Page 2 of 2 · 50%

Çay-çörəkdən sonra Mələk ata ilə oğula alaçıqda yanaşı yer saldı. Əşrəf atasına sərbəstlik vermək və onun hüzurunda soyunmamaq üçün eşiyə çıxdı. Ocaqlar sönmüşdü. Dəyələrin çoxu sökülmüş, farmaşlar, çətənlər, qalın keçələr, qab-qaçaqlar arabalara doldurulmuşdu. İşini qurtaranlar şirin yuxuya getsələr də, hələ ora-bura qaçanlar, yaddan bir şey çıxartmamaq üçün yurd yerini dönə-dönə yoxlayanlar da var idi. Xalxalda kövşəyən malların gəyirtisi eşidilir, arabir öküzlər öskürüşürdü. Bir az bundan əvvəl meşəni bürüyən zil qaranlıq uzaqdakı qollu-budaqlı nəhəng ağacların yarpaqları arasından boylanan və hər dəqiqə yüksəyə qalxan narıncı dəyirmi ayın parıldadığını görüb geri çəkilmişdi. Meşəyə solğun bir ziya səpələnmişdi. Taladakı təkəm-seyrək ağacların çəmənliyə sərilən kölgələri aydın görünürdü. Yalnız qalın kolların sıx yarpaqları əvvəlki kimi bir-birinə qısılaraq ay işığının qabağını kəsir, qatı kölgələri daha da tündləşdirməyə çalışırdı.

Lap yaxında anadil ötdü. Əşrəf bu gözəgörünməz quşların səsini eşidən tək alaçığın qabağındakı palıdın altına getdi. Ağacın gövdəsinə söykənib susdu. Meşə sehrli bir qaranlıq içində mürgüləsə də, min bir pıçıltı ilə danışırdı. Çəyirtkələr pırıltı ilə otdan-ota atlanır, arabir meşəxoruzları banlayır, harda isə qanad şaqqıldayır, qarasuyun yaxası boyu uzanan qamışlıqlarda qurbağalar quruldayır, çaqqallar vaqqıldayırdı. Bu səslər kəsik-kəsik, fasilələrlə eşidilirdi. Bax həmin bu sükut anlarında sanki hər şeyin susmasını gözləyən anadillərin zil və kədərli səsi eşidilirdi. Əşrəf lap uşaqlıqdan bu quşların qəmli oxumağını dinləyəndə mütəəssir olurdu. O indi hər şeyi unudaraq meşəyə qulaq asdı.O bilirdi ki, ağacların budaqları arasından başıaşağı sallanan bu quşlar yalnız gecələr oxuyurdular. Deyilənə görə onlar vaxtı ilə insan olmuşlar. İndi bir-birini səsləyən anadillər peyğəmbərin danasını otarırlarmış. Bir gün dana itir, onlar nə qədər axtarırlarsa, heyvanı tapa bilmirlər. Meşənin qaranlığında, çənli-çiskinli havada hərəsi bir yana üz tutur biri "tapdınmı?" - deyə soruşur, o biri isə "yox" - deyə cavab verir. Elə bu cür, bir-birilərini səsləyə-səsləyə, qorxularından dönub quş olurlar. Əşrəf deyilənlərin doğru olub-olmadığını yoxlayırmış kimi sakitcə qulaq asdı. "Tapdınmı?", "Yox"... "Tapdınmı?", "Yox", Necə aydın idi!

Ayın işığı yarpaqların kölgəsini çalın-çarpaz doğrayıb Əşrəfin çiyninə düşdü. Hardasa qanad şaqqıldadı. Lap yaxında bayquş uladı. Ağacların dövrəsində yarasalar uçuşdu. Əşrəf diksindi. Asta addımlarla alaçığa yaxınlaşdı. Cahandar ağa yorğanı sinəsinə çəkib yerinə uzanmışdı. Tüfəngi döşəyin yanına qoymuşdu. Onun iri əzələli tük basmış geniş sinəsi açıq idi.

– Tüfəng atan siz idinizmi?

– Yox, kazaklar idi. Dalımızca düşmüşdülər.

– Haraya gəldiyinizi gördülərmi?

– Yox. İzi itirdik.

Kişi xeyli dinmədi. Gözünü alaçığına tavanına zilləyib dayandı. Elə bil xəyalında nəyi isə ölçüb-biçirdi:

– Yaxşı, yıxıl yat

Əşrəf çırağın fitilini aşağı çəkdi. Şüşənin yuxarısından üfürüb işığı söndürdü. Yorğanın altına girib orada paltarını soyundu. Təzə ipək yorğan-döşək bir müddət xışıldadı. Meşənin nəmli, soyuq havasından buza dönmüş yataq ona doğma və xoş göründü. Bu sərinlik onun yorğun əzalarını dincəltdi. Əşrəf yerin içində yenə bir müddət anadillərə qulaq asdı və özü də hiss etmədən yuxuya gedib mışıldadı...

Cahandar ağa oğlunun yatdığını yəqin etdikdən sonra yerin içində dirsəkləndi. Həyətdəki iri palıd ağacının kölgəsi alaçığın üstünə sərilmişdi. Yarpaqlar xışıldadıqca bu kölgə xal-xal olur, ayın işığı tala-tala yerə sərilir və çadırın açıq qapısından içəri soxulub yorğan-döşəyin üstündə oynayırdı. Həmin bu işıq bəzən Əşrəfin üzünü işıqlandırır, bəzən də geri çəkilib çadırın divarına yapışırdı.

Cahandar ağa oğluna doğru əyildi. Bir xeyli heyran-heyran öz balasına tamaşa elədi. Əşrəfin ağ bənizi daha da ağarmışdı. Qaşları incəlmişdi. Dodaqları, çənəsi nazilmişdi. Kişi qüssələndi. O öz övladını qollu-budaqlı iri palıd ağacı kimi möhkəm görmək istəyirdi. O istəyirdi ki, oğlunun əlləri cod, baldırları möhkəm, kürəyi enli, sinəsi və qolları tunc kimi olsun. Duranda palıd kimi əzəmətli, yıxılanda da palıd kimi nəriltili olsun. Ancaq, deyəsən, Əşrəf qız kimi zərifləşmişdi. Bəlkə oxumaq onu sıxırdı? Bəlkə onu daha məktəbə getməyə qoymasın?

Kişi bu cür düşüncələrlə xeyli oğlunun üzünə baxdı. Birdən ehtiyatla aşağı əyildi. Əşrəfin üzündən və alnından ehmalca öpdü. Onun hec nə hiss etmədiyini, yenə əvvəlki kimi mışıltı ilə yatdığını yəqin etdikdən sonra yerinə uzanıb yorğanı sinəsinə çəkdi. Gözünü ağacların bası üstündən o yana, səmadakı parlaq ulduzlara zillədi. Anadillər yenə həzin-həzin ötürdülər: "Tapdınmı?", "Yox"...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

II fəsil, 2

Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.

19954 min
II fəsil, 3

Qapının ağzında domuşuqlu oturan uşaq Kəsəmənlini görən kimi ayağa durdu və hörmətlə ona salam verdi. Kabı kişi bu üstü-başı cırıq uşağın mərifətinə heyran qaldı. Ayaq saxlayıb onun tükü tökülmüş papağına, çiyinləri yamaqlı köynəyinə və didik-didik olmuş şalvarına baxdı. Uşağın ayağındakı çarığın burnu deşilmişdi. Çirkli corabı görünürdü. Amma özünü əkə-bükə kişi kimi aparırdı.– Kimi istəyirsən, bala?

19954 min
III fəsil, 1

Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.

19954 min
III fəsil, 2

Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.

19953 min

Poems by other poets