İkinci hissə, 2
Page 2 of 3 · 33%
– Taparıq, Dmitri Dmitriyevıç, kəndbəkənd gəzməli də olsam tapacağam.
Bu söhbətlər 1879-cu ildə olmuşdur. Şöbənin açılmasına rəsmi icazə verilməsə də, onlar sentyabr ayına qədər beş-altı tələbə yığa bilmişdilər. İndi isə şöbəni genişləndirmək mümkün idi. Artıq hökumətin rəsmi əmri alınmışdı. Elə bu məqsədlə də Aleksey Osipoviç səfərə çıxmışdı. O düz bir ay idi ki, yollarda idi. Təxminən üç min verst qət etmişdi. Bəzən kəndləri piyada dolanmış, Şamaxıda, Şuşada, Gəncədə olmuşdu. İrəvan quberniyasını gəzmişdi. İndi isə Qazaxdan keçib Tiflisə gedirdi...
Artıq gün yaxmışdı. Təpələrin kölgəsi uzanıb yolun üstünə sərilmişdi. Uzaqdakı kənd evlərinin pəncərə şüşələri qürub şəfəqlərini əks etdirib parıldayırdı. Atların təri soyumuşdu. Faytonçu bu axşam şəhərə çata bilməyəcəyini yəqin etdiyindən sakitləşmişdi. Xır yolunda asta-asta irəliləyən fayton təkərinin qıcırtısı, bir də at nalının taqqıltısından başqa heç nə eşitmirdi.
Aleksey Osipoviç faytonun günlüyünü qatlamaq üçün ayağa durdu. Bunu hiss edən faytonçu qanrılıb geri baxdı.
– Sizə nə lazımdır, cənab?
– Artıq sərin düşüb.
– Bu saat.
O, cilovu çəkib atları dayandırdı. Yaşına uyğun olmayan bir cəldliklə atılıb yerə düşdü. Aleksey Osipoviç də faytondan endi. Onun paltarına narın toz qonmuşdu. Ayaqları uyuşmuşdu.
– Atları açın, dincəlsinlər. Özümüz də nəfəsimizi dərək.
Faytonçu bu dəfə etiraz etmədi. Aleksey Osipoviç yolun alt tərəfindəki dərə ilə axan balaca çaya yaxınlaşdı. Pencək və köynəyini çıxardıb otluğa atdı. Ayağını da soyundu. Xırdaca daşların üstü ilə yeriyib, çayın ortasında dayandı. Su isinmişdi. Balaca, yumru və sürüşkən daşlar ayağı qıdıqlayırdı. Aleksey Osipoviç ovcunu doldurub, ilıq suyu üzünə çırpdı. Böyük ləzzətlə yuyundu.
Faytonçu da atlarını çimizdirdi. Bədəni sərinləyən kəhərlər ayaqlarını suya çırpıb, daşları şaqqıldadırdılar. Elə bil uşaq kimi sevinir, köpüklü suları sıçradıb, ətrafa dağıtmaqdan zövq alırdılar.
Hava sərinləşmişdi. Amma əsən mehin nəfəsində hələ də istilik vardı. Adamı təndirin alovu kimi bürkü vururdu. Yuyunub qurtarandan sonra özünü yüngül hiss edən Aleksey Osipoviç göylükdə balaca bir süfrə açdı. Faytonçu isə atları suyun kənarındakı çəmənliyə buraxdı.
– Yaxın gəlin, çörək yeyək.
– Çox sağ olun, cənab.
– Sağ olunu sonra deyərsiniz, gəlin.
Faytonçu könülsüzcəsinə süfrəyə yaxınlaşdı. Kənardaca dizi üstə çökdü. Sulu əllərini əvvəlcə saçına, sonra da saqqalına çəkdi. Süfrədəki kolbasaya, pendir-çörəyə baxdı. Aleksey Osipoviç şərab şüşəsini açmaq istəyirdi.
– Verin mənə, Sizə çətin olar.
O, şüşəni götürdü. Cibindən iri bir bıçaq çıxardıb, tıxacı açdı. Stəkana şərab tökdü.
– Buyurun, cənab.
– Əvvəlcə Siz için.
– Yox, yox, Siz buyuracaqsınız. Mən içməsəm də olar.
– Yoldaşlıqda ayrı-seçkilik olmaz. Bağışlayın, adınız...
– İvan Filippiç,cənab.
– İvan Filippiç Sizin sevmədiyiniz müsəlmanlarda belə bir məsəl var. Yoldaş yoldaşla tən gərək, tən olmasa gen gərək. İndi biz yoldaşıq.
Faytonçu özünü itirmişdi. Bir az bundan əvvəl haqqında çox pis fikirdə olduğu adamın sadə və səmimi rəftarı onu çaşdırmışdı. Aleksey Osipoviçə artıq əlli yaşı keçmiş bu kişinin dizi üstə oturub, günahkar uşaq kimi, çəkinə-çəkinə süfrəyə əl uzatmasına, ətrafı qırışmış gözlərindəki məsumluğa, qalın saqqalına, üst dodağını örtmüş bığına, alnına tökülən saçlarına baxdıqca atasını yadına salırdı. O da belə idi. Ömrü boyu bir parça çörək üçün çalışmışdı...
Atası yay aylarında furqonla Şamaxıdan, Ağsudan Çuxuryurda və başqa yaylaqlara adam daşıyırdı. Bəzən həftələrlə evə qayıtmazdı. Taxıl biçini zamanı isə başqa kəndlilərlə birlikdə arvad-uşağını da yığıb, aran yerlərinə enərdi. Qatarlaşan furqonlar tozlu-torpaqlı yollarla birneçə gün getdikdən sonra taxıl zəmilərinin ətrafında dayanardı. Sahibkarla biçinçilər arasında sövdələşmə başlanardı.
Atası ilə bir yerdə olduğu sonuncu yay Aleksey Osipoviçin yadından heç vaxt çıxmırdı. Onda onun altı, ya yeddi yaşı ancaq olardı. Həmin il Şamaxının ətrafındakı əkin yerlərini dolu döymüşdü. Onların taxılından heç əsər də qalmamışdı. Aclıq təhlükəsi vardı. Hamı kimi Osip də aran yerinə, biçinə getməyə hazırlaşırdı. Yola düşməzdən bir gün əvvəl balaca Alekseyi yanına çağırdı.
– Alyoşa, sən evimizdə qal, ananla mən gedim. Çox çəkməz, bir aya qayıdarıq. Oralar istidir, sonra xəstələnərsən.
– İstəmirəm, - deyə Aleksey ayaqlarını yerə döydü. - Məni də özünüzlə aparın. Sizə kömək edərəm. Atları otararam.
– Axı, istiyə dözməzsən.
Anası da ona tərəf çıxdı. Aleksey gedəsi oldu. Həmin gecə o yatmadı. Yola tədarük görən, çörək bişirib, yorğan, döşək hazırlayan anasına kömək etdi. Obaşdan, hələ dan ulduzu doğmamışdan yola düşdülər.
Aleksey atasının yanında oturmuşdu. Furqonun çadırını çəkmişdi. Kənd xoruzları səs-səsə verib banlaşır, elə bil bir ağızdan qışqırıb: Alyoşa, hara gedirsən?" - demək istəyirdilər. Ayazımaqda olan üfüqə tamaşa edən Aleksey sərin havanı ciyərlərinə çəkib, qürurlanır, qışqırıb hamıya "Artıq mən böyümüşəm. Atama kömək edəcəyəm", -demək istəyirdi. Atası isə gözaltı onu süzür, "Sənə soyuq olar, get ananın yanına uzan", - deyirdi. Aleksey nəinki getmək istəmir, əksinə cilovu atasının əlindən alıb, furqonu özü sürməyə, beləliklə de böyümüş olduğunu göstərməyə çalışırdı.
O yay çox gözəl keçdi. Şamaxıdan gələn biçinçilər çölün ortasında, taxıl zəmilərinin kənarında düşərgə saldılar. Furqonları yan-yana açdılar.
Biçinçilər ala-torandan qalxır, şehdən nəm çəkmiş zəmilərə doluşurdular. Alekseyin atası sünbüllənmiş taxılları qucaqlayıb oraqla biçir, anası isə onun arxasınca dərz bağlayırdı. Onlar işləyən zaman atları otaran, sonra da çay qaynadıb, süfrə açan Aleksey arabir anasına da kömək edirdi. Gah bafa bağlayır, gah da dərzləri pəncələyən atasına əl-ayaq verirdi. Günorta furqonun kölgəsinə uzanıb iştahla çörək yeyən ata-anasına tamaşa etmək ona ayrı ləzzət verirdi. Axı bu kartofları suda Aleksey bişirmişdi, çayı da o qaynatmışdi!
Gecəninsə ayrı ləzzəti vardı. Uşaqlarla bərabər atları otarmağa aparan Aleksey ağ çadırlı furqonların yanında alovlanan ocaqlara tamaşa etməkdən doymurdu. Gecənin qaranlığında şəfəqlər oynaşır, çuqun qazanlarda xörək bişirənlərin kölgəsi bir nəhəng kimi uzanıb zəmilərin ortasında gəzişirdi. Lakin səs-küy və canlanma çox çəkmirdi. Yarımca saat sonra bütün günü işləyənlər çul kimi döşənib, ağır yuxuya gedirdilər. Ətrafa qulaq cingildədən dərin sükut çökürdü. Alekseyin isə gözünə yuxu getmirdi. O çox vaxt arxası üstə uzanıb, aylı gecələrdə göyə səpələnmiş ulduzları saymaq istəyirdi. Onların nə üçün titrədiklərinin səbəbini öyrənməyə çalışırdı. Çölün üzərinə çökmüş gecənin sərinliyi onu üşürgələndirəndə yorğana bürünür, soyuqdan titrəşdiklərini güman etdiyi ulduzların halına acıyırdı. Hərdənbir ulduz axanda dik atılır, bu quyruqlu alovun onların zəmisinə düşüb, atasının biçdiyi dərzləri yandıracağından qorxurdu. Belə hallarda bəzən ata-anasını da oyatmaq istəyirdi. Ancaq onların bir-birinə qısılıb, ölü kimi yatdıqlarını görəndə fikrini dəyişirdi. Yenə yerinə uzanır, əllərini başının altında çarpazlayıb, buludları yaran aya tamaşa edirdi. Göy ot xımırtladan atların fınxırtısından və gecə böcəklərinin həzin səslərindən başqa heç nə eşidilmirdi. Arabir kövşənlər şaqqıldayırdı.
Bazar günü isə biçindən bir az tez qayıdırdılar. Çay-çörək yedikdən sonra ocağın ətrafına toplaşardılar. Hamının "Mişka" - deyə çağırdığı sarı telli oğlan qarmon çalardı. Aleksey də özünü kişilər cərgəsində hesab edir, cır səsi ilə mahnı oxuyanlara qoşulardı. Anası həm sevinər, həm də uğunub keçinərdi.
Düz bir aydan sonra biçini qurtardılar. Taxıl sahibləri gəldilər, pəncələri saydılar. Şərt üzrə hər on pencədən birini biçinçilərə verdilər. Aleksey atasının Allaha şükür elədiyini gördü. Kişinin rəngi durulmuşdu. Tez-tez arvadı ilə zarafat edirdi.
– Belə-belə işlər, Mariya, on pencə taxılımız var. Hər pencədən azı on çanaq buğda çıxacaq. Yüz çanaq üç tağardan da çox edir. Şükür, bu il çörəyimiz var. Hələ üstəlik bir-iki pud satıb Alyoşaya da zəhmət haqqı verərik. Yoxsa insafsızlıq olar. Axı o da işləyib. Belədir, ya yox, Aleksey Osipoviç? - deyə atası gülə-gülə ona müraciət etdi.- Sənə qırmızı çəkmə, bir də boynu işləməli ipək köynək alacam. İstəyirsən qotazlı kəmər də alım. Özünü də bu il necə olur-olsun məktəbə göndərəcəm.
Biçinçilər adət üzrə xırman açıb taxıltarını elə zəmilərin kənarındaca döyərdilər. Hazır buğdanı çuvallara doldurub furqonlara yükləyər və birbaş evlərinə qayıdardılar. Alekseygil də elə etdilər. İki gün gecəli-gündüzlü əlləşib taxıllarını döydülər. Furqon karvanı qatarlaşdı.
Şamaxıya gələn kimi atası dediyinə əməl etdi. İki pud taxıl satıb oğluna qırmızı çəkmə aldı. Amma məktəbə göndərə bilmədi.
Kəndə qayıdandan sonra da ot biçini başlandı. Alekseygilin biçənəyi yox idi. Dağların döşündə dalğalanan çiçəkli çəmənlik varlılarındı. Amma ot çalanlar yoxsullar idi. Alekseyin atası da bunların içində idi. Onlar yenə də muzdla işləyirdilər. Aleksey bu dəfə də atasını tək buraxmadı (Elə bil ondan həmişəlik ayrılacağı ürəyinə dammışdı). Atı yallayıb belinə qalxdı. Anasının bişirdiyi xörəyi çölə apardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-ikinci-hisse-2
Use ← → keys to move, R for a random poem
More by this author
Şəhərin mərkəzindəki bağ Rəşidin ürəyinə hər yerdən çox yatırdı. Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İsti günlərdə ağacların kölgəsində sərinləməyə bura gəlir, soyuq havada evdə darıxan yaşlılar özlərinə həmsöhbət tapmaq üçün yenə buraya çayxanaya toplaşırdılar. Elə cavanların çoxu da burada görüşürdülər. Rəşidə şəhərin kənarında, çay sahilində güllü-çiçəkli bağlarda yer təklif etmişdilər, amma razı olmamışdı. Keçmiş təcrübəsindən bilirdi ki, belə yerlərə yaz-yay aylarında müştəri çox gəlsə də, hava soyuyub göyün üzü bozaran kimi seyrəlirdi. İki-üç saatdan bir altında maşın olan kefi kök adamlar görünür, onlar da bir-iki saat oturub gedirdilər. Sonra sükutdan qulaq cingildəyirdi. Amma Rəşid istəyirdi ki, hamıya qulluq eləsin, atlıya da, piyadaya da. Dəqiq bilirdi: kooperativ restoran şəhərin mərkəzində olsa, bütün fəsillərdə hamı axışıb bura gələcəkdi, heç bircə saat da müştərisiz qalmayacaqdı. Fikrini rayonun rəhbər işçilərinə də demişdi, razı olmuşdular. Üstəlik də söz vermişdilər ki, əllərindən gələni əsirgəməyəcəklər. Rəşid özünə köməkçilər tapmış və hər şeyi ölçüb-biçmişdi. Restoran ikimərtəbə olacaqdı. Ümumi salonu, ayrıca otaqları xüsusi planda tikiləcəkdi. Onun fikri bu idi ki, həm də yeməkxana açsın, orada nisbətən ucuz xörəklər satsın. Tənəffüsə çıxanlar, işə tələsənlər, yol adamları vaxt itirmədən nahar etsinlər. İkinci mərtəbədə xüsusi kabinələrdə isə ayrı dəmdəsgah olsun. Hətta rayonlarına yeni bir dəb də salmaq istəyirdi. Arvad-uşaqları ilə gələnlərə gözdən uzaq yerdə ayrıca otaqlar düzəldəcəkdi. İçərisini lap ev kimi sahmana salacaqdı. Hər şey ölçülüb-biçilmişdi: restoranın yanında çayxana düzəldəcəkdi. Özü də çayı bütün dəmdəsgahı ilə verəcəkdi. Səhər-səhər bal, yağ, qaymaq salma çayla. Mixəyi, darçını, kəkotusu, löyün-löyün mürəbbələri də böyründə. Elə eləyəcəkdi ki, şəhərdəki bütün çayxanalar bağlanacaq, kişilərin çoxu səhər yeməyini evdə yox, Rəşidin çayxanasında yeyəcəkdilər. Amma bir məsələ qanını yaman qaraltmışdı.Bağın ortasında köhnə bir qəbir vardı. Görünür vaxtilə bu qəbrin ətrafına dəmir mühəccər çəkiblərmiş. Sonradan paslanıb çürümüş, yağışın-qarın altında qalıb ovxalanmış, bağ-bəndi qırılıb yerə tökülmüşdü. O da hiss olunurdu ki, qəbrin dörd yanında qızılgül kolları əkilibmiş. İllər keçdikcə baxımsızlıqdan quruyub solmuş, tapdalanmış və yerləyeksan edilmişdi. Kolların kökü çürümüşdü. Amma hərdən torpaq şirələnib bahar havası ilə nəfəs alanda çürümüş kotüklərin ora-burası cücərir, tezcə də solurdu. Qəbrin özü də dağılmışdı. Nə sinədaşı vardı, nə də başdaşı. Suvağı tökülmüş, ağ daşları isə quzulayıb ovxalanmışdi. Bir-iki il də keçsəydi, bu sahibsiz qəbir torpağın altında qalıb tamam itəcəkdi. Bağa gəlib-gedən qocalardan, saymazyana, bu qəbrin kimin olduğunu soruşmuşdu. Amma düz- əməlli cavab verən olmamışdı. Hamı çiynini çəkib uzaqlaşmışdı. Rəşid niyyətini heç kəsə açmadan beş-on gün sual-cavab apardı, axırda yəqin etdi ki, qəbrin sahibi yoxdur. Restoranın himini qoyanda qəbri dövrəyə alıb, səssiz-səmirsiz, döşəmənin altına salar, beləliklə də hər şey bitər, nə dil bilər, nə də dodaq. Amma ürəyində bir səksəkə vardı. Bilirdi ki, şəhərlərdə, xüsusən də rayon mərkəzlərində, hər adamı bağda basdırmırlar...
I fəsil, 1Həsən ağa eyvanı Kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq, ətrafın qırov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Ələddinin səsini eşidəndə baltanı kötüyə sancıb dikəldi. Gödəkcəsini çiyninə saldı, ağır-ağır doqqaza doğru addımladı.– Niyə orda durubsan?
I fəsil, 2Həsən ağa ətrafa səpələnmiş quru budaqlardan bir qucaq yığdı, gətirib meyitin yanında yerə tökdü. Əlləri əsə-əsə ciblərini axtardı. Kibrit çıxardıb ocaq qaladı. Meşəyə qızıl dilli alovun işığı yayıldı. Sonra iri bir kötüyü sürüyüb ocağa qoydu. Bir xeyli çartıltıyla yanan odunlara baxdı.Alan yerə yatdı. Qabaq ayaqlarının üstündə, xəzəli xışıldada-xişıldada, zingildəyə-zingildəyə meyitin bərabərinə qədər süründü. Onu imsilədi və birdən dik atılıb geri sıçradı. Həsən ağa dolmuşdu. Başını əlləri arasına alıb, için-için, korun-korun ağladı. Elə bil Alan bunu başa düşdü. Ulamasına ara verib təzədən yerə yatdı. Bu dəfə sürünə-sürünə Həsən ağaya yaxınlaşdı. İtin zingiltisini eşidən kişi əlini onun başına çəkdi. İt özünə həyan tapmış kimi sivişib ona lap yaxınlaşdı. Quyruğunu buladı, Həsən ağanın bədəninə qısıldı. Hər ikisi titrəyirdi. Həsən ağa itin bu hərəkətindən ürəkləndi, özünə həmdərd tapmış kimi oldu. Bədəninin titrəməsi azaldı. Əlini əsim-əsim əsən Alanın başına çəkdi. "İndi nə eləyək, Alan, bu dərdi kimə söyləyək? Özün gördün ki, məndə günah olmadı, bədbəxt oğlunu əcəl çəkib bura gətirdi! Özünün də evini yıxdı, mənim də. İndi mənə kim inanacaq?". Kişinin yanaqlarından yaş yuvarlandı. Elə bil Alan da ağlayırdı, ocağın işığında gözləri parıldayırdı.
I fəsil, 3Şəmiddin ağa meyitə yaxınlaşdı. Diz çöküb ocaq işığında ala-bula görünən sifətinə baxdı. Əlini meyitin üzünə çəkdi. Onun təzə pencəyini, təzə şalvarına, təzə çəkmələrinə təfərrinc etdi. "Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu doğma balası kimi istəyirdi. Düz bir həftədən sonra toyunu edəcəkdilər. Çıraq uşağı da, Alqazaxlılar da məsləhətləşmişdilər ki, mahalın ən mahir zurnaçısı Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını kökləyib gözləyirdi. Qohum-əqrəba, kəndin bütün qız-gəlini əllərinə xına yaxıb oynamağa hazırlaşırdılar. Şəmiddin ağa kövrəldi. Ayağa durdu. Atın cilovundan yapışdı. Büzüşən qardaşına baxdı.– Sən burda qal.
Poems by other poets
Ey biqərar sinədə neştərmisən, nəsən,Peykanmısan, könlümüsən, əxgərmisən, nəsən
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
AzərDÜŞÜNDÜM Kİ…**Düşündüm ki, əməl çəmənzarında
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,