Qazax şairi Kazım ağa Salik təxəllüsün barəsində bir para məlumat
"İrşad"ın 17-ci nömrəsində dərc olunmuş müxəmməsin sahibi Salik təxəllüslü şairin naxçıvanlı olmağını idarə xəbər verib rəfi-iştibah etmişdir. Əgər idarə tərəfindən bu xəbər verilməsəydi, yenə də həmin kəlamı keçmiş əsrin şüərasına nisbət etmək olmazdı. Çünki şerin məal və məzmunundan və şairin şivəyi-lisanından aşkara görünür ki, bu nalə və fəqanlar indiki fəna halımız və pərişan övza və əhvalımız üçün edilən növhə və nəvalardır ki, şair suzişli dil ilə onları izhar edir.
Salik Naxçıvaninin bu əsəri keçmiş şüəranın kəlamına əsla bənzəmir. Keçmişdəki şairlərimizin istilahında vətən, millət, hürriyyət, qeyrət, elm və mərifət misilli sözlər, demək olar ki, yox idi. Əgər nüdrətən bu kəlmələrdən birisi istemal olunsa idi, o da özgə mənaya işlənirdi. Keçmiş vaxtın işi və halı bir özgə, indiki zəmanənin təqazası bir başqa.... Hər nə isə keçək mətləbə. Naxçıvanlı Razizadə Salik ilə Şıxlı Kazım ağa Saliki bir-biri ilə qarışdırmaq cayiz deyil.
"İrşad"ın 22-ci nömrəsində Qazaxdan cənab A.Ğ. imzasında bir şəxs Kazım ağanın barəsində bir neçə məlumat vermişdir və lakin onlar haqq və doğruya müvafiq olmadığından məzkur Kazım ağanın haqqında bir neçə söz danışmağı lazım gördük.
Kazım ağa Salik, doğrudur, Qazax mahalında Şıxlı qəryəsində təvəllüd edibdir. Təvəllüdü ittifaq düşübdür hicrətin 1195-ci sənəsində. Vəli onun əsil və nəsəbi Şəmkirdəndir ki, indi Şamxor deyilir; anası dilbazlardandır. Salikin babalarına Şeyxzadə deyirlərmiş ki, sabiqdə qazaxlı qəryəsində sakin olarlarmış. Sonradan Kazım ağanın babalarından birisi Kür çayının yaxasında Şıxlı qəryəsini binə etdiribdir və şair orada vücuda gəlibdir. Bu halda da Şıxlinskilərin bir parası Qazaxlıda və bir parası Şıxlı qəryəsində sakindirlər. Öz əsil-nəsəbi barəsində şair Tubu adında bir sevgilisinin mədhində yazdığı şerdə deyibdir:
Adım Kazım, vəli Salik ləqəb, şeridə məşhuram
Ki, əvtanım kənari-Kür, şikargahım Qarayazi.
Binayi-bixi-nəxl əslimiz Şəmkiridir, amma
Vəli tifli-vücudumdur məkidə şiri-Dilbazi.
Şeyxizadə deyərlər bizlərə, gəlmiş Qazaxlıdan,
Şıxılı qəryəmizdir, həm bizik ol qəryə ezazi....
ilaxir.
Cənab A.Ğ. yazır ki, Kazım ağa iyirmi beş il bundan irəli vəfat edibdir. Belə deyil: Kazım ağa vəfat edibdir hicrətin 1258-ci tarixində. Qəməri hesabı ilə onun vəfatından altmış yeddi ildən dəxi bir az artıq keçir. Mərhumun tarixi-vəfatı öz qəbrdaşı üstə yazılıbdır. Məlum ola ki, Kazım ağa Qarabağ şairləri Valehin və Mədədov Mirzəcanın və qubalı Abbasqulu ağa Bakıxanovun müasiri olubdur. Mirzəcana yazdığı bir şerində onu tərif edib deyir:
Sənsən cahanda fikri-bikrlə misli-Məryəm,
Nola çıxarsa şerin İsatək asimanə.
Bu şairlər isə 70-80 sənə bundan irəli vəfat edib dünyadan gediblər.
Və bir də cənab A.Ğ. yazır ki, Salik oğlunun bədəxlaq olmasını bilib, bir uzun şer yazır və axırında belə deyir:
Saliki dünyadan kəm etmə tarı,
Söylənsin məclisdə şirin göftarı,
Bir zaman tapılmaz nəzmi-əşarı,
Deyərlər dünyadan Kazım gedibdir.
Bu şerlərdə Kazım ağanın oğlunun pisliyinə və bəd övlad olmağına bir işarə yoxdur və bunların o mətləbə əsla dəxli yoxdur. Bu şer çox uzun deyil. Bu barədə A.Ğ. səhv ediblər. O şer qafiyələrdən ibarətdir ki, şairin eyş və səfası, dərd və ələmə təbdil olmağı babında deyibdir:
Mən Tubiyəm, dövran mənə zülm etmiş,
İşvəm əksilibdir, nazım gedibdir.
Dəxi məndən kimsə şadlıq ummasın,
Gördüyün söhbətim, sazım gedibdir.
Əlimdə dairə dövran elərdim,
Çoxları özümə heyran elərdim,
Hərdəm gəştə çıxıb seyran elərdim,
Qışım qayıdıbdır, yazım gedibdir.
Gündən-günə artar nə ah-zarım,
Gülməz üzüm, heç açılmaz üzarım,
Necə əksilməsin meyli-şikarım,
Əlimdən tuyğunum, bazım gedibdir.
Baş götürüb burdan qaça bilmənəm,
Etdiyim iqrardan keçə bilmənəm,
Dərd budur ki, dərdim aça bilmənəm,
Yar ilə bir gizli razım gedibdir.
Saliki dünyadan kəm etmə tarı,
Söylənsin məclisdə şirin göftarı,
Bir zaman tapılmaz nəzmi-əşarı,
Deyərlər dünyadan Kazım gedibdir.
Kazım ağa öz əsrinin qabil, xoştəb və şirinkəlam şairlərindən birisi olmağı əşarından anlaşılır. Əhibbalarından knyaz Plendova ki, o vaxtı Qazax mahalının hakimi imiş, yazdığı bir kəlamında bəzi şairləri belə tərif və tövsif qılıbdır:
Sənə daim işim xeyr-duadır,
Əgərçi saxlayan xalqı xudadır,
Dəmadəm bülbüli-təbim sədası,
Səhərgahan sənə mədhü sənadır.
Oxu şerimi, ey məhrumzadə,
Bilirsən ancaq ixlasım sanadır,
Xudavəndə, Plendovun nicatın
Füzun et kim, mənim dəstim onadır.
Ədalət, həm hidayət ver ona, çün
Ki, məlcəyi-məsakinü gədadır,
Qamu aləm bulub ondan məramın,
Nə tənha şəfqəti ancaq manadır.
Kəmalü rifəti-Şirvan məlum,
Maarif mədəni xaki-Qubadır.
Neçə əhli-bəlağət var onda:
Biri Ağabəy və Mirzəbabadır.
Biri Qüdsi ləğəb Abbasqulu bəy,
Diyari-nəzmi-şerə padşadır.
Qazax içrə olub şairlər, amma
Əsami onların biintəhadır:
Biri Vaqif ki, məşhuri-xəlayiq,
Gözəl mədhində məlumi-şümadır.
Biri Xəstə Vidadi təbi mövzun
Ki, bəhri-nəzmi-şeri cabəcadır.
İlahi, ol iki məğmum pirin,
Günahı dərdinə səndən dəvadır.
Biri Şair ləqəb məzlum şair,
Xədimi-padşahi-Kərbəladır.
Biri Arif, ona cövr etdi dövran
Ki, qürbətdə şəhidi-mübtəladır.
Xudavəndə qulundur Əbdürəhman,
Tərəhhüm qıl biri çün Mustafadır.
Mahali-Borçalıdan şair olmaz,
Çıxan bir Şəmsəddinlidən Cəladır.
Bunun tək Qələlidən gəldi Rizvan,
Kəlami-nüsxəsi behcətnümadır.
Biri Sadiq, biri Kazım, xülasə,
Oların ismi ismi-övliyadır....
Əbubəkrü Ömər, Osmani-came
Dəxi püşt-pənahım Mürtəzadır.
Kazım ağanın bu kəlamı ən gözəl kəlamlarından birisidir. Məzmunca dəxi bunun qeyrilərə tərcihi budur ki, şair o əsrin şüəra və üdəbasını müşfiqanə və kəmali-ehtiram ilə yad edib, hər birisini öz təb və əxlaqına məxsus sifətlər ilə zikr qılıbdır. Məsələn, Abbasquluağa Bakıxanov Qüdsi təxəllüsü diyari-nəzmi-şerə padşah təyin edir. Təəccübdür ki, Kazım ağa öz müasiri Qasımbəy Zakiri yad etməyibdir və Qarabağ şüərasından bir söz yazmayıbdır. Yəqinən Salikin Qasımbəy ilə aşnalığı yox imiş və ələlcümlə Azərbaycan şüərasından onun şan və dərəcəsini uca tutarmış.
Kəlamın axırında nə olubsa Kazım ağa təvsani-təbinin başından cilovu çıxarıb bir neçə namünasib sözlər deyibdir ki, buraya sığınacağı yoxdur. Şair özü də dediyi sözlərdən peşiman olub deyir:
Gəl əl çək, Salik, hərcayi sazdən,
Deyirlər ki, sənə bin-bihəyadır.
Sənə layiq deyil hərcayi sözlər,
Sənin təbin ki, bundan masəvadır.
Qəzəl söylə ki, olsun yadigarın,
Qəzəl şərh et ki, bu dünya fənadır.
Bundan səva Salik hər qisim kəlamı vardır ki, cümləsi təbii hissiyyatdan doğub zühura gələn kəlamlardır ki, onlardan öz vətənimizin, lisanımızın və millətimizin gözəl və can bəsləyən rayihəsi hiss olunur. Salikin mürəbbeatı lətafət və sadəlikdə Vaqifin, Vidadinin və Zakirin qafiyələrindən əksik deyil. Gözəl mədhində olan bir qafiyəsini bu sayaq başlayır:
Ey şahin cilvəlim, şünqar şivəlim,
Durnatək tellərin cığalanıbdır.
Xəstə könlüm onu görəndən bəri
Çıxıb asimana, havalanıbdır.
Bu mürəbbeatın axır bəndini bu sayaq qurtarır:
Məclislər zivəri gördüyün Salik,
Xaqani, Ənvəri gördüyün Salik,
Şairlər sərvəri gördüyün Salik,
Gəl gör sənsiz necə gədalanıbdır.
Özgə bir mürəbbeatında sevgilisi Tubuya xitabən yazıbdır:
Ey Tubu! Baxışın yaxdı aləmi,
Xumar gözün yenə qiyamət eylər
Kəbəyi-kuyini görən kimsənə,
Haşa ki, qibləyə ziyarət eylər.
Qırqı başlı, tuyğun, tərlan cilvəli,
Görməmişəm sən tək nazü qəmzəli,
Sərasər yaxası qızıl düyməli,
Baxdıqca özünə fəxarət eylər.
Zahid baxsa zülfi-pərişanına,
Tərk edər məscidi, gələr yanına,
Sidqi-dildən canın qatar canına,
Huri və qılmana məlamət eylər.
Hər kimsə ki, sənə baxırsa gendən,
Bil ki, öyrənibdir o halı məndən.
Özgə təvəqqeim yox əsla səndən,
Xəstə Salik sənə zərafət eylər.
Bu qafiyələrdə şair bəzi istiarat və gözəl təşbihat ilə ki, ancaq türk dilinə məxsusdur, öz istəklisi Tubiyi-dilfiribi belə vəsf edir: "ğırğı başlı", "tuyğun, tərlan cilvəli", "şünqar şivəli", "durna telli", "nazü qəmzəli", "sərasər yaxası qızıl düyməli"....
Bu sifətlər ilə vəsf və tərif olunan gözəl, əlbəttə, "baxdıqca özünə fəxarət eylər". Axiri-kəlamda şair ona deyir ki, sözlərimdən incimə, özgə təvəqqe və iltimasım yoxdur, səninlə xəstə Salik ancaq zarafat elər.
Kazım ağanın qardaşı və bir rəvayətə görə əmizadəsi Mustafa ağa Arif Rusiyada zəval təriqi ilə məhbus olan vaxtı ona yazmışdır:
Agah et, ey bad, məndən ol vəfalı həmdəmi,
Söylə, gəl gör əşkidən ruyimdə bəhri-əzəmi,
Çarə qıl kim, qərqi-ab etmiş məni çeşmim nəmi,
Vaxtdır, ey Nuhi-dövran, gəl ki, gəlmişdir dəmi,
Yoxsa bu tufana sənsiz çarəsaz olmaz gəmi!
Aləmi təsxirə salmış fitnəvü ali-fələk,
Aləmə məlumdur kim, boylədir hali-fələk,
Aqilü nadan olubdur cümlə pamali-fələk,
Sərv-qədlər qəddimi əymişdir ol zal fələk.
Gör necə zal fələk təsxirə salmış aləmi!
Düşmənidir bu zamanda hər kişi öz canının,
Fərqi yoxdur bir-birindən aqilü nadanının,
Vay, yüz min vay əlindən ədlsiz dövranının,
Dərd üçün heç bir təbibin sudu yox dərmanının,
Bu zəmanə zəxminin yox bir müvafiq mərhəmi.
Demə bu zəxmin, təbiba, bunda yoxdur çarəsi,
Mərhəmi-vüslət dilər bu tiği-hicran yarəsi,
Qərqi-xun eylər cahanı çeşmimin fəvvarəsi,
Olmuşam dəşti-fənada Arifin avarəsi,
Gəl ki, pamal eyləmişdir Saliki hicran qəmi.
Mərhum Mustafa ağaya vətəninə müraciət etmək nəsib olmadı və həsrət çəkə-çəkə qürbətdə, bəzi rəvayətə görə Kazan şəhərində vəfat etmişdir. O, mərhumi-sitəmzədə və dilazürdənin Rusiyadan dost və yarananə nəzm ilə yazdığı məktublar indi də oxuyanlara təsir edib, onların gözlərindən bilaixtiyar yaş tökdürür. O ürəkyandırıcı şerlərdən məlum olur ki, Mustafa ağa Arif qürbətdə çox zillət və əziyyət ilə dolanırmış. Odur ki, Salik şüəraları zikr etdikdə onun barəsində deyibdir:
Biri Arif, ona cövr etdi dövran
Ki, qürbətdə şəhidi-mübtəladır.
Hicrətin 1246-cı sənəsində İrana və Qafqazın qeyri yerlərinə vəba naxoşluğu düşmək babində Salikin yazdığı məxəmməs o vaxtın adamlarının əhval və əxlaqını bəyan edir. Onun bir neçə bəndini burada zikr etməyi lazım gördük. Çünki, şairin əqidəsincə, bu dəhşətli mərəzin vüquinə səbəb o əsrin adamlarının haqq yolundan çıxıb, küfr və zəlalətə düşməkləri olubdur ki, qəzəbi-ilahiyə giriftar olublar.
Bu zəmanə bəyləri çün zülmə nail oldular,
Həm qənilər qapısından məni-sail oldular,
Oldular əşrarə bais, xeyrə hail oldular,
Yıxdılar iman evin həm, əqli-zail oldular,
Aldılar verdikləri əşyalar üstündən riba.
İçdilər andü qəsəm hər ləhzədə məhz druğ,
Verdilər hər bəzmdə şəmi-druğə min füruğ,
Satdılar qatıq yerinə dik içində avduğ,
Etdilər gərdənkəşanlıq misli Övc ibni-Ünuq.
Padişahlıq iddia etdi dəxi hər bir gəda.
Üləma qəlbini etmiş nəfsi-əmmarə xərab,
Mədrəsə içrə tədərrüs eyləmiş tərki-kitab,
Az qalıbdır parsalar eyləyə meyli-şərab,
Zahidü şeyxin duası hərgiz olmaz müstəcab,
Müxtəsər bu ki, düşübdür hər icabətdən dua....
ilaxir.
Salikin burada zikr olunan əşar və kəlamından səva öz əsrinin əvza və əhvalına dair çox gözəl əsərləri vardır ki, tamamisini ruznamə sütunlarında yazmaq qeyri-mümkündür. O halda Azərbaycan türklərinin ədəbiyyatı barəsində yazdığımız kitabda Salikin haqqında lazım olan qədər məlumat veriləcəkdir.
Burada möhtərəm "İrşad"ın vasitəsi ilə münasib məqal bilib, təzə zühur edən ədib və şairlərimizdən təvəqqe edirik ki, öz tərcümeyi-hallarını müxtəsər vəch ilə olsa da nümunəyi-əşarları ilə lütf edib bizə göndərsinlər. Kəmali-məmnuniyyətlə qəbul edib məcmuəmizi müzəyyən qılarıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-qazax-sairi-kazim-aga-salik-texellusun-baresinde-bir-para
Use ← → keys to move, R for a random poem
More by this author
Aşıq Əlinin bir neçə kəlamından--ki, Mirzə Yusif Qarabağinin tərtib etdiyi məcmuədə dərc olunmuşdur,--belə məlum olur ki, onun çəndan elm və savadı yox imiş və ona şair deyilməyib aşıq deyilməyi bu qövlümüzə şahiddir. Aşıq Əli Molla Pənah Vaqifin müasiri olduğu Vaqifin mədhində yazdığı kəlamdan anlaşıldı.Mürəbbeatlarının bəzində lətafət var isə də, qüsur və rəkakətindən xali deyil. Məsələn, mürəbbeatından birisini bu sayaq başlayır:
Aşıq LənbəraniBəzi rəvayətə görə, Asəf Şirvaninin müasiri olaraq "Asəf" təxəllüsü digər bir şair dəxi var imiş ki, əslən Qarabağ mahalında Lənbəran qəryəsindən imiş. Bu şairin ismü nəsəbi bir kəsə məlum deyil. Əgərçi filhəqiqə qarabağlı olsaydı, salxürdə şüəra və ədiblərimiz — ki, əlan hali-həyat üzrə baqidirlər,--onun barəsində az-çox məlumat verə bilərdilər. Vəli bir kəsdən səhih bir xəbər eşitmədik. Hər halda atidə dərc olunan qəzəli lənbəranlı Asəfə isnad verirlər:Cismindimi, bilməm, görünür pirəhən içrə,
Aşıq PəriAşıq Pəri öz müasirləri beynində ən istəkli, əzizə və möhtərəmə bir övrət imiş. Onun vətəni-əslisi Qarabağ xanlığına mütəəlliq Cəbrayıl uyezdində Dızaq mahalında Maralyan qəryəsidir. Zəmani-təvəllüdü və tarixi-vəfatı məlum deyil. Mirzə Həsənin, Kərbəlayı Abdulla Canızadənin, Mirzəcan bəyin, Məhəmməd bəy "Aşiq" təxəllüsün, Cəfərqulu xan "Nəva" təxəllüsün müasiri imiş. İbtidayi-təlimini öz qəryəsində alıbdır və əyyami-tüfuliyyətdən şer və qəzəl söyləməyə meyli olduğundan, hənuz elm kəsb etməmiş sinədən şerlər deyərmiş.Zəmani ki, onun namü şöhrəti artıb hər yana dağılır, talibi-didarı çox olur. Aşıq Pəri Maralyandan köçüb Şuşa şəhərinə gəlir və burada onun hörməti və izzəti şüəra və əyani-dövlət arasında daha da çoxalır, hər bir əhli-təb onun şənində gözəl şerlər yazıb izhari-məhəbbət edərlərmiş; bir halda ki, şairə özü də əhli-hal, sahibcəmal, xoşməqal, işvəli bir nazənin imiş. Onun hüsni-cəmalını tərif edən şairlərdən birisi də Əsəd bəy Vəzirov imiş ki, haqqında bu şerləri yazmışdır:
Ağaməsih ŞirvaniAğaməsih Şirvani Mustafa xanın zəmani-hökumətinin ibtidasında Şirvanda olurmuş, özü də kamil bir vücud imiş; təbi-şeriyyəsi də var imiş. Ağaməsihin nəslindən indi də Şamaxıda vardırlar. Belə ki, möhtərəm ədibimiz Sultan Məcid Qənizadənin mərhum şair dördüncü babası hesab olunur.Ağaməsih Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin müasiri olduğuna görə, əşar və tərzi-kəlamı onlarınkına artıq dərəcədə bənzəyir. Məşhur qövlə görə, Ağaməsih hicrətin on üçüncü əsrinin ibtidasında İranda vəfat etmişdir. Mirzə Yusif Qarabağinin məcmuəsində Ağaməsih Şirvaninin kəlamından bir müxəmməs və bir müəşşər təb olunmuşdur və bunlardan əlavə Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov həzrətlərinin "Məcmuə"sində Ağaməsihin bəzi kəlamı yazılıbdır. Onlardan nümunə üçün bir neçəsi burada zikr olunur.
Poems by other poets
Nə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,