Page 2 of 2 · 50%

Gözləri qapalı idi. Təkcə dodaqlarının xəfif titrəyişindən bilinirdi ki, hələ nəfəsi var. Kərəm aralarına qan düşüb düşmənçilik başlayandan bəri onu belə yaxından görməmişdi. Kişi xeyli dəyişmişdi. Balaca buxaq bağlamış, sifəti qaralmış, qalın bığı azca codlaşmış, gicgahları ağarmışdı. Gözlərinin ətrafında xırdaca qırışlar əmələ gəlmişdi. Kərəm hiss elədi ki, Niftalı koxanı qan aparır. Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi kişiyə necə kömək eləsin. Elə bil bunu Niftalı koxa da hiss etdi. Qımıldandı. Göz qapaqları aralandı. Zəndlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və birdən-birə genişləndi. Kərəm hiss etdi ki, koxanın bədəni titrəyib dartındı, elə bil kişinin canından üşütmə keçdi. Onun da bədəni gizildədi. Qəhərləndi.

– İndi mən neyləyim, ay Niftalı, Gəncəyə gedə bilmərəm, Tiflisə də ki, əlim çatmaz. Sənin dərdinə nə çarə qılım?

Kişi səs eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başını azacıq qaldırıb bulanıq gözlərini qarşısındakının üzünə zillədi. Deyəsən kimin dizinin üstündə olduğunu başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işartının səyridiyini hiss etdi. Öləziməkdə olan çıraq təkin atılıb düşən bu həyat işartıları titrədiyi kimi də birdən-birə sakitləşdi. Dodaqları tərpəndi.

– Kərəm?

– Düz tanımısan, Niftalı, mənəm.

– Lap yaxşı, sən olmağın yaxşıdır.

Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstündə can verən qanlı düşməni yox, əziz bir adamiydı. Elə bil bu adam həmişə dağda, dərədə onun izinə düşən, onun qanına susayan, fürsət tapan kimi ələ verməyə hazır olan adam deyildi. Düşmənçilikdən çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıya keçdikləri, atları yalmanlayıb kənd arası ilə çapdıqları, gözaltı elədikləri qızların görüşünə bir yerdə getdikləri uşaqlıq dostu, uşaqlıq sırdaşı idi. İndi isə bir- birlərinin üzünə həsrət qalmışdılar. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşə bilmirdi, Kərəm də ona. Kərəm tüfəng götürüb dağlara-daşlara düşmüşdü. At belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub Gəncədən çıxır, Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşıb Arazı keçir, sorağı gah irəvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə evində, qohum-qardaşının əhatəsində səksəkə içində yaşayırdı. Koxa olandan sonra dəyişmişdi. Kərəm ona bir-neçə dəfə ismarış eləmişdi ki, kənd adamlarına dəyib-dolaşmasın, amma xeyri olmamışdı. Kərəm onu axtarırdı, çoxdan axtarırdı qulaqburması vermək üçün.

– Dəstəndə təzə adam varmı?

Kərəm güclə eşitdiyi bu sözlərin cavabını xeyli ləngitdi.

– Var.

– Kimdi?

– Mürşüd.

– O gədamı?

Bu söz Kərəmin ortasından beşaçılan gülləsi kimi keçdi. Elə bil gözünə qaranlıq çökdü. Yaralandı, yaman yaralandı.

– Mənə pənah gətirdi, neyləyim?

– Bizə də pənah gətirmişdi, axırını ki, gördün.

Kişi inildədi. Kərəmə elə gəldi ki, onu incidədən yaranın ağrısı deyil, əməyinin, zənninin itməsinin ağrısıdır.

Niftalı koxanın sifətini soyuq tər basdı, üz-gözünü qırışdırdı, sonra bu ağrı və iztirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi.

– İndi arxayın ölə bilərəm... Şükür Allaha, zənnim puça çıxdı..,

Yoxsa o dünyaya nisgilli gedəcəkdim. Çox şükür, Kərəm, gözümdən düşmədin... Başımı bir azca yuxarı qaldır.

Kərəm onun qoltuğunun altından tutub dizlərinə dirsəkləndirdi. Kişi ağrını udub sakitləşdi. Sifətindən quş nəfəsinə bənzər xəfif bir dirilik işiği ötdü. Uzaqlara baxdı. Kərəm hiss etdi ki, onun torlanmaqda olan gözü Kürün o üzünə, Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu uzanan Qarayazıya, bir az bəridəki kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına, mal-qara haylayan uşaqlara zilləndi. Biçənəklər yerlərində quruyub qalmışdılar. Yenə meh əsirdi, yenə taxıl zəmiləri xışıldayır, yenə arxın suyu qırçınlanıb axır, yenə cırcıramalar zil səslə cırıldayırdılar. Niftalı koxanın gözünün önündən təndir istisinə bənzər dalğa-dalğa ilğım keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözümü torlanır, yoxsa ilğımmı keçir?

Birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə Kərəmin yoldaşlarını bir-bir süzdü. Gözü Mürşüdə sataşanda yenidən yay kimi dartınıb gərildi. Kərəm gördü ki, kişinin halı birdən-birə dəyişdi, yanaqlarına elə bil qızartı çökdü. Bu qızartı son doyüntülərini keçirən ürəyin damarlara vurduğu axırıncı qan damlalarını qızartısı idi. Kişinin öləziməkdə olan gözləri Kərəmin üzünə zilləndi.

– Kərəm, bircə diləyim var...

– De görüm.

– Naqanını çıxart, məni alnımdan özün vur.

– Nə danışırsan?

– Qoy desinlər ki, Niftalı koxanı Qaçaq Kərəm öldürüb... Kişini kişi öldürər, qardaş, gəda-güda yox.

– Əlim qalxmaz.

– Dediyimi eləməsən, atayın belindən gəlməyibsən.

Kişinin sinəsi qalxdı və asta-asta endi.

Kərəm qəhərləndi. Boğazına yığılmış yaşı güclə uddu. Gözləri ilə axtarıb Murşüdü tapdı. Əlləri əsdi. İstədi tüfəngi hərləyib elə buradaca, tülkü kimi büzüşmüş namərdi qanına bulasın. Amma fikrini dəyişdi. "Onsuz da Niftalının qohumları onu sağ buraxmayacaqlar" – deyə düşündü. Bir də əlini murdarlamaq istəmədi.

– Onun tüfəngini də, atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də atdan düşün, tüfənginizi yəhərin qaşından asın. Bizi gülləyə də bassalar, əl-ayaq tərpətməyin. Kəndə gedəcəyik.

Kərəm qərara almışdı. Niftalı koxanın meyitini kəndə özü aparacaqdı. Kişini əlləri üstünə alacaq, atı isə dalcan geləcəkdi. Qaçaqlarda atların yüyənlərini boynuna atıb cənazənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi ki, bu ağır işdir. Kənd adamları onların qabaqlarına çıxacaq, arvad-uşaq hay- haray salıb üz-gözünü ciracaq, vay-şivən salıb saçlarını yolacaq, qarğış edəcəklər. Bəlkə onlara güllə də atacaqdılar. Artıq-əskik danışanlar, divan- dərəyə xəbər verənlər də tapılacaqdı. Amma inanmırdı. İnanmırdı ki, kəndlərində belə namərdlər tapılsın. O, əmin idi ki, meyiti sakitcə kəndin arası ilə Niftalı koxanın evinə qədər aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə qarşılayacaqlar. Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən sonra koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq və dağlara sarı üz tutacaqlar.

Kərəm qollarını və dizlərinin üstündə sərinlik hiss etdi. Başa düşdü ki, kişinin bədəni soyuyur. Amma üzünə zillənmiş solğun gözlərinin dərinliyində bir intizar var...

Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

2

Gurhagur yanan dəmir peçin istisi otağı bərk qızdırdı. Çarpayıda, yumşaq yorğan-döşəkdə yatan Qurban Kosaoğlu yuxulu-yuxulu sinəsini qaşıdı, arxası üstə döndü. Qolları çarpayıdan sallandı. Azacıq sonra otağı fısıltı götürdü.Bədənnüma güzgünün qabağında oturub qaş-gözünə sığal verən Sayalı ərinin səsini eşidib geri döndü. Onun üstünün açıldığını görüb ayağa durdu. Döşəməyə düşmüş yorğanı götürüb onun üstünə örtdü. Onun iri döşləri Qurbanın sinəsinə toxundu. Sayalı xeyli ərinin başı üzərində dayandı. Qurban nəfəs aldıqca qalın dodaqları aralanır, papiros çəkməkdən saralmış dişləri görünürdü. Ətli gözlərinin yanları qırış-qırış idi. Ülgüclə qırxılmış başı yastığın üstündə parıldayırdı. Nəfəs aldıqca xırıldayırdı.

195420 min
3

Axşamüstü göyün üzü tutuldu. Bərk sazaq başladı. Eyvanın baş tərəfindəki buxarıda sac asan Tükəzban xala, axırıncı çörəyi qıraqlayıb ayağa durdu. Üst-başıni çırpıb sacı çevirdi. Közün həniri onun üzünə vurdu. İsti çörəkləri tabağa yığıb evə apardı, taxtın üstünə sərdi. Sonra ağ samovarı su daşından süzülən dumduru su ilə doldurub buxarının yanına qoydu. Maşanı götürüb sacın altından çıxan közləri qurdaladı. Elə bu vaxt çəpərin o üzündən səs gəldi. Tükəzban xala Zeynəbi səsindən tanıyıb hay verdi.– Sən Allah, mənə bir xəkəndaz od ver. Peçi qalamaq istəyirəm.

195413 min
4

Kosaoğlu Qurban evə yorğun gəldi. Çay-çörək hazırlayıb gözləyən Sayalı, ərinin hirsli olduğunu görüb, tez ayağa qalxdı. Kişinin yarımkürkünü alıb divardan asdı. Palçığa bulaşmış çəkmələrini soyundurub, qapının ağzına qoydu. Gəbənin üstünə döşəkcə atdı. Yastıq və mütəkkə gətirdi.– Bir az uzan, dincəl, - o mehribanlıqla dilləndi, - nə yaman gec gəldin? İstəyirsən su gətirim, ayaqlarını yuyum?

195417 min
5

Zeynəbi od götürmüşdü. Bir az bundan qabaq arxın üstündə Gövhər qarıdan eşitdiklərinə əvvəlcə inanmaq istəməmişdi. "Onun peşəsi elə aralıqda söz gəzdirməkdir" - deyə düşünmüş və səhəngini götürüb geri qayıtmışdı. Ancaq yolda öz manqasının üzvü Gülsümə rast gəlmişdi. "Ay Zeynəb bacı, bu nə işdir? Belə olsa heç mən də orda qalmayacam," - deyə Gülsüm kövrəlmiş halda, eşitdiklərini ona danışmışdı. Zeynəb yenə də sakitliyini pozmamış, "işində ol, belə boş sözlərə inanma" - deyə Gülsümə təskinlik vermişdi. Amma evə gəldikdən sonra təsirlənmiş, düşündükcə odsuz-ocaqsız alovlanmağa başlamışdı. "Bu kişi lap ağlını itirib. Kefi nə istəyirsə onu eləyir. Heç buna qoruq-qaytaq edən yoxdur. Salaşmadığı adam qalmadı. İndi də mənə əl uzatdı. Axı niyə ey, nədən ötrü? Nə əsasa görə'?.."O, evdə hərlənir, mütəkkələri çırpıb taxtın üstünə düzür, qab-qacağı danqıldadırdı. "Özü də onun-bunun sözü ilə iş görür. Bilirəm, o elə əvvəldən də buna razı deyildi".

195418 min

Poems by other poets