Page 1 of 2

Birinci məqalə

Bizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.

Tarixdən yazılan bədii əsərlərin oxucular və tamaşaçılar üzərinə təsiri olduqca dərindir. “Vaqif” dramasının müvəffəqiyyəti də bu fikrimizin doğruluğuna ən gözəl bir sübut ola bilər.

Lakin məsələ burasındadır ki, bizdə tarixçi ilə yazıçı arasında müəyyən bir ixtilaf əmələ gəlmişdir. Bəzi tarixçilərimiz, Azərbaycanın elmi-tarixi hələ lazımınca sistemə salınmamış, böyük tələblər irəli sürürlər. Onlar artıq yaranmış tarixi-bədii əsərlərin əks etdirdiyi faktlarla elmi-tarixin bildiyi faktları müqayisə edərək, yazıçılarımıza müəyyən ittihamlar belə verməkdədirlər. Burada təəccüb ediləsi bir şey yoxdur. Tarixçinin faktik məlumatı, yazıçının məlumatından, yəni bədii əsərdə göstərdiyi hadisələrdən fərqlənir və gələcəkdə də fərqlənəcəkdir. Bu səbəbə görə də bədii yaradıcılıq süzgəcindən keçmiş tarixi faktları elmi-tarixin faktları ilə müqayisə etmək vəzifəsini öhdəsinə götürən hər bir müəllif, eyni zamanda bədii yaradıcılığın da öz xüsusiyyətlərini bilməyə məcburdur.

Lakin bəzi müəlliflər tarixi az-çox tədqiq etdikləri halda, tarixdən yazılmış bədii əsərləri düzgün anlamaqda çətinlik çəkirlər.

Məsələn, tarixçi bizə deyir ki, Napoleon Bonapart böyük sərkərdə idi. Bu doğrudur. Lakin Lev Tolstoy “Hərb və sülh” əsərində həmin Napoleonun tarixi hadisələrin hərəkətində heç bir həlledici rol oynamadığını göstərir. Sizcə bu nə deməkdir və böyük sənətkar nə dərəcədə haqlıdır? Unutmaq olmaz ki, Tolstoy, eyni zamanda filosofdur. O, tarixi öz nöqteyi-nəzərindən izah edir və Tolstoyun bu izahı onun bədii şüurunun qanunları cəhətindən doğru və ardıcıldır.

Bu haqqı heç kim yazıçıdan ala bilməz və almağa da ehtiyac yoxdur. Əgər siz, Napoleonun harada və nə zaman qalib gəldiyini, nə cür vuruşmalarda olduğunu öyrənmək istəyirsinizsə, bunun üçün saysız-hesabsız tarix kitabları vardır.

“Vaqif” əsərində gördüyümüz İbrahim xan qəddar və hiyləgərdir. Tarix bizə deyir ki, İbrahim xan ağıllı və tədbirli bir dövlət xadimidir. Tarixçi də bunun əsasında şairi təqsirlandırır.

Tarixçi haqlıdırmı? Tarixçi öz nöqteyi-nəzərindən haqlı olsa da, sənətkar, Vaqifin əzəmətli surətini yaradarkən, onun dövlət işindəki gözəl tədbirlərini göstərmək istərkən və onun faciəsini həqiqi şairanə bir zirvəyə qaldırarkən, tarixin qulu olmağa məcbur deyildir.

Hələ qədim dövrün yazıçısı Lukan demişdir: “Şerin və poetik əsərlərin vəzifələri və qanunları bir başqadır, tarixinki isə, bir başqa. Orada (şeirdə) tam azadlıqdır və yeganə bir qanun vardır: şairin iradəsi. Çünki o ilahi bir qüdrətə malikdir və ilham pərisinin hakimiyyətinə tabedir”.

Yazıçının əsərindən tarixi faktları öyrənmək istəyən bir oxucu, özünə zəhmət vermək istəmir. O, bədii əsərə tarix kitabı kimi baxarkən, ən adi bir qanunu anlamır: bədii əsər tarix elmini əvəz edə bilməz!

Yazıçının vəzifəsi başqadır. Bu gün vətən müharibəsi cəbhələrində vuruşan qəhrəman Azərbaycan oğlu Babək, Koroğlu və Cavanşir adlarını öz qələbə bayrağında böyük bir iftixarla yazır. Müasir tarixçi bu ölməz qəhrəmanların həyatından misallar gətirib həmin yeni qəhrəmanları ruhlandırır. Lakin sənətkar bununla kifayətlənə bilməz. Yazıçının vəzifəsi tamamilə başqadır. O, bu adları bədii söz sənətinin ecazkar qüdrəti sayəsində şairanə bir xəyalla, həqiqi poetik bir ehtirasla əks etdirməli, müasir oxucunun qəlbində oyanmış böyük iftixar hissini daha da alovlandırmalıdır. “Babək kimi vuruş!” demək, ədəbiyyat üçün hələ heç bir şey deməyə bərabərdir. Yazıçı, Babək əsrini müasir fəlsəfi dünyagörüşünün süzgəcindən keçirmədikcə, Babəkin bədii surətini vermədikcə, onu tam bir həyatla yaşatmağı bacarmadıqca “vəzifəmi bitirdim” deməyə haqlı deyildir.

Bu fərq yalnız zahiri formada deyildir. Əgər tarixçi ayrı-ayrı faktlar əsasında müəyyən elmi nəticələr çıxarmaq yolu ilə gedirsə, yazıçının çıxardığı nəticələr bədii surətdə əks etdirilən hadisələrin ümumi məntiqindən, fərdiləşdirilmiş insan surətlərinin bir-birinə qarşı münasibətindən doğur.

Tarixçi dövrün ümumi ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz!

Bir qədər də sadə desək, tarixçi “nələr olmuşdur?” sualına cavab verirsə, sənətkar “nələr ola bilərdi və necə ola bilərdi?” suallarına da cavab verir. Yazıçının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyi-hal yaratmaqdan ibarət deyildir.

Tarixçi, akademik Tarle çox doğru qeyd edir ki, Lev Tolstoy Peterburq salonlarında gedən diplomatik söhbətlər deyil, Nataşa Rostovanın könlündəki həyəcanlar maraqlandırırdı.

Yazıçının tarixi adları və familiyaları, tarixi simaların yaşını, təvəllüd və ölüm illərini nöqtəsi-nöqtəsinə düzgün göstərməsini tələb edənlər, əgər ardıcıl olsalar, dahi Nizaminin bütün tarixi poemalarını, “İskəndərnamə”ni, “Yeddi gözəl”i və yaxud Firdovsinin “Şahnamə” dastanlarını bir heç məqamına endirməlidirlər, çünki bu dahi sənətkarlar öz qarşılarında tarixi hadisələri və şəxsiyyətləri eynilə bədii əsərə keçirmək vəzifəsini qoymamışlar. Onlar əksəriyyətlə tarixi şəxsiyyət və hadisələri böyük şairanə bir qüdrətlə romantikləşdirmişlər. Firdovsinin yaratdığı Rüstəm pəhləvanla tarixi Rüstəm arasında, necə deyərlər, zəmin-asiman fərq vardır. Nizami, tarixi bütün təfərrüatı ilə öyrənmişdi, lakin o da tarix yazmamışdır və buna görə də onun yaratdığı İskəndərlə, bizim tarixdən bildiyimiz makedoniyalı İskəndəri müqayisə edərkən, tarixi az-çox bilən hər bir adam böyük şairi asanlıqla töhmətləndirə bilər. Lakin bədii yaradıcılıq prinsipləri ilə tarix elmi prinsipləri arasındakı fərqi anlayanlar, buna heç də ehtiyac görmürlər, çünki bu adamlar, tarixi-bədii əsərlərdən deyil, tarixdən öyrənməyin tərəfdarıdırlar.

Yazıçının tarixə münasibətində ən başlıca prinsip tarixi həqiqətin mahiyyətini tam mənası ilə mühafizə edib göstərməkdən ibarətdir. Bu həqiqəti təhrif etməyə sənətkarların qətiyyən ehtiyacı yoxdur.

Bəzi tarixçilərin nəzərincə Şirvanşahlar dövləti məhz böyük və qüdrətli dövlət olduğuna görə, bu dövrdə Nizami, Xəqani kimi böyük insanlar yetişmişdir, yəni elmin, sənətin inkişafını müəyyən edən dövlət quruluşudur. Bu metodolojinin marksizimlə heç bir əlaqəsi yoxdur. Böyük sənətkar, böyük sənət öz inkişafında nə üçün bilavasitə dövlət quruluşu ilə izah edilsin? Dövlət quruluşu fikir inkişafında ciddi rol oynaya bilər, lakin hər yerdə, hər zaman böyük dövlət, böyük mədəniyyətin yaranmasına bilavasitə səbəb olmur. Xüsusən, Şirvanşahların mədəni inkişafımızdakı rolunu həddindən artıq böyütmək nə üçündür? Əgər bu günkü tarixçilərimiz bununla o dövrün tarixi mənasını izah etmək istəyirlərsə, burada şəxsən mən daxili bir məntiq görmürəm. Bəziləri deyirlər ki, Əxsitan öz sarayında rəssamlara, şairlərə böyük ehtiram göstərdiyi üçün, onun dövründə ədəbiyyat və sənət yüksək bir zirvəyə qalxdı. Bu nə dərəcədə doğrudur? Məgər Nizamini yetirən saray olmuşdur? Məgər Füzulini yetirən saray olmuşdur? Məgər Mirzə Fətəli Axundovu yetirən saray olmuşdur?

Tarixçi bu fikir bahadırlarının yaranmasındakı böyük səbəbləri yalnız bu və ya başqa bir hökmdarın şəxsiyyətilə bağlarkən, qətiyyən düz iş görmür.

Aydın məsələdir ki, qüvvətli dövlət yarandıqda, hər zaman, bir qanun olaraq, qüvvətli mədəniyyət yaranmır. Məsələn, rus mədəniyyətinin ən yüksək inkişaf dövrü XIX əsrdən başlayır. Əzəmətli Rusiya dövlətini yaradan I Pyotrun dövründə Tolstoylar, Puşkinlər, Lermontovlar, Çexovlar meydana çıxmadı. İctimai fikir inkişafının zirvəsinə yüksəlmiş Çernışevski o dövrdə yaranmadı. Bu şəxsiyyətlərin hamısı irticanın ən müdhiş zamanlarında parladı.

Şirvanşahlar haqqında yazanlar bir cəhəti unudurlar ki, onların dövləti Xaqani kimi böyük şairi zindanda çürütdü. O dövrdə fikir azadlığı tamamilə boğuldu. Fars dilinin Azərbaycanda hakim dil olması adi bir ənənənin nəticəsi deyildi, bəlkə hökmdarların milli şüurdan məhrum olmalarının nəticəsi idi. Lakin bir çoxları, o cümlədən Şah Xətai isə, İranda hakim olmasına baxmayaraq, bu köhnə ənənəni vurub dağıtdı. Nizami dövrünün ədəbi dili – Azərbaycan dili də ola bilərdi, çünki Nizamiyə qədər xalqımız “Dədə Qorqud” dastanını yaratmışdı. Heç də təsadüfi deyildir ki, Şirvanşahlar hər zaman Kəyan nəslindən olduqlarını iddia edirdilər. Şirvanşahların mənşəyi haqqında rəylər, onların azərbaycanlı olduqlarını təsdiq edir. Lakin yazıçı onların siyasətinə tamamilə haqq verməyə məcbur deyildir, çünki Şirvanşah sarayının Nizamiyə münasibətindən bəhs edən yazıçı, Nizaminin dövlət haqqında görüşləri ilə rəsmi dövlət xadimlərinin görüşündəki fərqi və onların arasındakı ixtilafı pərdələyə bilməz. Bunsuz roman və ya drama yarana bilməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Beşinci fəsil

1**Tahir texniki minimum dərslərinə müntəzəm surətdə davam edirdi. Axır günlərdə müəllimlər hər bir şagirdə çox tələbkar yanaşırdılar. Məşğələlər vaxtında başlayır, vaxtında qurtarırdı. Hər gün keçilən dərsləri o birisi gün nöqtəsi-nöqtəsinə soruşurdular. Bunun səbəbini şagirdlər bilməsələr də, müəllimlər yaxşı bilirdilər.

1 h 10 min
Altıncı fəsil

1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.

34 min
Yeddinci fəsil

1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?

56 min
Səkkizinci fəsil

1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.

1 h 15 min

Poems by other poets