Page 1 of 2

Kosaoğln kürkünü çiyninə salıb anbara tərəf getdi. Neçə gündən bəri rayon mərkəzində olan anbardar yenicə qayıtmışdı. Onun yolunu gözləyən kolxozçular qapının ağzında dayanmışdılar. Kərim kişi ucadan gileylənirdi. Kosaoğlu ayaq saxlayıb qulaq verdi.

– A bala, camaatın halalca haqqını niyə qarın ağrısı ilə verirsən?

Yarım aydan çoxdur cədvəl tutulub, pulu niyə paylamırsan? Hökumət avansı ona görə verməyib ki, ağzını bağlayıb saxlayasan. Kimin payına nə düşür, payla. İş-güc vaxtıdır. Camaatı yola sal.

Anbardar əllərini yoğun qarnının üstündən kip çəkdiyi enli kəmərinə çəkib, kişini başdan-ayağa süzdü.

– Ə, paylamayanda sənin pulunu yeməyəcəyəm ha, boğazını niyə yırtırsan?! Vaxtında gəlib almayıbsan, mən neyniyim?

– Səni tapmaq olur bəyəm?.. Bir ayağın Tiflisdədir, bir ayağın Bakıda. Bilmək olmur işçisən, yoxsa alverçi.

Musa qocanı tərs-tərs süzdü. Onun uzun çal saqqalına, əlindəki çəliyinə baxdı.

– A Kərim kişi, deyirdilər, inanmırdım, sən əməlli-başlı demaqoqsanmış ki.

Kərim kişi, şapkasının uzun günlüyünü qaşlarının üstünə basmış anbardarın qırmızı sifətinə, köynəyinin yaxasından pırtlayıb çıxan boyun ətinə baxdı. Nəfəs aldıqca köpmüş pota kimi fısıldayırdı. "Lap dayısı Kosaoğlunun yerini tutacaq" - deyə Kərim kişi düşündü.

– Yaxşı, cədvəli bəri ver!

Anbardar hirslə kağızları eşələdi. Üstünə toz qonmuş çötkənin altından iri bir kağız çıxartdı:

– Al, sox gözünə!

– Bala, ağıllı danış, mən atan yaşdayam.

– Sənin kimi atam olsaydı, qarnımı dörd yerdən cırardım, tez ol, familini tap!

Kərim kişi əlləri əsə-əsə kağızı o üz-bu üzə çevirdi. Adını tapıb qabağında qol çəkdi.

Musa pulları sayıb kişinin qabağına atdı. Qoca dağılıb yerə səpələnən əllilikləri yığıb yoxladı və təəccüblə çiynini çəkdi.

– Bala, bəs bunun beş yüz manatı hanı?

– Nə beş yüz, a kişi?!

– Axı mənə min beş yüz çatasıdır.

– Nə çatasıdırsa, onu da alıbsan.

– Oğul, qoca olanda nə olar, haqq-hesabımı bilmirəm? Neçə manata qol çəkmişəm, onu bəri elə. Bu nədir verirsən? Uşaq aldatmırsan ki?

– Ə, mən adam aldadanam? Utanmırsan? Qoca kişisən, imanın olsun, mən sənin qəpik-quruşuna qalmışam?..

Musa getdikcə qızışıb səsini ucaldırdı. Kərim kişinin əlləri titrəyirdi. Bayaqdan mübahisəyə qulaq asan kolxozçulardan biri söhbətə qarışdı.

– Ə, nə xoruzlanırsan, kişini döyməyəcəksən ki, düz deyir də, nə yazılıbsa onu da ver. Haqq sözü deyəndə yağırını niyə basır?

Ucaboy, enlikürək bir oğlan qabağa keçdi. İri yumruğunu stolun üstünə qoydu. Qəzəbli gözlərini anbardara zillədi.

– Gözünü sil, mənə düz bax! Bəsdir camaatı barmağına doladığın.

Mən də sənə Kərim kişi deyiləm, qoca görüb üstünə şeşələnəsən. Bu saat dərini boğazından çıxardaram! Cədvəli bəri ver. Pulları say ovcuma.

Cibgirin biri, cibgir!

– Cibgir özünsən?

– Nə dedin? Bir də de görüm!..

Onun boğazının damarları şişdi. Sifəti boğuq qırmızı rəngə çaldı. Musa çətinə düşdüyünü görüb sözün dalını qısdı:

– Ə mənim üstümə niyə düşübsünüz? Ağa deyir sür dərəyə, mən də sürürəm. Məndən nə istəyirsiniz? Gedin böyüyünüzün yanına.

– Böyük kimdir?

– Kəndimizdə bircə böyük var. O deyib pulu belə payla, mən də paylayıram.

– Kosaoğlu nə haqla elə deyir, balam, dərəbəylikdir?

– Hünəriniz var, gedin özüylə danışın.

Söhbətin ciddiləşdiyini görən Kosaoğlu fikrə getdi. O, sədrliyə keçəndən bəri kolxozda hərdən belə hadisələr baş verirdi. Lazım olanda Kosaoğlu cədvəl tutdurub camaata qol çəkdirir, "MTS-in traktorçularına pul paylamışıq, onun kağızıdır" deyirdi. O, Musaya tapşırmışdı ki, "gözün su içmədiyi adamları yanına çağır, xəlvətcə pullarını ver, özlərinə də de ki, heç kimə bildirməsinlər". Beləliklə cədvəllər hazır olub işə tikilir, pullar da yığılıb qalırdı. Kolxozçular çox sorğu-sual edəndə isə Kosaoğlu hirslənir, "bəs MTS bu yerləri sizə müftə əkir? - deyirdi. - Bir yandan istəyirsiniz plan dolsun, mükafat alasınız, bir yandan da qəpik-quruş davası eləyirsiniz. Mən sizin pullarınızı cibimə ha qoymuram!"

Əslində isə bu pullar gecələr Kosaoğlunun evində bölüşdürülürdü. Əvvəllər camaat belə hadisələrə az əhəmiyyət verir, Kosaoğlunun dəlillərinə inanırdı. İndi isə vəziyyət dəyişmişdi.

Kosaoğlu yenə köhnə adəti üzrə hərəkət etmək istədi, ancaq fikirləşib qərarını dəyişdi. İrəli yeriyib bərkdən öskürdü. Adamlar dönüb baxdılar. Kosaoğlu onları ağayana süzüb, yol vermələrini gözlədi. Camaat onu qabağa buraxdı. Kosaoğlu ağır-ağır keçib, anbardarın yanında dayandı.

– Yenə nə olub, ə, nə qalmaqal salıbsınız?

– Avans almağa gəlmişik, - Kərim kişi dilləndi.

– Avans, avans, - deyə Kosaoğlu təkrar etdi. - Elə sənin günün avans dalında keçdi. Bu zaman nə avansdır?

– Özün məndən yaxşı bilirsən.

Kosaoğln gözünü qıyıb qocanı süzdü. Kərim kişi hiss etdi ki, bu saat sədrin dişi bağırsağını kəsir, əlacı olsa, üstünə atılıb onu parçalar.

Kosaoğlu dərindən nəfəs aldı. Sanki bununla da Kərim kişiyə "yaxşı, səninki ilə mənimki qalsın sonraya" - dedi və üzünü Musaya tutdu:

– A bala, xalqın pulunu niyə vermirsən?

– Verirəm, Qurban qağa, özləri almır.

– Nə deyib almırlar?

– Nə bilim?

– Pulları əskik verir, hərədən beş yüz manat tutur. Axı bu nə deməkdir?! Belə iş bir dəfə olar, iki dəfə olar, hər il bizim başımıza niyə bu oyunu açırsınız? Adamdan nə qədər pul çıxarlar?

– Həəə... indi başa düşdüm. Musada təqsir yoxdur. Onu mən tapşırmışam.

– Niyə?

– Niyəsini gedin ağranomunuzdan soruşun.

– Ağranomun bura nə dəxli var?

– Var. Kərim kişi, çox yaxşı var. Onun başımıza açdığı oyunu görmədin? Sinəsinə döyüb "mən" deyə-deyə bizi az qalmışdı biabır eləsin.

İndi bax bu carimə də onun cəriməsidir ki, çəkirsən. Sən elə bilirsən adama müftə iş düzəldirlər? Bu traktorlar öz başına gəlib?

– Kosaoğlu üzünü ətrafdakılara tutdu: - Ə, mən yoruldum, bunu siz başa salın.

Kolxozçular əvvəlcə heç nə demədilər. Sonra yavaş-yavaş öz aralarında pıçıldaşdılar.

– Bir yana baxanda kişi düz deyir, xərc çəkməsən bir gündə on dörd traktoru adama kim verərdi?

– Özü də deyirlər, öz MTS-mizdə traktor yox imiş, gedib qonşu rayondakı MTS-dən xahiş eyləyib.

– Çox böyük iş görüb?

– Böyük döyülmü, əyə, bəs el içində biabır olmağımız yaxşı idi?

– Vaxtında iş görsə, belə də olmazdı.

– O nə qayırsın, kişinin əl-qoluna dolaşdılar.

– Mən heç nə bilmirəm, pulumu alacam.

– Bəs Kosaoğlu cibindən xərc çəkəcək? Dədəsinə ehsan ha deməyib.

– Yaxşı, dava salmayın, adama beş yüz manatdır, elə bilinki heç yox imiş.

– Maya qoymasan, qazanc götürməzsən, - deyə hətta biri zarafata da başladı.

Kosaoğlu deyilənlərə qulaq verdikcə ürəyi şadlanırdı. Əslinə baxsan, məsələnin altından bu qədər asanlıqla çıxdığına o heç də inanmırdı. Ancaq Kosaoğlu deyilənlərin hamıya eyni cür təsir etmədiyini, bəzi üzlərdəki narazılığı da görürdü. O bu fürsətdən də istifadə etməyə lazım bildi. Yanzarafat, yanciddi:

– Hə... nə davanız varsa, gedib ağranomla eləyərsiniz. İndi cədvələ qol çəkin, nə verirlər dinməz-söyləməz alıb evinizə gedin. İstəmirsinizsə, ayrı məsələ. Onda, a bala, a Musa, pullarını qaytar ver özlərinə, o zərəri mən çəkərəm. İnsan oğluna yaxşılıq yoxdur.

Kosaoğlunun sözləri təsirsiz qalmadı. Camaat sakitləşdi. Hətta bu saat İmranın yanına gedib ondan haqqını tələb etmək fikrinə düşənlər də oldu. Ancaq Kərim kişi yerindən tərpənmədi.

– Ay Kosaoğlu, sən gəl, bizə kələk qurub, MTS-i bura qatma.

– Kərim kişi!.. - Kosaoğlunun gözləri bərəldi. - Deyəsən, sənin başın bədəninə ağırlıq eləyir axı. Bax, axırıncı dəfə deyirəm sənə, yığışdır özünü! Sonra peşman olarsan! Bəsdir, camaatı az çaxnaşdır!

Musa nə edəcəyini bilmirdi. Əlində qıfıl döyükürdü. Bu, Kosaoğlunu daha da hirsləndirdi.

– Ə, mal kimi gözünü niyə döyürsən? Qapını bağla, cəhənnəm ol, get! Yoxsa allahın da, bəndənin də hayfını səndən alaram. İstəmirlər, istəməsinlər.

– Baş üstə, dayı...

Musa cəld adamları bayıra çıxartdı. Qapını bağlayıb uzaqlaşdı. Adamlar da bir-bir dağılışmağa başladılar. Kosaoğlu anbarın qabağında bir qədər də dayandı. Gözünü qıyıb Kərim kişinin arxasınca baxdı. Qoca çəliyini belinin ortasına keçirmişdi. Pencəyinin dirsəyi yırtıldığından pambığı ağarırdı. Beli azacıq əyilmişdi. Kosaoğlu onu nifrətlə gözdən keçirib dişini qıcadı. Dodağını altında nə isə dedi. Cibindən bıçaq çıxardıb, yerdən götürdüyü çubuğu yona-yona idarəyə sarı addımladı.

O sakitləşə bilmirdi. Son zamanlar kimi dindirirdisə, sözü yerə düşürdü. Halbuki əvvəllər onun ağzından nə çıxsa idi, danışıqsız yerinə yetirirdilər. Gözü su içmədiyi adamları müxtəlif yollarla kənddən uzaqlaşdırırdı. Kimisini neft mədənlərinə işləməyə göndərər, kimisini Mingəçevirə, ya Daşkəsənə yola salırdı. Çalışırdı ki, bir oxla iki hədəf vursun: həm "nadinc adamlardan" canını qurtarsın, həm də rayonda sinəsinə döyüb desin ki, '"mən öz kolxozumdan mədənlərə köməyə filan qədər adam vermişəm".

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, 9

Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O, qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır, şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. Kəndə çaxnaşmna düşmüşdü. İtlər ağız-ağıza verib ulaşır, orda-burda tüfəng atılırdı.Cahandar ağa susurdu. Gözünü atın qulaqları arasından irəli zilləyib, güclə görünən bacısına baxırdı. O gah sirkənlikdə təmiz itən, gah da az qalan atın ayağı altına düşən. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Dodaqları səyriyir, barmağı isə tüfəngin tətiyində oynayırdı.

195713 min
Üçüncü hissə, 1

Boz dağların ətəyi ilə qıvrıla-qıvrıla gələn qatar kiçik bir dayanacaqda azca yavaşıdı. Əşrəf vaqonun ayaqlığından yerə atıldı. Qatar bunu gözləyirmiş kimi dartınıb silkələndi. Çarxlar relslərin üstündə sürüşüb fırlandı. Parovoz içini təmizləyib bir neçə dəfə güyüldədi və fışıltı ilə yoluna davam etdi. Qumu, torpağı və relslərin altındakı taxtadan belə mazuta bulanmış yolun ətrafındakı otların üstünə elə bil şeh çiləndi.Əşrəf paltarının tozunu çırpıb yolun kənarında dayandı. Kəsik-kəsik fit verib uzaqlaşarı qatarın arxasınca xeyli baxdıqdan sonra kiçik yol çamadanını götürüb, bircə budkadan ibarət olan stansiyaya yaxınlaşdı. Qatarı yola salan xidmətçi axşamüstü bu kimsəsiz yerdə tək qalan sərnişinə baxdı. Onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi. Bu yaxınlarda kənd yox idi. Gün yaxmışdı. Gecə vaxtı o hara gedəcəkdi?

195710 min
Üçüncü hissə, 2

Meşənin dərinliyində, binələrdən xeyli uzaqda dalbadal güllə atıldı. Meşəyə boğuq bir gurultu yayıldı. Dəyələrdən bir az aralı, talanın ortasındakı çəmənlikdə hörüklənmış Qəmər qulaqlarını şəklədi. Yalını pırpızlandırıb bərkdən kişnədi və dal ayağı üstə qalxıb çəçiyini havada oynatdı, Zərblə dartınıb irəşməni qırdı. Dördnala çaparaq dəyələrə tərəf qaçdı. Binədəki arvad-uşaq çığırışıb kənara dağıldı. Cahandar alaçıqdan hövlnak çıxıb atın dalınca yüyürdü. Yoğun və zəhmli səslə bir-iki dəfə “hey-hey, Qəmər!” - deyə atı səslədi. Qəmər nə qədər çılğınlaşmış olsa da, sahibinin səsini eşidən kimi yerişini yavaşıtdı. Dəyələrin ətrafında bir-iki dəfə dövrə vurub dayandı. Sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ona yaxınlaşanda isə təlaşla ətrafa boylanıb astadan oxrandı. Kişi irəşməni yığdı, atın yalın sığalladı və yedəkləyib alaçığın yanına gətirdi.Gün yaxmışdı. Meşənin arxasında gizlənən günəşin maili şüaları yarpaqların arasına soxulub ətrafı işıqlandırmağa çalışırdı. Ancaq baş-başa vermiş palıdlar. İri fıstıq və vələs ağaclarının qalın yarpaqları işığın qabağını kəsib yerə qatı kölgə salırdı. Meşəyə birdən-birə qaranlıq çökürdü.

195710 min
Üçüncü hissə, 3

Tərtəmiz süpürülüb təmizlənmiş otaq başdan-başa gəbə ilə döşənmişdi. Pəncərənin pərdəsi asılmış, otuzluq çırağın fitili azacıq qaldırılmışdı. Yuxarı başda iki döşəkcə və zər bafta ilə işlənmiş qızıl qotazlı məxmər mütəkkələr qoyulmuşdu. Molla Sadıq çiynində əba, otaqda gəzinə-gəzinə təsbehinin iri, kəhrəba muncuqlarını şaqqıldadırdı. Ayağında təptəzə naxışlı corab var idi. Yumşaq gəbələrin üstündə səssizcə gəzdikdə elə bil bu rahatlıqdan ləzzət alırdı. Əslində, içə çox narahat idi.Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o, iki gün evdən bayıra çıxa bilmədi. Türbədən gələn qonağı elə gecə ikən, bir dəstə atlı ilə yola saldı, qapıya tüfəngli keşikçilər qoydu. O, Cahandar ağanın bir də qayıdacağını, onun evinə basqın edəcəyini, çal-çəpərinə od vurub, evi gülləyə basacağını gözlədi. Əl altından qohumlarına və Sadıq müridlərinə xəbər göndərdi, ehtiyatlı olmalarını tapşırdı. Ancaq ertəsi günü arvadlar ona xəbər gətirdilər ki, Şahnigar özünü asmışdır. Molla Sadığın qaşı çatıldı, xeyli fikrə getdi.

195714 min

Poems by other poets