Page 1 of 2

Şəki şairlərindən Mirzə Fətəli Axundovun və qarabağlı Qasım bəy Zakirin müasiri olan Molla Qasım fəqir və biçiz bir molla imiş ki, öz vaxtında Nuxa şairlərinin ustadı hesab olunurmuş. Molla Qasımın atası dəxi molla imiş ki, ismi Molla Muraddır.

Molla Qasım Nuxa şəhərində Yuxarıbaş məhəllədə sükunət edərmiş. Tarixi-təvəllüdü məlum deyil. Təlim və tərbiyəsi Nuxada atası Molla Muradın təhti-nəzarətində olubdur.

Təbi-səlim sahibi olduğu üçün hər qisim əşarü asar vücuda gətirmişdi. Şüğlü sənəti məktəbdarlıq, mollalıq olubdur və lakin ol vaxtı mollalıqdan artıq bir mənfəət hasil olmadığı üçün kəsbi-məaş yolunda başqa işlərlə dəxi — kümdarlıq kimi --məşğul olarmış. Məşhur qövlə görə, şairin dilində dügün, rəkakət var imiş. Çox vaxtı danışıq zamanında və acığı tutanda dili tutularmış. Amma şer söyləyəndə rəkakətdən bir əsər görünməzmiş. Şeri çox rəvan oxurmuş. Nuxalı Molla Qasım Zakir qarabağlı Qasım bəy Zakir ilə həməsr imişlərsə də, bir-birini tanımazlarmış. Təəccüb burasıdır ki, hər iki şairii isimləri "Qasım", təxəllüsləri "Zakir" olubdur. Hər ikisinin təbləri mövzun və zərif olduğu üçün əksər ittifaqlarda birisinin kəlamını qeyrisinə nisbət edərlərmiş və halan ki, ərbabi-fəsahət hər birinə nəzər yetirdikdə təfavütünü görüb təşxis və təmyiz edər.

Molla Qasım təxminən altmış beş və ya yetmiş sənə bundan müqəddəm qırx beş sinnində vəfat etmişdir. Belə rəvayət olunur ki, Şirvan mahalında Molla Zakiri şairə bir qız şer meydanında məğlub edibdir və şair bundan ziyadə mütəəssir olaraq zəhərlənib orada dəfn olunubdur. Bu rəvayətin doğruluğuna şübhə var. Əgər filhəqiqə Şirvan vilayətində belə bir şairə və Molla Zakir kimi müqtədir əhli-kəlama faiq gələn qız olmuş olsaydı, hərgiz binişan qalmazdı, namü şöhrəti dillərdə söylənərdi və şerlərindən bir əsər qalardı.

Molla Qasım Zakirin əsərləri çox isə də, dağınıq və pərişan haldadır. Onlardan bir parası cənab müfti Hüseyn əfəndi Qaibovun "Məcmuə"sində tapıldı və bir neçəsi pərişan övraqda göründü. Nümunə olaraq bəziləri burada dərc olunur.

Qəzəli-Molla Zakir:

Əsiri-baği-hüsnün mən tək olsa bülbüli-şeyda,
Oxur kuyində zövq ilə "fəsübhanəl-ləzi əsra".

İki məstanəvü məxmur çeşmin fikr edən tərsa
Unutmaz, dildə zikr eylər ki, amənna və səddəqna.

Əsasi-eşqi qurdun, keç fənadən, tut rəhi-üqba,
İçarət eyləmə kərkəs kimi dünyavü mafiha.

O tari-kakilin feyzin alıbdır gərdəni-mina,
Onunçün qarə keymiş ruzigarın ol şəbi-yelda.

Əgər ol mahrudən zərrə, Zakir, görməsəm beyza,
Axar seylabi-əşkim, çeşmeyi-qəmdən olur dərya,

Bu qəzəldən maəda Zakiri-Nuxəvinin iki natamam qəzəlləri xoşməzmun kəlamlar cümləsindən olduğu üçün aşağıda zikr olunur. Bu natamam qəzəllər müfti əfəndinin "Məcmuə"sindən götürülübdür.

Birinci qəzəl:

Könül əhli-cahan içrə olub bir şux dustağı,
O şuxun şux rəftarı çəkibdir sinəmə dağı.

Edibdir gözlərim yaşı binayi-ömrümü viran,
Mənim viran olan könlüm olubdur bayqu yığnağı.

Ləbi-ləli-şəkərbarı lətafətdə, təkəllümdə,
Sanasan bağ ara titrər səbadən lalə yaprağı.

Nə hacət badəvü sağər, dağıtdın Huşumu sərdən,
Məni məstü xərab etmiş o şuxun əyri baxmağı,

İkinci qəzəl:

Mey nəşəsi gətirdi məni xüm ayağına,
Mən oldu rəhnüma yenə kövsər qırağına.

Bir büt xəyalü mehrimizi aldı aqibət,
Sənan kimi buraxdı bizi tərsa dağına.

Ləli-ləbin güzarına düşmüş həcər yolu,
Ya hindlər düzülmüş o Zəmzəm qırağına?

Şol türrələr ki, tərfi-bənaguşu bəkləyib,
Өmrüm quşudu yoxsa qonub gül budağına?

Eşqin əlacı olmaz, əgər gəlsə yüz təbib,
Ta həsrət içə dəyməyə ləb yar dodağına,

Əyzən kəlami-Molla Qasım:

Göz qaldı yolunda, namdarım,
Səbr etməyə olmadı qərarım;

Qurbanın olum, təğafül etmə,
Sənsiz mənim olmaz ixtiyarım.

Ey gənci-məlahətin ziyasi,
Sərmayeyi-dürri-şahvarım,

Gün kimi cəmalının yanında
Bir zərrəcə yoxdur etibarım.

Cəllad baxışlı, ahu gözlü,
Ey kakili-zülfi-şəkkbarım,

Yoxdur mənə sənsiz, ey yeganə,
Hicran günü yari-qəmküsarım.

Mən Zakiri-bəndeyi-qulaməm,
Sən xosrovi-eşq, tacidarım!

Müxəmməsi-Zakir:

Ağa, bu gülşəni-aləmdə bəndə xar qalsınmı?
Deyim dərgahına bir ərzi-halım var, qalsınmı?
Yazıb hali-dili şərh eyləyim təkrar qalsınmı?
Өzün insaf elə, könlümdə atəş bar qalsınmı?
Sənin tək mərd ağası olan naçar qalsınmı?

Sənin qurbanın ollam kim, neçün müşkülgüşasən sən!
Həqiqət dərdməndə görməyən möhnət rəva sənsən!
Şikəstəbəstələr xatirlərinə mumiyasən sən!
Təmamən əhli-dərdin dərdinə fikri-dəvasən sən!
Rəvadır bəstəri-zillətdə dil bimar qalsınmı?

Dedin məddahi-nakəs olma, əşarə qələm çəkmə!
Cəfa vermə dili-əfkarına, çövrü sitəm çəkmə!
Bu dövrani-fənadən zərrəcə ahü ələm çəkmə!
Buyurmuşdun səni bərdaşt qıllam, hiç qəm çəkmə!
Çəkir həsrət könül, bəs didə giryan, zar qalsınmı?

Sənə canım fəda olsun ki, sən ərbabi-şövkətsən,
Hüzuri-vacibül-ərzim, neçün miri-vilayətsən,
Kərəm kanı, ədalət mədəni, bəhri-səxavətsən,
Çiraği-mərifət, həm pərtövi-xurşidi-himmətsən,
Könül ayinəsi, ey sahiba, bəs tar qalsınmı?

Keçər hər kimsənin rəyincə, bir növi mədarı var,
Bu gülzari-fənadə könlümün çox ahü zarı var,
Rəvadırmı sənin tək dadrəs kim, tacdarı var,
Təmamən əhli-şəhrin hər birinin kəsbü karı var,
Gəzib sərgəştə Zakir hər tərəf, bikar qalsınmı?

Bu müxəmməs mərhum Molla Zakirin öz dəstxəttilə göy və qalın kağız üstündə nəstəliq şivəsilə yazılmış bir əsərdir. Bu nadir nüsxəni cənab Rəşid bəy Əfəndizadə Nuxada tapıb, lütf üzü ilə bizə ianə etmişdir. Əgərçi məzkur vərəqparədə yazılmış xətt açıq oxunur və lakin Molla Zakir hürufi-müqətəə cümləsindən olan ">" "Y" "Y" hərflərini bir sayaq üzrə — yəni cümləsini "Y" hərfi k imi yazdığından və "nuni-səğir"in (Y) qabağına nöqtəli "nun" (y) izafə etməklə əvvəl dəfə yazı bir az çətinlik ilə oxunur.

Bu müxəmməsdən Molla Qasım Zakir fəqir, möhtac və kəmbəzaət bir şəxs olduğu anlaşılır. Şair öz müasiri Şəki ağalarından miri-vilayət və sahibi-dövlət və hökumət olan bir vücuda kəmali-əczü inkisar ilə rücu edib, ondan bir mənsəb və qulluq istəyir. Şairin kəlamından məlum olur ki, məzkur ağa əhli-mürüvvət və sahibi-mərifət bir şəxs imiş ki, məlcəi-füqəra və mərcui-züəfa hesab olunurmuş. Necə ki, şair onu bu ibarələr ilə vəsf qılır: "kərəm kanı", "ədalət mədəni", "səxavət bəhri", "mərifət çirağı" və "himmət şəmsinin pərtövü".

Müxəmməsin axırında şair öz dəstxəttilə bu sözləri də qeyd edibdir: "Çün vacib idi, hüzura ərzü təqrirü bəyan eylədik, sahib ixtiyarsız".

Bu ağa, yəqin ki, Fətəli xanın oğlu mərhum Kərim ağa Fateh imiş ki, sahibi-mərifət və səxavət bir zat olduğu dillərdə söylənərmiş. Onun tərcümeyi-halı babında gələcəkdə məlumat veriləcəkdir.

Müxəmməsi-müstəzadi-Molla Zakir:

Səd bar şükr dideyi-xummarını gördüm,

Ey ruhi-mücəssəm!
Badami-siyəh, nərgisi-məstanını gördüm,

Qəm çəkmərəm ölsəm.
Ey sərvi-qəbapuş ki, rəftarını gördüm,

Oldusa qədim xəm.
Өmrüm başa yetdi güli-ruxsarını gördüm,

Vəslin mənə mübhəm.
Sabit olan ancaq sənin iqrarını gördüm,

Ey şahi-müəzzəm.

Nadir olu bir sən kimi sərdari-fərəhnak,

Ey bəxqi-hümayun!
Haşa ki, sənin tək ola bir sahibi-idrak,

Hikmətdə Fəlatun.
Çün kakilin etdi neçə Harutu xətərnak,

Olmaz belə məftun.
Zülfi-siyəhindir səbəbi-qatili-Zöhhak,

Kar eyləməz əfsun.
Kisu demək olmaz, iki şahmarını gördüm,

Gənc üstünə məhrəm.

Vazeh görünür feli-ləbindən sənin, ey ruh.

Ecazi-Məsiha.
Gər qılsa təəmmül səni girdaba düşər Nuh,

Ey gövhəri-yekta!
Haşa ki, cəmalın tək ola lamei-məftuh,

Mehrü məhi-dünya.
Müşki-Xütən ahulərini eylədi məcruh

Nəzzareyi-ziba.
Qəmzən həşəmi navəki-mücganını gördüm,

Dil oldu müsəmməm.

Eşq atəşinə yanmağa mərdanəlik istər

Həmtayi-səməndər.
Şəmi-ruxi-cansuz ola, pərvanəlik istər,

Ey nuri-müsəvvər.
Məşuqə məgər aşiqə biganəlik istər,

Ey şahi-sitəmgər?
Gördüm səni, könlüm rəhi-bütxanəlik istər,

İnsaf elə, kafər!
Sənan sifət ol həlqeyi-zünnarını gördüm,

İman evi bərhəm.

Qurtar məni-biçarəni bu hicrü bəladən,

Bəsdir bu mətalib.
Əl çək, dolanım başına, bu cövrü cəfadən,

Axır nə münasib?
Billah, sənə ustad deyirlər bu ədadən,

Hər nakəsə raqib,
Gündə neçə yüz laf uran mehrü vəfadən

İqrarına kazib.
Zakir, dediyin əhli-vəfa yarını gördüm
Əğyar ilə həmdəm.

Müxəmməsi-Molla Zakir:

Ey gül, bu lətafətdə sənə yoxdu qərinə,
Mücdə veri Yusif bəsi hüsnün xəbərinə,
Eşqin neçə üşşaqi salır bəhri-dərinə,
Çatmaz ləbinin Xızrü Məsiha əsarinə,
Qəvvas ola gər məxzəni-dərya göhərinə.

Ey şahi-məlahət, bu rəviş var ola səndə,
Bülbül oxuyur vəsfini gülzari-çəməndə,
Qəmzən oxu yüz qan elədi mülki-Xütəndə,
Xalın həbəş ahulərini saldı kəməndə,
Zülfi-siyəhin verdi nəsəq Çin şəhərinə.

Nə həddi var Əflatun edə lafi-kəmalın,
İskəndəri zülmatə salır şəhdi-zülalın,
İman evinin payəsidir nöqteyi-xalın,
Faiq gəlü bir zərrə sənin nuri-cəmalın,
Çərxi-fələyin pərtövi-mehrü qəmərinə.

Eşqin ələmi saldı mənim canıma əxgər,
Ey bürci-səadətdə gəzən nuri-müsəvvər,
Ey qaməti tənnaz olan rövnəqi-məhşər,
Xaki-qədəmin feyzi əgər olsa müyəssər,
Kafərdi o kəs üz çevirə xüldi-bərinə.

Qorxum budu zəngari-xətin üz verə nagah,
Axşama dönə ruzi-ümidim mənim, ey mah,
Tən bəndə duasını qəbul eyləsə hərgah,
Əhdim budu, ey şux, cəfa yetməsin əsla
Əğyar əli ol daməni-vəslin kəmərinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İbrahim İbn Əliyyün-Nəccar Xaqani

Şirvan vilayətinin xaki-pakı pərvəriş verib yetirdiyi şüərayi-üzamdan ən məşhuru və müqtədiri İbrahim ibn Əlliyün-nəccar həkim Xaqanidir. Xaqaninin əvvəlcə təxəllüsü "Həqayiqi" imiş, amma sonra Xaqani-kəbirdən "Xaqani" ləqəbini götürmüşdür. Xaqani Azərbaycan torpağında ərseyi-dünyaya gəldiyinə görə, ol cənabı biz öz şüəramız silkinə daxil elədik. Həkim Xaqani, qövli-məşhura görə, Şirvan şahlarından Şah Sultan Xəlil Xaqanın əsrində zindəganlıq edirmiş. "Atəşkədeyi-Azəri"də dəxi həkim Xaqani İbrahim ibn Əliyyün-nəccar Şirvan şahlarından Xaqani-kəbirin və Alp Arslan Səlcuqinin müasiri olmağına şəhadət verilibdir.Xaqaninin əsli Şamaxının yaxınlığında Məlhəm adlı qəryədəndir ki, bu halda dəxi haman kənd durur və əhalisi türk ilə qarışıq fars dilində danışırlar. Xaqaninin əsli Şirvandan olmağına bu şeri dəxi dəlalət edir:

192524 min
Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs

Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:

192521 min
Molla Pənah "Vaqif" təxəllüsləri

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

192548 min
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 min

Poems by other poets