Page 2 of 2 · 50%

Elə bil qaranlıq gecə Yer kürəsinin üzərinə qara pərdə salmaq, onu bürüyüb örtmək istəyir. İşıq isə onu deşir, ordan-burdan süzüb parıldayır. O, tabe olmur, İynə ulduzu boyda da olsa yer tapır, özünə yol açır, kimə isə işıq verir. Maraqlı deyilmi, hə, Aleksey Osipoviç, necə bilirsiniz, nə qalib gələcək, işıq, yoxsa qaranlıq?

– Əlbəttə işıq.

– Mütləq, – deyə o qətiyyətlə dilləndi. – Qığılcımlar qorlandıqca çoxalacaq, alovlanıb ətrafa işıq saçacaq. Qığılcımlardan od törəyəcək. Bilirsinizmi, Aleksey Osipoviç, mən hər axşam bu qaranlıq cənub gecələrində daxmalarda yanan işıqlara baxanda özümüzü, öz zəhmətimizi xatırlayıram. Biz qaranlıq gecədə, zülmət səltənətində yaşayırıq, deyilmi? Bizim hər bir əməlimiz qaranlıqda ildırım kimi çaxacaq, şimşək kimi parıldayacaq. Niyə susursunuz? Yoxsa mənim dediklərimi təsdiq etmək istəmirsiniz? Qorxmayın, mən inqilabçı deyiləm.

Qapı döyüldü. Olqa Konstantinovna o biri otaqdan çıxıb dəhlizə getdi. Dmitri Dmitriyeviç sözünə ara verib, vaxtsız gələn qonağın kim olduğunu bilmək məqsədi ilə gözünü qapıya zillədi. Olqa Konstantinovna geriyə dönüb təlaşla ərinin üzünə baxdı. Ucaboy və namərbud hərəkətli bir polis nəfəri içəri girdi. Bir an dayanıb gözləri ilə kimi isə axtardı. Dmitri Dmitriyeviçi görən kimi dabanlarını bir-birinə vurub hərbi qaydada təzim etdi. Döşəmə silkələndi. Yoğun bir səs otağın divarlarını cingildətdi:

– Cənab direktor, Sizə qayət məxfi bir məktub var. Zati-aliləri şəxsən Sizə təqdim etməyi əmr etmişdir.

O qoltuq cibindən ağzı surğuclu bir məktub çıxartdı. Hələ də pəncərə qarşısında hərəkətsiz dayanan Dmitri Dmitriyeviçə uzatdı:

– Məktubu almanız barədə qəbz verin, cənab.

Semyonov əsəbi hərəkətlə məktubu ondan aldı. Yazı masasına yaxınlaşıb zərfin çatması barədə polisə kağız verdi. O yenə dabanlarını cütləyib əlini gicgahına apardı. Fırlanıb geriyə döndü. Döşəməni taqqıldada-taqqıldada, iri addımlarla dəhlizə yaxınlaşdı. Olqa Konstantinovna polisin arxasınca qapını bağladı, intizar və təşviş içində ərinə baxdı. Çiynindən sürüşüb düşən nazik, ağ yun şalı düzəltdi, əlini uzadıb boynunun dalında topladığı gur saçını sahmana saldı. Dmitri Dmitriyeviçsə taxta pilləkənlə aşağı enən polisin nallı çəkmələrinin taqqıltısına qulaq asdı. Onun böyründən sallanan uzun qılıncının yeridikcə pilləkənlərə toxunduğunu görən kimi oldu. Addım səsləri uzaqlaşdıqdan sonra dərindən nəfəs aldı və beş yerindən surğuclanmış zərfin o üz-bu üzünə baxdı. O, hiss etdi ki, Olqa Konstantinovna təlaş içindədir, elə Aleksey Osipoviç də intizardadır.

Semyonov kürsüdə əyləşdi. Şamdanı qabağına çəkdi. Zərfi işığa tutub diqqətlə baxdı. Sonra adəti üzrə siyirtmədən balaca qayçı çıxardıb zərfi ehmalca kəsdi. Eynəyini gözünə taxdı. Peşəkar bir katibin əli ilə yazılmış səliqəli məktubu oxuduqdan sonra məktubu kənara atdı və barmaqları ilə masanı taqqıldatdı.

Divar saatının zəngi aramla on bir dəfə danqıldadı. Dmitri Dmitriyeviç düşüncələrdən ayrıldı. Onu sakit etmək üçün "qulluq kağızıdır", – deyə cavab verdi. Olqa Konstantinovna rahat nəfəs alıb, o biri otağa, uşaqların yanına getdi. Aleksey Osipoviç də getməyə hazırlaşdı. Məktubun gəlməsi ilə birdən-birə halı dəyişən Semyonova mane olmamağı, onu tək buraxmağı qərara aldı. Ancaq Dmitri Dmitriyeviç ona icazə vermədi. Yenidən otaqda var-gəl etdi. Birdən Aleksey Osipoviçin qarşısında dayanıb düz onun gözünün içinə baxdı:

– Nə üçün məktubla maraqlanmırsınız?

– Sizə aid olan məxfi bir...

– Mən Sizdən heç nə gizlətmirəm. Alın, oxuyun,

Aleksey Osipoviç məktubu götürüb nəzərdən keçirdi.

"Mərhəmətli ağa!

Siz cənablara məlumdur ki, Sizin təhdi-himayənizdə olan seminariyada, gürcü dilindən dərs demək üçün cənab Kipianiyə rəsmi olaraq bu şərtlə icazə verdik ki, Siz daim ona nəzarət yetirəsiniz və onu gözdən qoymayasınız. Bu işə məsul olasınız. Buna baxmayaraq, Qoridə yaşayan etibarlı və rəsmi bir şəxs məlumat vermişdir ki, Kipiani şübhəli işlərlə məşğul olur, evinə müxtəlif adamlar yığıb hökumət əleyhinə kitablar oxuyur.

Həşəmətli cənab, bu məlumatı Sizə verməklə bərabər, artıq dərəcədə xahiş edirəm ki, Kipianinin həyat tərzi və nələr düşünməsi barədə əldə etdiyiniz məlumatları olduqca məxfi tərzdə mənə göndərəsiniz"!.

Aleksey Osipoviç məktubu oxuduqdan sonra möhürə, Qafqaz Maarif müvəkkilinin imzasına, tarixə və kağızın yuxarısındakı "qayət məxfidir" sözlərinə baxdı. Aralığa yenidən sükut çökdü. Saatın taqqıltısı gücləndi.

Semyonov əlləri dalında, pəncərənin qarşısında dayanmışdı. Aleksey Osipoviç onun azacıq irəliyə doğru əyilmiş kürəyinə baxdı. Semyonov əllərini ovuşdurur, barmaqlarını çarpazlayır, bununla da daxili narahatlığını sakitləşdirməyə çalışırdı:

– Fikriniz nədir?

– Kipiani gözəl müəllim və yaxşı vətəndaşdır.

– Onlara da belə yazaq?

– Mən yazardım.

Dmitri Dmitriyeviç yaşına uyuşmayan bir cəldliklə dabanı üstündə fırlanıb geri döndü:

– Bəs bu danosbaz kimdir?

Aleksey Osipoviç çiyinlərini çəkdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

III fəsil, 3

Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.

199515 min
III fəsil, 4

Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".

19954 min
IV fəsil, 1

Qəza mərkuzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəl Qaymaqlı kəndinə işləməyə göndərdılar. O, iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı iki mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çamadanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış bəylərdən birinin evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şənliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacısı, qapı- pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər- axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah bəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, həm bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacal öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qiz-gəlinin ürəyini atlandırırdılar. Bir gün səhər "uçitel" onu aşağı çağırdı.

19954 min
IV fəsil, 2

Bir gün Mürsəl məktəbin xəritə, qlobus və kölmə kitablar yığılmış basırıq otağından bir qrammofon tapdı. Görünür, ev sahibi Ömər koxanın imiş. Onu götürüb tozunu sildi, trubasını təmizlədi. İki də köhnə, lap köhnə, çalınmaqdan üzləri cızıq-cızıq olmuş val tapdı. Tələsik qrammonun dəstəyini hərlədi, iynəni keçirib oxutmağa başladı. Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu İslamın səsi otağı bürüdü. Mürsəl sevincindən bilmirdi neyləsin. O balaca bir qabaq stolu tapıb eyvanın küncünə qoydu. Qrammofonu stolun üstündə rahatladı. Səs borusunun ağzını yola tərəf çevirdi. Suya gedən və zümzümə edən qız-gəlinlərin gurlaşdığı vaxt dəstəyi fırlayıb qrammofonu oxutdu. Yoldakılar bir anlığına dayanıb, məktəbin eyvanına tərəf boylandılar, qrammofona qulaq asdılar və dirəyə söykənib onlara tamaşa edən Mürsələ baxdılar. Sonra şaqqanaq çəkib, gülə-gülə yollarına davam etdilər. Ertəsi günü bütün kənd zümzüməyə qərq oldu. Mürsəlin adı qızların qımqımısına düşdü. O gündən kəndin bir nəğməsi də artdı. Səhər-axşam zurnaçılar qoşalaşdılar, gündüzlər qız-gəlin zümzümə etdi, qrammofon da məktəbin eyvanında oxudu. Mürsəl qız-gəlinləri qrammofonla suya yola salıb qarşılayır, dərsə gələn uşaqları isə elə bil bu mahnılarla salamlayırdı. O artıq hər şeyə öyrənmiş, kəndin adətlərinə qaynayıb qarışmış və özü də zümzümə edən kənd böcəklərinin birinə çevrilmişdi.Uçitel bunlara göz qoyurdu. Mürsəlin uşaqlarla mehribanlığından, gözəl dərs deməyindən xoşu gəlirdi. İnanırdı ki, ondan yaxşı müəllim olacaq. Bir gün Mürsəl onun yanına gəldi:

19955 min

Poems by other poets