Page 2 of 2 · 50%

Aydındır ki, bayatının tərənnüm etdiyi əhval-ruhiyyə, bayatının yaranmasına səbəb olan hadisənin mahiyyətindən və şairin şəxsi dünyagörüşündən asılıdır. Xüsusən, daha bariz ictimai motivlərə həsr olunmuş bayatıların yarandığı dövr, şairin həyata baxışını müəyyən etməkdə daha böyük rol oynayır:

Mən aşıq şəkər canım,
Hər dərdi çəkər canım,
Nə haqqım var, nə muzdum,
Bəylərə nökər canım.

Yaxud:

Əziziyəm ağa xan,
Ağa soltan, ağa xan,
Bu zülm ilə xan qalmaz,
Əgər göydən yağa xan.

Belə hallarda hər bir oxucu özü bayatının təxminən nə zaman və hansı cəmiyyətdə yarandığını asanlıqla ayırd edə bilər. Belə bayatılarda çox aydın boyalar işlənir. Bunlarda dərin ictimai ehtiras meyli vardır. Müəllif ani bir təəssüratdan artıq, uzun müddət möhkəmlənmiş bir cəmiyyətin həyatından doğan təəssüratı ifadə edir. Sevgi lirikasından fərqli olan bu bayatılar həqiqi siyasi lirikaya çevrilir. Müəllif ədalətsiz mühitə qarşı qəzəblənir, onun kin və nifrəti bəzən zərbülməsəllərimizin müdrik ifadə tərzi qədər kəskin bir forma alır; xüsusən, namərdlərə qarşı çevrilən bayatılarda bunu biz daha aydın görürük:

Əzizim kasa dolmaz,
Mərd əli kasad dolmaz.
Yüz namərdin çörəyin
Doğrasan, kasa dolmaz.

Bu misaldan göründüyü kimi müəllif kəskin mübaliğəyə əl atır, son dərəcə real təzad yaradır. Belə zəngin mündərəcəli bayatılarımız sayca çoxdur. Bunların ən birinci xüsusiyyəti zahiri-forma gözəlliyində deyil, fikir kəskinliyindədir. Bəzən bayatı ən adi bir məsləhət xarakteri daşıyır. Burada qəzəb və nifrət yox, yoldaş və ya dost qəlbinin çırpıntısı duyulur:

Mən aşıq qəlbi nara,
Ay doğar qəlbi nara,
Dil ilən dost olanın
İş ilən qəlbin ara.

Bəzən də müəllif özünə və özü kimilərə ürək-dirək verir:

Aşıq naçar ağlama,
Gündür, keçər, ağlama,
Qapını bağlayan fələk
Bir gün açar ağlama.

Bu kimi bayatıların tərənnüm etdiyi həyat eşqi həm məzmunca, həm də ifadə tərzi cəhətindən ağılara nisbətən qat-qat güclüdür; bu da, əlbəttə ki, səbəbsiz deyil. Ağılar keçici hallardan bəhs etdiyi halda, belə bayatılar əbədi insan arzularına, yaradan, quran, həyatı gözəlləşdirməyə çalışan insanın böyük arzularına həsr olunmuşdur.


Bayatıların əsas bir qismi vətən motivlərini əhatə edir. Bu gün vətən eşqilə bütün cəbhələrdə yorulmadan vuruşan və qalib gələn bir xalq üçün belə əsərlərin əhəmiyyəti xüsusilə böyükdür. Bayatının yaradıcıları bir tərəfdən düşmənin namərdliyindən, ikiüzlülüyündən, qəzəb və nifrətlə bəhs etdikləri kimi, o biri tərəfdən vətən obrazını özlərinə məxsus bir səmimiyyətlə yüksəldir, hətta romantikləşdirirlər. Burada da yenə müəlliflərin özlərinə məxsus bir dil işlətdiklərini görürük:

Əziziyəm dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.

və yaxud:

Əzizim kətan yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı – kimi bayatılar hələ inqilabdan çox əvvəl yaradılmış və xalqımızın ürəyində öz fəxri yerini tutmuşdur.

Vətən həsrəti ana torpağın eşqi Azərbaycanın dahi şairlərinə – Nizamiyə, Füzuliyə, Vaqifə ilham verdiyi kimi, bu dörd misralı ölməz əsərlərin yaradıcılarını da qanadlandırmış, onların bədii istedadına əbədi bir qida vermişdir. Heç də təsadüfi deyil ki, indi də bayatı yaradanlar bu böyük məhəbbətlə ruhlanaraq məzmunca yeni və qüvvətli əsərlər meydana çıxardırdılar. Burada əski bayatılar hüzn və ələm yoxdur; çünki bayatı müəlliflərini kədərləndirən, onların ürəyində qəzəb və nifrət hissini alovlandıran ədalətsiz ictimai quruluş bizim ölkəmizdə çoxdan tarixin arxivinə verilmişdir. İndiki bayatının baş qəhrəmanı yeni dünya, onun yaradıcılarıdır:

Mən aşiq yaza baxdım,
Açılıb taza baxtım.
Məhv olub köhnə dünya,
Çıxıbdır yaza baxtım.

Xalqın tarixini və əzəmətini duymaq və anlamaq istəyən hər kəs, onun yalnız saf ictimai məzmunlu ədəbiyyatını öyrənməklə kifayətlənə bilməz. Xalqın mənəviyyatını duymaq üçün onun sevgi lirikasını, hətta bəzən müəyyən dərəcədə erotik xarakterdə olan əsərlərini də diqqətlə öyrənmək lazımdır.

Xalqımızın bədii istedadı başqa sənətlər sahəsində olduğu kimi, bayatılarda da bütün parlaqlığı ilə təzahür etmişdir. Yalnız məzmun dərinliyi və fikir zənginliyi cəhətindən deyil, söz sənətkarlığı, obrazlar, müqayisələr və bədii ustalığın bütün başqa ifadə vasitələri cəhətindən də bayatılarda öyrəniləcək xüsusiyyətlər az deyildir. Təqlid və təkrar üçün yox, yeni şerin bədii qüdrətini artırmaq üçün, zəngin fikirləri belə aydın və parlaq ifadə etmək üçün bayatılar mütləq öyrənilməlidir.

Bəzən folklorun epik formalarında (nağıllarda, dastanlarda) xalqın dilək və arzuları müəyyən əfsanəvi ünsürlərlə qarışdığı halda, lirik formalarında (qoşma və bayatılarda) bu dilək və arzular tamamilə real ünsürlərdən ibarətdir; yəni buradakı sevgi də, nifrət də, kədər və ələm də həyatidir. Yaradanın istedadından asılı olaraq bayatılar müxtəlif səviyyədə bu insan duyğularının ifadəsini verir. Müəyyən dərəcədə erotik olan bayatılar bu nöqteyi-nəzərdən, bəzilərini düşündüyü kimi, heç də ictimai məzmundan uzaq deyildir. Əksinə bu növ bayatıların özündə belə ən canlı və həqiqi insan hissinin tərənnüm edildiyini görürük.

Əgər:

Bu qala bizim olaydı,
Kərpici qızıl olaydı.
Gireydim yar qoynuna,
Gecələr uzun olaydı!

– deyən bir aşiqin arzusu bizə həddindən artıq açıq görünürsə, bu arzuda qeyri-təbii heç bir şey yoxdur; həmçinin:

Əzizim gülüstan,
Şeh düşdü gülüstana,
Qorxuram göz yaşımdan

Qoynunda gül istana – bayatısının incə və zərif işarələri də eyni dərəcədə təbii və gözəldir.

Bayatıların bədii xüsusiyyətlərinə gəldikdə, burada qısaca olaraq bir neçə mühüm cəhəti qeyd etmək faydasız olmaz.

Bu məcmuədə toplanmış əsərlərin bəzisi həqiqi mənada bayatı məfhumunda düz gəlmir. Bayatılar, əksəriyyətlə, təbiət təsviri ilə başlayır. İlk beytdə, deyiləcək əsas fikir üçün bir növ fon yaradılır:

Əzizim ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir qərib ölüb,
Göy kişnər, bulut ağlar.

– bayatısı bu söylədiyimiz fikri təsdiq etmək üçün ən parlaq bir misal ola bilər. Müəllif ifadə etdiyi əhval-ruhiyyəyə uyğun olaraq təbiəti də qəmgin bir şəkildə göstərir. Yaxud başqa bir misal götürək:

Əziziyəm çən gəri dur,
Dağlardan çən gəri dur.
Sənə gələn qadanı
Mən alım, sən gəri dur.

Yenə eyni vəziyyət! Aydındır ki, birinci beytlə ikinci beyt arasında üzvi bir əlaqə vardır; lakin son beyt hər zaman bayatının əsas məğzini təşkil edir.

Yenə də yaradıcının məharətindən asılı olaraq bu xüsusiyyət bəzi bayatılarda son dərəcə sənətkaranə gözlənildiyi halda, bəzilərində yalnız adi bir giriş kimi söylənir. Birinci təsadüfdə:

Əzizim aydın olsun,
Ay doğsun, aydın olsun.
Gəl yardan xəbər verim,
Gözlərin aydın olsun, –

deyilirkən ayın doğması ilə şad xəbər arasındakı əlaqə olduqca üzvi və təbiidir. İkinci təsadüfdə:

Mən aşiqəm ya xannan,
Ya sultannan, ya xannan,
Bir dəstə gül olaydım,
Asılaydım yaxannan. –

– kimi bayatıların birinci hissəsi ilə ikinci hissəsi arasındakı əlaqə çox uzaqdır. Burada müəllifin girişi daxili məntiq cəhətindən əsas nəticə ilə möhkəm bağlı deyildir. Burada yalnız zahiri xüsusiyyət, ahəngdarlıq, qafiyə nəzərdə tutulmuşdur.

Lakin, ümumiyyətlə, ən yaxşı bayatılar üçün birinci təsadüf daha xarakterikdir. Bu məcmuədə toplanmış əsl bayatıların qüvvəti də gözəlliyi də bundadır.

Məcmuəyə daxil edilmiş başqa növ əsərlərə gəldikdə, əlbəttə, bunlar üçün dediyimiz cəhətlər səciyyəvi deyildir. Məsələn, ayrı-ayrı qoşmalardan və aşıq şeirlərindən qoparılmış parçalar, həqiqi mənada bayatı sayıla bilməz. Bunlar məcmuəyə yalnız bir məqsədlə daxil edilmişdir: bu qiymətli parçalar unudulub getməsin!

Bayatıların bədii qiyməti bir də onların dilindəki zənginlikdə və yığcamlıqdadır. Ən dərin həyəcanları, ən qısa bir şəkildə ifadə etmək, yığcam obrazlar, ifadələr tapmaq bayatının ən gözəl bədii xüsusiyyətlərindəndir.

Burada bir məsələni xüsusilə qeyd etməyi lazım görürük: bütün klassik şerimizi başqa xalqların şeirindən fərqləndirən ifadə orijinallığına bizim bayatılarımızda daha sıx-sıx rast gəlirik. Bu cəhəti müasir lirikada nə üçün davam etdirməyək? Şablon nikbinlik bizə nə dərəcədə yaddırsa, bu səbəbə görə də öz istəkli oğlunu itirmiş bir ananın foryadı nə dərəcədə təbiidirsə, sevən, öz yarı üçün çırpınan bir gəncin həyati arzuları da o dərəcədə təbii və gözəldir.

Bu səbəblərə görə də biz bayatıların hər növünə, istər ağılara, istər laylalara və istərsə bütün başqa formalarına eyni məhəbbətlə yanaşmalı və onlara həyatımızın, tariximizin, şüur və təfəkkürümüzün bir aynası kimi qiymət verməliyik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Axtaran tapar...

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

40 min
Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 min
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 h 10 min
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 h 5 min

Poems by other poets