1
Gün qalxdıqca gecə şaxtadan donan yolların qarı əriyirdi. Arxların kənarındakı buzlar istinin təsirindən çatlayıb ovxalanırdı. Göz işlədikcə uzanan düzlərin üzərinə yorğan kimi sərilən qar nazilir, bəzi yerlərdə isə yuxalıb xal-xal olurdu.
Şəhərdən çıxıb uzanan asfalt yol ağ çölləri qara xətt kimi yarıb keçirdi. Yaz aylarında gurlayıb-çağlayan Alagöz çayı indi sap kimi nazilib sakit-sakit axırdı. O tayda, bağların içində kənd evləri görünürdü. Bacalardan burula-burula qalxan tüstü duman kimi kəndin üzərinə yayılmışdı. Uzaqdan qara nöqtələri andıran heyvanlar çöllərə səpələnmişdi.
Qatardan düşəndən sonra çamadan əlində şəhərin kənarındakı təpədə dayanmış İmran birdən gülümsündü. Ayrılıqdan sonra doğma yerlər ona daha gözəl göründü. Ətrafdakı ağaclar, çayın üzərindəki dəmir körpü, yolun kənarındakı qoşa çinar belə İmrana əziz və mehriban gəldi. O, aşağı endi. Körpünü keçib asfalta çıxdı. Maşınlara əl qaldırmadan, doğma yerlərə doyunca baxmaq məqsədi ilə sağa burulub kənd yoluna düşdü. Donu açılan yolun palçığı saqqız kimi ayağa yapışırdı.
İmran palçığa düşməmək üçün yaxındakı arxın yaxası ilə getdi. Bir azdan o üzə adlayıb, qarla örtülü qoruğa keçdi. Qar ayaqlarının altında xarıldayır, islanmış ot kökləri əzilirdi. Arxın dumduru suyu sır-sır buzları yığışdırıb apardıqca, onlar çiliklənmiş şüşə kinü cingildəyirdi. Qar adamın gözünü qamaşdırırdı.
Bu cığır İmrana çoxdan tanış idi. Məktəbdə oxuduğu vaxt, qış və yay tətillərində yoldaşları ilə şəhərə həmin bu kəsə cığırla gəlib-gedərdi.
İmran dayanıb qərb tərəfdəki Dəlidağa baxdı. Sonra sarı meşin paltosunun cibindən papiros çıxardıb yandırdı və yoluna davam etdi.
Aram-aram vurulan zəng səsi onu fikirdən ayırdı. Başını qaldırıb ağ daşdan tikilmiş böyük məktəb binasına baxdı. Həyəti səs-küylə dolduran uşaqlar bir-birini qovur, qar topu oynayırdılar.
İmran öz uşaqlığını xatırladı. Məktəbə gedib-gəldiyi günləri, qışda bir-birlərini qara basdıqlarını, yaz aylarında çəmənlikdə oynayıb, kolların dibindən bənövşə yığdıqlarını yadına saldı. Onlar hər səhər günəşlə birlikdə oyanar, al-əlvan çiçəkli meyvə ağaclarının altından keçərək məktəbə gedərdilər. Zəngdən əvvəl məktəbin həyətində qoşa-qoşa gəzərək dərslərini təkrar edərdilər. Uşaqların səsləri bir-birinə qarışardı. Tənəffüslərdə həyətə qaçar, turnikdə fırlanar, top-top oynayardılar. Havanın ətri otaqlara dolur, sinfi bəzəyən qızılgüllərin rayihəsinə qarışıb adamı məst edirdi. Hələ qızlar!.. Onlar yenicə açılan güllərdən daha təravətli olurdular. Gözləri qaynayır, yanaqları rəngdən-rəngə düşürdü. Aşağı sinifdə oxuyarkən atılıb-düşərək dəcəllik edən bu şıltaq qızlar, doqquz-onuncu siniflərdə ağırlaşır, adam çox olan yerlərdə özlərini sakit aparır, tək qalanda isə yenidən şaqqıldayıb gülürdülər. Umu-küsülər, mübahisələr, qaşqabaq töküb dodaq büzmələr o qədar olurdu ki!
"Eh, uşaqlıq!" - deyə pıçıldayan İmran kəndin ortasından keçən arxın üstündəki körpüyə yaxınlaşdı. Qabaq tərəfdən gələn bir qız İmranı görcək kolağayısını düzəltdi, başmı aşağı salaraq, ötüb keçmək istədi. İmran cığırdan kənara çıxdı. Nəyi isə səliqə ilə qəzetə büküb qolu üstündə sinəsinə sıxan qız, onun bərabərinə çatanda gözaltı İmrana baxdı. Birdən onun iri qara gözləri təəccüblə genişləndi. Ayaq saxlayaraq, gülümsədi. Yanaqları daha da allaşdı.
– İmran, sənsən?
İmran qımışdı.
– Xoş gördük, Zeynəb.
Qız gözlərini yerdən ayırmadan dinməzcə onunla görüşdü. İmran başdan-ayağa qızı süzdü. Zeynəb xeyli dəyişib gözəlləşmişdi. İmran Zeynəbi uşaqlıqdan tanıyırdı. O, məktəbdə həmişə dəcəllik etməyi, kiçik bir bəhanə tapıb adamlara sataşmağı, müsahibinin utandığını, yaxud da azacıq tutulduğunu görəndə şıltaqlıq edərək, gülməyi çox sevərdi. İmranın özü də çox zaman onun zarafatına dözə bilməyib qaş-qabağını sallardı. Bunu görən Zeynəb: "İmran, sən allah, həmişə belə dur, qaşqabaqlı olmaq sənə yaman yaraşır, onda mənim səndən daha çox xoşum gəlir" deyər və gülməyini güclə saxlayardi. İmran daha da əsəbiləşib:
– Sən bu xasiyyətindən nə vaxt əl çəkəcəksən? - deyərdi.
Zeynəb şıltaq uşaq ədası ilə:
– Allah verən xasiyyəti dəyişmək olarmı? – deyərdi.
Çox vaxt də İmranın anası Tükəzban xala söhbətə qarışardı:
– Ay şeytan, gədədən əl çəksənə, nə istəyirsən?
İndi İmran, qarşısında dayanan Zeynəbə baxırdı. Onun ayağında uzunboğaz rezin çəkmə, əynində göy mahud palto, başında yaşıl yelənli qara kəlağayı vardı. Hiss olunurdu ki, uşaqlıq günlərindəkindən fərqli olaraq, indi Zeynəb üst-başını səliqəyə salmış, həmişə gözünün üstünə tökülən saçını sığallamışdı.
– Biz elə bildik sən daha buralara gəlməyəcəksən. Tükəzban xala hər gün arxanca gileylənirdi, - deyə o, sükutu pozdu.
– Heç elə şey olarmı?
– Niyə olmur, böyüyüb kəndi bəyənməyənlər azdırmı?
– Məni nahaq yerə onlara oxşadırsan.
– Sən göydən düşməyibsən ki, - nəhayət, Zeynəb nəzərlərini yerdən çəkib onun üzünə baxdı, - heç səndən də gözüm su içmir.
O həmişəki kimi astadan, ancaq ürəkdən güldü. İmran azacıq pərt oldu: "Bu qız heç vaxt düzəlməz".
Zeynəb elə bil birdən-birə dəyişdi. Bir az bundan əvvəl utanıb qızaran qızdan əsər qalmadı. Gözünün ucu ilə İmranın çamadanına baxdı.
– Elə indimi gəlirsən? Yəqin Tükəzban xalanın xəbəri yoxdur.
Qaçıb muştuluqlayacam.
– Lazım deyil.
Zeynəb üz-gözünü turşutdu:
– Düz deyirsən, sənin gəlməyin heç muştuluğa dəyməz.
İmran təəccüblə ona baxdı. Zeynəb isə uğundu. İmran onun yeni bir söz deyəcəyindən qorxaraq tez çamadanını götürdü.
– Burda niyə durmuşuq, qayıt, bizə gedək.
Zeynəb yol uzunu oğrun-oğrun onu süzdü. Birdən dayandı. Diqqətlə İmranın üzünə baxdı. Qızın gözlərində aşkar seçilən şıltaqlıq, dodaqlarındakı kinayəli təbəssüm onun nəyəsə hazırlaşdığını göstərirdi. Doğrudan da elə oldu. Zeynəb qaşlarını dartaraq:
– Bo-o-y. Ay İmran, nə yaman qaralıbsan, - dedi.
İmran burnunun ucuna qədər qızardı. Zeynəb isə vəziyyətini pozmadan şaqqıldayıb gülür, sanki müsahibinin pərtliyindən həzz alırdı. İmran özünü topladı.
– Mən əvvəldən qarayam. Qara adamın nəyi qaralacaq?
Zeynəb daha ucadan qəhqəhə çəkdi və hiyləgərcəsinə gözlərini oynatdı:
– Ürəyini sıxma. Evinizdəkinin xoşuna gələrsən. Yəqin ki, sorağını alıbsan...
İmran ona cavab vermək istəyirdi ki, Zeynəb qaça-qaça yolu keçib, ətrafı çəpərli evə yaxınlaşdı. İmran doqqazdan keçib gələnədək Zeynəb çəpərin tapdanmış yerindən adlayıb həyətə girdi. Hələ eyvana yaxınlaşmamışdan; "Ay Tükəzban xala, - deyə çağırdı, - bir tez ol, eşiyə çıx".
İçəridən ortaboylu, dolubodənli, saçları ağarmış bir arvad çıxdı. Onun qolları çirməkli idi.
– Ay qız, nə hay-küy salıbsan?
Zeynəb, doqqazdan keçib gələn İmranı başı ilə göstərdi:
– Bir gör kim gəlir!
Tükəzban xala sakitcə gözlərini qıyıb, gələn adama baxdı və birdən qollarını açıb oğlunun qabağına yüyürdü. İmrana macal vermədən, onun boynuna sarılıb üz-gözündən marça-marçia öpdü.
– Ömrüm-günüm, nə yaxşı gəldin! Adam da qoca anasını yaddan çıxardarmı? Heç demirsənmi anam təkdir, gedim ona baş çəkim. Bəlkə elə başıma bir iş gəlib?! Gözümün aği-qarası bircə sənsən.
Anasının kövrəlməsindən İmran da qəhərləndi.
– Yaxşı, bəsdir. Görürsən ki, gəlmişəm.
– Xasiyyətini bilmirəmmi, yenə bir gecə qalıb gedəcəksən.
– Yox, daha heç yana gedən deyiləm.
Tükəzban xala diqqətlə oğlunun üzünə baxdı. Elə bil onun doğru deyib-demədiyini gözlərindən oxumaq istəyirdi.
İmranın üstü xəmirə bulanmışdı. Tükəzban xala sevindiyindən özünü itirib əli ilə xəmirli-xəmirli oğlunun boynunu qucaqlamışdı. Bunu görən Zeynəb gülə-gülə Tükəzban xalanın qoluna toxundu.
– Bircə belə dur görüm, kişi özünə təzəcə paltar alıb, sən də onu bələm-bələm eyləyibsən. Qoy təmizləyim, yoxsa xoşa gəlməz.
Zeynəb İmranın etirazına baxmadan onun üstünü təmizlədi, sonra da Tükəzban xalaya üzünü tutdu:
– İndi ürəyin yerinə düşdümü? Hazır, qəzetdə şəkli çıxanda sənə demədimmi gələcək. Gördün ki, mən deyən oldu. Söz verdi, kişi kimi də sözünün üstündə durdu.
Tükəzban xala ətəyinin ucu ilə gözlərini sildi.
– Canım sənə sadağa olsun, ay bala, eşikdə durma, keç içəri, hava soyuqdur, dərdin alım.
İmran çamadanını götürüb pilləkəni çıxmaq istəyirdi ki, eyvanda dayanan qızı gördü. Boynunu azca yana əyib dirəyə söykənmiş bu qızın kolağayısı sürüşüb çiyninə düşmüşdü. Sarışın saçları tən ortadan ayrılmışdı. Telləri yanaqlarında qıvrılmışdı. Nazik, qara qaşları çatılmışdı. Çənəsinin sağ tərəfində, buxağında, balaca xalı da vardı. Qızı başdan-ayağa süzən, onun gözlərinə kölgə salan kirpiklərinə diqqət yetirən İmran qeyri-ixtiyari olaraq: "Zalım balası nə qəşəngdir!"
– dey’ xəyalından keçirdi.
Səs-küyə eyvana çıxıb, ana ilə balanın görüşünə tamaşa edən qız isə hərəkətsiz dayanmışdı. Kənarda dayanıb İmranın qıza necə diqqətlə baxdığını müşahidə edən Zeynəb:
– Niyə durubsan, yuxarı çıx, tanış ol! - dedi.
Öz əlini İmranın iri ovcunda hiss edəndə Nərgiz müəllimənin al yanaqları xəfifcə qızardı. Zərif dodaqları azca aralandı. Dişlərinin parıltısı dodaqlarında əks olundu. Öz adını deyərkən səsi titrədi. İmrana elə gəldi ki, Nərgiz müəllimənin dalğın gözlərində nə isə bir məhzunluq, məlulluq var.
Yenə Zeynəbin səsi eşidildi:
– Keçin içəri, hava soyuqdur.
İmran dönüb Zeynəbə nə isə demək istədi, amma Tükəzban xala ona macal vermədi. Cavanları içəri apardı. Ocaq qalayıb, çay-çörək tədarükünə başladı. Zeynəb də boş dayanmadı. Tez-tez qapını açıb-örtməyə, gülə-gülə stəkan-nəlbəki silməyə, arabir də İmrana söz atıb, Nərgiz müəlliməyə sataşmağa başladı.
İmranın gəlişi ilə elə bil ev-eşik canlandı. Tükəzban xala hər dəfə İmranın yanından ötdükcə dönüb baxır, "'boyuna sadağa olum, oğul"- deyə onu oxşayır, siniləri, qazanları danqıldadırdı.
Nərgiz müəllimə işə qarışdı. Onlar düyü arıtlamağa başladılar.
İmran anasını narahat elməmək, yanında oturtmaq istədi. Mümkün olmadı. Axırda özü də onlara qoşuldu. Otağı gülüş səsləri doldurdu...
Qapıda at fınxırdı, kiminsə xırıltılı səsi eşidildi. Zeynəb dərhal bayıra çıxdı.
– Ay qız, harda itib-batmısan? Səhərdən çağırmaqdan boğazım yırtılıb, nə vaxt bu gəzəyənliyindən əl çəkəcəksən?
Zeynəbin sifəti dərhal ciddiləşdi.
– Artıq-əksik danışma, de görüm sözün nədir?
– Sözüm odur ki, az gəz. Sonra da, axşam idarəyə gəl! İclas var. Şəxsən Qurban qağa özü tapşırıb.
– Yaxşı, gələrəm, sonra?
– Sonra da... - deyə atlı səsini uzatdı və gözünü pəncərədən içəri zillədi. Deyəsən, qulağı nə isə almışdı. - O nə səs-küydür? İçəridə kişimi var?
– Bəli.
– Kimdir?
– İmran...
– İmran? O, bəyəm buradadır?
– Bəli, buradadır!
Bayıra çıxıb hara isə tələsən Tükəzban xala atlını görüb dayandı.
– Ay oğul, niyə qapıda durursan? Düş atdan, evə gəl. Dərdini aldığım İmran da gəlib. Oturun, söhbət eyləyin...
– Yox, Tükəzban qarı, - oğlan üz-gözünü turşutdu. - İşim var.
Qurban qağa şəxsən məni gözləyir.
O, atın başını geri döndərdi və sürüb doqqazdan aralandı. Zeynəb otağa qayıtdı. İmran onun tutqun sifətinə baxdı.
– Xeyir ola, kimlə söhbət eləyirdin?
– Heç, bizim briqadirlə.
– Hansı briqadirlə?
– Xır-xır Kazımla.
Onlar yenə baş-başa verib düyü təmizlədilər. Birdən Zeynəb dayanıb diqqətlə İmranın üzünə baxdı.
– Özün bir şey olmasan da şəkildə qiyamət çıxmışdın.
– Hansı şəkildə?
– Qəzetdəkində.
– Nə qəzet? - deyə İmran qaşlarını çatdı.
– Özünü niyə bilməməzliyə qoyursan? Bir ay bundan əvvəl çıxmamışdımı? Kəsib saxlamışam, bax budur, - deyə o, cəld ayağa durdu.
Bayaq qəzetə büküb gətirdiyi kitabı açıb arasından səliqə ilə qatlanmış şəkli çıxartdı. - Hamıdan qəşəng sən düşübsən. Elə qəzeti alan kimi Tükəzban xalanın yanına qaçıb dedim ki, muştuluğumu ver. İmran ərizə yazıb kolxoza işləməyə gəlir. Arvad inanmadı ki, yalandır, o hələ oxuyacaq. Axır şəkli göstərib güc-bəla ilə inandırmışam. Doğrudan şəkildə qəşəng düşübsən, amma..,
O yenə güldü. İmran azacıq qızarıb, başı ilə ehmalca Nərgiz müəlliməni göstərdi. "Ayıbdır, yad adam var" demək istədi. Zeynəb onun ürəyindən keçəni dərhal başa düşüb daha bərkdən güldü.
– Nə olsun, süzün düzünü deyəndə acığın niyə tutur? Qoy elə Nərgiz müəllimə də bilsin ki, özün bir şey deyilsən.
– Yaxşı, az şitlik elə!
– Deyəsən, Kosaoğlu kimi doğru sözdən sənin də xoşun gəlmir.
– Kosaoğluyla nə işin var?
– Nə tez tərəf durdun? Amma o sənin gəldiyini eşidəndə, ağlım kəsmir ki, sevinsin. Hələ özünü görməmişdən qəzetdəki şəklinə baxıb ağız-burnunu əyirdi.
İmranın qaşqabağının töküldüyünü görən Zeynəb güldü.
– Ürəyini sıxma, ona elə sözlər dedim ki, daş dəymiş ayı kimi donquldana-donquldana qaldı.
– Ağsaqqal kişidir, elə söz danışma. Əlbət zarafat eləyirmiş. Kosaoğlu dünya görmüş kişidir. Gözümüzü açandan onu kolxozda görmüşük. Pis sədr deyil.
– Sən deyən olsun, - Zeynəb çiynini çəkdi. – Görükən dağın dibi yaxındır.
Tükəzban xalanın eyvandan səsi gəldi. Zeynəb çayniki götürüb çıxdı. "Bu qızdan heç nə başa düşmürəm" - İmran fikrə getdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-ayrilan-yollar-1
Use ← → keys to move, R for a random poem
More by this author
Kəndin aşağı tərəfində, dərədən qalxan yolda bir dəstə atlı göründü. Heç nəyə fikir vermədən birbaş məktəbin həyətinə gəldilər. Onlar əyinlərinə qoyun dərisindən tikilmiş yarımkürk geymişdilər. Bellərinə çiyni qayışlı enli kəmər bağlamışdılar. Bir yanlarından onaçılan asmışdılar, o biri yanlarında isə uzun qılıncları sallanırdı. Ayaqlarında dərisi bir qədər qalın, dabanları məhmizli çəkmə var idi. Başlarına kənd adamlarının indiyə qədər görmədikləri qəribə papaq qoymuşdular. Papaqların ortasından elə bil beyinlərini yarıb çıxan buynuz qalxmışdı. Hamısının papağı eyni cür idi: alın yerinə qırmızı parçadan iri ulduz tikilmiş züllə papaq!Məktəbin həyətinə gələn kimi atdan endilər. Uzaq yol gəldiklərindən sinələri azacıq tərləyən və nəfəsləri buxar kimi burunlarından çıxan atların cilovlarından tutub azca gəzdirdilər.
VI fəsil, 2Çapıq Əmrah ilin çox vaxtını binələrdə, yaylaqlarda, qonşu obalarda qohumlarının, özünə yaxın saydığı tanış-bilişlərin evində qalardı. O, qaçaq deyildi. Amma qaçaqvari bir həyat keçirirdi. Həmişə səksəkədə idi. Gözə çox görünməz, mərəkəyə çox çıxmazdı. Öz evinə havalar soyuqlaşanda, qış girəndə xəlvəti gələr, bir neçə gün qalardı. İndi də elə etmişdi. İki gün bundan əvvəl evinə gəlmişdi.Evinə gələn kimi buxarını, dəmir sobanı möhkəm qalatmış, pəncərənin taxtalarını qapatmış, otaq boyu baş-başa uzanmış üstü gəbəli taxta döşəkçə, mütəkkə, yastıq saldıraraq çəkmələrini soyunub rahatca uzanmışdı. O istəyirdi ki, soyuq qış havasında sümükləri isinsin, bədəni qızışsın, heç olmazsa, bir-iki gün rahat yatıb dincini alsın. Amma səksəkəli həyat tərzinin təsiri ilə bir-iki saat mürgülədikdən sonra, qarmaqarışıq fikirlər, ötən günlərin olub keçənləri ona rahatlıq vermirdi. Tez-tez o üz-bu üzə çevrilir, gözünü tavana zilləyir, saatlarla tavana tamaşa edirdi. Onun fikri, xəyalı çözələndikcə çözələnir, ötən günlərə - Gəncəyə gedib çıxırdı...
VI fəsil, 3Eşelon Poylu körpüsü yaxınlığında dayananda komandir maşinistdən təəccüblə "Niyə dayandıq?" deyə soruşdu.Başını pəncərədən çıxardıb yola baxan ağsaçlı və ağbığlı maşinist dilləndi:
VI fəsil, 4Birinci eşelon stansiyanın iki verstliyində dayandı. Yol yenə bağlı idi. Eşelon rəisi vaqondan düşüb əsgərlərin müşayiəti ilə vağzala yaxınlaşdı və birbaş rəisin otağına keçdi. Xudadat bəy, Səfikürdski və zirehli qatarın komandiri içəridə oturmuşdular. Onları görən eşelon rəisi azca özünü itirsə də, amiranə tərzdə vağzal rəisinə müraciət etdi:– Yolları nə üçün açmırsınız?