M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər
Contents
Page 1 of 4
Deni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.
Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.
Puşkin deyir ki, hər bir dramaturqu öz xüsusi qanunlarına əsaslanaraq mühakimə etmək lazımdır. Didronun qeyd edilən fikri ilə Puşkinin dediyi arasında prinsip etibarilə heç bir fərq yoxdur.
Mirzə Fətəli Axundov dramaturgiyası ölməz klassik nümunələr vermişdir. Buna görə də, biz – onun həqiqi varisləri, birinci növbədə onun özünə məxsus olan dramaturgiya qanunlarını, özünün spesifik xüsusiyyətlərini arayıb ortaya çıxarmalıyıq.
Bu vaxta qədər ənənə üzrə Mirzə Fətəli Axundovu “Azərbaycan Molyeri” adlandırmaqdadırlar. Bizə elə gəlir ki, bu titul onun ədəbiyyatımız tarixindəki əhəmiyyətini düzgün qiymətləndirməyə mane olur. Çünki M.F.Axundov bütün Şərq ədəbiyyatının ilk dramaturqu olmaq etibarilə və öz xüsusiyyətləri cəhətindən Molyerə o qədər yaxın deyildir. Bu sonuncu qeydə daha artıq diqqət yetirmək lazımdır: Mirzə Fətəli Axundov öz dünyagörüşü və dramaturgiya qanunları nöqteyi-nəzərindən olduqca müstəqil bir sənətkar kimi meydana çıxmışdır.
Onun əsərləri Molyer üçün xeyli səciyyəvi olan yalançı klassisizmdən uzaqdır, onun realizmi böyük və dərin ictimai əhatə qüvvəsinə malikdir.
M.F.Axundovun tarixi rolu doğrudan-doğruya son dərəcə böyükdür: Şərq ədəbiyyatı ənənələrini tənqid süzgəcindən keçirərək, yeni bir üslub yaratmış sənətkar, əsərlərində də filosof kimi, mütəfəkkir kimi dövrü üçün həddindən artıq aktual olan məsələləri qaldırmış, həll etməyi bacarmışdır. Bu səbəbə görədir ki, o, Azərbaycan ədəbiyyatı tarixində get-gedə daha artıq qiymətləndirilən, daha çox sevimli və daha yaxşı anlaşılan bir ustadır. Aydındır ki, əsrlər də keçsə, xalqımızın gələcək nəsilləri onu ehtiramla yad edəcək və ona öz teatrının repertuarında daha fəxri bir yer verəcəkdir.
Axundov tənqidi qeydlərinin bir yerində yazırdı: “Dramaya dair əsərlərin şərti və xüsusən komediyanın təqazası xəlayiqin eyblərini və əxlaqi-zəminələrini eynilə göstərməkdir. Drama sənətinin məqsədi – insanların əxlaqlarını yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrətləndirməkdir”.
M.F.Axundov dramaturgiyasında əks olunan eyblər, insan əxlaqındakı nöqsanlar, olsun ki, bizim müasirlərimizdə yox dərəcəsindədir. Hətta belə də olsa, Axundov dramaturgiyası öz tərbiyəvi qiymətini heç bir zaman itirməyəcəkdir. Zira o, bədii lövhələri üçün əsas aldığı həyat lövhələrini o qədər yüksək bədii bir səviyyədə vermişdir ki, biz hacı qaraları, heydərbəyləri, müsyö jordanları, hatəmxan ağaları, hacı kərimləri gözümüzün qarşısından keçirərkən, xalqımızın tarixini, onun böyük bir dövrünü aydın görür və bu insan tiplərini yaradana ürək dolusu iftixarla baxıb öz-özümüzə deyirik: “Belə sənətkar ölməz”.
Bizə bu iftixar hissini aşılayan nədir? Heç bir söykənəcəyi olmayan dar nasionalizmmi? Dünya ədəbiyyatını bilməməkdən irəli gələn məhdudluqmu? Yoxsa öz milli yazıçısının böyüklüyünü layiqi ilə anlayan həqiqi vətəndaş duyğusumu?
Əlbəttə, bizdə bütün bəşəriyyətin yaratdığı mədəni irsə qarşı odlu bir məhəbbət hissi vardır. Bunu sübut eləməyə qətiyyən ehtiyac yoxdur. Biz onunla fəxr edirik ki, insanlığın azadlığı, köləlik zəncirindən qurtulması yolunda çarpışmış bir mübariz, bir sənətkar yaratmışıq. Azərbaycan xalqı Mirzə Fətəlinin adını böyük bəşər mədəniyyəti yaradıcıları sırasında görməklə fəxr edir. Bu iftixar hissi həm qanuni, həm də yerlidir.
Mirzə Fətəli Axundov, arzuları ilə gördüyü işlər arasında heç bir ziddiyyətə yol verməmiş yazıçılardan biridir. Onun xəyalları ilə işləri arasında son dərəcə möhkəm, ayrılmaz bir əlaqə olmuşdur. Bəzən tənqidimiz çox yüngül üsullardan istifadə edərək Mirzə Fətəlini az qala çar quruluşunun adi bir çinovniki kimi qələmə verməyə çalışmışdır. Bu, əlbəttə, çar paqonları altında daim xalq üçün hərarətlə çırpınan böyük ürəyi görməməkdən və ya görmək istəməməkdən irəli gələn bir haldır. Biz bütün bu incikliyi bir tərəfə atırıq. Bu cür tənqidlə münaqişəyə girmək lazımdırmı?
Bizcə Mirzə Fətəli Axundov dramaturgiyasının üç böyük xüsusiyyəti vardır: 1) bu dramaturgiya epoxialdır, 2) ideyalıdır, 3) sintetik xarakterə malikdir.
Bu cəhətləri qısaca aydınlaşdıraq.
I. M.F.Axundov dramaturgiyası öz dövrünün aynası kimi
Molla Nəsrəddin “Ölülər” kimi klassik bir əsərin müəllifidir. Haqverdiyev “Dağılan tifaq” kimi ölməz bir dram yaratmışdır. Cəfər Cabbarlı yüksək bədii dəyərlərə malik pyeslərin müəllifidir. Bu yazıçıların hamısı Axundov realizminin ən yüksək ənənələrini davam etdirmişdir. Lakin Mirzə Fətəli bunların hamısından fərqli olaraq dövrünün bütün sinif və qruplarını əks etdirmişdir. Axundov mülkədarları, bəyləri, çar çinovniklərini, kəndliləri, ziyalıları, xanları, hətta advokatları vermiş və bütün bunların bitkin bədii obrazlarını yaratmışdır. Axundovun böyüklüyü yalnız bununla məhdudlaşmır. Bu xarakterlər müəyyən tarixi epoxada, müəyyən bir dövrün məhsulu kimi geniş ictimai münasibətlər fonunda verilmişdir. Axundovun altı komediyasını diqqətlə oxuyan hər kəs, burada tam bir əsri göstərən qüdrətli bir dramaturqu və eyni zamanda geniş müşahidələrinə məharətlə bədii forma verən bir sənətkarı görə bilər.
Bizi ən çox maraqlandıran bir cəhət vardır ki, o da Mirzə Fətəlinin əks etdirdiyi xarakterlərin müxtəlifliyidir. Hatəmxan ağa ilə Heydər bəyi bir-birinə oxşatmağa təşəbbüs edən hər kəs, artıq əmək çəkib özünü yormasın, bunların arasında heç bir yaxınlıq yoxdur və yaxud Səfər bəylə Şahbaz bəy arasında heç bir bənzəyiş tapa bilməzsiniz. Bunu nə ilə izah etmək olar? Hər şeydən əvvəl Mirzə Fətəlinin bioqrafiyası burada bizə kömək edə bilər. Məlumdur ki, o, canişin dəftərxanasında işlərkən rəsmi vəzifəsi üzrə bütün bu qrupların müxtəlif nümayəndələri ilə hər zaman üz-üzə gəlirdi, onları incədən-incəyə müşahidə edirdi. Mirzə Fətəli bu ictimai qrupların həyatı ilə çox sıx əlaqədar olduğu üçün, onların şikayətlərini duyurdu. Bu dərin müşahidələrin nəticəsində bütün bir xalqın canlı həyatı onun sənətkar gözləri qarşısında canlanırdı.
Dahi rus dramaturqu Ostrovski əsas etibarilə rus tüccarlığı həyatını yaxşı bildiyi üçün onları bütün incə təfərrüatı ilə əks etdirdiyi halda, Mirzə Fətəli Axundov bütün bir xalqın məişətini göstərmişdir.
Mirzə Fətəlinin, şübhəsiz, müəyyən simpatiyası və antipatiyası olmuşdur (bu xüsusda aşağıda bəhs edəcəyik). Lakin Axundov o qədər böyük realistdir ki, hadisə və insanları o qədər obyektiv təsvir dərəcəsinə yüksəltmişdir ki, bunların dalında gizlənən ideyaları təşrih edib göstərmək o qədər də asan bir iş deyildir. Daha doğrusu Mirzə Fətəli döymək və qamçılamaq üçün birinci vasitəni, tiplərin öz daxili ziddiyyətlərində, öz çirkin simalarında, öz yırtıcı psixologiyasında görmüşdür və yaxud müsbət insanların eyblərindən, nöqsanlarından təmizlənməsini öz daxili inkişaflarında görmüşdür. Əgər “Müsyö Jordan” komediyasındakı Şahbaz bəy nəbabatçı Jordanın təsiri ilə Qərb mədəniyyətini mənimsəməyə meyl edirsə, bu, Mirzə Fətəlinin öz xüsusi ideyası kimi quru və sönük deklarasiya kimi deyil, bəlkə müəyyən bir dvoryan gəncliyi qrupunun real meylləri kimi, arzuları kimi verilir. Burada Mirzə Fətəlinin ustalığı doğrudan da heyrətamiz bir səviyyəyə yüksəlir. Biz müəllifi, demək olar ki, unuduruq. Gözümüzün qarşısında canlı insan obrazı və onun çırpıntıları qabarıq bir şəkildə özünü göstərir.
Şahbaz bəy son dərəcə fərdiləşdirilmiş bir obrazdır. Yəni onun bütün hərəkətlərində olduqca konkret bir insanın fərdi xüsusiyyətləri vardır, lakin o, müəllif tərəfindən o qədər dürüst və tipik formada verilmişdir ki, Şahbaz bəy artıq bir fərd olmaqla qalmayıb xarakter dərəcəsinə yüksəlir, yəni özü kimi bir çox gənclərin də xüsusiyyətlərini özündə toplayır. Biz onun şəxsi arzuları ilə tanış olduğumuz zaman, fransız dilini öyrənməyə çalışan, vəzifə sahibi olmaq istəyən, xoşbəxt həyat arzulayan bir gənci deyil, tamam bir nəsli görürük və eyni zamanda təmiz ürəkli, məhdud, sadə, nişanlısından, ibtidai məişətindən ayrılarkən dərin bir ağrı duyan, sızlayan şahbaz bəyləri görürük. Bu gənc bəylər nəslinin Azərbaycan tarixində Mirzə Fətəlinin təsvir etdiyi kimi olduğunu sübuta ehtiyac vardırmı? Əlbəttə yoxdur. Mirzə Fətəli kimi sənətkarlara biz canlı həyat qədər inanırıq. Onun bədii ümumiləşdirmələrinə tarixi həqiqətin bədii inikası kimi baxırıq.
Bizə etiraz edə bilərlər ki, M.F.Axundov, komediyalarının çoxusunda müəyyən anekdotik hadisələri almışdır. Biz də bu etiraza belə cavab verə bilərik ki, Mirzə Fətəli bu anekdotik hadisələri bir vasitə kimi götürmüş, sujet xətti kimi almış və tanıdığı, bildiyi, dərindən-dərinə tədqiq etdiyi insanları ilk plana çəkərək, canlı xarakterlər yaratmışdır. O, zahiri effektin ən qəddar düşməni olmuşdur. Onun komediyaları, hər şeydən əvvəl geniş həyatın canlı realistik lövhələrini vermişdir.
Bu iddiamızı sübut üçün ilk komediyalarından birini götürək. Məsələn: “Molla İbrahim Xəlil kimyagər” bu dediyimiz anekdotik hadisə üzərində qurulmuş əsərlərdən biridir. Komediya on altı səhifədən ibarətdir və bəlkə də Axundovun ən təcrübəsiz dövründə yazılmışdır. Lakin biz əsəri oxuyarkən, bütün bu şeyləri unuduruq. Çünki bu əsərdə də canlı insanları görürük, onların mübahisəsini eşidirik, canlı, real konfliktlərin şahidi oluruq. Komediyanın ekspozisiyası birinci sətirdən başlayır və müəllif kimyagərin fırıldaqlarına aldanan adamları səhnəyə çıxardıb bizimlə tanış edir. Hadisə özü maraqlıdır. Lakin əsər üçün bu hadisə əsas deyildir. Yəni buradakı insanlar özü özlüyündə o qədər canlı göstərilir ki, biz bəlkə də hadisəni unudub insanların real ziddiyyətləri ilə maraqlanmağa başlayırıq. Axundov olduqca qısa, lakin mənalı dialoqlarda adamların simasını məharətlə işıqlandırır.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-m-f-axundovun-dramaturgiyasi-haqqinda-bezi-qeydler
Use ← → keys to move, R for a random poem
More by this author
I**Qərargah, top mərmilərinin xarabaya döndərdiyi kiçik bir Ukrayna kəndində idi. Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür, kim bilir, bəlkə də insan ətinə dəyir, gurultu ilə başladığı halda inilti ilə qurtarırdı.
Kərəm əfsanəsiMən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.
Şeytanın barmağıTəmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.
RəqiblərI**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?
Poems by other poets
Aşıq Camal gülə-gülə gələndən,At üstündə təkcə, yalqız qalanda.
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Məni, ey tazə gül, hicrində giryan eylədin, getdinMəni, ey tazə gül, hicrində giryan eylədin, getdin,Misali-bülbüli-şuridə nalan eylədin, getdin.