Page 1 of 2

Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.

İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.

Cahandar ağa da burada idi. O, atını çidarlayıb otlağa ötürmüşdü. Özü isə kürəyini tut ağacına söykəyərək domuşub oturmuş, tüfəngini də dizinin üstünə qoyub dirsəklənmişdi. Oğlu Şamxalın hadisəsindən sonra camaat arasına birinci dəfə çıxdığından sıxılırdı. Gəmiçi Qocanın da burada olması onu lap darıxdırırdı. Nə qədər çalışsa da bacarmır, kənardaca torpağın üstə bardaş qurub oturan kişini gözaltı süzürdü- Gəmiçi Qocanın beli lap əyilmişdi. Əynindəki paltar didik-didik olmuşdu. Ağ saqqalının tükləri daraqdan çıxmış yun kimi pilələnmişdi. Çuxura düşmüş gözləri güclə görünürdü. Cahandar ağa ixtiyarsız -Şamxalı yadına saldı və ürəyində onu yamanladı. "Belin sınsın, fərsiz gör kimnən qohum oldu! Arxasını kimə dayadı! İndi mən nə edim? Qapısına gediləsi deyil ki, beş-on adam yığıb aparasan, el adətincə barışıqlıq eləyəsən. Nə də bir adamlığı var ki, kişi kimi düşmənçilik çəkəsən. Ona əl qaldırmaq heç qeyrətdən deyil. Onsuz da ayaq üstündə ölüb".

O yenidən qudasını saymazyana süzdü. Kişinin məyus və müşkül görkəmi bulud kimi tutulub susması, həmişə şuxluq edib aləmi güldürən Qocanın indi yumaq kimi büzüşməsi Cahandar ağanın da ürəyini ağrıtdı. "Allah kasıba qız verincə başına daş salsa yaxşıdır. İndi bu yazıq neyləsin? Özü də bilir ki, qapısını açıb barışığa gələn olmayacaq", - deyə xəyalından keçirdi.

O darıxdı. Fikrini dağıtmaq üçün çuxasının yan cibindən gümüş qutusunu çıxartdı. Qapağı açıb sol əlini barmaqları arasında tutdu. Əvvəlcə cığara kağızdan birini götürdü. Qapağın basıb yapıxdırdığı saçaqlı sarı tütündən bir çimdik götürmək istədi. Zərif doğranan liflər rezin kimi uzanıb yuxarı qalxdı. Cahandar ağa tütünü barmağı ilə qırdı. Kağızın arasına qoyub yoğun bir papiros eşdi. Qutunu şaqqıltı ilə örtüb cibinə qoydu. Uzun kəhrəba müştüyünü çıxardıb papirosunu keçirdi. Çaxmaqla qovu alışdırdı. Papirosunu yandırıb, dərindən nəfəs aldı. Ağımsov tüstü onun enli dodaqlarının üstünə enmiş qalın bığlarının arasına doldu.

Elə bu zaman Aleksey Osipoviçlə Əhməd mərəkəyə yaxınlaşdı. Onlar, adəti üzrə, toplaşanlara salam verdilər. Oturanların bəzisi ayağa durdu, bəzisi yerindəcə qurcalandı, bəziləri də başlarını tərpətməklə salamı aldılar. Alcksey Osipoviç Molla Sadığın yanında oturan saqqallı kişilərin dinmədiyini, əksinə, qaşqabaq tökdüklərini gördükdə söhbəti o qədər də asanlıqla keçməyəcəyini dərhal duydu. Ancaq özünü sındırmadı. Mərəkədəkilərlə bir-bir əl tutdu. Cahandar ağaya yaxınlaşanda xeyli dayandı. Diqqətlə kişinin üzünə baxdı.

– Siz Əşrəfin atası deyilsiniz ki?

– Bəli, - Cahandar ağa yavaşca dilləndi və ayağa qalxdı. – Uşaq necədir, canıbaşı sazdırmı?

– Oho, heç onun dərdini çəkməyin, lap qırğı kimidir. Özü də məkəbimizin gülüdür. Halal olsun, çox kamallı uşaqdır,

– Bəs nə vaxt gələcək, evə tezmi buraxacaqsınız?

– Gələr. Beş-on günəcən evdə olar.

– Köçə çatarmı?

– Çatar, heç darıxma.

– Uşaqdan ötəri yaman qəribsəmişik.

– Əslinə baxsan, o da yaman qəribsəyir.

– Niyə, olmuya korluq çəkir?

– Yox, o barədə arxayın olun, - deyə Aleksey Osipoviç sakitcə cavab verib ətrafdakıları süzdü. - Təkdir, dostlarından ötəri yaman darıxır. Axı bizim məktəbdə Əşrəfdən başqa Göytəpədən heç kəs oxumur. Onun yoldaşlarından beş-altı nəfəri də oxumağa getsə, lap qiyamət olar. Bir-birilərinə həyan olub, qəribliyi unudarlar. Düz demirəmmi? Gərək onu tək qoymayaq. Elə sizin kəndə ondan ötəri gəlmişəm. Gərək kömək edəsiniz, uşaqlardan seçib oxumağa aparaq.

Söhbət bu yerə çatanda aralığa sükut çökdü. Cahandar ağa nə cavab verəcəyini bilmədi.

Molla Sadıq da susub mənalı-mənalı camaatı süzdü. Onun təsbehi daha da bərkdən şaqqıldadı. Aleksey Osipoviç söhbəti başlamaq üçün ələ düşən fürsətin gedəcəyini görüb sükutu pozdu.

– Niyə susursunuz?

– Bizim kənddə oxumağa gedəsi uşaq yoxdur!

– Niyə yoxdur, var, - deyə Aleksey Osipoviçdən qabaq Əhməd dilləndi. - Onları oxutsaq, əməlli-başlı adam olarlar.

– Kimdir onlar?! - Molla Sadıq da bu dəfə qəzəblə dilləndi.

– Biri Osman.

– Kim? Osman! O ki, korafəhimin biridir. Üç ildə bir Quran ayəsini əzbərləyə bilmir, ondan oxuyan çıxar?

– Çıxar, niyə çıxmır?!

– Dərs deyən mənəm. Mən yaxşı bilirəm, yoxsa sən?

– Bilməsəm demərəm. Bir də o cür ki siz dərs deyirsiniz, əlbəttə uşaq heç nə başa düşməz.

– Ey rus Əhməd artıq-əskik danışma. Həddini bil, sonra peşman olarsan!

– Bəs Əli necə, o da fərasətsizdir?

– İkisi də bir bezin qırağıdır.

– Səlim də?

– İndi burda mənnən nə hinkir-minkir başlayıbsan?

– Acığın tutmasın, ay Molla Sadıq, - səhərdən söhbətə qulaq asan Gəmiçi Qoca astaca dilləndi. - Nəfəsin ağırdır. Uşaqlar səndən heç nə öyrənə bilmirlər. Elə bizim Çərkəz də üç-dörd il ayaq döydü, amma bir şey çıxmadı.

– Demək, Allah-taala özü sizi sirrinə vaqif eləmək istəmir.

– Allah-taalanın burada nə işi var, ay molla?

– Küfr danışma, kişi, hər şey Allahın əmri ilədir.

– Nə üçün dava-dalaş salırsınız? - deyə Alcksey Osipoviç mübahisə, edənləri sakitləşdirməyə çalışdı. - Əlahəzrət padşahımız özü müsəlman balalarının oxumasına icazə veribdir. Kəndlərin bir çoxunda yeni məktəblər açılıbdır. Sizin uyezddə də bu işə başlamaq lazımdır. Biz də sizdən ötəri çalışırıq. Qoyun uşaqlarınız oxusun.

– Nə olar. Biz padşahımızın fərmanına boyun əyməyə həmişə hazırıq. Ancaq bizi başa salın görək, o təzə məktəblər necə olacaq? Orada Quran oxunmayacaq?

– Oxunacaq, Molla Sadıq, niyə oxunmayacaq. Orada şəriət dərsləri də keçiləcək. Elə bizim Qoridəki seminariyada da şəriət dərsləri keçilir.

– Sünnilərlə şiələr bir yerdə.

– Yox, onu da nəzərə almışıq. Hərənin öz mollası var. Gündə üç öynə namazlarını da qılırlar. Biz heç kəsi dinindən döndərmək istəmirik.

Molla Sadıq gözlərini qıyıb, hiyləgərcəsinə Aleksey Osipoviçə baxdı. Sonra da ətrafdakıları süzdü.

– Yox, cənab, bu yollarla bizi aldada bilməzsiniz. Xaçpərəstlərin islam milləti arasında təfriqə salmaq köhnə peşəsidir. Biz sizi yaxşı tanıyırıq. İndi də uşaqları oxutmaq adı ilə başımızı tovlamaq istəyirsiniz. Aralığa çaxnaşma salmaq fikrindəsiniz. Ancaq onu bilin ki, belə işlər daha baş tutmaz. Biz uşaqlarımızı verən deyilik. Ay camaat, eşidirsinizmi?

Molla Sadıq əlini havada oynatdı. Aleksey Osipoviç beli xəncərli kişilərin qaşlarının üstünə qədər enmiş saçaqlı papaqları altından parıldayan qəzəbli gözlərinə baxdı. O, ağzını açmağa macal tapmamış Molla Sadığın yanındakı kişilərdən biri qabağa yeridi. Onun sallamalı kəmərindən asdığı iri xəncəri az qalırdı ki, belini üzüb salsın.

– Bura bax, bizə nə veribsən ala bilmirsən? Qapı-qapı düşüb uşaqlarımızın başını niyə tovlayırsan.

– Mən ki onlara pislik eləmək istəmirəm.

– Sənin yaxşılığın da, pisliyin də bizə lazım deyil, rədd ol burdan!!!

Elə bil camaat buna bənd imiş. Kişi sözünü deyib qurtaran kimi hərə bir tərəfdən hoqquldamağa başladı.

– Biz uşaqlarımızın başından keçməmişik!

– Qoymarıq onların boynuna xaç salasınız!

– Ay camaat, qovun onu!

– Rus Əhmədi də ona qatın!

– Dinsizlər, çıxın kəndimizdən!

– Bizi də özləri kimi kafir eləmək istəyirlər!

– Ay camaat, səbriniz olsun, bir az dayanın!

– Kəs səsini, rusdan dönmüş!

– Mən də sizin kimi müsəlmanam.

– Yalan deyirsən. Adını Əhməd qoysan da kafirsən!

– Bu saat ikinizi də bir-birinə çataqlayıb, yarğandan başı aşağı Kürə atacağıq.

Adamlar getdikcə qızışdılar. Onların çoxu əlini xəncərə atıb, irəli cummağa bir balaca işarə gözlədi. Aleksey Osipoviç bunu aydın görsə də, geri çəkilməyin mümkün olmadığını dərk etdiyindən, özünü şax tutdu. O hələ bu cür qızışmış adamlarla üz-üzə gəlməmişdi. Başqa kəndlərdə ona qulaq asmış, üstəlik də kömək etmişdilər. Ancaq bu saat onun həyatı belə təhlükə altında idi. Kürün sahilindəki bu ucqar kəndin adamların başa salmaq, görünür, o qədər də asan deyildi. Əhməd də çıxılmaz vəziyyətdə qalmışdı. O, Göytəpəyə gələli az-çox xasiyyətinə bələd olduğu kəndlilərin belə səbrsiz olacağını, hətta qana susayacaqlarını təsəvvür etmirdi. Şübhəsiz, burada bir ol var idi. Görünür, Molla Sadıq bütün gecəni yatmamışdı. Yoxsa camaat birdən-birə yuvası dağıdılmış an kimi qəzəblənməzdi. Əhməd qorxdu. Bir hadisə olan kimi Kürü keçib, özlərini meşəyə verən, divan-dərə tanımaq istəməyən bu adamlar fitvaya uyub nə desən edə bilərdilər. O, gözaltı qonağını süzdü. Aleksey Osipoviçin rəngi köynəyinin ağ yaxalığından seçilmirdi. Hücuma keçən kəndlilər onları tut ağacına doğru sıxışdırdılar. Əhməd hər ehtimala qarşı qabağa keçdi. İlk zərbələrin qarşısını almaq, ya da camaatı sakitləşdirmək üçün bir-iki söz deməyi lazım bildi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, 10

Güləsər gecikmişdi. Səhər tezdən ev-eşiyi süpürmüş, qızlarla pəncərə getmiş, geri qayıdanda səhəngin boş olduğunu görmüşdü. Atası indicə gələcəkdi. Çərkəz də axşamüstü evə dönəcəkdi. Heç olmazsa onlara bir stəkan çay vermək lazımdı.O, səhəngi götürüb birbaş Kürə yollandı. Gün yaxmışdı. Kəndin qərb tərəfindəki hündür təpələrin zirvəsi narıncı rəngə boyanmışdı. Sahildəki söyüd ağaclarının budaqları qızılı rəngə çalırdı. Güləsər hündür yarğanın yanından sola burulub cığırla aşağı endi. Çəmənlikdə oynaşan uşaqlar malları qabağına qatıb kəndə doğru haylayırdılar. Lap uzaqda bir oğlan at çapırdı. Ətrafa sərinlik gətirən kölgə çökürdü. Güləsər addımlarını yeyinlətdi. Suyun yaxası boyu uzanan yarğanın qaşı ilə getdi. Göyün üzündə süzən saysız-hesabsız qızlarquşunun səsi bir-birinə qarışmışdı. Suların şırıltısı, cələdəki salxım söyüd yarpaqlarının xışıltısı çəmənlərdən küləyin qovub gətirdiyi çiçək qoxuları Güləsəri məst etmişdi. O hərdənbir ayaq saxlayır, Kürün balıq qoxusu verən nəm havasını ciyərlərinə doldururdu.

195718 min
Birinci hissə, 11

Salatın bütün gecəni narahat yatdığından, yalnız səhərə yaxın şirin yuxuya getdi. Xoruzlar banladı, toyuqlar tardan töküldü, qapılarda mal-qara mələşməyə başladı, ancaq o oyanmadı. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız, yatıb yuxuya qaldı. Çardağın bacasından süzülüb, üzünə düşən işıq da onu oyada bilmədi. Bacısını birinci dəfə belə yorğun görən Şamxal daya nıb qıza xeyli tamaşa etdi. Salatın yorğanı üstünə çəkib paltarlı yatmışdı. Saçları yastığa dağılmışdı.– Qalx, çaydan-çörəkdən hazırla.

195714 min
Birinci hissə, 12

Şamxal ayağa durub kəmərini daraltdı. Boğazı qaytanlı köynəyinin qırışlarını arxaya tərəf yığdı. Yüngül addımlarla qapıya yaxınlaşdı. Əlini cəftəyə uzatmazdan əvvəl dönüb geri baxdı. Şahnigar xanımın sinəsi qalxıb-enir, Salatın isitməli adamlar tək titrədir, Güləsər isə cəsəd kimi yerindən tərpənə bilmirdi. O bunları görsə də dinmədi, sakitcə divara söykədiyi tüfəngə yaxınlaşdı. Beynində ildırım sürətli fikirlər gəlib keçdi. "Tüfəngi götürsünmü? Yoxsa Çərkəzin qabağına elə-belə, saymazyana, əliboş çıxsın? Onun yanına yaraqlı getmək qorxaqlıq deyilmi? Arvadlar, illah da Güləsər buna nə deyərdi? Elə ilk gündən arvadının gözündən düşməzdimi? Yox, elə-belə, əliboş gedəcəm. Bəlkə onun silahı var? Qapıya çıxan kimi sinəmi nişan alacaq ? Heç əl-ayaq tərpətməyə qoymayacaq? Kimi, məni? Çərkəz mənə Cahandar ağanın oğlu Şamxala əl qaldıracaq? Vallahi onların külünü torba ilə daşıtdıraram. Hünəri var, tərpənsin!"O, ehmalca tüfəngi götürüb əlində hərlədi. Şahnigar xanım qardaşı oğlunun ürəyindən keçənləri üzündən oxudu. Onun iki su arasında qaldığını və qəti bir qərara gələ bilmədiyini başa düşdü. Sakitcə Şamxala yaxınlaşdı. Gözlərini onun üzünə zillədi.

195711 min
Birinci hissə, 13

Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su da keçmədi. Kişinin həndəvərinə hərlənmək olmadı. Mələk qorxa-qorxa, barmaqlarının ucunda, otağa girib, onun üstünə yorğan salanda, ərinin kürəklərinin titrədiyini, iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü, amma cıqqırını da çıxartmadı, söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər.Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Dinməz-söyləməz paltarını geyindi. Qoltuqaltısını götürdü. Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi. Bunlar azmış kimi xəncəri də belinə bağladı. Hava isti olsa da, dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. Yazığın nəfəsi güclə gedib-gəlirdi. Necə deyərlər, diri gözlü ölmüşdü. O, ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz",- deyə fikirləşdi. Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. Əslinə baxsan, Zərnigar xanım özü də Şamxaldan narazı idi.

195710 min

Poems by other poets