Mirzə Fətəli Axundov
Page 2 of 8 · 13%
Bir ildən sonra 1834-cü tarixdə ikinci atam özü ilə bahəm məni götürüb Tiflisə apardı və burada sərdar Baron Rozenə ərizə verib təvəqqe elədi ki, məni öz dəftərxanasında Şərq dillərinin mütərcimi mənsəbinə qəbul eləsin və rus yazıçılarından bir nəfəri mənim üçün köməkçi təyin etsin, ta ki, rus dilində biliyim artsın, qüvvət tapsın.
Bilmirəm hansı bir dil ilə bu sərdarın, yəni Baron Rozenin yaxşılıqlarını zikr edib şükrgüzarını yerinə yetirim. Mələk xisallı bu əmir ikinci atamın iltimasını fövrən qəbul edib, iltifat və mərhəmətlərini mənim haqqımda zahir qıldı ki, təmamisini vəsf etməkdə acizəm.
Ol vaxtdan bu günə kimi mən Qafqaziya sərdarlarının nəzdində əlsineyk-Şərqiyyə mütərcimi olub, hər birindən ənvai-iltifat və mərhəmətlər görmüşəm. Xüsusən, mütəvəffa general feldmarşal knyaz Vorontsovdan razı və şakirəm ki, Baron Rozendən sonra mənim ikinci vəliyyün-neməm olubdur və bu əmiri-kardan və rövşənzəmirin iltifatının vasitəsilə məndə müsənniflik qabiliyyəti büruz edibdir.
Altı komediya — yəni təmsil türk-Azərbaycan dilində təlif edib hüzuri-alilərinə təqdim etmişəm. Cümləsi məqbul və təhsin olunub; əvəzində bir çox ənamlara nail olmuşam. Təmsilatımı Tiflis teatrında — ki, onun da banisi knyaz Vorontsov olubdur, — səhneyi-tamaşaya qoydular. Hüzzari-məclisdən çox təriflər və afərinlər eşitdim. Ondan sonra "Yusif şahın hekayəti"ni[2] yenə türk dilində yazdım. Bu yeddi təsniflərim rus dilinə tərcümə olunub çapa verildi və onların haqqında Berlin və Peterburq curnallarında xeyli tərifnamələr yazılıbdır.
[2]- "Yusif şahın hekayəti"ni — ki, "Aldanmış kəvakib" adı ilə məşhurdur, — ikinci dəfə olaraq türk dilindən rusa biz tərcümə edib "Vestnik Kafkaza" adlı curnalın 5-ci nömrəsində 1901-ci sənədə çap etdirmişik. Bu hekayənin əvvəlki tərcüməsindən bizim xəbərimiz yoxdur və mütərcimi kim olubsa, o da bizə məlum deyil.
1857-ci tarixi-məsihiyyədə islam əlifbasının təğyiri babında bir kitabça fars dilində yazmışam. Məzkur əlifbanın təğyiri vacib və mühüm əmrlərdən olmağını xeyli mətin dəlillər vasitəsilə sübuta yetirmişəm.
1863-cü tarixdə Qafqaz canişini imperatorzadeyiəfxəm veliki knyaz Mixail Nikolayeviçin icazəsi ilə bu xəyalını elan etmək üçün İstambula azim oldum. Cəmi səfər xərcimi veliki knyaz öz xəzinəsindən mərhəmət elədi və vəziri Kruzenştern İstambulda olan rus səfirinə bir kağız yazdı ki, mənim mətləbimin əncama yetməyi üçün Osmanlı dövlətinin övliyavü ərkanından təvəqqe eləsin, ta ki, lazimeyi-təqviyət və müavinəti müzayiqə etməsinlər.
Əlifbanın təğyiri babında tərtib qıldığım kitabçanı rus elçisinin draqomanı müərrifliyi ilə sədri-əzəm Fuad paşanın hüzuruna pişnəhad etdim və yazdığım təmsilatı və "Yusif şahın hekayəti"ni də nişan verdim. Kitabçamı sədri-əzəm həzrətlərinin əmri ilə Osmaniyyənin Cəmiyyəti-elmiyyəsində mülahizə edib hər bir xüsusda məqbul və müstəhsən gördülər və lakin icrasına icazə vermədilər. Bu səbəbə ki, kitabçada qərari-sabiqi üzrə hüruflar bir-birinə culaşır və kəlmələrin tərtibində çətinlik müşahidə olunur.
Bu irada cavabım bu oldu ki, belə olan surətdə lazımdır islam əlifbasını bilkülliyyə tərk edib, avropalıların üsuli-xəttini götürmək və yazını soldan-sağa yazıb oxumaq və nöqtələri bilmərrə saqit etmək və hürufların şəklini latın hüruflarından intixab edib, təzə bir əlifba tərtib eləmək və hürufi-müsəvvətəni hürufi-samitənin yanınca yazmaq. Xülasə, sillabi əlifbanı alfabiti əlifbaya mübəddəl etmək.
Həqirin bu rəyini də İstambul üləma və vüzərası öz fəhmü qanacaqlarına müvafiq görmədilər və qəbul etmədilər və orada olan İran vəziri-muxtarı Mirzə Hüseyn xanın mənim barəmdə olan qədimi ədavəti büruz edib İstambul vəzirlərinin ədəmi-müvafiqətinə səbəb oldu. Xülasə, məramü arzuma çatmayıb İstambuldan geri qayıtdım.
Əgərçi Osmaniyyə dövlətində müsəlman əlifbasının təğyiri babında etdiyim fikir və xəyal nəticə vermədi və qəbula keçmədi, amma bu zəhmətin əvəzində bəndəyə "Məcidiyyə" nişanı fərmani-təhsin ilə ənam olundu. Mirzə Hüseyn xandan İstambulda xeyli mərarət və küdurətlər çəkdim ki, onların hamısını zikr etsəm, başağrısı olar. Müşarileyh sabiqdə Tiflis şəhərində öz dövlətinin konsulu idi və məlum oldu ki, batində mənimlə böyük ədavəti var imiş. Vəli onun ədavətindən mən qafil imişəm və onu özümə dost hesab edib evində mənzil etdim. Axırda ədavətini büruz edib, məni cəmi Osmaniyyə vəzirlərinin nəzərində islam dininin və müsəlman dövlətlərinin bədxahı nişan verdi.
Necə ki, məlum oldu, onun ədavətinin səbəbi bu imiş ki, guya mən öz təmsilatımda iranlıların əxlaqi-zəmimələrini həcv qılmışam və halanki dramaya dair əsərlərin şərti və xüsusən, komediyanın təqazası xəlayiqin eyiblərini və əxlaqi-zəmimələrini eyni ilə göstərməkdir.
Çün müşarileyh drama fənnini, onun şərtlərini anlamır və ülumi-dünyəviyyədən bilkülliyyə bibəhrədir və hiyləvü təzvirdən və büxlü həsəddən və hirsü tamahdan başqa bir şeyə qabiliyyəti yoxdur, ona binaən belə qiyas eləyir ki, mənim bu hərəkətim iranlılara nisbət büğzü ədavətimdən naşidir. Onun belə ədavəti zahir olandan sonra evindən çıxıb, özgə bir yerdə mənzil etdim.
Tiflisə qayıdandan sonra əlifbamızın qüsuru və təğyiri barəsində təzədən yenə bir kitabça yazıb Tehrana göndərdim. Bu kitabçada hürufi-müqəttəəni hürufi-müttəsiləyə tərcih etdimsə də, yenə üləmanın qorxusundan rəsmi-xətti sabiqi qərar üzrə sağdan-sola yazmağı nişan verdim, Tehranda da həmçinin mənim bu fikrü təsəvvürümə mültəfit olmadılar və bu məsələ əlan tərəqqipərvərlər ilə mühafizəkarlar arasında İstambulda mayeyi-mübahisə olub bir məqamda qərar tutmayıbdır.
Digər öz dövlətimin ərkanü böyükləri icazəsi ilə Osmanlı dövlətinin sədri-əzəmi olan Əli paşaya əlifba məsələsinə dair bir kitabça yazıb Tiflisdən göndərdim. Bu kitabçaya əlavə olaraq Osmanlı danişməndlərindən Süavi əfəndinin əlifbamız barəsində yazdığı tənqidi (kritikanı) dəxi qoşdum. Vəli bu kitabça da bisəmər qaldı.
Əlifbanın təbdili xüsusunda bu qədər səyü təlaşım nəticəsiz qaldığını və bu əhvalın güzarişini fars dilində yazılmış bir mənzumədə bəyan etmişəm[3]. Bu macəradan sonra Rzaqulu xan "Hidayət" təxəllüsün "Rövzətüs-səfa"ya mülhəqat tərzində yazdığı tarixə müxtəsər bir tənqid (kritika) yazıb Tehrana göndərmişəm və bundan bir sənə keçmiş "Süruş" təxəllüslü Tehran şairinin ki, "Məliküşşüəra" ləqəbi ilə şöhrətlənmiş idi, yazdığı bir qəsidəyə tənqid yazıb öz aşinalarıma Tehrana göndərmişəm.
[3]- Bu mənzumə aşağıda yazılacaqdır.
Əlan — ki, tarixi-miladiyyənin 1878-ci ilidir,--ömrüm altmışdan keçibdir. Rus dövlətinin mərhəmətindən irəliki xidmətimdə qalıb, onun lütfü himayətində bəhrəməndəm".
Mərhum Mirzə Fətəlinin öz yazdığı seyr-sülukundan maəda bir para məlumat onun oğlu mərhum Rəşid bəy cəm edib bizə göndərmişdi ki, məqamı gəldikcə onlardan bəhs olunacaqdır.
Necə ki, öz yazdığı tərcümeyi-halından görünür, mirzə uşaqlıqdan yetim qalır. Bu yetimlikdə böyük əlamət var. Tarixdən xəbərdarlığı olanlara məlumdur neçə-neçə böyük şəxslər — ki, ibarət olsun hükəmavü üləmadan, məşhur reformatorlardan, din və şəriət sahiblərindən, — uşaqlıqdan yetim qalıblar. Vəli heç bir yetimi allah-taala sahibsiz və hamisiz qoymayıbdır. Mirzə Fətəli də körpə vaxtından yetim qalıbsa da, artıq üsrət və zəhmət çəkməyibdir.
Axund Hacı Mirzə Ələsgər atalıq və analıq vəzifəsini öhdəsinə götürüb, nəvəsi mənzələsində olan balaca Fətəliyə lütfü nəvazişlərini əsirgəməyibdir və öz istəkli övladı kimi onun təlim və tərbiyəsinə məşğul olubdur. Balaca Fətəli dəxi onu atası kimi istərmiş və ömrünün axırına kimi zikri-xeyir ilə yad edərmiş. Mirzeyi-mərhum Gəncədə Axund Molla Hüseyn Gəncəvidən təlim almağı filcümlə yad edirsə də və mollalığa hazırlaşdığı əsnada onun fikirlərinin dəyişirilməsini və başqa bir qəziyyənin üz verməsini ötəri işarə edirsə də, amma həqiqəti-halı bəyan etmir.
Mərhum Rəşid bəyin bizə verdiyi məlumatdan belə zahir olunur ki, möhtərəm atası Gəncədə olan zamanı məşhur Mirzə Şəfi ilə görüşüb tanış olur. Səhih rəvayətə görə, Mirzə Şəfi İrandan gəlib Gəncədə müvəqqəti olarmış, özü də alim və fəlsəfəməslək bir vücud imiş ki, hər bir şeydən xəbərdarlığı var imiş. Əfqanlı Şeyx Cəmaləddinin və Mirzə Mülküm xanın və İranın bir neçə təzə fikirli adamları ilə ülfət və əlaqəsi var imiş. Bununla belə gözəl və mövzun təbi var imiş. Mirzə Şəfinin bir çox əşari-nəfisəsi və asari-fəlsəfiyyəsi Avropada və xüsusən Almaniyada iştihar bulmuşdu. Almaniyada Mirzə Şəfinin məcmuəsi Bodenştedt[4] adlı alim bir şəxsin ehtimamı ilə nemsə dilinə tərcümə olunubdur.
[4]-Bilmək gərəkdir ki, Bodenştedt nemsə ədib və şairlərinin məşhurlarından birisi hesab olunur. Bu axır vaxtlara kimi sağ imiş. Bodenştedt 1840-cı səneyi-miladidə Moskva şəhərinə gəlib, orada knyaz Qalitsinlərdən birisinin mürəbbisi olur. 1844-cü sənədə Qafqaz canişini general Neydqardtın təklifi ilə Tiflisə gəlib, indiki şəhər müəllimləri hazırlaşdıran məktəbə (Aleksandrovski instituta) müdir olur. Bodenştedt bu mənsəbində bir ildən ziyadə qalmayıb istefa verir və sonra Qafqazın çox yerlərini və Krım vilayətini seyrü səyahət edib bir çox məlumat və təcrübələr kəsb qılır. Gəncə şəhərində olan vaxtı Mirzə Şəfidən fars dilini öyrənir. Sonra Bodenştedt vətəninə müraciət edib, Berlin şəhərində "Qəzəliyyati-Mirzə Şəfi" ünvanında öz əşarını çapa verir. "Qəzəliyyati-Mirzə Şəfi"də olan müəssənat və lətafət bir dərəcədə nemsələrə xoş gəlir ki, 123 dəfə peydərpey çap olunur.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-mirze-feteli-axundov
Use ← → keys to move, R for a random poem
More by this author
Hansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər.İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır.
Ədəbiyyatımıza dair məktubVaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir:Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz,
Ədəbiyyatımıza dairMolla Vəli Vidadinin, Molla Pənah Vaqifin və Qasım bəy Zakirin göy üzündə qatarlaşıb oxuya-oxuya uçan durnalara xitabən yazdığı mürəbbeatı möhtərəm "Rəhbər"in səhifələrinə təqdim etməklə belə məlum edirəm ki, bu əsərlər nə Adolf Berjenin Leypsiqdə çap olunan məcmuəsinə və nə də Yusif Qarabağinin kitabçasına daxil olmayıb, nüdrətən tapılan əsərlərdir.MOLLA VƏLİ VİDADİ
Gürcü şairi Akaki Sereteli yubileyinə dairNecə ki, ötən məqaləmizdə söz vermişdik, Akaki Sereteli cənablarının müxtəsər tərcümeyi-halını yazıb, əsərlərindən bəzi məlumat verməyə iqdam edirik.Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər.
Poems by other poets
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
MollalarBilmirəm nə istəyir bizdən ruhani mollalar,Miras paltarları geyib, artırır şanı mollalar,
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram