Page 1 of 12

1

Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.

Bu gün səhər növbəsinə düşmüş Tahir, ilk dəfə buruğa gələrkən, dənizdəki tufanlı günlərə dair Cəmildən eşitdiyi xəbərdarlığı unutduğu üçün, küləyin bu cür şiddətlə bərkiyəcəyini heç gözləmirdi. O elə bilirdi ki, belə qorxulu günlərdə buruqda iş dayandırılacaq, “Çapayev” qayığı gəlib, hamını sahilə aparacaq. O, rotorun eyni qayda ilə fırlandığını və burada köhnədən işləyən adamların azca da olsa əl-ayağa düşmədiklərini görəndə xeyli təəccüb elədi, böyründə oturub sakit-sakit baxan Vasilyevə bu barədə sual vermək istədi, ancaq, onun da gülümsər üzündə heç bir həyəcan əlaməti olmadığını sezib dinmədi. Usta müavini də Tahirin gizli bir həyəcanla parıldayan gözlərindən onun nə isə bir şey xəbər almaq istədiyini duyub, sual dolu bir nəzərlə ona baxdı. Tahir ürəyindəkini açmadığı üçün, Vasilyev də təxminində yanılmadığını güman edib, başını ahəstəcə bir tərzdə yırğaladı:

– Bakının qışı başlanır, – dedi.

Tahir onun fikrini başa düşmədi: “Hələ nə qış?” deyə öz-özündən soruşdu və tezcə də usta müavinin sözlərindəki əsil mətləblə marağlandı:

– Hələ qışa çox var, usta, – dedi.

Vasilyev:

– Kalendarda çox var, amma havadan qış iyi gəlir, – deyib ayağa qalxdı.

Bu anda özünü buruğa çırpan külək bərkdən vıyıldadı. Bütün qurğu sarsılan kimi oldu. Amma Vasilyev yenə aldırmadı.

– Bakıda qış xəzri il gəlir, – deyə əlavə edərkən, elə bil usta Ramazanın bu gün nə üçünsə buruğa gəlmədiyini birdən xatırlayıb, əli ilə şapkasından möhkəm yapışaraq, buruğu yavaş-yavaş dolanmağa başladı. Material ehtiyatlarını yoxladı, dörd-beş günlük tufan müddətində qazıma borularının çatıb-çatmayacağını ürəyində hesablayaraq, yan tərəfdə uzadılmış təzə boruları gözəyarı saydı. Sonra adamların öz yerlərində olub-olmadıqlarına fikir verdi. O, briqada üzvlərinin şüurca özündən geri qalmadıqlarını yaxşı bilsə də belə hallarda hücuma hazırlaşan hissənin komandiri kimi, əvvəlcədən əgər-əskiyi nəzərə almağa vərdiş eləmişdi. Adamların hamısı öz yerində idi. Onlar üzdən sakit görünsələr də, necə diqqətli və hazır dayandıqları o dəqiqə hiss olunurdu. Belə günlərdə usta Ramazanın briqadasından bir nəfər də işi dayandırmağı xəyalına gətirməzdi. Qoca usta həmişə deyərdi: “Birdən beş gün yox, on gün tufan oldu, vaxt ömürdən gedir, axı”.

Vasilyev bu fikri öz sözü ilə ifadə edərdi: “Bizim lövbərimiz həmişə bir yerə atılıb...”

O addım-addım gəzindikcə, söhbətindən qalmayan briqada üzvlərinə baxır, inam dolu baxışları ilə sanki onlara deyirdi: “Ay uşaqlar, sizə, bizə nə tufan? Belə şeyləri çox görmüşük!”.

Cəmil əlində mazut kimi qaralmış brezent əlcək, iki nəfər yoldaşı ilə gil məhlulu hazırlayırdı. Ancaq onun fikirli olduğunu Vasilyev dərhal hiss elədi. Cəmil Tahirin özfəaliyyət dərnəyindəki çıxışından sonra ona dair hamıdan tərif eşitdiyi üçün, Lətifədə əmələ gəlmiş dəyişikliyi də bununla izah edirdi. İndi Cəmil aydın duyurdu ki, Tahirlə Lətifə arasında dəruni bir əlaqə başlanmış, qız hər dəfə Cəmili görəndə elə bil məcburən salam verib keçir. Cəmilin fikrincə buna səbəb Tahir idi: “Yəqin o, Lətifənin mənimlə salamlaşmağına razı deyil”.

Vasilyev cavanların əhvalatını bilmədiyindən, həmişə intizamlı dolanan, hər addımını ölçüb-biçən Cəmilin könülsüz və ağır hərəkətlərini havanın xarab olmasından görürdü.

– Suyu çoxaldın, uşaqlar, – deyə məhlula baxa-baxa Cəmilə yanaşdı, dünəndən bəri balta çox yavaş gedir. Bir sutkada on iki metr azdır. Çox azdır. Axı biz yarışırıq!

– Bəlkə daşa, qayaya rast gəlib, usta? – deyə Cəmil yenə də fikirli-fikirli soruşdu.

Vasilyev onun sualını eşitsə də, cavab verə bilmədi: külək ağzına tıxanır, danışmağa qoymurdu. O bir neçə an dayanıb məhluldan gözlərini çəkmədi, yalnız başının hərəkətilə razılığını bildirib, mədəni budkaya doğru getdi. Ayağının altındakı taxta körpü yalnız Vasilyevin addımlarından deyil, həm də küləkdən titrəyir, az qala yerindən qopurdu. O, müvazinətini saxlamaq üçün taxtadan ikiəlli yapışdı, bir an dayanıb ətrafına göz gəzdirdi. Dalğalar bir-birinin ardınca hücum edər kimi, cərgələnərək şütüyür, gah enir, gah qalxır, sahilə doğru yüyürüşürdü: “Fırtına getdikcə qüvvətlənəcək” deyə fikirləşən Vasilyev, yenə yoluna davam etdi: “Ramazan İsgəndəroviç nə təhər olsa gələr”. Lətifə budkada, balaca stolun dalında oturub, kitab oxumaq əvəzinə, telefonla trestə məlumat verir, küləyin vıyıltısını ötməyə çalışaraq, uca səslə qışqırırdı:

– Yox, yox dayandırmayıblar. Yox, işləyir! – Boynunu uzadıb qapıdan buruğa tərəf boylananda Vasilyev gözünə sataşdı. – Bax, budur, yoldaş Vasilyev özü desin.

– Kimdir? Baş mühəndis? De ki, bu sual artıqdır. Dayandırmaq barədə fikirləşən yoxdur.

– Dayandırmayacaqlar!.. – Lətifənin səsindən tutqun bir nida qopdu.

– Eşidirsinizmi, hə dayandırmırlar. Yaxşı, bu saat deyərəm.

Lətifə dəstəyi yerinə qoydu:

– Kimdir, qızım? – deyə usta müavini soruşdu.

– Qazıma kontorundandır. Onların da işinə məəttəl qalmışam. Özgə vaxtı axtarmaqdan yoruluruq. İndi başlayıblar ki, işi dayandırıblar, ya yox?

Vasilyev Lətifənin qabağındakı kürsüdə oturdu. Emalı getmiş nazik, uzun tütün qabını açdı, döş cibindən qəzet kağızı çıxartdı. Bir parça cırıb, yanlarını hamarladı, yenə də səbirli-səbirli uzun bir papiros eşdi. Lətifə isə gözlərini ona dikib bir neçə an dinmədi. Sonra qabağına sərilmiş ağ vərəqəni götürüb, qalın kitabın arasına qoydu. Vərəqədə bir kəlmə də yazılmadığını əvvəlcədən görmüş Vasilyev qızın bu tələsik hərəkətinə heç bir məna vermədisə də, üzündə əmələ gələn xəfifcə qızartı gözündən qaçmadı. Lətifə üç-dörd dəfə nə isə yazmaq istəmiş, lakin tez-tez cingildəyən telefon zəngi ona mane olmuşdu. Trestdən danışan adamların səsini yaxşı eşidə bilmədiyindən, cavablarını da təxmini vermişdi. O bilirdi ki, belə tufanlı günlərdə öz kabinetlərində oturan müdirlər və mühəndislər qazımaçılardan azı on qat artıq həyəcan keçirirlər. Əlbəttə, onları, hər şeydən əvvəl iş maraqlandırır: “Dayanıb, dayanmayıb? deyə soruşmasalar da, Lətifə bütün sualların yalnız bunun üçün verildiyini bilirdi. Lakin onun qabağındakı ağ vərəqə nə üçün idi? Səhərdən bəri Lətifə onu azı beş dəfə çıxarıb stolun üstünə qoymuş, yenə də götürüb kitabın arasında gizlətmişdi. O, Tahirə məktub yazmaq istəyirdi. Dilinə gətirmədiyi sözləri, qələmlə ifadə etmək də o qədər asan deyilmiş. Bəlkə buna tufan mane olurdu? Yalnız buruğun kiçik kollektivini tanımayanlar belə düşünə bilərdilər. Lətifə də burada çoxdan işləyən fəhlələr kimi, belə günlərdə daha sakit, daha soyuqqanlı olurdu. Təsadüfən dəniz kənarında durub dağ boyda dalğaları seyrə dalmış nərmənazik adamları fəlakət və ölüm kimi yüksək məfhumlar düşündürdüyü halda, buradakıları sadəcə bir şey, verdikləri vəd həyəcana gətirirdi: “Buruq beş gündən sonra qurtarıb istismara buraxılmalıdır!” Bax, odur, Cəmil Tahiri təqsirləndirir, ürəyində özünü yox, onu vəfasız sayır, məlahətli səsi, könülə yatan mahnıları ilə qızın qəlbini ovladığını güman edir, Lətifəni çoxdan sevdiyinə dair əvvəlcədən nahaq yerə ona bir söz demədiyinə təəssüflənir, amma axırda yenə də: “beş gün qalır!” deyə başqa fikirləri özündən inadla rədd edirdi. Tahir isə usta Ramazanın buruğa gəlmədiyini görüb: “yəqin borandan qorxur” deyə düşünür, vahiməyə bənzəyən bir hisslə tükləri ürpərmiş halda yoldaşlarına baxdıqca, özü də fərqinə varmadan həm küləyin səsinə, həm də qurğunun tez-tez sarsılmasına vərdiş eləməyə başlayırdı. Onun da, yoldaşlarının da zehnini məşğul edən yalnız bu idi: “Beş gün qalır!” deyə. Lətifə isə xəyalında məktubu azı on cürə başlamış, lakin bir kəlmə də yaza bilməmişdi: “Buruq təhvil veriləndən sonra yazsam daha yaxşı olmazmı? Axı cəmisi beşcə gün qalır!”

Nəhayət Vasilyev papirosunu tüstülədərək Lətifə ilə yox, özü ilə danışırmış kimi dedi:

– Az qalır, qızım, beş gün qalır! Sağ olsun uşaqlar. Mən onlara inanıram. Bilirsənmi nə çatışmır?

– Nə? – deyə Lətifə nə qədər fikirləşdisə də, məhz nəyin çatışmadığını tapa bilmədi.

– Müharibədən danışmaq istəmirəm, ancaq o bizə hələ də mane olur. Yemək ehtiyatımız yoxdur.

– Aha, – deyə Lətifə qaşlarını azacıq yuxarı qaldırdı. – Gətirərlər, Sergey Timofeyeviç.

Vasilyev yemək şeylərinin olmadığını deyil, gətirməyin çətinliyini bildiyi üçün ixtiyarsız halda səsini ucaltdı:

– Gətirərlər?!

– Əlbəttə, usta, bu qədər adamı ac qoymayacaqlar ki?

– Yox, bizim uşaqlardan heç biri öz qarnı üçün başqasının dənizdə batmasına razı olmaz. Mən ki, heç... Yox, yox, lazım deyil. – Vasilyev küncdə qoyulmuş radio aparatını göstərdi: – O necədir? Sazdırmı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qan intiqamı

I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...

27 min
Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 min
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 min
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 min

Poems by other poets