Ağahüseyn "Arif" təxəllüs
Məhəmməd ağa Müctəhidzadə[nin] "Riyazül-aşiqin" ünvanı ilə tərtib etdiyi "Təzkirətüş-şüəra"sında verdiyi məlumata görə, Arif Molla Pənah dövrünün şüərasındandır.
Nişatın və Ağaməsih Şirvaninin müasiri imiş. Əsli və nəsəbi İrana mütəəlliqdir. Təvəllüd edib Təbrizdə, sonraları Qafqaziya torpağına hicrət edib və Şuşa şəhərini məhəlli-iqamət etmişdir. Çox arif, danişmənd və bəzi elmlərə dara bir şəxs imiş. Təbii şeriyyəsi dəxi var imiş.
Hicrəti-rəsulun 1220-ci sənəsində ömrünün şüşəsi Şuşa şəhərində daşa toxunub sınmışdır.
Aşağıda yazılan qəzəllər onun əsərlərindəndir:
Səba, qəmxarım ol, qəmxarıma dərdi-dil izhar et,
Xəbərdar olmayan qəmxarımı qəmdən xəbərdar et!
Yetişcək sayəvəş toprağə düş, qəmxarıma söylə,
Qəmi-hicrində hali-zarımı izhari-qəmxar et--
Ki, ey peymanşikən, mehrü vəfası olmayan dilbər,
Tərafül eyləmə, bir ləhzə əzmi-kuyi-dildar et!
Əlindən öp, ona şərh eylə əhvali-pərişanı,
Əyağına düşüb öz başın üçün yarə izhar et--
Ki, gəlmiş aşiqi-biçarə yanından səba, söylər--
Ki, ey qəmxar, xabi-nazdən cananı bidar et.
Əcəl verməz aman, can nəqdini almaq dilər səndən,
Bu fərdi naleyi-fəryad ilə hər ləhzə təkrar et--
Ki, həsrət getdi Arif, görmədi yarın bu dünyada,
Rəqibi, bar ilaha, mən kimi məhrumi-didar et!
Mümkün olmaz yarı görmək bir zaman əğyarsız,
Gülşənin dövründə kim görmüş gül olsun xarsız?!
Dövri dönmüş dövri-dövran bulmadı kamımca seyr,
Çərxi-kəcrəftarı bir dəm görmədim azarsız.
Qədrü qiymətlər tapıb kuyində yarın qeyrlər,
Leyk mən qaldım qəmi-hicran ara qəmxarsız.
Qəm məni pamal qıldı, ey müsəlmanan, haray,
Olmasın kafir də, ya rəb, mən kimi qəmxarsız.
Qəbrimin daşına yaz, ey əhli-dil, bu misrəi:
Verdi Arif canını min həsrət ilə yarsız.
Günəş nuru deyil pərtöv salıb kövnü məkan üzrə,
Yüzün nurudur ol, ey məh, düşüb əks asiman üzrə.
Rəvan ol canibi-bostanə, ey sərvi-rəvan, ta gör,
Üzün toprağə qoymuş sərvi-sərkeş busitan üzrə.
Saraldı nərgisi-məstin qəmindən natəvan nərgis,
Üzün gül gördü, xiclətdən qızardı gülsitan üzrə.
Götürgəc pərdə yüzdən şurişü qovğa bülənd oldu,
Qiyam etdi qiyamından qiyamətlər cahan üzrə.
Qədəm bas başına, ta payimal et, sərfəraz olsun,
Qoyub baş xəstə Arif pasiban tək asitan üzrə.
Bu qəzəllərdən Arifin zərif və xoştəb bir şair olduğu anlaşılır. Heyfa ki, təqazayi-zaman elə imiş ki, Arif kimi şairlərimiz dilbərin vəsfindən, rəqibin sitəmindən, fəraqın ələmindən çərxi-kəcrəftarın cövrü zülmündən başqa bir şey vücuda gətirməyə qadir deyilmişlər. Və necə ki, o vaxtın şairi Nabi əfəndi deyibdir:
Çıxamaz daireyi-dilbərdən,
Qəddü xəddü ləbü çeşmi-tərdən.
Gəh baharə dolaşur, gəh çəmənə.
İlişür sərvü gülü yasəmənə.
Rəhi-narəftədə cövlan edəməz,
Sapa vadiləri seyran edəməz.
Arifin yuxarıda yazılan qəzəllərindən səva yenə bir çox əsərləri alicənab müfti əfəndi Qaibzadənin "Məcmuə"sində məsturdur.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-agahuseyn-arif-texellus
Use ← → keys to move, R for a random poem
More by this author
Əlişir Nəvai hicrətin doqquzuncu əsrinin axırlarında yetişən cığatay (türk) və əcəm şüərasının ən məşhurlarındandır. Bu şair əslən cığatay türklərindən isə də, Azərbaycan şüərası arasında artıq hörmət və şöhrət kəsb etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə olubdur. Buna da ümdə səbəb onun təbi-lətifindən törəyən asari-nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə rişteyi nəzmə çəkilmişdir. Əmir Əlişir fars lisanını dəxi əkməl vəchdə bilirmiş və fars dilində onun ziyadə mövzun və xoşməzmun kəlamları vardır. Türk və fars dillərinə dara olduğu üçün "Züllisaneyn" ləqəbi ilə müləqtəb olmuşdur.Nəvainin atası sülaleyi-teymuriyyədən Sultan Əbu-səidin vəziri olub oğlunun təlim və tərbiyəsinə artıq səy və diqqət yetirmişdir. Əmir Əlişir özü uşaqlıqda Sultan Hüseyn Bayqara ilə məktəb yoldaşı olub, əyyami-tüfuliyyətdə alinəsəb yoldaşından kəsbi-kəmal və əxzi-ədəb etmişdir. Sultan Hüseyn Bayqara Teymurləng övladından olub, 875-ci tarixdə Xorasan padşahı olmaqla Heratda təxti-səltənətdə əyləşmişdir. Əlişir əvvəlcə bir müddət Xorasanda və bəd Səmərqənddə təhsili-ülum və fünunə məşğul olub, hüsnxətt, rəsm, musiqi və nəqqaşlıq sənətlərində böyük məharət kəsb etmişdir. Amma bu fənlərin cümləsindən artıq onun meyl və şövqü şer deməyə və qəzəl yazmağa idi. Cavanlıq mövsümünün və şəbablıq əyyamının müqtəzasında dimaği-lətifi həvayi-hüsni-xəttü xal ilə, könlü badeyi-eşq ilə dolmuş ikən öz hisslərini gözəl şerlər vasitəsilə bəyan edərdi. Necə ki, Əlişir özü əyyami-şəbabda hali-dilini bu qərar üzrə təhrir qılmışdır: "Bu pərişan əczanın vərəqnigarı və bu aşüftə övraqın qissəgüzarı, möhnət peymanəsinin cürəçeşi və məlamət xümxanəsinin səbukeşi, şeydalıq məhəlləsinin rüsvası və rüsvalıq küçəsinin şeydası:
GəncəGəncə şəhəri çox qədim və böyük şəhərlərdən birisi olduğuna onun ətrafındakı əsari-ətiqə şəhadət verir. Bu asar isə köhnə qəbiristanlıqlardan, əski təmiratın uçuq bünövrələrindən, əski qala və hasarların dağılmış divarlarından və bu növ sair əlamətlərdən ibarətdir. Necə ki, təvarixdə görünür, Gəncənin başında çox böyük hadisələr vüqua gəlmişdir, onun üstündə çox qanlar tökülüb, canlar fədaya getmişdir və müruri-əyyam ilə başıbəlalı Gəncənin yaxası əldən-ələ keçib, müxtəlif miləl və əqvamın yədi-təsərrüfünə düşmüşdür.Miladın yeddinci əsrində Gəncə erməni padşahlarından Tiqranın təhti-hökumətində ikən İran qoşunu onun üstünə hücum edib, əhalisini məğlub və şəhəri təxrib qılmışdır. Haman bu yeddinci əsrin əvaxirində Gəncə İran dövlətinin ixtiyarından ərəblərə keçib və ərəblərin bu yerlərdə xəzərlər ilə bir çox böyük dava və qırğınları vüqua gəlmişdir. Tarixi-miladın 1138-ci sinəsində vüqui-zəlzələdən şəhər bilmərrə dağılıb, sabiqi yerindən qeyri bir məhəllə nəql olunmuşdur. On dördüncü əsrin axırlarında Teymurləngin hücumundan yeni bina tutmuş şəhər dübarə viran və əhalisi pərişan olmuşdur. Tarixi-məsihiyyənin on altıncı əsrində Gəncə yenə İran dövlətinə tabe olur və on yeddinci əsrin ibtidasında Şah Abbas Səfəvi şəhəri indiki məhəllinə köçürüb, möhkəm və xoşsəliqə binalar yapmaqla onu xeyli abad edir və İranzəmindən Azərbaycan türklərindən çoxlu evlər köçürdüb Gəncəyə gətirdir. Bu türklərin səy və ehtimamı və təmirat işlərində onlara məxsus olan məharət və qabiliyyətləri sayəsində şəhər az bir vaxtın içində zayidə, məmur və abad olunur. Şəhərin ortasında Şah Abbas ali və müzəyyən bir cameyi-şərif yapdırıb, müdərris və tələbələr üçün onun ətrafında hücrələr tikdirir. Bu məscidin əmsalı indi də nadir tapılır. Camenin özünün və onda təhsil edən tələbələrin idarə və məxarici üçün böyük və vəsi bir karvansara tikilib vəqf olunmuşdur.
İbrahim İbn Əliyyün-Nəccar XaqaniŞirvan vilayətinin xaki-pakı pərvəriş verib yetirdiyi şüərayi-üzamdan ən məşhuru və müqtədiri İbrahim ibn Əlliyün-nəccar həkim Xaqanidir. Xaqaninin əvvəlcə təxəllüsü "Həqayiqi" imiş, amma sonra Xaqani-kəbirdən "Xaqani" ləqəbini götürmüşdür. Xaqani Azərbaycan torpağında ərseyi-dünyaya gəldiyinə görə, ol cənabı biz öz şüəramız silkinə daxil elədik. Həkim Xaqani, qövli-məşhura görə, Şirvan şahlarından Şah Sultan Xəlil Xaqanın əsrində zindəganlıq edirmiş. "Atəşkədeyi-Azəri"də dəxi həkim Xaqani İbrahim ibn Əliyyün-nəccar Şirvan şahlarından Xaqani-kəbirin və Alp Arslan Səlcuqinin müasiri olmağına şəhadət verilibdir.Xaqaninin əsli Şamaxının yaxınlığında Məlhəm adlı qəryədəndir ki, bu halda dəxi haman kənd durur və əhalisi türk ilə qarışıq fars dilində danışırlar. Xaqaninin əsli Şirvandan olmağına bu şeri dəxi dəlalət edir:
Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüsMolla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir: