Qan intiqamı
Page 1 of 4
I
Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...
Bir neçə dəqiqədən sonra namazını qurtardı. Arxalığının döşünü düymələyib qabağındakı kiçik, bəzəkli xalçanı götürdü.
O, arvadı ilə mühüm bir iş barəsində danışmaq istəyirdi. Bir an düşündü, sonra gözlərini qarının üzünə dikdi, titrək bir səslə:
– Əyə! – dedi. – Bizim oğlan haraya getdi? Bu gün gərək onunla danışaydım, bu qədər uzatmağın nə faydası var?
– Hər gün özünə deyirəm – çiynini çəkir, özünüz bilərsiniz deyir.
– Yox, yox! Qızın vaxtı keçir, sən də ki, qocalıb gücdən düşürsən, daha gözləmək əl verərmi? Mən o gün özünə demək istədim; ancaq məni hədələdi. Oğlun yaman acıqlıdır. Eh! Bu günün cavanlarını da dindirmək olmur... – deyə Süleyman kişi əvvəlcə arvadın üzünə, sonra da yerə baxdı.
Bu anda qapı açıldı; gələn Əhməddi. O, əlindəki ağacı qapının bir bucağına atdı, sol tərəfdəki taxtın üstündə oturdu.
Süleyman kişi onunla açıq danışmağa hazırlaşdı. Əhməd, ata-anası ilə çox pis rəftar edirdi. Ancaq indi onun üzü gülürdü. Bu, qocaların xoşuna gəldi. Onlar sevindilər. Süleyman kişi:
– Oğlum! – dedi, – biz qocalmışıq, bu gün sabah ölüb gedəcəyik... Sən də böyüyüb yekə oğlan olubsan, özünün də gözəl-göyçək nişanlın var, gəl sən bu qoca atanın sözünə qulaq as, bu həftə toy tədarükünü görüb səni evləndirək.
Əhməd qızardı. Gülümsünən dodaqları titrədi, başını aşağı dikib, bir müddət dinməz-söyləməz dayandı, cavab vermədi. Anası da yerindən qımıldandı.
– Niyə utanırsan? Atana cavab versənə!.. – dedi.
Əhməd başqa dəliqanlılar kimi hazırcavab deyildi. O, deməyə bir söz tapmayıb, qarşısındakı iydə çubuğunu götürdü, əlində oynatmağa başladı.
Süleyman kişi isə oğlunun cavabını səbirsizliklə gözləyirdi.
Əhməd başını yerdən qaldırmayıb:
– Ata! Mən hələ evlənmək istəmirəm, – dedi.
Qocanın gözləri doldu, dodaqları titrədi, bu cavabdan heç razı qalmadı.
– Oğul! – dedi. – İyirmi bir yaşına çatmısan, bundan sonra evlənməsən daha nə vaxt evlənəcəksən? Biz də bir zaman sənin kimi idik. Sən bizim heç birimizə oxşamırsan. Özün gözəl bilirsən ki, evlənməkdən məqsəd dolanacaq düzəltməkdir. Sən də xalq kimi oğul-uşaq sahibi olmaq istəmirsənmi?
Əhməd gəncliyinin ən böhranlı bir dövrünü keçirirdi. Savadı az olsa da, düşüncəsi, fikri o qədər məhdud deyildi. O ata-anasının yanında birdən-birə açıq danışa bilməzdi. O, Süleyman kişinin sözlərini dinləməsə də, hər halda ona yaxşı, müsbət bir cavab verməyə məcburdu. Əhməd çox səbirsiz bir halda üzünə baxan qocalara:
– Bir sözüm yoxdur, – dedi. – Mən sizin məsləhətinizə razıyam...
Qocalar sevindilər. Bu cavab onlara ürək-dirək verdi.
Tutqun bir yaz gecəsi idi. Qara buludlar göyün üzünü örtüb ayın işığını gizləmişdi. Araba yolu kənarındakı biçənəklər, hərdənbir əsən xəfif külək qarşısında hərəkətə gəlib dalğalandıqca bir dərya tərpənişini andırırdı.
Kəndin aşağısı sakitdi, ara-sıra qaraltılara hürən itlərdən başqa heç kim ayıq deyildi. Abdulla Qurban oğlunun koması bu məhəllədə idi.
Koma yerdən güclə seçilirdi.
Bu anda iki qaraltı göründü. Onlar atlarını kənarda saxlayıb, yoldaşlarını ətrafa dağıtdılar: komaya doğru irəliləyərək, otluqda gizləndilər və o tərəf, bu tərəfə göz gəzdirib sürünməyə başladılar. Onlardan biri yuxarı məhəllənin məşhur dövlətlisi Şərif oğlu Həmzə idi. O, Abdulla Qurban oğlunun Əhmədə nişanlanmış, qızını götürüb qaçmağa gəlmişdi.
Qapının sol tərəfində bağlanmış it yatırdı. Onlar gözlərini bərəldib komaya baxır və gizlin cığırla qapıya yaxınlaşırdılar.
İçəridəkilər yatmışdı. Həmzə, xəncərini qınından çıxarıb hazırladı. Səssiz addımlarla içəri girdi.
Ehtiyatla yeriyib, qızı aramağa başladı. Əlindəki yaylıqla onun ağzını sarımağa hazırlaşdı.
Daxmadakı sükut hələ də pozulmamışdı. Yalnız yuxuda olanların hənirtisi eşidilirdi.
İçəri girənlər o tərəf, bu tərəfə vurnuxur, qızı tapmağa çalışırdılar.
Nazlı həmişəki kimi rahatca uyumuşdu.
Bu anda uzaqdan atın kişnəməsi eşidildi. İçəri girənlər səksəndilər. Abdulla kişilə arvadı oyandı. Çox keçmədi. İki yoldaş Nazlını tutub ağzını bərk-bərk sarıdı. Qoca özünü Həmzənin üstünə atdı, ancaq onun əlində parlayan uzun xəncərdən qorxub geri çəkildi.
Həmzə pis vəziyyət törəyəcəyini düşünüb, hər iki qocanı, bir də yenicə oyanan uşaqları tez komanın ortasındakı dirəyə sarıtdı və cəld addımlarla dişarı çıxıb atlarını yanındakı yoldaşlarına tərəf yüyürdü.
Qapıdakı it hürməyə başladı. Nazlı, Həmzənin qucağında çapalayaraq əlini-ayağını oynatdısa da, bir nəticə çıxmadı. Onu atın üstünə bağlayıb apardılar. Nazlının fəryadını heç kəs eşitmədi.
Bir azdan sonra kənddə tüfəng atmağa başladılar. Atlılar buna heç fikir verməyib dərə yolu ilə irəlilədilər, kənddən uzaqlaşıb meşəyə doğru getdilər.
Onlar meşədə düşüb dincəlirdilər. Atlarını ayrı-ayrı bağlayıb hərəsi bir tərəfdə uzanmışdı. Meşədə dərin bir sükut vardı. Uzaqdan gələn qatarın fit səsindən başqa bir şey eşidilmirdi.
Həmzə çox şaddı. Nazlını isə kədər boğurdu. O, həyatında belə bir çətinliyə rast gəlməmişdi. O, bu zülmün qarşısında tab gətirə bilməyəcəkdi; o, qadın idi, Həmzənin iti xəncəri, qanlı silahı qarşısında özünü müdafiə edə bilməzdi. Bunu çox yaxşı düşündüyü üçün də bir iş görə bilməzdi. İndi o, qanlı göz yaşı axıdır, gözlərini yerə dikib, tez-tez köksünü ötürürdü.
Səhər olurdu. Günəş, dağın arxasından kəsik şüalarını yerə səpirdi. Böyük meşənin üzərini bürüyən qara buludlar parçalanır, göy üzü işıqlanırdı.
Nazlının yanaqlarında solğun bir yarpaq pərişanlığı vardı. O, özünü qaçırdan və səadətinə mane olan Həmzəyə boyun əydi. Bu hadisəyə qarşı qəlbində yalnız bir kin saxladı, yalnız bir intiqam duydu.
Atlılar çox yatmadılar, hazırlaşıb yaxın kəndə yola düşdülər.
Bu xəbər bütün kəndə yayıldı. Qızın qaçırılması Əhmədi çox kədərləndirirdi. O sabahkı toy hazırlığı əvəzinə şikayətə getmək üçün atı yəhərləməyə başladı. Süleyman kişiyə müraciətlə:
– Ata, – dedi, – mən qabaqcadan bilirdim ki, o nəsildən bizə xeyir gəlməyib, onların dostluğu üzdəndir. Sən məni inandırdın... Mən bu hayıfı onda qoymayacağam. Bu gün qəzaya gedib naçalniki görəcəyəm, – deyə Əhməd yəhərin quşqunlarını bağlayıb qurtardı.
– Oğlum! Keçənə güzəşt deyərlər. Şikayətdən heç bir şey çıxmaz. Onlara Məhəmmədli deyərlər. Oxuyanları, qulluq eləyənləri, divan yanında hörməti olanları çoxdur, bizim şikayətimizə kim qulaq asacaq?
– Bəs divan nə üçündür? Mən qubernatoru görərəm, o ki, baxar...
Əhməd atasının sözünü dinləmədi. Atı minib qəzaya yola düşdü.
Abdulla kişi qızı qaçırılandan sonra tərəddüd içində qalmışdı. O, kəndlilər arasında davam edən kin və ədavətin şiddətlənəcəyini indidən görməyə bilməzdi.
– Kasıbların günü belə gəlib, belə də gedəcək. Məhəmmədəlinin ağalığı bu gün sabahlıq deyil ha?.. – deyə Abdulla kişi öz-özünə şikayətlənirdi. Onun heç bir çarəsi qalmamışdı. Əlindən nə gələrdi?
O, qonşularından at alıb şikayətə getməli idi. Ancaq onun sözünə kim qulaq asacaqdı? Rüşvət vermək lazımdır. Bunun üçün kimdən pul alacaqdı?
Hər tərəfdən əli üzülmüş Abdulla kişi, arvadını çağırdı, qəmgin bir səslə:
– Qızın xalçasını buraya gətir! – dedi.
Arvadın rəngi ağardı. Bu əmri anlamamış kimi soruşdu:
– Xalçanı neyləyəcəksən?
– Rüşvət aparacağam... – dedi, – bu dünyada rüşvətsiz heç bir iş görmək olmaz, ay arvad...
Qoca Abdulla yolda Əhmədə rast gəldi. Onlar şəhərə yetişər-yetişməz atlarını bir yerdə bağlayıb naçalnikin dəftərxanasına yollandılar. Dəftərxana qarşısında bir yığın kəndli vardı.
Naçalnikin hüzuruna getmək üçün bir müddət gözləmək lazım idi.
İçəridə isə naçalnikdən başqa heç kəs yox idi. Sol tərəfdə qoyulmuş masanın üstündəki kağızlar darmadağın olmuşdu. Naçalnik yumşaq kürsüdə oturub, nə isə yazırdı. Bəzəkli divardan asılmış telefon drınq... drınq... səslənirdi. Naçalnik, trubkanı götürüb cavab verdikdən sonra, masanın arxasındakı zəngi basdı, əvvəlki qayda ilə yerinə oturdu. Naçalnik əlindəki kağızı içəri girən xidmətçiyə uzadıb:
– Bunu poçta apar! – dedi.
Xidmətçiyə verilən kağız teleqram idi. Bəzi kəndlərdə bəylər və mülkədarlar yerləri öz əllərinə keçirib, kəndliləri əvvəlkindən daha artıq incitdiklərinə görə bir neçə dairədə kəndli üsyanı qalxmışdı.
Naçalnik kağızda: “üsyanı – talanı yatırmaq üçün bir dəstə qoşun göndərin!” – deyə bir sətir yazmışdı. O, əlindəki papirosu alışdıraraq havanı dumanlatdı və bir müddət qabağına tökülmüş ərizələri yoxlayıb bağırdı:
– Süleyman Məhəmməd oğlu kimdir?
Qoca bir kişi irəli girdi. Əlləri əsə-əsə naçalnikin üzünə baxdı.
Naçalnik soruşdu:
– A kişi! Bu ərizəni kim yazmışdır?
O, bu sualın cavabını verməkdən acizdi. Öz-özünə: “Bunu nə üçün soruşur?” – deyə fikirləşdi, birdən cavab verdi:
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-qan-intiqami
Use ← → keys to move, R for a random poem
More by this author
Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..
Böyük aşıqAzərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlərDeni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.
Dahi sənətkarI**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Poems by other poets
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Bizim məhləGün boyarkən dağı, qapı açılar,Palçıq divar ardı görünər bahar.
Xoş olsun ol könül, eşqə məkandırXoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.