Page 2 of 2 · 50%

Cahandar ağa gülümsündü. Birdən-birə son dəfə uzaqlaşıb, Kürün sahilinə doğru enən oğlunun enli kürəyi gözünün qabağına gəldi. Kişi onun köynəyinin cırıq yerindən qaralan zolaqları, öz əlinin nişanələrini görür kimi oldu. Şamxalın kürəyi enləndi və bir az bundan əvvəl tumançaq gəzən uşaq əvəzinə bığ yeri tərləmiş cavan bir oğlan dayandı. O nə qədər də yaraşıqlı idi! Belə oğlun atasının nə dərdi ola bilərdi? Qəribə bu idi ki, Şamxal evlənmişdi. Qız götürüb qaçmışdı. Cahandar aga onun bu saat qara damda necə yatmasını, arvadı ilə necə qucaqlaşdığını gözünün qabağına gətirməyə çalışdı. Demək, Şamxal kişi həddinə dolmuşdu? Ev-eşik sahibi idi. Ola bilməz. Dünənki uşaq nə tez böyüdü? O bunlara inana bilmirdi. Qəlbində baş qaldıran hissləri ayırd edib, beynində oyanan suallara cavab tapmaqda çətinlik çəkirdi. O, bir tərəfdən oğlunun böyüməsini dərk edib qəlbində fəxr edir, bir ata kimi qürurlanır, bir tərəfdən də gülməyi tuturdu. Dünənki uşaq indi kişi olmuşdu! Ancaq necə kişi? Atasının üzünə ağ olan, özbaşınalıq edib nəslinə yaramayan qızla evlənən biqeyrət kişi!

Cahandar ağa yenidən əsəbiləşdi. Şamxalı yaddan çıxartmaq üçün o biri oğlunu xatırladı. "Görəsən Əşrəf bu saat nə edir? Evdə olanları eşidibmi? Odamı məndən üz döndərəcək? Yox, Əşrəf ağıllı baladır. Şamxalın tayı deyil".

Kişi yerin içində qurcalanır, gah yorğanı başına çəkir gah da o üz bu üzə dönürdü. Nə qədər çalışırdısa da, yata bilmir, karvan-karvan üstünə cumulan fikirlərlə əlləşirdi. O, Mələyi vurduğuna peşman olsa da sevinirdi. "Bəlkə də belə olması yaxşıdır. Kim bilir, bəlkə də o, qabağıma keçməsə idi, gedib bir xata çıxardacaqdım. Vallah, Mələk yaxşı arvaddır. Bununla iki dəfədir yolumu kəsir, məni oğul qanı tökməkdən saxlayır". Birdən-birə Cahandar ağanın arvadına yazığı gəldi, hələ də əli ağrıdığını xatırlayıb, özünü danladı. Yerin içində dirsəklənib, ehmalca o yatan tərəfə baxdı.

Mələyin də gözünə yuxu getmirdi. Üzünün bir tərəfi od tutub yansa da, ağrı ötüb keçmişdi. Nə yuxusu gəlir, nə də bir şey fikirləşə bilirdi. Elə bil zehni, düşüncəsi də hissləri kimi kütləşmişdi. Başı ağrıyırdı. Amma bircə şeyi, Cahandar ağanın evdə olduğunu, silahlanıb getmədiyini xatırlayırdı. Ona da bu lazım idi. Deməli, döyülsə də, ürəyi keçib huşsuz qalsa da, onu yoldan saxlamış, xatadan qurtarmışdı. Ö, istədiyinə çatmışdı. Mələk taxtın üstündə, ondan bir az aralı uzanan ərinin yatmadığnı bilsə də səsini çıxartmır, onun sonra nə edəcəyini gözləyirdi. Mələk Cahandar ağadan incimişdi. Lakin ərinin onun ayağına gələcəyini, könlünü alacağını gözləmirdi. Axı hansı kişi arvadını döyəndən sonra peşmançılığını boynuna alıb üzr istəyir? O handa da Cahandar ağa ola. Elə onun evdə qalmağı bəsdir, hələlik qələbə Mələyindir. O bu saat yerindən sürünüb, ərinin yanına gedə bilərdi, onu sakitləşdirmək üçün söz tapardı. Axı o da yazıqdı! Oğlunun hərəkəti kişini odsuz-ocaqsız yandırırdı! Amma qorxurdu. Mələk balaca bir hərəkətlə Cahandar ağanın ovqatını təlx edəcəyindən ehtiyatlanır, ona görə də susurdu. "Qoy dincəlsin, Allah istəyən yaxşıdır. Sonra qaş qayırdığı yerdə vurub gözünü tökərəm".

Mələk ərinin yerindən qalxıb ona doğru gəldiyini görəndə təəcüblənsə də dinmədi. Kişi yorğanı qaldırıb yanına girəndə də tərpənmədi. Bir xeyli beləcə uzandılar. Hər ikisi oyaq olduğunu bilir, amma qabaqca danışmağa söz tapmırdı. Mələk onun hansı duyğuların hokum gəldiyini bilmək istəyir və əri bir söz soruşarsa, nə cavab verəcəyini fikirləşirdi, həm də ürəyində sevinir, özünün bu cür nər ürəkli kişidən güclü olduğunu dərk edib qürurlanırdı.

Cahandar ağa peşmançılığını bildirmək, həm də arvadına minnətdarlığını söyləmək üçün nə qədər fikirləşsə də, münasib söz tapa bilmirdi. O, hələ indiyəcən arvad yanında şirin söz işlətdiyini xatırlamırdı. Əslinə baxsan, buna ehtiyac da duymamışdı. Lazım olanda qartal kimi qanad çalıb, ovunu götürmüşdü. Amma indi Mələyə nə isə könül oxşayan bir söz demək zərurətini hiss edirdi. Bunun səbəbi Cahandar ağa kimi kişilərin o qədər də yaxşı dərk edə bilmədikləri məhəbbət idimi, yoxsa atalıq duyğusunun minnətdarlığı idimi, aydın deyildi.

Sükut xeyli çəkdi. Bir yastığa baş qoyduqlarından, həyəcanlı nəfəslərini və ürək çırpıntılarını aydınca eşidirdilər, Cahandar ağanın dodaqları tərpəndi.

– Bərkmi vurdum?

– Əlin yaman ağır imiş.

Kişi iri ovcunu onun yanağında gəzdirdi. Mələyin sifətinin islaq olduğunu duydu. Dinmədi. İri, cod barmaqları ilə bulaq kimi səssizcə qaynayan gözlərdən axan suyu qurutmaq istədi. Mələk uzun müddət qaşlarında gəzən barmaqların təmasını hiss etdi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

11

Prokuror Əsədov əllərini qalife şalvarının cibinə qoyub otaqda hirslə gəzinirdi. Pəncərədən süzülüb düşən günəş şüaları onun təzəcə silinmiş uzunboğaz, xrom çəkmələrində əks edirdi. Əsədov parıldayan çəkmələrini döşəməyə daha bərk basır, yeridikcə ləngərlənirdi.Pəncərənin yanında oturan Nəsib dayı çox fikirli idi. İmran da burada idi. O, divar tərəfdəki skamyada kolxozçularla oturub papiros çəkirdi. Onun saçı uzanmış, üzümi tük basmışdı, Üzünün sümükləri görünürdü. Başını qaldırıb adamların üzünə baxmırdı, sanki onlardan çəkinirdi. Hamı susurdu. İçəndəkilər, eyvana yığılan kolxozçular söhbətin nə ilə qurtaracağını gözləyirdilər.

195415 min
12

Kosaoğln kürkünü çiyninə salıb anbara tərəf getdi. Neçə gündən bəri rayon mərkəzində olan anbardar yenicə qayıtmışdı. Onun yolunu gözləyən kolxozçular qapının ağzında dayanmışdılar. Kərim kişi ucadan gileylənirdi. Kosaoğlu ayaq saxlayıb qulaq verdi.– A bala, camaatın halalca haqqını niyə qarın ağrısı ilə verirsən?

195411 min
13

İmran bir yerdə durub dincəlmirdi. Neçə gündən bəri ata da rahatlıq vermirdi. Özü də sınıxmışdı. Anasının deyınməsinə baxmayaraq üç gecə idi ki, evə getmirdi. Gündüzlər sahələri gəzib səpinə nəzarət edir, axşamlar tarla düşərgələrindən birində, traktorçuların yanında qalırdı.O, traktorçuların qaladığı ocağın qırağında oturur, onlarla çörək yeyir, gecə yarıya qədər söhbət etdikdən sonra, yalxı palaz üstündə şirin yuxuya gedirdi. Dünən axşam o, Kazımın briqadasında gecələmişdi. Səpin şər qarışana qədər davam etmişdi. Səpilməmiş təkcə Zeynəbin manqasının yeri idi.

195412 min
14

Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan ləzzət alardı. Onun xoşu gələrdi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. Tükəzban xala ona ağzını açmağa imkan vermirdi.

195413 min

Poems by other poets