Mirzə Fətəli Axundov
Page 5 of 8 · 50%
İnsanın gülməyinə və ağlamağına fərəhin və müsibətlərin təqriri və təhriri dəxi səbəb ola bilər. Təqrir və təhrir surətində kiryə və xəndəyə ümdə müəssir vəzi-hekayətdir.
Əksər övqat namərğub vəz ilə zikr olunan müsibətdən adam mütəəssir olmaz və lakin haman müsibət özgə pəsəndidə vəz ilə nəql olunduqda kəmayənbəği təsir bağışlar. Necə ki, naqis və kamil mərsiyəxanların məclislərində bu iki keyfiyyəti biz mükərrər müşahidə edirik.
Əgər nəqli-müsibət və ya behcət təbaye və əxlaqi-bəşəriyyəni kəmali-filvaqe bəyan etməklə təbiəti-müstəmiə məqbulü müəssir düşdü, haman nəqlin vazeinə və müsənnifinə həkimi-rövşənrəvan və arifi-təbayei-insani deyirlər və naqili-kamilinə süxənguyi-qabil"….
Burada naqil, süxənku və raviyi-şirinməqal ilə bizim işimiz olmayıb da, müsənnifi haqqında — yəni mərhum Mirzə Fətəli barəsində kəmali-cürət ilə deyə bilərik ki, onun komediyalarını oxuduqda bizə yəqinlik hasil olur ki, bunların müsənnifi əlhəqq "həkimi-rövşənrəvan və arifi-təbayei-insani"dir. Çünki bizim komediya yazanların heç biri Mirzə Fətəli kimi nə ürəkdən güldürür və nə də doğrudan ağladır. Bu bacarıq və qabiliyyət və təbayei-insaniyyəyə bələdiyyət, bu ruhşünaslıq ancaq o mərhumun təmsilatında görünür. Mərhumun dramanəvislikdə izhar qıldığı qabiliyyət və kəmalat doğrudan da vəsfə gələsi deyil.
O təmsilatdan ələ alıb oxuduqda olduğumuz övzavü zamanı bilaixtiyar unudub, özümüzü mirzeyi-mərhumun yazdığı zamanda, vəsf qıldığı övzavü mühitdə və əlvan dəstgah içində görürük. Əfradi-məclis guya bir-bir gözümüzün önündən növbənöv libaslarında gəlib keçirlər. Biz onların hərəkatü sükənatını, necə ki, var, müşahidə edirik; danışdıqları söhbəti eşidirik; gülənlər ilə gülüb, ağlayanlar ilə ağlayırıq.
Burada Axundovun yazdığı komediyalar ilə oxucularımızı aşina etməyi artıq bilirik. Zənni-acizanəmizcə əhli-savaddan az adam tapılar ki, məzkur komediyaları oxumamış olsun və bundan əlavə onlardan hər birisi dəfaat ilə səhneyi-tamaşaya qoyulubdur. Zaqafqaziyanın elə bir şəhəri və qəsəbəsi yoxdur ki, mərhum Axundovun komediyalarından bir-ikisi oynanılmamış olsun. Şayani-diqqət Axundovun komediyalarında səhneyi-tamaşaya gələn ünas tayfasıdır.
Məlum olsun ki, Axundovun əsrində arvad məsələsi məhəlli-müzakirəyə qoyulmamışdı. O vaxtlarda müsəlman aləmində arvadların hüququ, hürriyyət və müsavatı barəsində bir söz də danışılmazdı və danışmaq da olmazdı. Əvvəl kəsi ki, arvadları da insan dərəcəsinə qoyub, onların haqqü hüququ barəsində söz açıbdır və oiları səhneyi-tamaşaya gətiribdir, o, mərhum Mirzə Fətəli olubdur.
Arvadların dolanacaqı, fikrü xəyallarını, kişilər ilə rəftarü əlaqələrini və onların əhvali-ruhiyyələrini və sair müxtəlif sifətlərini mərhum mirzə artıq məharətlə təhrir qılıbdır. Demək olar ki, Mirzə Fətəli bu vaxtacan gizlində, qara pərdələr altında və zülmat içində yaşayan ana-bacılarımızın üzərinə bir işıq qapısı açıbdır; onların nicat və səadəti üçün yol göstəribdir. Müsəlmanlar üçün təzə bir aləm kəşf edibdir ki, onsuz diriliyimiz, tərəqqi və səadətimiz qeyri-mümkündür.
Mirzənin müsəlman arvadlarını səhneyi-tamaşaya gətirməsi, əlbəttə, müasirlərinə xoş gəlməzdi. O cəhətə ona gizlində və aşkarda lənət oxuyub, olmazın sözləri haqqında deyirdilər.
Möhtərəm Əbdürrəhim bəy Haqverdiyev "Xəyalat" adı ilə yazdığı əsərində Hatəmxan ağa ilə Mirzə Fətəlinin arasında vüqua gələn nizavü davanı təhrir qılıb, Hatəmxan ağanın dilindən deyir: "Hələ bunlar hamısı dursun kənarda, sən mənim özümü məsxərəyə qoyubsan, bu heç. Bu övrət-uşaq ilə nə işin var? Sən özün hərçənd müsəlmanlıqdan kənarsan, amma yenə nə qədər olsa, sənin qanın müsəlman qanıdır. Heç sənə müsəlman ismətinə toxunmaq yaraşarmı? Qardaş, niyə mənim övrətimin, qızımın adını camaat bilsin? Eyib olsun sənin üçün, çox eyib olsun!"
Hatəmxan ağa nəinki öz arvad-uşağının səhnəyə çıxmağına, hətta qeyriləri onların adlarını bilməyə də razı deyil. Belə şeylər onun qeyrət və namusuna toxunur, onu xalq içində bədnam edir. Bunların cümləsinə yenə haman bidin, laməzhəb mirzə səbəb olubdur.
Bu da məişətimizdə yeni bir "reforma", təzə bir dəgişirilik, təzə adət və qanun…. Bu yolda dəxi mirzənin çəkdiyi cəfalar, eşitdiyi föhşlər və nalayiq sözlər və hər qisim tənələr hədsiz və hesabsızdır və təqrirə gələsi deyil….
Diqqət yetirməli burasıdır ki, mərhum Mirzə Fətəli komediyalarında yazdığı arvadların cümləsi qeyrət, namus, ismət və hünər sahibləridir. Bu komediyalarda bir arvad nəzərə gəlməz ki, bihəya, bacarıqsız və yasar olsun. Bəzilərinin öz kişilərindən zirək və bacarıqlı olmaqları müşahidə olunur.
Mirzə Fətəlinin təsnif qıldığı altı komediyalarının ancaq birində — "İbrahim Xəlil kimyagər"də arvad tayfasından bəhs olunmur. Yerdə qalan beş komediyaların hamısında kişilər ilə arvadlar da bərabər səhneyi-tamaşaya gəlib, öz fikirləri, işləri və dolanacaqları ilə bizi tanış edirlər. Sözümüzü sübuta yetirmək üçün mətləbə bir az tulü təfsil vermək lazım gəlir.
Mirzə Fətəli komediyalarında həyat səhnəsinə gətirdiyi arvadlar bunlardır:
- "Müsyö Cordan" təmsilində Hatəmxan ağanın arvadı Şəhrbanu xanım. Hər cəhətdan öz kişisi Hatəmxan ağadan qoçaq, cürətli və bacarıqlı olduğu görünür.
Şahbaz bəy — ki, Hatəmxan ağanın qardaşı oğludur və qızı Şərəfnisa xanımın nişanlısıdır, — istəyir həkimi-nəbatat Müsyö Cordan ilə Paricə gedib, orada firəng dilini öyrənsin və mərifət kəsb etsin. Şəhrbanu xanım Şahbaz bəyin bu fikrindən duyuq düşüb istəyir mane olsun. Qeyz ilə Şahbaz bəyə deyir ki, "Sən azıb yolundan və izindən çıxıbsan. Heç vaxtı Paricə gedə bilməzsən. Sən istəyirsən gedib orada üzüaçıq gəzən firəng arvadları ilə vaxtını keçirəsən və gülüzlü balamı gözüyaşlı qoyasan?! Müsyö Cordana bir toy tutaram ki, gəldiyi yolu da azar və Parici də unudar".
Hatəmxan ağa Şəhrbanu xanım ilə bacarmır və Şahbaz bəyin Paricə getməyi baş tutmur. Komediyanın axırında Xanpəri nənə deyir: "Eh, xanım! Əgər kişilərin ağlı var, niyə biz onları hər qədəmdə min yol alladırıq və öz bildiyimizi edirik?!"
- "Hekayəti-xırsi-quldurbasan"da Namazın arvadı Zalxa Bayramın işini düzəltməkdə və tədbir tökməkdə artıq dərəcədə ağıl və fərasət büruz edir. Axmaq, qorxaq və bivec Tarıverdini alladıb yoldan çıxardır və bacarmadığı işə, yəni quldurluğa göndərir. Zalxa bu barədə fikirləşib öz-özünə deyir: "Vallah, əgər Tarıverdi mənim sözlərimdən quldurluğa getsə, biçarənin heç təqsiri yoxdur. O neyləsin ki, bu viran olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər. Divanbəyiyə deyən yoxdur ki, niyə biçarə gədələri oğurluqdan və quldurluqdan ötrü incidirsən? Bacarırsan, ölkəmizin qızlarına qadağan elə ki, quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamin ki, qurd qoyun ilə otlaya".
Zalxanın bu sözlərində olan doğruluğa şübhə yoxdur. Qız tayfasının sevdiyi oğlan gərəkdir qoçaq və zirək olsun, aciz və qorxaq kişini ünas tayfası dost tutmaz. Xüsusən, keçmiş əsrlərdə, bas-tut, vur-öldür əyyamında qızın sevdiyi ancaq rəşid, qoçaq, quldurluqda adı çıxan oğlan olarmış.
Haman bu komediyada sadə bir kəndçi qızı Pərizadın cavan və qoçaq Bayrama olan təmiz eşqi və eşqində göstərdiyi dəyanət və səbat adamı heyrətə salır.
- "Hekayəti-mərdi-xəsis"də Hacı Qaranın arvadı Tükəzin ərindən min kərə qoçaq, ağıllı və yaxşı olmağı görünür. Tükəz öz əri Hacı Qaraya deyir: "Sən xəsis, ölməli murdarsan. Səndən ömründə bir kəs bir xeyir görmür. Uşaq aşıq yığan kimi, sən də pulu yığmısan. Boğazın elə qurusun ki, su da ötməsin!…" Hacının acizliyini və qorxaqlığını zikr edib deyir: "Bu yaraqların iyirmisini üstünə taxsan da, mən arvadlığım ilə yenə sondən qorxmaram!…"
Həmçinin bu "Mərdi-xəsis" təmsilində gözəl, ağıllı və dəyanətli Sona xanım naçalnikə zamin olub, nişanlısı Heydər bəyi həbsdən və bazxastdan xilas edir və onu əyri yola getməkdən daşındırır.
- "Sərgüzəşti-vəziri-xani-Sərabi"də vəzirin hərəmləri Ziba xanım və Şölə xanım və qaynanası Pərixanım sadədil vəzirin başına kələk gətirirlər; onun başına badya geydirib Teymur bəyi evdən çıxardırlar. Arvadlar biri-birini günüləyir, bir-birinin üstünə şər atır, bir-birinin ayağından çəkir, amma öz sahiblərinə xəyanət göstərmirlər.
Nə Şölə xanımın və nə Ziba xanımın Teymur ağa ilə gizlində heç bir əlaqəsi yoxdur. Şölə xanımın qız bacısı Nisə xanım hökumət və dövlət sahibi olan xana getmək istəməyib, can-dildən sevdiyi Teymur ağanı ona tərcih verir. Zülm və mürüvvətsizlik müzməhill olub, haqqü ədalət onlara qalib gəlir.
- "Mürafiə vəkillərinin hekayəti"ndə Səkinə xanım o qədər mətanəti-qəlb, cürət, əqlü tədbir göstərir ki, adamın ağlı heyrətdə qalır ki, nə sayaq elm və tərbiyə görməmiş bir yetim qızda bu qədər kamal, mərifət və dərrakə olsun.
Bir tərəfdən qardaşının mütədən dul qalmış arvadını Təbrizin şeytan fikirli mürafiə vəkilləri əldə dəstaviz edib, ondan irs tələb edirlər, bir tərəfdən Ağahəsən tacirbaşının hiyləvü dəsisələri onu rahat qoymur, üçüncü tərəfdən onun şöhrətpərəst bibisi Zibeydə xanım istəyir onu könülsüz tacirbaşıya versin.
Hər tərəfdən bədxah, mühil və tamahkar adamlar…. Səkinə xanım bu qədər hiyləsazların və tamahkarların hücumundan özünü itirməyib, vəsfə gəlməyən hünərlər zahir edir və düşmənlərinə qalib gəlir, bibisinə açıq deyir ki, "Mən Ağahəsənə getməyəcəyəm. Zira ki, o nadürüst oğlu altmış min tümən adın eşidib, onun üçün məni istəməyə talib olubdur. Yoxsa o, məni sevdiyindən ki, almaq istəmir! Əgər o, məni alan idi, niyə qardaşım sağlığı heç bir ağız açmadı?"
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-mirze-feteli-axundov
Use ← → keys to move, R for a random poem
More by this author
Hansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər.İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır.
Ədəbiyyatımıza dair məktubVaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir:Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz,
Ədəbiyyatımıza dairMolla Vəli Vidadinin, Molla Pənah Vaqifin və Qasım bəy Zakirin göy üzündə qatarlaşıb oxuya-oxuya uçan durnalara xitabən yazdığı mürəbbeatı möhtərəm "Rəhbər"in səhifələrinə təqdim etməklə belə məlum edirəm ki, bu əsərlər nə Adolf Berjenin Leypsiqdə çap olunan məcmuəsinə və nə də Yusif Qarabağinin kitabçasına daxil olmayıb, nüdrətən tapılan əsərlərdir.MOLLA VƏLİ VİDADİ
Gürcü şairi Akaki Sereteli yubileyinə dairNecə ki, ötən məqaləmizdə söz vermişdik, Akaki Sereteli cənablarının müxtəsər tərcümeyi-halını yazıb, əsərlərindən bəzi məlumat verməyə iqdam edirik.Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər.
Poems by other poets
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
MollalarBilmirəm nə istəyir bizdən ruhani mollalar,Miras paltarları geyib, artırır şanı mollalar,
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram