IV fəsil, 6
Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə doğru getdi. Səhər tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı tərəfində əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi. Qabağında kitabə, üstündə də Qurani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss etsə də, qımıldanmadı, əvvəlki ciddiyyətilə, sakitcə Quranı oxumaqda davam etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Quran və namaz üstə olan adamı yarımçıq dindirməzdilər.
Aradan xeyli keçdikdən sonra molla Quranı örtdü, əbasını düzəltdi, ağarmış qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb Uçitelin üzünə zillədi.
– Səhər-səhər xeyirdimi?
– Yox, molla, bu gecə bizim müəllimi öldürüblər.
Mollanın qaşları çatıldı, sir-sifəti turşaldı.
– İndi məndən diləyin nədir?
– Ölünü yerdən qaldırmaq lazımdı.
Molla fala baxırmış kimi qarşısındakı Quranı açıb vərəqlədi, çiynindən sürüşüb düşməkdə olan əbasını düzəltdi və astaca dilləndi:
– Xəbər verin, qohum-əqrəbasına gəlib meyiti aparsınlar.
Uçitel təxminən bu cavabı gözləyirdi. Amma cavabı da hazır idi.
– Yox, molla, o bizim kəndə qurban gedib, biz də onu dəfn etməliyik. Gəlmişəm siznən məsləhətləşəm və ölünü el adətincə yerdən götürək.
Mollanın sifətindən güclə seziləcək, incə bir işıltı keçdi.
– Uçitel, bilmirsənmi, komsomolu məsciddən götürməzlər. Onun üstündə Quran oxuyub, namaz qılmazlar. İndi ki, onu bizim kənddə dəfn etmək istəyirsiniz, aparın edin. Amma ümumi qəbristanlığa yaxın getməyin.
Uçitel ayaqqabılarını geyindi və məsciddən bayıra çıxdı. O nə edəcəyini belə qəti qərarlaşdıra bilməmişdi. Məktəbin həyətinə girəndə allı-güllü parçalardan bəzəkli don geyinmiş qız uşaqlarını, əllərində bənövşə dəstələri tutan oğlanları gördü və başa düşdü ki, bu körpələrin heç nədən xəbəri yoxdur.
Məktəbin həyətində dayanan kəndlilər Uçitelə yaxınlaşdılar. Onlardan biri qabağa yeridi.
– Özünüzü darıxdırmayın, müəllim, dünyadı, adamın başına iş gələr. Müsəlman deyilikmi? Ölümüz düşüb, özümüz də müsəlman qaydası ilə yerdən götürərik.
Uçitel dirçələn kimi oldu. Ətrafındakılara baxıb özünə toxtaqlıq verdi.
Məktəbin geri yanında evlərdən kilim gətirib daldalanacaq düzəltdilər. Qulplu qazanları asıb su qaynatdılar. Meyiti yuyub təmizlədilar. Kimsə qara gün üçün yaxdanda saxladığı kəfənliyini gətirdi, meyti kəfənləyib cənazəyə qoydular və üstünə kəlağayı örtdülər. Uçitel əvvəl istədi cənazəni ikinci mərtəbəyə eyvana qoysun, sonra fikrini dəyişdirib həyətin ortasına gəbə saldırıb meyiti ora qoydu.
Bayrama gələn uşaqlar yavaş-yavaş çoxalırdı. Onlardan bir neçəsi ikinci mərtəbəyə eyvana çıxmışdı. Onlar kənardaca dayanıb qorxa-qorxa, ürkəkliklə eyvanın küncündəki qrammofona baxırdılar. Uçitel dəfələrlə həmin uşaqların Mürsələ kömək etdiyini görmüşdü. Gah qrammofonun tozunu silir, gah dəstəyi hərləyir, gah da vallan gətirirdilər. Amma indi bilmirdilər neyləsinlər. Bunu görən Uçitel üzünü eyvandakı uşaqlara tutdu:
– A bala, qurun maşını, çaldırın, oxutdurun!
Uşaqlar elə bil bir şey sındıracaqlarından ehtiyat edirlərmiş kimi, astaca qrammofonu işə saldılar.
Uçitel həyətdəki uşaqlardan iki nəfərini yanına çağırdı.
– A bala, cəld qaçın zurnaçı Hümmətin yanına. Ona deyin ki, Uçitel gözləyir. Yoldaşlarını götürüb təcili məktəbə gəlsin.
Azacıq keçmiş Hümmət dəstəsi ilə gəldi və cənazəni görüb təəccüblə Uçitelə baxdı.
– Hümmət kişi, çıx ikinci mərtəbənin eyvanına, bir yaxşı "Səhər havası" çal, qoy camaat yığışıb gəlsin.
Zurnaçı Hümmət dərhal eyvana qalxdı, üzünü səhər şəfəqlərinə qərq olmuş üfüqə tutdu və özünün dərdini, kədərini də "Səhər havası"na qatıb, kəndi haraya çağırdı...
Məktəbin həyətində tərpənməyə yer yox idi. Bütün kənd camaatı - başıpapaqlı kişilər, oğlanlar, qımqımlı-zümzüməli qız-gəlinlər axın-axın gəlib meydana toplaşmışdılar. Bayaqdan özünü yalqız hiss edən və hardasa qüssələnib kədərlənən Uçitel cənazənin yuxarı tərəfinə keçdi. Camaatın tam sakitləşməyini gözlədi, sonra astadan sözə başladı.
– Baş Mollamız "Kamsomolu məsciddən götürməzlər" dedi. "Onun üstündə Quran oxumaq günahdı. Gedin, necə istəyirsiniz, elə də dəfn edin". Mən də sizi köməyə çağırdım. Mürsəl müəllim böyük arzularla yaşayırdı. O, həyata yenicə atılmışdı. O özünü unudan insanlardan idi. O istəyirdi ki, kəndimizdə yeni məktəb, yeni klub tikilsin. O istəyirdi ki, kəndimizin qımqımılı-zümzüməli övladlarının sorağı uzaqlardan gəlsin. Bu həmin Mürsəl müəllim idi ki, bu tərəfdə ilk dəfə teatr göstərdi. Teatrın nə olduğunu sizə başa saldı. O çox işlər görmək istəyirdi, amma imkan vermədilər.
Uçitel əllərində bənövşə dəstələri boyunlarını büküb duran uşaqlara üzünü çevirdi:
– Yaxın gəlin, əlinizdəki çiçəkləri, bənövşələri müəlliminizin cənazəsinin üstünə səpin və onu, onun dediklərini heç vaxt unutmayın.
Cənazəni qaldırdılar. Kəndlilərdən biri Uçitelə yaxınlaşdı.
– Narahat olmayın, siz qəbristanlıqdan qayıdanacan hər şey hazır olacaq. Müsəlman deyilikmi.
– Müsəlmanıq. Ölümüzü müsəlman qaydası ilə basdıracağıq. Üç də verəcəyik, yeddi də, qırx da.
Uçitel cənazənin qabağına keçdi. Üzünü çaşıb qalmış Hümmətə çevirdi.
– Ay usta, cəngi çal.
Hümmət qabağa düşüb zildən cəngi çaldı. Camaat ömürlərində ilk dəfə belə şey gördüklərinə və heç nə başa düşməmələrinə baxmayaraq sakitcə cənazənin ardınca hərəkətə başladı. Elə bil bütöv kənd yerindən tərpəndi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-olen-dunyam-iv-fesil-6
Use ← → keys to move, R for a random poem
More by this author
Gün qalxdıqca gecə şaxtadan donan yolların qarı əriyirdi. Arxların kənarındakı buzlar istinin təsirindən çatlayıb ovxalanırdı. Göz işlədikcə uzanan düzlərin üzərinə yorğan kimi sərilən qar nazilir, bəzi yerlərdə isə yuxalıb xal-xal olurdu.Şəhərdən çıxıb uzanan asfalt yol ağ çölləri qara xətt kimi yarıb keçirdi. Yaz aylarında gurlayıb-çağlayan Alagöz çayı indi sap kimi nazilib sakit-sakit axırdı. O tayda, bağların içində kənd evləri görünürdü. Bacalardan burula-burula qalxan tüstü duman kimi kəndin üzərinə yayılmışdı. Uzaqdan qara nöqtələri andıran heyvanlar çöllərə səpələnmişdi.
2Gurhagur yanan dəmir peçin istisi otağı bərk qızdırdı. Çarpayıda, yumşaq yorğan-döşəkdə yatan Qurban Kosaoğlu yuxulu-yuxulu sinəsini qaşıdı, arxası üstə döndü. Qolları çarpayıdan sallandı. Azacıq sonra otağı fısıltı götürdü.Bədənnüma güzgünün qabağında oturub qaş-gözünə sığal verən Sayalı ərinin səsini eşidib geri döndü. Onun üstünün açıldığını görüb ayağa durdu. Döşəməyə düşmüş yorğanı götürüb onun üstünə örtdü. Onun iri döşləri Qurbanın sinəsinə toxundu. Sayalı xeyli ərinin başı üzərində dayandı. Qurban nəfəs aldıqca qalın dodaqları aralanır, papiros çəkməkdən saralmış dişləri görünürdü. Ətli gözlərinin yanları qırış-qırış idi. Ülgüclə qırxılmış başı yastığın üstündə parıldayırdı. Nəfəs aldıqca xırıldayırdı.
3Axşamüstü göyün üzü tutuldu. Bərk sazaq başladı. Eyvanın baş tərəfindəki buxarıda sac asan Tükəzban xala, axırıncı çörəyi qıraqlayıb ayağa durdu. Üst-başıni çırpıb sacı çevirdi. Közün həniri onun üzünə vurdu. İsti çörəkləri tabağa yığıb evə apardı, taxtın üstünə sərdi. Sonra ağ samovarı su daşından süzülən dumduru su ilə doldurub buxarının yanına qoydu. Maşanı götürüb sacın altından çıxan közləri qurdaladı. Elə bu vaxt çəpərin o üzündən səs gəldi. Tükəzban xala Zeynəbi səsindən tanıyıb hay verdi.– Sən Allah, mənə bir xəkəndaz od ver. Peçi qalamaq istəyirəm.
4Kosaoğlu Qurban evə yorğun gəldi. Çay-çörək hazırlayıb gözləyən Sayalı, ərinin hirsli olduğunu görüb, tez ayağa qalxdı. Kişinin yarımkürkünü alıb divardan asdı. Palçığa bulaşmış çəkmələrini soyundurub, qapının ağzına qoydu. Gəbənin üstünə döşəkcə atdı. Yastıq və mütəkkə gətirdi.– Bir az uzan, dincəl, - o mehribanlıqla dilləndi, - nə yaman gec gəldin? İstəyirsən su gətirim, ayaqlarını yuyum?
Poems by other poets
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
TuranSizlərsiniz, ey qövmi macar, bizlərə ihvan,Əcdadımızın müştərəkən mənşəyi Turan.