Page 1 of 2

Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan ləzzət alardı. Onun xoşu gələrdi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.

Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. Tükəzban xala ona ağzını açmağa imkan vermirdi.

– Qızım, içəridə nə var? Bu saat gül-gülü çağırır, bülbül də gülü. Adam heç evə baş salmaq istəmir.

Nərgiz müəllimə onun sözünü yerə salmırdı. İmran işdən gələndə isə Tükəzban xalanın sevinci yerə-göyə sığmırdı. O, bu cavanları yanaşı oturub çörək yeyən görəndə istəyirdi ki, hər şey beləcə dayansın, nə zaman gəlib keçsin, nə də onlar yerindən tərpənsinlər. O isə bir əldən hey çay süzsün. Nərgiz müəllimə arvadın döşünə yaman yatmışdı. O, getdikcə bu sakit qıza mehrini salır, hətta Nərgiz məktəbdən bir az gec qayıdanda darıxmağa başlayırdı. Ona elə gəlirdi ki, evdə gəlini var. Doğrudan da, Nərgiz özünü ev gəlini kimi aparır, Tükəzban xalanın hər işinə qarışır, hər dərdinə şərik olurdu. Tükəzban xala əlinə süpürgə aldımı, Nərgiz dərhal qabağa keçirdi, arvad tikiş tikmək istədimi, əlüstü onun yanında otururdu. Hətta inək sağmağa da kömək edirdi. Tükəzban xalaya da belə bir qız lazım idi.

Əslinə baxsan, arvad öz aləmində hər işi qurtarmışdı. İmranın əvəzində müəlliməyə söz açacağını da qərara almışdı.

Tükəzban xala da bütün analar kimi öz oğlunu evləndirmək arzusunda idi. Gözəl bir qız görəndə dərhal İmranla müqayisə edirdi. Bəzi analar oğlanları üçün gəlin seçəndə çox fikirləşir, qızların hərəsində bir eyib tapır, axırda da ya kora, ya da keçələ rast gəlir. Ancaq Tükəzban xala belələrindən deyildi. Harada gözəl bir qız görsəydi, İmrana almaq istəyirdi. "Elə boyu-buxunu da qəşəngdir, İmrancığazıraa yaraşır" - deyə xəyalımdan keçirdi. Tükəzban xalanın xasiyyətinə bələd olanlar bəzən ona sataşardılar. O isə çiynini çəkib, "neyləyim, Allah məni də belə yaradıb" - deyərdi.

Tükəzban xalanın Zeynəbdən də xoşu gəlirdi. Amma nədənsə uşaqlıqdan yanında böyümüş bu qıza başqa gözlə baxa bilmirdi...

Göyün üzü tər-təmiz idi. Yalnız Dəlidağın başında topa-topa ağ buludlar dolaşırdı. Günəş qərbə doğru endikcə, buludlar çəhrayı rəngə boyanırdı. Çay tərəfdən kəndə sərin meh əsməyə başlamışdı. Axşamın yaxınlaşdığını hiss edən quşlar budaqlarda civildəşirdi. Qarğalar çinarların başına toplaşıb qarıldaşır, bir şaqqıltı eşidən kimi səs-küylə havaya qalxır, dövrə vurduqdan sonra yenə çinarın başına tökülüşürdülər. Qara qarğaların dəstəsinə qoşulan dolaşaların zil səsləri seçilirdi.

Bu gün Tükəzban xala həyəcanlı idi. Uzun-uzadı fikirlərdən sonra hər şeyi oğluna açıb deməyi qərara almışdı. O, İmrana deyəcəkdi: "A, bala, nə vaxta qədər dinməyəcəksən? Kəndimizin gözəl-göyçək qızlarından birini gətirsənə! Axı, mən də gəlin buyurmaq istəyirəm. Oğul-uşaq yiyəsi olmaq istəmirsən? Balaca ha deyilsən! Maşallah, bığlı-saqqallı kişi olubsan, daha bəsdi subay gəzdiyin. Mən də istəyirəm evimizdə uşaq iməkləsin, nəvəmin əlindən tutub gəzdirim".

İmranın ağırtəbiət olması Tükəzban xalanı təşvişə salırdı. "Bu gədənin elə bil dili-ağız yoxdur. Heç başını qaldırıb gözünün ucu ilə bu qızlardan birinin üzünə baxmır. Bilmirəm kimə oxşayıb. Rəhmətlik atası belə deyildi. Oynar-gülər adam idi. Amma bu elə bil daş parçasıdır".

Tükəzban xala çox yaxşı bilirdi ki, qızların çoxunun İmranda gözü var. İmran yoldan ötəndə su quyusunun başına yığışmış qızların onu necə oğrun-oğrun süzdüklərini, hətta pıçıldaşıb köks ötürdüklərini Tükəzban xala görmüşdü. Qızların bəzilərinin aqronomu görəndə üst-başını düzəldərək, sürüşüb çiyinlərinə düşən kələğayılarını irəli çəkdiklərinin, başlarını aşağı salsalar da, gözaltı İmrana baxdıqlarının nə demək olduğunu Tükəzban xala yaxşı başa düşürdü. Arvadın ürəyi dağa dönürdü, sevincindən yerə-göyə sığmır, az qalırdı qanadlanıb uçsun. Tükəzban xala axır vaxtlar qızların ona hörmət etdiyini, bəzilərinin isə həyalandığını görürdü. O, su sonası kimi gözəl-göyçək qızlara baxdıqca gülümsəyirdi. "Şeytanlar lap əməlbazdırlar, özlərni mənə bəyəndirmək istəyirlər. Ölməmişlər elə də qəşəngdirlər ki, adam hayıl-mayıl olur, heç bilmir hansının qolundan yapışsın"...

O, əvvəllər tələsmirdi. Bəlkə də oğlunun bir müddət subay qalmasını istəyirdi ki, qızların gözündən düşməsin. Bəzən onun qəlbində çox qəribə hisslər baş qaldırırdı. "İmran evlənsə, qızların gözündən düşəcək. Onun dalınca həsrətlə baxan olmayacaq". Bəs Tükəzban xala buna necə dözərdi? Yox, yox, qoy İmran evlənməsin. Hamı fikirləşsin ki, görən kimi alacaq. Qoy qızlar gecələr yataqlarında fikrə gedib "kaş məni alaydı" desinlər.

Bəzən öz-özünü danlayırdı: "Havaxta qədər oturacaq? Evlənsə yaxşıdır. Sonra birdən eləsinə rast gələrik ki, heç açıb-ağartmalı olmaz".

Gövhər qarı ilə söhbətindən sonra o, kosaoğlulardan ehtiyat etməyə başlamışdı. "Onlardan nə desən çıxar. Həyasız tayfadır. Sonra o ləçəri gədənin boğazına bağlayarlar. Şahnaz elə bir him axtarır. O saat qır-saqqız olub yapışacaq".

Doğrudan da son vaxtlar kənd arasında dedi-qodu başlayır, Tükəzban xalanın qulağına bəzi sözlər dəyirdi. O, hər şeyi açıb oğluna deməyə tələsirdi. "Qoy biryolluq birini seçsin".

Tükəzban xala səbirsizliklə süfrənin ətrafında fırlanır, əlindəki dəsmalla zümzümə edən samovarı silir, çayniki dəmkeşin üstünə qoyur, iri podnosa yığdığı stəkan-nəlbəkini dönə-dönə təmizləyirdi.

Bu gün hər şey həll olunmalı, ana qəlbi sakitləşməli idi.

Doqqazdan səs gəldi. Tükəzban xala küçəyə çıxdı. Gövhər qarını görəndə istədi geri qayıtsın, ancaq mümkün olmadı. Qarı donunun ətəyini dəstələyib özünü həyətə saldı. Onun rəngi ağarmışdı. Sinəsi qalxıb enirdi.

– Bu köpək uşağı da qudurmışlarını bağlamırlar. Gün yaxmamış açıb buraxırlar. Yoldan keçmək olmur. Quduz dəymişlər də elə pisdirlər ki, Görmüşük it arvad xaylağına dəyməz, amma bunlar elə birbaş adamın üstünə cumurlar. Yenə allahın yazığı gəldi, yaxşı ki, özümü sizing doqqaza saldım, yoxsa qarnımı dağıdacaqdılar. Lap dilim-dodağım təpiyib. Bəlkə bir qurtum suyun ola, ay Tükəzban.

Qarı səsini kəsib cücə gözlərini oynatdı. Ağacın altındakı süfrəyə, hazır samovar baxdı. Tükəzban xala su gətirənədək hər yeri nəzərdən keçirdi.

– Allah muradını versin. Lap ciyərim yanırdı. Gözüm işıqlandı.

Rəhmət atana, çox sağ ol. Yezidə lənət. Deyirəm bu su lap dərdlərə dərmandı. - O, sözünə ara verib ağacın dibinə baxdı. - Deyəsən, hazır çayın var, nə olar bir stəkan verəsən, dədən ehsanına içərəm. Su yanğımı söndürmədi. Quduz dəymişlər üstümə elə şığıdılar ki, heç gözümü aça bilmədim. Bir tikə çörəyim ovsanata düşdü. Bu aşağıdakı obadan gəlirəm. Balaxanımın qızının burnunda çöp qalmışdı, onu çıxardırdım...

Sən oğlunun canı, tez ol bir stəkan çay ver.

Tükəzban xala könülsüz evə getdi.

– Ay qız, hara gedirsən, budur ey, elə buradaca stəkan var. İstəyirsən özüm töküm.

– O stəkanlarda işini olmasın, uşaqlarındır.

– Kimin? Uşaqların? Ay qız, uşaqlar kimdir? Bıy, hə, heç yadıma düşmür ki... İmranla o müəllim qızı deyirsən. Olsun, olsun, allah boya-başa çatdırsın. Yaxşı balalardır. Amma, ay Tükəzban, sözün düzü, bircə oğlun var, onu niyə belə urvatsız elədin? Belin qırımamışdı ki, beş şahı pulun yoxdurmu ki, heç olmasa bir aşıq gətirəydin. Adam da toyu belə kirimişcə elər? Əlində yox idi, bizə deyərdin, yoxsa bundan nə çıxdı?

– Nə toy, nə sayıqlayırsan?

– Guya heç nə bilmirik. Ay qız, bizi xam yerinə niyə qoyubsan?

Çağırmayıbsan, canın sağ olsun. Daha niyə gizlədirsən?

– Ay qız, sənin başına at təpib nədir, nə toy?! Sən nə danışırsan, yuxu-zad görməyibsən ki?

– Heç ətəyini suya-zada çəkib eləmə. Bütün el-oba bilir, hər yerə car çəkilib, indi məni ələ salırsan. Nə olar ey, belə iş təkcə sənin başında ha görünməyib. Cavandılar, həlbət özlərini saxlaya bilməyiblər.

Vaxtında mən sənə demədimmi odla pambığı bir yerə qoyma, axın pis olar? İndi gördün? Ancaq ürəyini sıxma, pis uşaq deyil. Görünür qismət buymuş. Amma mən İmrana başqa qız alacaqdım. Sözün düzü, elə Şahnazın da İmrana ürəyi vardı. Xeyrinizi bilmədiniz. Oğlun da bədəməllik elədi. Kişinin üzünə ağ oldu. Xeyirmi tapacaq? At mıxı qopardar, bir yerə dəyər, beş özünə Görünür, halal çörək sənin oğluyun qarnını deşdi. Rahatca oturub yemədi, özünü dağa-daşa saldı.

Tükəzban xala qəzəbini güclə saxlayıb boğuq səslə soruşdu:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

16

Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək, tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə qədər dərsə qayıtmaq istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər, taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü.Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli kəlağayıların ucları yellənirdi. İpək koftatar, güllü donlar adamın gözünü qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini qovurdular.

19546 min
17

Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.– Kimdir?

195417 min
18

Onlar idarədən birgə çıxdılar. At tövləsinin yanında Nəsib dayı İmranın qolundan tutdu.– Getmə, səninlə işim var.

19547 min
19

Rayonda açılmış tibb məktəbi şəhərin qurtaracağında, pambıq məntəqəsinin qarşısındakı ikimərtəbəli binada yerləşmişdi. Tibb məktəbində oxuyan qızlar elə burada da yaşayırdılar. İkinci mərtəbə onların yataqxanası idi. Hər gün dərsdən sonra qızlar məktəbin həyətində, arxın kənarında oturub kitab oxuyur, səhərlər isə dəsmal, sabun götürüb yuyunmağa gedirdilər. Arabir zarafatlaşıb bir-birinin üstünə su atanlar da olurdu.Məktəb direktoru qızları şəhərə az-az buraxırdı. Dörd divar arasında darıxan qızlar, pəncərələrdən küçəyə çıxır, pencəklərini çiyinlərinə salıb qapı ağzında dayanırdılar. Hörüklərini döşlərinin üstündən qabağa sallayan bu qızlar əllərini qoyunlarına qoyub elə məlul-məlul dayanırdılar ki, baxanda adamın onlara yazığı gəlirdi.

195410 min

Poems by other poets