Page 1 of 2

Meşənin dərinliyində, binələrdən xeyli uzaqda dalbadal güllə atıldı. Meşəyə boğuq bir gurultu yayıldı. Dəyələrdən bir az aralı, talanın ortasındakı çəmənlikdə hörüklənmış Qəmər qulaqlarını şəklədi. Yalını pırpızlandırıb bərkdən kişnədi və dal ayağı üstə qalxıb çəçiyini havada oynatdı, Zərblə dartınıb irəşməni qırdı. Dördnala çaparaq dəyələrə tərəf qaçdı. Binədəki arvad-uşaq çığırışıb kənara dağıldı. Cahandar alaçıqdan hövlnak çıxıb atın dalınca yüyürdü. Yoğun və zəhmli səslə bir-iki dəfə “hey-hey, Qəmər!” - deyə atı səslədi. Qəmər nə qədər çılğınlaşmış olsa da, sahibinin səsini eşidən kimi yerişini yavaşıtdı. Dəyələrin ətrafında bir-iki dəfə dövrə vurub dayandı. Sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ona yaxınlaşanda isə təlaşla ətrafa boylanıb astadan oxrandı. Kişi irəşməni yığdı, atın yalın sığalladı və yedəkləyib alaçığın yanına gətirdi.

Gün yaxmışdı. Meşənin arxasında gizlənən günəşin maili şüaları yarpaqların arasına soxulub ətrafı işıqlandırmağa çalışırdı. Ancaq baş-başa vermiş palıdlar. İri fıstıq və vələs ağaclarının qalın yarpaqları işığın qabağını kəsib yerə qatı kölgə salırdı. Meşəyə birdən-birə qaranlıq çökürdü.

Cahandar ağa atı alaçığın yanında təzədən örüklədi. Dəyələrin bərabərindəki iri palıd ağacının altına gəldi. Kürəyini ağaca söykədi. Gözünü meşənin dərinliyinə gedən cığıra zillədi. "Görəsən uşaqlara bir şey olmadı ki?" - deyə düşündü. Qutusunu çıxardıb barmaqları titrəyə-titrəyə papiros eşdi.

Mallar örüşdən qayıtmışdı. Arvadlar sərnic götürüb inəkləri sağırdılar. Mələk də onların içində idi. O, başını qızıl bir inəyin böyrünə qısıb buzov əmizdirir, dodaqaltı eydirmə deyirdi:

Lay-lay çallam həmişə,

Karvan gedib yemişə.

Axurunda gül bitsin,

Otlağında bənövşə.

İnəklər balasını yalayıb astadan fısqırır, buzovlar dartınıb anasını əmməyə çalışırdı. Sərniclər köpüklənib dolduqca ətrafa ahəngdar bir qıjıltı yayılırdı. Ancaq Cahandar ağa bunların heç birini görmürdü. O, təlaşla papirosunu sümürür və gözünü yoldan çəkmirdi.

Naxırın içində fırlanan maral boynundakı qumrovu zınqıldada-zınqıldada Cahandar ağaya yaxınlaşdı. Kişinin əlini, paltarını iylədi, sonra da iri buynuzunu oynadaraq, mən burnunu onun üzünə yapışdırdı. Cahandar ağa maralın boynunu qucaqladı. Maral qəşəng gözlərini sahibinin üzünə zillədi. Kişi bu iri, qumral, göyçək gözlərin dərinliyində sanki bir məzəmmət gördü. Elə bil bu dilsiz, lakin mehriban heyvan ondan gileylənir, sahibinin laqeydliyindən, ona qarşı əvvələri nəvazişini əsirgədiyindən şikayətlənirdi. Maralın təzə ot qoxusu verən nəfəsi onun nəfəsinə qarışdı. Cahandar ağanın bədənindən xəfif bir gizilti keçdi. Kişi daha da xoşhallanaraq maralın gözündən öpdü. Maral da bunu gözləyirmiş kimi sahibinin sinəsinə qısılıb dayandı. Cahandar ağa onun buynuzunun dibini qaşıdı...

İtlər qarasuyun o tayındakı qamışlığa doğru cumdular. Maral diksinib qulaqlarını şəklədi. Cahandar ağa tüfəngini çiynindən alıb çaxmağı hərlədi. Bir xeyli, səksəkəli halda ətrafı dinlədi.

Qaraltılar talanın aşağı tərəfindəki körpüdən keçib dərələrə doğru irəlilədilər. Cahandar ağa əvvəlcə Tapdığın, sonra da Əşrəfin səsini eşitdi. Köynəyinin yaxasını açıb dərindən nəfəs aldı. Tüfəngin dabanını endirdi. Papirosunu axırıncı dəfə sümürüb yerə atdı. Oğlunun qabağına getmək əvəzinə, durub alaçığa doğru addımladı. Qapı yerindən asılmış pərdəni aralayıb içəri keçdi. Tüfəngi çadırın divarına söykədi. Döşəkçənin üstünə uzanıb mütəkkəyə dirsəkləndi.

O buradan hər şeyi aydın görə bilməsə də, səs-küydən və ocaqların ətrafında dolaşan kölgələrin hərəkətindən həyətdə nələr baş verdiyini təsəvvüründə canlandırırdı. O hiss etdi ki, Əşrəfi qarşılamağa çıxanlar atın başını tutdular. Oğlan yəhərdən enib ətrafdakılarla bir-bir görüşdü. Arada deyəsən zarafatlaşanlar da oldu. Hamı güldü. Sonra Əşrəfi saxladılar. Tapdıq iri bir qoçun buynuzundan yapışıb darta-darta gətirdi və düz Əşrəfin bərabərində dayandı. "Bir az səbr elə", - deyə onu tərpənməyə qoymadı. Əşrəf mane olmaq istədisə də, Tapdıq qulaq asmayıb qoçu düz onun ayağının altına uzatdı. "Mənə tapşırıblar, gərək kəsəm. Yoxsa dərimə saman təpərlər". Əşrəf el adətinə tabe oldu. Ayağının altında kəsilən qurbana xeyli baxandan sonra kənara çəkildi. Yenə onun başına toplandılar. Cahandar ağaya elə gəldi ki, aradan keçən dəqiqələrin hər biri il qədər uzun çəkdi. Kişi darıxdı. Hətta ayağa durmaq, Əşrəfi söhbətə tutub ləngidənlərə acıqlanmaq və oğlunu yanına çağırmaq istədi. Ancaq yerindən tərpənmədi.

Mələk içəri girdi. Əlindəki samovarı alaçığın qabaq tərəfindəki küncə qoydu. Çırağın fitilini qaldırdı. Samovar dığıldayıb zümzüməyə başladı. Mələk çayniki dəmkeşin üstünə qoyduqdan sonra qara, güllü podnosdakı stəkanları irəli çəkdi. Gözünü ərinin üzünə zillədi:

– İndi nə deyirsən, mən onun gözünə görünümmü?

Cahandar ağanın fikri həyətdə olduğundan, bir az gec dilləndi:

– Hə, özün qulluq elə.

Mələk gəldiyi kimi də astaca çıxıb qonşu dəyəyə getdi. Həyətin ortasındakı səs-küy azaldı, ayaq tappıltıları çadıra yaxınlaşdı. Tapdığın səsi eşidildi:

– Ağa, buradasanmı?

– Gəlin.

Əşrəf atasının səsini eşidən kimi qabağa keçdi. Alaçığın pərdəsini aralayıb içəri girdi. Bir xeyli sakitcə dayanıb, döşəkcənin üstündə bardaş qurub oturan Cahandar ağaya baxdı. Bütün yol boyu evə çatan kimi atasının boynunu qucaqlayıb, üz-gözündən öpəcəyini qət etmiş olsa da, indi kişiyə yaxınlaşa bilmədi. O da yerindən tərpənmədi. Oğlunu lal sükutla başdan-ayağa süzdü.

Əşrəf məktəbli libasında idi. Ayağında qara çəkmə var idi. Balağı açıq uzun şalvar geymişdi. Belinə üstündə yazı olan iri toqqalı kəmər bağlamışdı. Başında isə günlüyü parıldayan mahud şapka var idi. Uşaq lap dəyişmişdi. Cahandar ağa oğlunu həmişə vəznəli çuxada görmüşdü. Əşraf göy buxara papaq geyərdi. Belindəki sallamalı kəmərindən xəncər asardı. İndi isə o, uzaq yerdən gəlmiş yad bir adama oxşayırdı. Çırağın solğun işığında aydın görünməsə də, Əşrəf atasının birdən-birə tutulduğunu hiss etdi. O gözləyirdi ki, atası ayağa duracaq, ya da onu yanına çağırıb üz-gözündən öpəcək, gülə-gülə salamlaşıb hal-əhval tutacaqdı. Ancaq bunların heç biri olmadı. Cahandar ağanın hirsli səsi eşidildi:

– Get, paltarını dəyiş.

Əşrəf seminariyada oxuduğu müddətdə xeyli sərbəstliyə alışmışdı. O özünü artıq böyük adam hesab edirdi. Amma indi atasının səsini eşidən kimi uşağa döndüyünü hiss etdi. Ona etiraz etmək, məktəb libasını soyunmaq istəmədiyini söyləmək ağlına belə gəlmədi. Salamı dilində qaldı. Sakitcə alaçıqdan çıxdı. Onu kölgə kimi izləyən Tapdıqla birlikdə qonşu dəyəyə keçdi. Mələk paltarların içəridə, sandığın üstündə olduğunu işarə ilə başa salıb uzaqlaşdı.

Əşrəf könülsüzcəsinə libasını dəyişdi, yenidən alaçığa, atasının yanına getmək istədi. Ancaq Cahandar ağanın səsi onu saxladı:

– Ay uşaq, onun əlinə su tökün, yoldan gəlib.

Tapdıq əlində aftafa, qolunun üstündə dəsmal, hazır oldu. Əşrəf tərtəmiz yuyunub, üst-başını səliqəyə saldıqdan sonra alaçığa qayıtdı. Kişi bu dəfə onu çağırıb yanında, döşəkcənin üstündə oturtdu. Mələk səssizcə içəri girdi. İki stəkan çay süzüb birini ərinin birin Əşrəfin qabağına qoydu. Yaşmağını yuxarı qaldırıb küncdə əyləşdi. Əşrəf onu gözaltı süzdü və başa düşdü ki, təzə adamdır. "Yəqin-qulluqçudur" - deyə xəyalından keçirdi və heç nə soruşmadı. Cahandar ağa stəkanı qabağına çəkdi və oğlunun üzünə baxmadan dilləndi:

– Yolda nə çox ləngidiniz?

– Qabağımızı kəsmişdilər.

– Kim?

– Kazaklar.

Kişi yerindəcə qurcalandı və qaşlarını çatıb təəccüblə oğlunun üzünə baxdı:

– Kazakların bizim meşədə nə işi var?

– Nə bilim? – deyə Əşrəf çiynini çəkdi. - Deyirlər buralar daha qoruq olacaq, Padşahın adamları ova çıxacaqlar.

Araya sükut çökdü, Cahandar ağa qənddandan iri bir qənd götürüb ağzına atdı. Hortahortla çayını içdi.

Bayırda ocaq çatdılar. Qovrulan ət iyi meşəyə yayıldı. Cahandar ağa üzünü Mələyə tutdu:

– Get de, tez olsunlar, uşaq acdır.

Mələk alaçıqdan çıxmazdan əvvəl ərinə bir stəkan da çay süzdü Ata ilə oğul tək qaldı. Yalnız bu zaman Əşrəf ürəklənib atasının üzünə baxdı:

– Bəs anam hanı?

– O tayda, kənddədir.

– Şamxal da?

– Hamısı. Biz də səhər köçürük, Elə səni gözləyirdik.

– Bibim nə təhərdir?

Cahandar ağanın çayı boğazında qaldı. Kişi çeçəyib stəkanı yerə qoydu. Cibindən dəsmal çıxardıb ağız-burnunu sildi. Sonra yenə səliqə ilə qatlayıb arxalığının qoynunda gizlətdi. Bundan sonra soyuqqanlılıqla dilləndi:

– Pis deyil.

Əşrəf hiss etdi ki, atası nədənsə çox danışmaq istəmir. Həm də onun öskürməsi, stəkanı hirslə geri itələməsi göstərirdi ki, bu barədə danışmaq lazım deyil.

Əşrəf stəkanı qabağına çəkib qurtum-qurtum çay içməyə başladı. Cahandar ağa susdu. O, oğluna nə yalan danışa bilir, nə də bu saat hər şeyi söyləməyi münasib hesab edirdi. Kişi qorxurdu. O çox gözəl bilirdi ki, Əşrəf həqiqəti öyrənəndən sonra ağız ləzzəti ilə bir tikə çörək yemək, heç olmazsa beş-altı aydan bəri üzünü görmədiyi oğlu şirin-şirin danışmaq belə çətin olacaqdı. Ona görə susmağı və gecəni sakit keçirməyi qərara almışdı. Cahandar ağa Əşrəfin bu işlərə necə münasibət bəsləycəyini bilməsə də, hər halda xoşagəlməz, könül bulandıran söhbət eşıtmək istəmirdi. O hamıya tapşırmışdı ki, Əşrəfə heç nəyi xəbər verməsinlər. O istəyirdi ki, Əşrəf kəndə gedəndə özü hər şeyi öyrənsin. Kişi bu oğlunu da küsdürəcəyindən ehtiyat etdiyi üçün susmağı, heç olmasa bircə gecə mehriban yatmağı arzu edirdi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

II fəsil, 2

Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.

19954 min
II fəsil, 3

Qapının ağzında domuşuqlu oturan uşaq Kəsəmənlini görən kimi ayağa durdu və hörmətlə ona salam verdi. Kabı kişi bu üstü-başı cırıq uşağın mərifətinə heyran qaldı. Ayaq saxlayıb onun tükü tökülmüş papağına, çiyinləri yamaqlı köynəyinə və didik-didik olmuş şalvarına baxdı. Uşağın ayağındakı çarığın burnu deşilmişdi. Çirkli corabı görünürdü. Amma özünü əkə-bükə kişi kimi aparırdı.– Kimi istəyirsən, bala?

19954 min
III fəsil, 1

Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.

19954 min
III fəsil, 2

Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.

19953 min

Poems by other poets