Page 4 of 5 · 60%

Sən, bu iş, hiyləylə düzələr, dedin,
Məni məzə kimi yemək istədin.
İstədin sərxoş tək salasan tora,
Gül kimi iyləyib atasan sonra.

deməklə kifayətlənməyərək, onun Məryəmi almasına işarə edir və məhəbbətinin saf olmasında onu taqsırlandırır:

Məndən və eşqimdən sən biniyazsan,
Mənimlə oynayan bir eşqibazsan...

deyir və bu zaman şirinin qəlbində məhəbbətlə ismət vuruşur. O yenə öz ləyaqətini uca tutaraq:

Öz qəmli evimə dönərəm həmən,
Göhər ismətimi qoruyaram mən...

sözlərilə Xosrovun məhəbbətini daha da alovlandırır.

Xosrovla Şirin arasındakı uzun deyişmələr böyük ehtiraslar mübarizəsinə çevrilir. Nizami, Şirinin saflığını və qürurunu tərənnüm etməklə kifayətlənməyərək, sonralar “İskəndərnamə”də özünə xas olan nəhəng bir qüdrətlə göstərdiyi Nüşabə surətində olduğu kimi, Şirini də mənəvi cəhətdən kişilərdən qətiyyən geri qalmayan, bəzən onlardan yüksəkdə duran bir insan kimi əks edir. Şirin böyük fikirlər yürütməyi bacaran, həssas və hazırcavab bir qadın kimi canlanır. O, yalnız məhəbbətdən deyil, hakimiyyət məsələlərindən də Xosrova dərs deməyi bacarır:

Yenə dəm vurursan şahlığından sən,
Zalimlik yolundan əl çəkməmisən!

deyir. Şirinin bunu deməyə haqqı vardır. Çünki o özü padşahlın edərkən məhz doğru yolla xalqı idarə etməyi bacarır:

“Padşahlıq Şirinə çatdıqdan sonra onun dövlətinin işığı yerdən göyə qədər hər yeri bürüdü. Onun ədalətli olması rəiyyəti sevindirdi. Şirin bütün zindandakı dustaqları azad etdi. Bütün məzlumları zülmdən qurtardı. Dünyada zülm əsasında qurulmuş qayda-qanunları aradan qaldırdı. Şəhər darvazalarında camaatdan alınan torpaqbasdı vergisini qadağan etdi. Əkinçiləri tövcidən azad etdi. Şəhərləri, kəndləri abadlaşdırdı”.

Lakin Xosrov belə deyildir. Şirin onu hakimiyyət başında da yarımçıq adam olduğunu görüb, hiss edir və bunu açıq surətdə Xosrova deməyi özünə borc bilir. O, sevdiyi adamı da özü kimi adil, xalqı sevən və bacarıqlı bir hökmdar görmək istəyir. Şirin Xosrovun səhvlərini ona başa salır, mütərəddid, əyyaş və pozğun Xosrov, nəhayət Şirinin təsirilə yenidən tərbiyə olunub dövlət işlərində bir sıra gözəl tədbirlər görməyə başlayır.

Burada Nizami poeziyası daha əlçatmaz bir yüksəkliyə qalxır və oxucuya elə gəlir ki, indiyə qədər onun insan haqqındakı təsəvvürü çox səthi və dayazmış, insanın təfəkkür istedadı haqqındakı anlayışı da çox məhdudmuş...

Beləliklə, Nizaminin dastanı zahiri cəhətdən maraqlı bir sərgüzəştin təsvirindən ibarət olaraq qalmır, uzun əsrlər boyu bəşəriyyətə öz fikirlərini və duyğularını tərbiyələndirməkdə kömək edən qüvvətli, poetik bir silaha çevrilir. Nizami sübut edir ki, böyük məhəbbət, heç bir vaxt şəxsi səadət çərçivəsində qalmır, xalq və ölkə məhəbbətinə çevrilir. Şirin, məhz belə bir məhəbbətin timsalıdır.

Lakin bu məhəbbət, eyni zamanda faciəlidir. “Xosrov və Şirin” dastanında yalnız Xosrov deyil, Şirin də məhv olur, özü də necə məhv olur! O, Şiruyənin qətlə yetirdiyi “Xosrovun döşünü açdı. Ciyərinin arasını öpdü və sonra öz sinəsinə də haman yerdən bir yara vurdu. Xosrovun bədənindəki yaranın yerini nəzərdə tutub xəncəri öz bədəninin haman yerinə sancdı. İsti qan ilə yatağı doldu. Şahın bədənindəki yaranı təzələdi. Sonra şahı qucağına alıb dodağını dodağına və sinəsini sinəsinə qoydu, uca səslə qışqırdı. Camaat onun səsinə gəlincə artıq can-cana, bədən-bədənə qovuşmuşdu. Bədən ayrılıqdan və can zülmdən qurtarmışdı”.

Belə ölümdə də bir əzəmət vardır. Dahi rus tənqidçisi Belinski Romeo və Cülyettanın məhəbbətindən bəhs edərkən haqlı olaraq yazır ki:

“Şairanə, ehtiraslı məhəbbət – bizim həyatımızın və gəncliyimizin çiçəyidir; bu məhəbbət az-az adamlarda olur və özü də həyatlarında yalnız bir dəfə olur. Doğrudur, bəziləri sonra da bir neçə dəfə sevirlər, lakin bu cür yox, çünki alman şairinin dediyi kimi, həyatın mayı yalnız bir dəfə çiçək açır. Şekspir, tragediyasının sonunda nahaq yerə Romeo və Yuliyanı ölməyə məcbur etmir: bunun nəticəsində onlar oxucuların xatirində məhəbbət qəhrəmanları kimi qalırlar; məhəbbət apafeozu olaraq qalırlar; əgər Şekspir onları diri saxlasaydı, onlar xoşbəxt ər-arvad olar, bir yerdə oturub əsnəyər və bəzən dalaşardılar, bunda isə heç bir şeriyyət yoxdur”.

Belinskinin bu fikri Nizaminin də məhəbbət dastanlarına asanlıqla tətbiq oluna bilər. Lakin Nizami əsərlərində istər Şirinin, istərsə də Məcnunun faciəli ölümü, yalnız əsərlərin bədii gözəlliyini hifz etmək üçün verilməmişdir. Nizami, bu dastanları ilə göstərmək istəmişdir ki, haqsızlıq və zülm əsasları üzərində qurulmuş bir cəmiyyət, böyük məhəbbəti yaşatmağa qadir deyildir. Çünki bu cəmiyyətdə insanlar “qəm alıb, canı satırlar”. Onlar hər addımda yalnız maddi sıxıntıya deyil. mənəvi əsarətə də məhkumdurlar.

Nizaminin qəhrəmanları ərəb və fars adlarını daşısalar da, ruh etibarilə Azərbaycan mühitinin adamlarıdır. Qeys də, Leyli də, Şirin də, Fərhad da intibah dövrünün başlandığı bir zamanda meydana çıxa bilərdilər. Buna görə də biz deyirik ki, onlar məhv olsalar da, böyük məhəbbətin qəhrəmanları kimi, gələcək nəsillərin oyanışına və intibahına az kömək etməmişlər və Nizaminin dövründəki qabaqcıl əhval-ruhiyyəni ifadə etməklə. Gəncliyin həyatında daima müsbət bir rol oynamışlar, onlarda mərdlik, sədaqət və qəhrəmanlıq duyğularının qüvvətlənməsinə səbəb olmuşlar. Onlar həqiqi gəncliyin yüksək timsalı kimi hər zaman oxucuların qəlbində yaşayacaqlar.

V

Nizami məhəbbət problemini “Leyli və Məcnun” əsərində daha yüksək və romantik bir səviyyəyə qaldırır. Bu dastanın yürütdüyü əsas ideyalardan biri azad sevgi ideyasıdır.

Məlum olduğu üzrə islam dini hər məsələdə olduğu kimi qadın məsələsində də köləlik prinsiplərini irəli sürdü. Nizami bəşəriyyəti despotizm zəncirlərilə bağlayan bu dinin amansızlığını görməyə bilməzdi. Böyük azadlıq xəyallarilə yaşayan bir sənətkar, islam dininin gətirdiyi rəzalətləri hamıdan çox hiss etməli, ona özünün açıq münasibətini bildirməli idi, Nizami, öz humanistik fəlsəfəsinin tələbi üzrə, yalnız insanın xoşbəxtliyinə səbəb olan, onun azadlığını təmin edən bir dinə tərəfdar ola bilərdi. Onun əsərlərindən aldığımız ümumi təəssürat belədir ki, hər yerdə ideal kimi yüksəltdiyi qəhrəmanlar çox hallarda islam dininin tələblərinə müğayir hərəkət edir.

Məcnun da belədir. O, despotik – feodal mühitin islam dininə əsaslanan adətlərini pozur və bir nəfərin qəbilə başçısına dediyi sözlərdən aydın olur ki, Məcnun:

Yaxşı şeir deyir, şeri gözəldir.
Dəqiqə başına qəzəl düzəldir.
Bizi də, səni də rüsvay edirlər.
Onun qəzəlləri oxunan yerdə
Yırtılıb açılır yüzlərcə pərdə.

O, atası tərəfindən Kəbəyə aparıldığı zamanda da bu cür hərəkət edir. Məlum olduğu üzrə Məcnunun atası oğlunu Kəbəyə aparırkən, onun Allaha yalvarmasını, qəmdən, qüssədən xilas olmaq üçün Allaha dua etməsini tapşırır. Məcnun isə atasından “eşq” sözünü eşidər-eşitməz, yalnız öz könlünün səsini dinləyir, yalnız öz qəlbinin hökmünə əməl edir:

İlan tək qıvrılıb sıçradı yerdən,
Kəbə halqasına əl atdı birdən.
Halqanı tutaraq dedi: ey Allah!
Mən də bir qapının halqasıyam, ah...
Eşqin halqasında inildəyir can,
Bir gün də düşməsin o qulağımdan!
Mənə deyirlər ki: “gəl eşqi burax”.
Bud ost məsləhəti deyildir ancaq.
Eşq ilə yaşayır aləmdə səsim,
Eşqsiz aləmdə batar nəfəsim.
Eşq ilə yoğrulmuş mənim xəmirəm,
Eşqdən başqa heç şey istəmirəm.
Eşqsiz bir ürək heçliyə varsın,
Onu qəm selləri yuyub aparsın.

“Leyli və Məcnun” yazılışından təxminən dörd yüz il sonra ölməz Şekspirin “Romeo və Cülyetta”sı yaranacaq və burada böyük məhəbbətin mücəssəməsi olan Romeo öz sevgilisinin “sən buraya nə üçün və necə gəldin?” sualına eşqin qüvvətini göstərən bu sözlərlə cavab verəcəkdir: “Məhəbbətim məni öz qanadları üzərində gətirdi”. Dünya ədəbiyyatının bu əbədi motivi, Nizamidə özünün dərin fəlsəfi ifadəsini tapmışdır. Hər cür ənənə və adət çərçivələrini dağıdan böyük insan sevgisini, Məcnunun həyatına hərəkət verən yeganə bir qüvvə kimi göstərən Nizami, istəsə də, istəməsə də, xalqa maddi və mənəvi əsarət gətirən islam dininə qarşı çıxır. Romeo iki nəsli bir-birindən ayıran qalın və hündür divarı eşqinin qanadları üzərində adlayırsa, Məcnun özünün ahı ilə torpağı, daşı dindirir, sinədən dediyi sözlərlə daş ürəkləri belə sızladır. O, Leylinin üstündə baş verən qəbilə vuruşmalarından belə ənənələri ayaqlayır, yenə böyük məhəbbətinin gücüylə iki düşmən ordunun arasında “barışıq deyə dua edir”.

Bir nəfər soruşdu: niyə ey cavan,
Çarx kimi döyüşdən kənara qaçırsan?
Biz sənin uğrunda can qoyuruq, bil,
Düşmənlə dostluğun heç insaf deyil!

Doğrudan da Məcnun, onun uğrunda vuruşub qan tökən cəngavərlərə kömək etmək əvəzinə, nə üçün onlara mane olur və Nizami burada nə demək istəyir?

Məhəbbət – Nizaminin fikrincə – insanlar arasındakı ədavətin yox olmasına kömək edən təmiz və saf bir hissdir. Daha doğrusu, bu ədavət böyük məhəbbətin önündə silahını yerə qoymalıdır! Məcnun qüdrətli şair və mütəfəkkir olmaqla bərabər, böyük də humanistdir. O, qan tökməyi rəva görməyir, qəbilələr arasındakı bu qanlı vuruşmaların mənasızlığını gözəlcə dərk edir. Bunu Məcnuna dərk etdirən yenə qeyri-adi, yeni çirkin məişət bataqlığından qoparılıb romantikləşdirilmiş yüksək məhəbbətdir. Məcnun da o biri adamlar kimi sadəcə evlənmək istəsəydi, qəzəl yazıb öz ülvi məhəbbətini tərənnüm etməsəydi və beləliklə Leyligilin qəbiləsini “rüsvay” etməsəydi, o, bu faciəli sərgüzəştə düçar olmazdı. Böyük şəxsiyyət, tragik insan, yalnız müəyyən bir ictimai sistemlə, illər və əsrlər boyu möhkəmlənmiş yaramaz adət və ənənələrlə barışmayan və bu dərin konfliktdə qəhrəmanlıqla məhv olan insandır. Məcnunu əhatə edən mühit, onu “dəli” adlandırır. Lakin o, dəlidirmi? Əlbəttə yox! Məcnun, mühitindəki adamların hamısından dərin düşünən, hamısından saf bir məhəbbətlə sevə bilən “ağlından başına bəla gələn” bir insandır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Rəqiblər

I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

196423 min
Yeraltı çaylar dənizə axır

Birinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:

4 min
Ağır xəbər

Mən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.

7 min
İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 min

Poems by other poets