdan çəkmirdi. Tez-tez eşiyə çıxıb, içəri girən Salatın atasına heç nə demir, başı alovlu ora-bura qaçırdı.

Nəhayət, əl-ayaq yığışdırılanda kişi içəri girdi. Mələyi yorğan-döşəyə uzatmışdılar.

O heç kimdən heç nə soruşmadı. Ağır addımlarla evin yuxarı başına keçib taxtın üstündə əyləşdi. Zərnigar xanım belə vaxtda ərinin gözünə görünməkdən ehtiyat etdiyindən, bir kölgə kimi çəkilib səssizcə öz otağına keçdi. Salatın atasına xörək gətirdi. Kişi əl vurmadı.

– Mənə yer sal! - deyə astaca dilləndi,

Qız taxtın üstünə yorğan-döşək atdı, sonra da sakitcə otaqdan getdi.

Cahandar ağa gecə yarıya qədər gözünü tavana zilləyib, yata bilmədi. Öləziməkdə olan otuzluq lampanın ətrafında fırlanan xırdaca cücülərin evin divarlarında tərpənən kölgələrinə fikir verdi. Otağa qulağı güyüldədən bir sükut çökmüşdü. Arabir isti şüşəyə toxunan, ya da içəri düşüb fitilin alovunda qarsalanan pərvanələrin çırpıntıları, tozlu qanadların pırıltısı sükutu pozurdu. Cahandar ağa hərdənbir başını ,yastıqdan azca yuxarı qaldırıb Mələk yatan tərəfə baxır, onun nəfəs ,alıb - almadığını bilmək istəyirdi. Kişi fikrini toplayıb, müəyyən qərara gələ bilmirdi. Oğlu onu odsuz-ocaqsız yandırırdı. Cahandar ağa Şamxalın küsməyinin bu qədər ciddi olacağını heç güman etmirdi. Onun gec-tez geri qayıdacağını gözləyirdi. Amma indi tamam əlini üzdü. Artıq hər şeyin bitdiyini qərara aldı. "Öləndə vəsiyyət edəcəm, üstümə qoymasınlar, mənim o adda oğlum yoxdur".

Kişi yorğanı başına çəkib, üzünü divara çevirdi. Hər şeyi unudub yatmaq, ağır düşüncələrin pəncəsindən yaxasını qurtarmaq istədi. Amma mümkün olmadı. Şamxal gözünün qabağından çəkilmədi.

Birdən-birə Cahandar ağanın qəlbində qəribə hisslər baş qaldırdı. Şamxalın balacalığı, anadan necə olması yadına düşdü. El yaylaqda olanda peşqurtdan gələn Cahandar ağanın gecə arvadı ilə dəyədə yanaşı uzanması, Zərnigar xanımın utana-utana "deyəsən uşağa qalmışam" - deməsi, onun "oğlum olsa səni təpədən dırnağadək qızıllayacağam", - deye cavab verməsi elə bil dünən olmuşdu. Şamxalın iməkləməsi, dəyələrin qabağında tumançaq qaçması, arabir anasının ğözündən oğurlanıb nəmiyə girməsi, camdakı süd üzünü başına çəkib tejənlərin ağzını açması məgər yaddan çıxardımı?! O, yaman dəcəl idi. Hində yumurta qoymaz, əlindən təknədə çörək qalmazdı. Daşıyıb itlərə tökərdi. Anası hirslənib onu döyəndə Cahandar ağa qabağa keçər, Şamxalı qucağına alıb atın belinə qoyardı. O da yıxılacağından qorxaraq, bərk-bərk atasından yapışardı. "Bəs indi niyə belə olsun? Onun əzizlədiyi, boynunda gəzdirib dizinin üstündə oynatdığı uşaq niyə dönük çıxsın? Kim? Uşaq?"

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

11

Prokuror Əsədov əllərini qalife şalvarının cibinə qoyub otaqda hirslə gəzinirdi. Pəncərədən süzülüb düşən günəş şüaları onun təzəcə silinmiş uzunboğaz, xrom çəkmələrində əks edirdi. Əsədov parıldayan çəkmələrini döşəməyə daha bərk basır, yeridikcə ləngərlənirdi.Pəncərənin yanında oturan Nəsib dayı çox fikirli idi. İmran da burada idi. O, divar tərəfdəki skamyada kolxozçularla oturub papiros çəkirdi. Onun saçı uzanmış, üzümi tük basmışdı, Üzünün sümükləri görünürdü. Başını qaldırıb adamların üzünə baxmırdı, sanki onlardan çəkinirdi. Hamı susurdu. İçəndəkilər, eyvana yığılan kolxozçular söhbətin nə ilə qurtaracağını gözləyirdilər.

195415 min
12

Kosaoğln kürkünü çiyninə salıb anbara tərəf getdi. Neçə gündən bəri rayon mərkəzində olan anbardar yenicə qayıtmışdı. Onun yolunu gözləyən kolxozçular qapının ağzında dayanmışdılar. Kərim kişi ucadan gileylənirdi. Kosaoğlu ayaq saxlayıb qulaq verdi.– A bala, camaatın halalca haqqını niyə qarın ağrısı ilə verirsən?

195411 min
13

İmran bir yerdə durub dincəlmirdi. Neçə gündən bəri ata da rahatlıq vermirdi. Özü də sınıxmışdı. Anasının deyınməsinə baxmayaraq üç gecə idi ki, evə getmirdi. Gündüzlər sahələri gəzib səpinə nəzarət edir, axşamlar tarla düşərgələrindən birində, traktorçuların yanında qalırdı.O, traktorçuların qaladığı ocağın qırağında oturur, onlarla çörək yeyir, gecə yarıya qədər söhbət etdikdən sonra, yalxı palaz üstündə şirin yuxuya gedirdi. Dünən axşam o, Kazımın briqadasında gecələmişdi. Səpin şər qarışana qədər davam etmişdi. Səpilməmiş təkcə Zeynəbin manqasının yeri idi.

195412 min
14

Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan ləzzət alardı. Onun xoşu gələrdi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. Tükəzban xala ona ağzını açmağa imkan vermirdi.

195413 min

Poems by other poets