Namus qaçağı
Page 1 of 3
O dayandı. Nəfəsini dərib şaxtadan qıpqırmızı olmuş əllərini hovxurdu. Ağzından, burnundan çıxan isti nəfəs dağ çəni kimi ətrafa yayıldı. Dönüb aşağı, dərədəki kəndə baxdı. Yastı-yapalaq evlər qarın altında qalmışdı. Bacalardan qalxan şəffaf-maviyə çalan tüstülər havada laylanmışdı. Hər yer ağ örtüyə bürünmüşdü. Yol-iz çoxdan itmişdi. Dağlara bu il yaman qar düşmüşdü.
Onun toyu idi. Bu axşam mağar başlamalı idi. Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı. Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun.
Zurnaçılar çoxdan hazır idilər. Dəfçi dəfini qurudur, zurnaçı ilə züyçü zurnaları qoşalaşdırırdılar. O bilirdi ki, kəndin qız-gəlinləri boğçadakı paltarlarını çıxardıb ora-burasını sığallayır, donların, koftaların qırışını açır, bəzənib-düzənir, qaşlarına, gözlərinə sığal verib, tellərini bururdular. Qış aylarında səhərəcən toyda qoşa-qoşa oynamaq bu kəndin adəti idi. Göyə fişəng atar, gecə lopa işığında gəlin gətirərdilər.
O sevinirdi. Səhər-səhər sulamağa apardığı at da yəhərin altında oynayır, yüyəni çeynəyib boynunu sağa-sola əyir və qar basmış yollarda cığır açırdı. Elə bil başa düşürdü ki, sahibi böyütdüyü, gözünün ağı-qarası təkcə balası İlyasın əlini başına yığacaqdı. Onun da evinə gəlni gələcək, onun da qara damı silinib- süpürüləcək, taxtın üstündə gərdək qurulacaq, qapısında şax bəzədilib lopa yandırılacaqdı.
Kəndin kənarındakı balaca çayın suyu gecənin şaxtasından sırsıra bağlayıb donmuşdu. Buz layları yatağını aşıb ətrafa yayılmışdı. At yelini saxlamadı. Sahibinin yüyənini çəkməsinə fikir vermədən özünü suya saldı. Buz layları çat- çat olub çilikləndi. Hardasa lap yaxında at kişnədi. İlyas qanrılıb baxdı. Gələn koxalıların Rəşidi idi.
O, İlyasın bərabərində atın başını çəkdi. Hər ikisi bir-birini süzdü. İlyas onun uca boyuna, vəznəli çuxasina, buxara papağına, gümüş toqqalı sallamalı kəmərinə, belindəki xəncərinə baxdı. o da İlyasın məxmərdən tikilmiş qalife şalvarına, zər baftalı nişan dolağına, çəkmələrinə, nimdaş pencəyinə və papağına.
– Deyəsən toy eləyirsən?
– Bəli.
– Mənim qabağıma keçirsən?
İlyas diksindi. Elə bü güllə kimi açılan bu sərt sözdən at da diksindi. Başını qaldırıb fınxırdı. Onun burnundan fısqıran nəfəs zolaqlanıb havanı yardı.
– Zöhrə mənim nüşanlımdır.
– Elə gözəl qız sənin kim gədaya yem ola bilməz.
– Ağzını təmiz saxla!
Cilovların çəkilməsi ilə atların döş-döşə dayanması bir oldu. Onların nəfəsi bir-birini vurdu. İlyasın əli gödəkcəsinin cibindəki naqanın dəstəyini sıxdı.
Rəşid özündən xeyli cavan olan, üzünə yenicə ülgüc dəymiş İlyası yuxarıdan aşağı, rişxəndlə süzdü. Yüyəni çeynəyən atın başını çəkib qamçını havada oynatdı.
– Yadında saxla, mənim tikəmə əl uzadanın anasını ağlar qoyaram.
Elə bil İlyasın gözündə hər şey qaraldı. Kəndin üstünə yorğan kimi sərilmiş qar da. şırıltı ilə axan büllur suyun üzünə yayılan buz da, solğun-solğun işıldayıb göz qamaşdıran gün də birdən-birə yoxa çıxdı. İndiyə qədər eşitdiklərinə inanmamışdı. Rəşidin "toy gecəsi qızı onun əlindən alacam, sonra istəsə özünə qaytararam deməsinə fikir verməmişdi, "ara sözüdür" deyə xəbər gətirənləri sakitləşdirmişdi. Bir də Rəşidin arvad-uşağı vardı. O, belə fikrə düşsə, qan su yerinə axardı. Namusu itə veriblər, it də yeməyib. Belə şey olardımı?
İlyas fikirdən ayılıb özünə gələndə Rəşid uzaqlaşmışdı. İlyas isə hələ də çayın kənarında dayanmışdı. Gözlənilməz zərbədən özünü elə itirmişdi ki, yerindən tərpənə bilmirdi. Alasından eşitmişdi ki, koxalılar tayfası arxalı tayfadı, özləri də mərdimazardırlar. Əllərindən nə köpəkoğluluq desən, gələrdi. Şura hökuməti yeni qurulanda bir az səslərini içlərinə salmışdılar, amma indi, dağda- daşda qaçaq-quldur dəstəsi çoxalır. Onlar da yenidən kəndin ortasında at oynadıb, ona-buna sataşırdılar. Bilirdilər ki, onların kəndi əldən-ayaqdan uzaq yerdədir, dağ gədiklərinin arxasında yerləşən bu kəndə gəlmək üçün bələnlər aşıb, dərələr keçmək lazımdır. Qış aylarında isə yol-iz bağlanır, yaz gəlib dağların qarı tamam əriməmiş divan-dərə adamları buralarda görünmür.
İlyas atını məhmizlədi. Özünü nə qədər şax tutsa da, sınmışdı, bayaqkı şuxluğu yox idi, həyətə çatan kimi atası da bunu hiss etdi, gözlərini oğlunun üzündən çəkmədi. Sakitcə, atı tövləyə aparan oğluna baxdı. İlyas heç nə olmamış kimi xeyli qapıda hərləndi, mağar yerini yoxladı, tədarük görənlərə baş çəkdi və birdən atasına yaxınlaşıb "Siz işinizdə olun - dedi
– mən axşama qayıdacağam". Kişi dinmədi. Doqqazdan çıxıb dağlara doğru addımlayan oğlunun arxasınca baxa-baxa qaldı.
O, Zöhrəni ilk dəfə bir yay axşamı bulaq üstündə görmüşdü. Elə o gündən də qızı ürəyi tutmuşdu. Amma ona yaxınlaşa bilməmişdi. Xeyli vaxt uzaqdan-uzağa qızın qarasıyla gəzib, izini izinə qatmışdı. Hiss eləmişdi ki, sinəsi doludur, onun qabağını kəsib bircə kəlmə deyə bilsə, ürəyindəkilərin hamısı gözü açılmış bulaq kimi poqquldayıb qaynayacaq. Evdə-eşikdə qərar tuta bilmirdi. Dolama cığırla dağın döşünə qalxır, ağacların daldasında gizlənir, çaya enir, bulaq üstünü kəsdirir, hər yerdə o qırmızı donlu qızı axtarırdı.
Bir dəfə yenə meşənin dərinliyinə çəkilmişdi. Ürəyi dolu idi, dərdini açmağa bir adam tapmırdı. İstəyirdi ki, özünə bir sirdaş tapsın, hər şeyi ona danışsın ki, bəlkə yüngülləşə. Heç ömründə oxumamışdı, anıma indi söz sinəsini deşirdi. oxumaq istəyirdi. Birdən papağının dalını qaldırdı, onun səsi şaqqıldayıb meşədə, qarşıdakı qayalarda cingildədi: "Çərşənbə günündə çeşmə başında, gözüm bir alagöz xanıma düşdü". Elə bil yüngülləşdi. Ürəyini boşaldıb nəfəsini dərdi. Hər şey susmuşdu. Bircə onun qayalarda əks-səda verib təkrarlanan səsindən başqa.
Qaqqıltı qopdu. O, yerindən sıçrayıb dinşədi. Səs aşağıdan gəlirdi, bulaq üstündən. İlyas başa düşdü ki, gülüşən qızlardı. Ona, onun mahnısına gülürdülər. Bədənini soyuq tər basdı, istədi dağyuxarı dırmaşsın, baş alıb bu yerlərdən getsin, ilim-ilim itsin ki, ona gülən qızların səsini bir də eşitməsin. Amma ayaq saxladı. Dinlədi. Gülüş qarışıq bir səs gəldi qulağına:
– Yandıran yansın, ədə, özünə nə divan tutursan?
Ağaclar yenidən səs-səsə verib şaqqıldadı. Yarpaqlar titrədi. Amma bu gülüşlər səngiyəndə o, aydınca bir səs də eşitdi:
– Gədəni niyə utandırırsınız, qoyun oxusun, yaxşı səsi var.
Bu sözləri deyən Zöhrə idi. Onu yandırıb-yaxan, dağlara-daşlara salan Zöhrə!
Bir dəfə ürəkləndi. Bulağın üstünə endi. Qızlar onu görən kimi özlərini yığışdırdılar. Sürüşüb çiyinlərinə düşən kəlağayılanın irəli çəkib saçlarını qulaqlarının arxasına yığdılar. Koftalarının yaxasını, donlarının büzmələrini dartışdırdılar. Bəziləri də həyalı gəlinlər kimi kəlağayılarının bir ucunu ağızlarına yaxınlaşdırıb yaşmaq tutdu. İlyas özünü itirdi. Səhər-səhər bulaq suyunda güzgülənib sığallanan bu qızların hansına yaxınlaşıb nə deyəcəyini bilmədi. Onların lal sükutundan, qayır-qayır qaynayan gözlərindəki bic şıltaqlıqdan qorxdu. Bilirdi ki, bu yerə baxan qızların dilinə düşmək yaman işdir, Allah adamı onların şitliyindən saxlasın. Dili-dodağı təpidi, udqundu və güclə dilləndi:
– Bir içim su verin, nə olar?!
Səhənglərini cərgə ilə düzən qızların arasından bir pıçıltı keçdi və oğlan bulağın novuna əyilmiş Zöhrəni indicə gördü. Qız əlindəki nilufəri dolça kimi su ilə doldurub İlyasa verdi. O, əlləri titrəyə-titrəyə suyu aldı, başına çəkdi və bir də istədi. Zöhrə çiçəyi kənara qoyub dolçanı doldurdu. O, dişi göynəsə də qabı birnəfəsə boşaltdı və yenə su istədi. "Bu yazığın ciyarı yanırmış ki," - deyə kimsə söz atdı. Qızların bu atmacasına cavab vermədi. Üçüncü dolçanı yarıya qədər içdi və qalanını Zöhrənin yalın ayağına tökdü. Qız diksindi, qonur gözlərini İlyasın üzünə zillədi. Bu baxışlarda ani bir qığılcım oynadı, şimşək kimi çaxdı və qızın dodaqları qaçdı. Qızın qımışmağı təzədən onun canına od saldı. Bulaq başından nə vaxt aralandığından, dağa necə dırmaşdığından xəbəri olmadı. Bir də onu gördü ki, iri bir vələsin altında, göy otluqda, çiçəklərin arasında uzanmışdır. Qızların gülüşü yenidən qulaqlarına dolub güyüldədi. Amma ürəyi sakitləşmişdi. Suyu qızın ayağına tökmüşdü. Demək, ürək sözünü demişdi. Bu, dağlarda bir adət idi. Çoxdan, lap dədə-babadan qalma adət. Qız da hirslənməmişdi, əvvəlcə qımışmış, sonra da başını aşağı salıb qızarmışdı. Demək, onun da ürəyi oğlanı tutmuşdu...
Bir gün kənddə yenə toy vardı. Oktyabr bayramının ildönümünü qeyd edirdilər. O vaxt qayda idi: kənd camaatı məktəbin qabağına toplayardı. Uşaqlar rəngli kağızlardan naxışlar kəsər, zəncir düzəldər və sinif otaqlarını, eyvanları bəzəyərdilər. Kənd cavanları atlarının quyruğunu duyub cıdıra hazırlaşardılar. Qulplu qazanlarda xörək bişər, qara zurna dilə gələrdi. Düz nağıllardakı kimi üç gün, üç gecə çalıb-oynayardılar.
Hava xoş idi. Elə məktəbin həyətində son bahar yaşıllığının üstünə gəbə- kilim də döşəmişdilər. Kəndin ahıl arvadları, qızları, gəlinləri bardaş qurub oturmuşdular. Zurnaçılar ortada, stulda əyləşmişdilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-namus-qacagi
Use ← → keys to move, R for a random poem
More by this author
Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.
İkinci hissə, 5Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.
İkinci hissə, 6Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.
İkinci hissə, 7Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.– Əyə, nə yaman ləngidin?
Poems by other poets
Beş gün səfər etdim, bir xanə gördümBeş qapısı, bağlı, bu dərindi bu.
Aşiq hərayə çatarAşiq hərayə çatar,Oxur hər ayə çatar,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.