Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.

Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".

Qız yenidən hıçqırdı və ona elə gəldi ki, onun dərdinə şərik olanlar səsinə səs verib ağlaşma qurublar. Astadan dil deyib hönkürüşürdülər. Qız şəkləndi. Gərdəyin dalından çıxıb qonşu otağı dinşədi. Doğrudan da ağlaşırdılar. "Bu nə idi? Toyla yas bir-birinəmi qarışmışdı?". Qız qulaq kəsildi. Arada uşaqların "Baba, Ömər baba" deyib hönkürtülərini eşitdi. Başa düşdü ki, açıb ağartmasalar da, evdə yas var. Ölən - evin kötüyü, elin-günün ağsaqqalı o nurani kişi idi.

Qaratel xəyallardan, şirin arzulardan ayılan kimi oldu. Elə bil onu bürümüş tüstü-dumanı qovurmuş kimi başını silkələdi. Duvağı üstündən götürüb atdı. Bilmədi neyləsin. Bir xeyli beləcə ildırım vurmuş kimi oturdu. "El-oba buna nə deyəcək? Kənd arasında arvadlar, qız-gəlinlər onu görəndə vahimə içində geri çəkilməyəcəklərmi? Sabah-sabah bu uğursuz qara daban hardan qabağımıza çıxdı, deməyəcəklərmi'? Həmişə onu Kür qırağına suya çağıran, toy-düyünə aparan qızlar onu görəndə gözdən yayınmağa çalışmayacaqlarmı? Balaca da, böyük də qaçın, qara daban gəlir, deməyəcəklərmi? Bəlkə elə doğrudan da qara dabanam? Toy olmamış nişanlım öldürüldü. Yasın birindən çıxmamış o biri başladı. Mən evə ayaq basan kimi bu kişi rəhmətə getdi. Bu, qara dabanlıq deyil, bəs nədir? Haraya ayaq basıram, bədbəxtlik gətirirəm. Görünür, tanrı özü mənə qarğış eləyib. Yüz min təbib neyləyər bir tanrı qarğımışa?".

Qaratel yavaşca ayağa durdu. Evdəkilərin başının qarışdığını görüb dal qapıdan eyvana çıxdı. Nəzərə çarpmadan hasarın dibinə endi, sinə-sinə darvazaya yaxınlaşdı, açıq qapıdan bayıra çıxdı. Alanın çəpərin yanında şöngüyüb oturduğunu görmədi. Nəfəsi tıxana-tıxana birbaş Kürün sahilinə, hündür yarğana doğru getdi. Ancaq burda ayaq saxlayıb nəfəsini dərdi.

Kür yenə əvvəlki kimi qıjıldayıb axırdı. O taydakı meşə aylı gecədə mürgüləyirdi. Suyun ortasındakı adacıqlar, cələlər elə bil yuxuya getmişdi. Gündüzlər qaynayıb-qarışan haylı-haraylı Kür vadisi elə bil dincəlib nəfəs alırdı. Arabir yarğanların harasındasa özünə məskən salmış bayquşların səsi eşidilirdi.

Qaratel ciyərləri dolusu nəfəs aldı və elə bu vaxt Alanı gördü. İt Qarateldən bir-iki addım aralıda biləklərinin üstünə uzanıb zingildə-yirdi. Qaratel aşağı əyilib itin başını sinəsinə sıxdı. Onun gözlərinə baxdı. Heyvanın qonur gözlərindəki məhzunluğu ay işığında aydınca gördü. "Deyəsən təkcə sən məndən qaçmayacaqsan, Alan? Məni son mənzilə də sən yola salacaqsan". İt bu mehriban səsdən riqqətə gəldi. Bir az da irəli sürünüb zingiltisini artırdı.

Qaratel itin gözlərindən öpüb qamətini düzəltdi. Ətrafı dinşədi. Hər şey zümzümə edirdi. Təbiətin bu gözəlliyini Qaratel yalnız bircə anlığına duydu. "Mənə bunları çoxmu gördün, ey yeri-göyü yaradan Tanrı?" - deyib gözlərini yumdu. Alan özünə gələnə qədər qız yoxa çıxdı. İt yarğanın dibində şappıltı eşitdi və özünü Kürə atdı. Bir azdan yarğanın aşağı tərəfindən Qarateli sürüyüb sahilə çıxartdı. Çınqıl daşların üstünə uzatdı. Dan yeri qızarana qədər qızın başina fırlandı. Başdan-ayağa, ayaqdan- başa dönə-dönə imsilədi, üz-gözünü, saçını, əllərini yaladı. Nəfəsini sinəsinə verdi. Elə bildi ki, bu nəvazişləri ilə qızı ayağa qaldıracaq. Ancaq dan yeri qızaranda ehtiyatla burnunu Qaratelin üzünə yaxınlaşdırdı və diksinib geri atıldı. Qızın bədəni bumbuz idi. Alan ağzını göyə tutub oyanmaqda olan təbiəti elə bil köməyə çağırdı. Meşələrə, cələlərə, yarğanlara, dərələrə, dağlara, axar sulara, çox nakamları qurban aparan Kürə haray saldı. Acı-acı uladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

V fəsil, 1

Güllü xanım bu gün itləri zəncirdən tez açdırmışdı. Gəlinlər itlərin yalaxlarını yal ilə doldurmuşdu. İtlər əvvəlcə zəncirdən açılandan sonra evin ətrafında hərlənmiş, Kürün yaxası boyu qaçmış, sonra da yalaxların üstə cumaraq mırıldaşa-mırıldaşa yala hücum etmişdilər. Güllü xanım eyvanda dayanaraq onlara tamaşa edir, tüfəng çiynində həyətdə hərlənən oğlu Həsən ağanı gözaltı süzürdü. O hiss edirdi ki, Ömər koxa rəhmətə gedəndən sonra Həsən ağa heç kəsə açıb-ağartmasa da, çox narahatlıq keçirir. Tüfəngi əlindən yerə qoymur, atını da çox vaxt gecələr belə yəhər altında saxlayır. Arvad tikir vermişdi ki, oğlu gah samanlıqda gecələyir, gah tövlədə qalır, gah da otaqların birində mürgüləyir. O bir yerdə yatmır, tez-tez yerini dəyişdirir. İndi, bu gün də narahat idi, bir yerdə dayanmır: gah samanlığın, gah tövlənin belinə qalxır, gah da ot tayalarının yanında hərlənirdi. Güllü xanım kəndin yuxarı başındakı səs-küydən, itlərin çaxnaşmasından ehtiyatlanırdı. O bu gecə nəsə baş verəcəyindən qorxurdu.Ömər koxanın sağlığında hər şeyin sakit gəlib-keçəcəyini bilən Həsən ağa arxayın idi ki, bu ağsaqqalın sözündən heç kəs çıxa bilməz. O hamını başa salmışdı ki, Ələddinin ölümü bir bədbəxtliyin nəticəsidi və buna görə araya qan salmaq, təzə düşmənçilik törətmək lazım deyil. Hətta onun ayağına qəza mərkəzindən gulən və "Nə üçün şikayət eləmirsən'.'" - deyən hökumət adamlarını geri qaytarmış, "Ölən də, öldürən də öz uşağımızdır, burada heç bir qəsdi- qərəzlik yoxdur", - demişdi. Ondan sonra Həsən ağaya dəyib-dolaşan olmamışdı. Həsən ağa onu da başa düşürdü ki, Ömər koxanın oğlu Şamil və Çıraqlılar onunla barışsalar da, ürəklərində kin var idi. Atalarının sözündən çıxa bilməsələr də, içəridən qovrulub yanırdılar. Ona görə də, Həsən ağa gözə az-az dəyir, Şamilin, Qönçə xanımın gözünə az-az görünürdü. Amma axır vaxtlar onu bir-iki dəfə idarəyə çağırmışdılar. Hətta bir dəfə kənd şurasının milisioneri Keçəl Xondulu zarafata salıb demişdi ki, "Nə vaxta qədər belə səksəkəli dolanacaqsan? Əlindən xata çıxıb, get üç-dörd ay yat sonra gəl, rahat dolan".

19953 min
V fəsil, 2

Kənd itlərinin səs-küyü azalandan və çıraqlar öləziyib işıqlar seyrələndən sonra Həsən ağa qardaşı Şəmiddinin yanına getdi. Onlar hasara söykəndilər. Bir xeyli heç biri dinib-danışmadı.Şəmiddin başa düşdü ki, qardaşı nəsə çox ağır bir məsələdən söz açmaq istəyir. Dinmədi. Gözlədi. Xeyli sonra onun titrək səsini eşitdi.

19952 min
V fəsil, 3

Keçəl Xondnlu öz silahlı dəstəsi ilə şura idarəsinin həyətinə toplaşmışdı. O, qəza mərkəzindən xüsusi tapşırıq almışdı. Bu gecə Həsən ağa tutulmalı idi. Kəndə tam sakitlik çökdükdən sonra Keçəl Xondulu atın belinə qalxdı. Yoldaşları da atlandılar. Xondulu yarım pıçıltılı səslə onları başa saldı.– Yarınız Alqazax uşağının evinin alt tərəfini, yarınız da üst tərəfini kəsərsiniz. Elə edərsiniz ki, aradan bir quş da çıxa bilməsin. Həmləni uzaqdan götürün ki, başa düşən olmasın. Evə yaxınlaşanda da,saymazyana yaxınlaşarsınız. Onların üstünü beyqafıldan, yatdıqları yerdə almasaq, ələ keçirə bilməyəcəyik.

19952 min
V fəsil, 4

Qəza mərkəzinə odun aparan arabalar geri qayıdırdı. Hava isti idi. Çöllər yaşıllaşmışdı. Şirələnmiş torpağın sinəsinə lalələr səpələnmişdi. Arabalar Acı Dərənin dikdirində dayandılar. Qabaq arabadakı ağsaqqal kişi o birilərini səslədi:– A, bala, arabaları endirin dərəyə çayın qırağına, obaşdannan yola çıxdığımızdı. Həm heyvanlar bir az dincəlsin, həm də biz ağzımıza bir tikə çörək alaq.

19952 min

Poems by other poets