Page 1 of 2

Nəsib dayı sahələri gəzməkdən qayıdırdı. At bürküdən və yorğunluqdan ağır-ağır yeriyirdi. Yəhərdə oturmaqdan bəzən Nəsib dayı yorğun nəzərlərlə ətrafa göz gəzdirdi. O gah Ermənistana doğru uzanan yollara, gah Dəlidağa, gah da yaşıl çöllərə baxırdı.

Dalğalanmağa başlayan taxıl zəmilərinin içində quşlar səkirdi. Bəzən qulaqlarını qoşalaşdırıb yolun kənarında oturan dovşan gözə dəyirdi.

Nəsib dayı bu yerlərə uşaqlıqdan bələd idi. Hələ beş-altı yaşında olanda qızların dəstinə qoşulub, buralara pencər yığmağa gələrdi. O, özündən iri olan qızlardan geri qalmamağa çalışır, bıçağını çıxardıb gah taxılın içində qazayağı dərər, gah yol kənarındakı ilanotunu yolar, gah da yemlik yeyərdi. Axşam isə atıla-atıla kəndə qayıdardılar. Uşaqlar gətirdikləri pencərdən anaları dovğa bişirər, kətə salardılar. Bir az böyüdükdən sonra Nəsib öz yaşıdları ilə birlikdə buralara quş tutmağa gələrdi.

Onların hərəsi əlinə bir çomaq alar və qaratikan kollarının arasına dolan quşları qovardılar. Göyün üzündə süzən ley kolluqdakı quş dəstəsinin üstünə şığıyardı. Quşlar qorxudan özlərini tikanlara çırpardılar. Uşaqlar fürsətdən istifadə edərək onları çomaqla vurub yerə salardılar. Bəzən onlar quş yuvasına çıxıb yenicə tüklənən dolaşa balalarını düşürərdilər. Tut yetişəndə bu quşlar sahiblərinin dalınca qaçardı. Uşaqlar əllərindəki tutu yuxarı qaldırıb, "ükkəi, ükkəl" - deyərdilər. Dolaşa isə boğazını uzadıb qanadını çırpardı: "Qa-qa-qa"... Sonralar Nəsib dayı bu çöllərə mal otarmağa gələrdi. Həmin bu çəmənliklərdə ocaq qalayıb çörək qızdırar, qırov düşəndə əlini hovxura-hovxura dana-buzov dalınca qaçardı.

Nəsib dayı əvvəlcə gecə kursunda oxumuş, sonra qonşu kənddəki kəndli-gənclər məktəbini bitirmişdi. Kəndə qayıdanda onu komsomol komitəsinə katib seçmişdilər. Kollektivləşmənin ilk illərində Nəsib dayı komsomolçuları başına yığıb, gecəni gündüzə qataraq taxıl hazırlamağa kömək etmişdi.

Kəndə gələn traktoru ilk dəfə briqadir Nəsib qarşılamışdı. Kolxoz qurulanda dağlarda qaçaqlarla atışmışdı. Hətta bir dəfə az qala çovutma güllənin qurbanı olmuşdu. Nəsib dayı "Komvuza" oxumağa göndərilmişdi. Beləliklə, illər gəlib keçmiş, Nəsib dayının saçlarına dən düşmüşdü. O, müxtəlif vəzifələrdə işləmişdi. Bu il isə yenidən öz doğma kəndinə qayıtmışdı.

O, ilk gündən işin ağır olduğunu, kolxozda dözülməz hallar baş verdiyini duyurdu. Lakin səbr edir, hər şeyi nəzərdən keçirir, ara söhbətləri ilə yox, sübutlarla iş görməyə çalışırdı. O hiss edirdi ki, Kosaoğlu çoxlarının gözünü qorxudub özbaşınalıq eləyir.

Hadisələr getdikcə gərginləşirdi. Nəsib dayı hiss edirdi ki, ciddi tədbirlərə əl attnaq lazım gələcəkdir...

Kəndin girəcəyində o, Zeynəblə rastlaşdı. Nəsib dayı onu görən kimi yenə özünü itirdi. Bir dəqiqə sakit dayanıb diqqətlə Zeynəbin üzünə baxdı. Qızın kədərli olduğunu, ağladığını dərhal sezdi. Atdan düşdü.

– Nə var, nə yox, qızım, gözümə bir təhər dəyirsən?

Zeynəb sirrini gizli saxlamağa çalışan adam kimi diksindi:

– Heç nə yoxdur, Nəsib dayı.

– Bəs niyə bikefsən?

– Bikefəm? Onu sizə kim deyib?

– Mən özüm görürəm. Deyəsən, ağlayıbsan.

Zeynəb qızarıb başını aşağı saldı. Bir istədi hər şeyi boynuna alsın, kolxoz sədri ilə dalaşdığını, İmrandan ötrü gizlincə ağladığını Nəsib dayıya danışsın. Ancaq ar elədi, özünü güclə saxlayıb gülümsündü.

– Niyə ağlayıram, mənə nə olub ki?

"Ağıllı qızdır, lap anasına oxşayır. O da belə idi. Heç kəsə boyun əyməzdi. Onun ürəyini bilmək üçün xeyli əziyyət çəkmək lazımdı" – deyə Nəsib dayı düşündü. Axı, Nəsib dayı onun hər dərdini bilmək, qayğısına qalmaq istəyirdi. Bunu Zeynəb özü də hiss edirdi. Nəsib dayım hərəkətləri qıza qəribə gəlsə də o, bu adamda özünə bir yaxınlıq duyurdu. Bəzən ürkən kimi olsa da, ona qanı qaynadığını hiss edirdi.

Zeynəb Nəsib dayının tutulduğunu gördü. - Demək, mənə etibar eləmirsən, qızım? - O nə sözdür, Nəsib dayı? - Zeynəb tərəddüdlə dilləndi və nəhayət, boynuna aldı: - Ağlamışam... Axır ki, Zeynəb öz təbiətinə zidd gedə bilmədi. Olub keçənləri açıb söylədi. Üstəlik dedi ki: "Partkomsan, ancaq heç şeydən xəbərin yoxdur. İmran kimi ağranomu harda tapacağıq? Sözün düzünü danışır deyə, Kosaoğlu onu işdən çıxardır. Biz də hamımız kiriyib dururuq, bəs nə gündə lazımıq?"

– Susmarıq, qızım, susmarıq, səbr elə. - Nəsib dayı fikirli cavab verdi.

Onlar ayrıldılar. Ancaq axşam üstü idarədən qayıdanda yenə görüşdülər. Yol uzunu qırıq-qırıq söhbət elədilər. Zeynəbgilin doqqazına çatanda dayandılar. Nəsib dayı qızın gah qızarıb, gah ağardığını, nə isə demək istədiyini duydu. Ancaq heç nə soruşmadı.

Zeynəb Nəsib dayının evində heç kəsin olmadığını düşündü. "İndi hara gedəcək? Qapını üzünə açıb qabağına çay-çörək qoyan da olmayacaq. Səhərdən yorğun-arğın gəzir. Bir azdan yəqin yenə idarəyə qayıdacaq, gecə yarıya qədər ac-susuz orada oturub iş görəcək". Zeynəb Nəsib dayının kabinetdə çaydanda çay qoyub içdiyini bir neçə dəfə görmüşdü. "Yəqin çox vaxt elə çörəyi də orada yeyir, bəlkə gecə də idarədə qalır". Zeynəbin qəlbində qayğı və mərhəmət hissi oyandı.

– Nəsib dayı, gedək bizə. Bir-iki stəkan çay iç.

Sanki Nəsib dayı qızın dediyini eşitmədi; gözlərini qızın üzünə dikib dayandı. "O da belə gülərdi. Qaşlarını çatıb gözünü süzdürərdi. Qımışanda şirmayı kimi ağ, incə dişlərinin parıltısı dodağına düşərdi. Onun da telləri yanağında qıvrılardı. Gör necə də oxşayır, elə bil anası ilə bir almadır, yarı bölünüb".

– Yoxsa mənim çayımı bəyənmirsən, Nəsib dayı? - deyə Zeynəb məzəmmətedici bir ahənglə səsləndi. Nəsib dayı elə bil yuxudan ayıldı.

– Sənə əziyyət olar, qızım.

– Nə əziyyəti var? Gedək.

– Yaxşı, sən deyən olsun.

Onlar həyətə girdilər. Zeynəb qapını açdı. Taxtın üstünə döşəkcə saldı.

– İstəyirsən uzan, bir az dincini al, mən də çörək hazırlayım.

Nəsib dayı bir uşaq itaətkarlığı ilə Zeynəbə qulaq asdı. Onun gətirdiyi yastıqlara söykəndi. Qız evdən çıxandan sonra yenə öz-özünə düşündü: "Səsi də oxşayır". O, evə nəzər yetirdi. Otaq yoxsul olsa da, səliqəli idi.

Nəsib dayı əvvəllər bu evə ayaq basmamışdı. Bura gəlməyə bəhanə tapa bilməmişdi. İndisə oturub ötən günləri, Zeynəbin yaşından da əvvəlki vaxtları xatırlayırdı... O, bu evə ilk dəfə ayaq basan gəlinin necə hallar keçirdiyini düşünməyə və onu təsəvvüründə canlandırmağa çalışırdı.

Zeynəb içəri girdi.

– Yəqin səni çox gözlətdim, Nəsib dayı.

– Yox, yox, qızım.

Zeynəb onu süfrəyə dəvət etdi:

– Çörəyini yeyincə samovar da qaynayar.

Bir azdan balaca ağ samovar da süfrəyə qoyuldu. Zeynəb keçən yay bişirdiyi mürəbbədən çıxartdı. Çay süzdü. Nəsib dayı isə gözaltı ona baxırdı. Qızın gözlərində elə səmimiyyət və mehribanlıq vardı ki, Nəsib dayı baxmaqdan doymurdu. Zeynəb qonağını razı salmağa çalışır, arabir də onun nə üçün belə dalğın olduğunun səbəbini fikirləşirdi.

Zeynəb onu indiyə qədər evinə çağırmadığı üçün xəcalət çəkir, ürəyində "daha rast gəldikcə çağıracağam" - deyirdi.

Birdən Nəsib dayı özünü saxlaya bilməyib soruşdu:

– Qızım, anan yadına gəlirmi?

– Sifəti bir az yadımdadır.

Onlar susdular. Nəsib dayı qızın kədərləndiyini görüb, sual verdiyinə peşman oldu. Lakin gec idi. O yenə üzünü Zeynəbə tutdu:

– Onun heç şəkli varmı?

Zeynəb başını qaldırdı. Ona elə gəldi ki, Nəsib dayının gözlərində bir həsrət var. Bu baxışlar hətta Zeynəbi təşvişə saldı. O, titrəyən kimi oldu. Elə bil Nəsib dayı yalvarırdı...

Zeynəb ayağa durdu, nadir hallarda açdığı sandığa yaxınlaşıb qapağını qaldırdı. Boğçanı açdı, ipək dəsmala bükdüyü şəkli çıxartdı.

– Anamdan qalan yadigar bircə budur.

Nəsib dayı şəkli aldı. Zeynəb onun əllərinin titrədiyini gördü. Kişi elə bil özünü unutmuşdu. O gah gülümsəyir, gah qaşlarını çatırdı.

Zeynəb onun sifətinin hər bir cizgisinə diqqət yetirirdi. Nəsib dayının üzü qırışmışdı. Saqqalına dən düşmüşdü. Saçı da ağarmışdı. Birdən Zeynəbin beynində qəribə bir sual doğdu, özü də hiss etmədən soruşdu:

– Nəsib dayı, indiyəcən niyə evlənməyibsən?

Nəsib dayı diksindi, qıpqırmızı oldu. Zeynəb dediyinə peşman oldusa da, sual və maraq dolu baxışlarını Nəsib dayının üzündən ayırmadı: "Görəsən ona nə oldu?"

...İki gündən sonra Zeynəb Tükəzban xalanın yanına gəldi. Arvad qızın sözlü olduğunu görüb soruşdu:

– Nə var, qızım?

Zeynəb pul kimi qızardı. Başını aşağı salıb saçının ucunu oynatdı.

– Tükəzban xala... Səndən bir söz soruşsam acığın gəlməz ki?

– Acığım niyə gəlir, qızım?!

– Sən Nəsib dayını çoxdanmı tanıyırsan?

– Lap uşaqlıqdan, nə olub ki?

Zeynəb birdən ciddiləşdi. Başını qaldırıb arvadın üzünə baxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, 4

Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.

19577 min
İkinci hissə, 5

Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.

195711 min
İkinci hissə, 6

Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.

195713 min
İkinci hissə, 7

Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.– Əyə, nə yaman ləngidin?

195710 min

Poems by other poets