Page 2 of 2 · 50%

Klassiklərin tarixə münasibəti bu cəhətdən bizə ən gözəl nümunədir.

İkinci məqalə

Yazıçının tarixi hadisələrə və şəxsiyyətlərə münasibətindən bəhs edərkən, tarixçi ilə yazıçının mütəqabil əlaqəsini nəzərdən qaçırmaq olmaz. Müasir dramaturq və ya romançı, şübhə yoxdur ki, müasir tarix elminin nailiyyətlərinə əsaslanmaya bilməz. Biz yazıçı ilə tarixçinin fərqini qeyd edərkən, bunları qətiyyən bir-birinə qarşı qoymaq xəyalında deyilik.

Əgər keçmişi xatırlasaq, əvvəllərdə sənətkar tarixə özünün müstəqil nöqteyi-nəzərindən baxmağa çalışsaydı da, tarix elminin təsirindən tamamilə yaxasını qurtara bilmirdi. Mürtəce sənətkar mürtəce tarixçilərin təsiri altında yaradır, tərəqqipərvər sənətkar isə tarixi hadisələrə müstəqil qiymət verir və ya mütərəqqi tarix elminə əsaslanırdı. A.S.Puşkinin “Boris Qodunov” əsəri üzərində necə işlədiyini, burada burjua tarixçilərinin ziddinə olaraq, xalqın tarixi prosesdəki rolunu necə işıqlandırdığını xatırlamaq kifayətdir.

Bütün dövrlərdə olduğu kimi, XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaranan mürtəce tarix elmi ilə mürtəce tarixi romanlar eyni məqsəd izləyirdilər. Bu dövrdəki feodal irticasının nümayəndələri tarix elmindən də, ədəbiyyatdan da ən kəsərli bir silah kimi istifadə edirdilər. İnqilabın dəmir axınını saxlamaq üçün əski dünyanın bütün qüvvələrini öz ətrafında birləşdirən irtica, tarix elmini bu məqsədlərə tabe etməyə çalışırdı.

Məşhur rus ədibi Gertsen “O biri sahildən” adlı oçerklərində belə mürtəce məqsədlərə xidmət edən bu tarix məktəbi haqqında yazırdı ki, bu məktəb “gələcəyi keçmişin köməyi ilə dayandırmaq, yeni doğulan uşağın yolunu atanın meyidi ilə kəsmək xəyalındadır”.

Əgər yazıçı tarixi həqiqəti təsvir etmək istəyirsə, o, birinci növbədə obyektiv tarixi həqiqətləri təşrih etməlidir. Buradan da tarixi dərindən və hərtərəfli öyrənmək zərurəti meydana çıxır. Yəni sənətkar zahirən əhəmiyyətsiz və xırda görünən hadisələri belə yaradıcılıq şüurundan kənarda buraxa bilməz.

Demək ki, ictimai inkişafın tarixi, eyni zamanda maddi nemətlər istehsal edənlərin tarixidir: istehsal prosesinin əsas qüvvələrini təşkil edən və cəmiyyətin yaşaması üçün zəruri olan nemətlərin istehsalını yaradan zəhmətkeş kütlələrin tarixidir.

Demək ki, tarix elmi, həqiqi bir elm olmaq istəyirsə, artıq ictimai inkişafın tarixini kralların və sərkərdələrin fəaliyyəti, dövlətləri “fəth edənlərin” və “itaətə gətirənlərin” tarixinə çevirə bilməz; bu elm, hər şeydən əvvəl, maddi nemətlər istehsal edənlərin tarixi ilə və zəhmətkeş kütlələrin tarixi ilə xalqların tarixi ilə məşğul olmalıdır”.

Yazıçı buradan öz öhdəsinə düşən vəzifəni də müəyyən edə bilər. Yazıçının da ən birinci obyekti insan və onun həyatıdır, ən birinci qəhrəmanı isə xalq və onun mübarizəsidir.

Bizdə son zamanlar tarixi təhrif məsələsindən çox danışılır. Əlbəttə, bu danışıqlarını müəyyən səbəbi vardır. Əgər əvvəllər xanların rolunu yalnız mənfi bir hadisə kimi qiymətləndirmək bir dəb halına gəlmişdisə, indi biz bunun tamam əksini görürük. Bəzi tarixçilər saxta milli iftixar hissinin təsiri ilə bütün xanları və yaxud dövlət xadimlərini milli azadlıq uğrunda vuruşmuş görkəmli şəxsiyyətlər kimi qələmə verməyə çalışırlar. Bunun nə dərəcədə yanlış olduğunu izah etməyə ehtiyac varmıdır?

Aydındır ki, yalnız ölkənin inkişafında tərəqqipərvər rol oynamış və xalqın mübarizəsinə başçılıq etmiş dövlət xadimləri bizim müsbət boyalarımızla yenidən canlanmalı və bütün əzəmətilə göstərilməlidir.

Tarixi təhrif etməyə heç bir ehtiyac yoxdur. Tarixi şahların və yaxud da sərkərdələrin əli ilə yaranan bir hadisəyə çevirməyə çalışmış bəzi tarixçiləri kimi, yazıçı xalqı ikinci plana çəkməyə və sərkərdələrin əlində kor bir alət kimi göstərməyə qətiyyən haqlı deyildir.

Bizim tarixi dramalarımızın və romanlarımızın ən böyük məziyyəti ondan ibarətdir ki, bizim əsərlərimizdə bu köhnəlmiş və saxta baxış hakim deyildir. Məncə, Səməd Vurğun “Vaqif” əsərində xalq nümayəndələrinin və xalq şairi Vaqifin Qacarla mübarizədəki böyük rolunu ilk plana çəkdiyi zaman büsbütün haqlı iş görür. Zira tarixi yaradan və Qacar kimi qəsbkarlarla ölüm-dirim mübarizəsində hamıdan əvvəl qanını axıdan yenə də həmin xalqdır.

Tarixi mövzuda yazan sənətkarlar xalqı və onun nümayəndələrini göstərərkən daha zəngin boyalar işlətməyi bacarırlar.

Böyük rus yazıçısı Lev Tolstoy “Hərb və sülh” əsərində hələ bizdən çox-çox əvvəl məhz belə bir yolla getmişdi. O, sərkərdələrin yalnız öz şəxsi dühası ilə deyil, bəlkə xalqın gücü ilə qalib gəldiklərini göstərmişdi. Tolstoy xalqın gücünü bütün qüvvəti ilə duyan, bu gücün dərin fəlsəfi mənasını anlayan dahi bir sənətkardır. Bu səbəbə görə də onun tarixə baxışında səhv axtaranlar nahaq yerə özlərini yorurlar. Tolstoyun xalq vətənpərvərliyi onun ölməz epopeyasına əbədi bir qüdrət aşılamışdır.

Tolstoy tarix və tarixi şəxsiyyətlərə məhz bu xalq vətənpərvərliyi nöqteyi-nəzərilə baxdığı üçün, 1812-ci ilin vətən müharibəsini bir çox mütəxəssis tarixçilərdən daha gözəl, daha dərin, daha ətraflı izah etmişdir. Sənətkar bu yolla yaradırkən, onun cüzi səhvlərini və əhəmiyyətsiz xronoloji ricətlərini hər zaman əfv etmək mümkündür.

Həqiqi tarixi-bədii əsər tarixi dövrün spesifik qanununu və buradan doğan ixtilafları göstərən bədii əsərdir.

Çox ola bilər ki, tarixi mövzuda yazılmış bədii əsərin süjeti başdanbaşa uydurulsun, buna baxmayaraq, əsərdə təsvir olunan tarixi hadisə və tarixi konkretlik şübhə doğurmasın. Burada tələb olunan əsas şey, yenə də həmin dövrün ümumi səciyyəsini dürüst anlamaq və dürüst göstərməkdir.

Son zamanlar tarixi-bədii əsərlərdən bəhs edən bütün müəlliflər Puşkinin “Kapitan qızı” əsərini tez-tez misal çəkirlər. Bunun səbəbi vardır. Puşkin Puqaçov hərəkatını bilavasitə götürüb əvvəldən axıra kimi təsvir etməmişdir. O, bu hərəkatın o zamankı həyatda olan inikasını təsvir etmişdir. Lakin oxucu bu təsvirin sayəsində o dövrü, Puqaçov hərəkatını və onun mahiyyətini də öyrənir.

Belə klassik nümunələr ədəbiyyat tarixində çoxdur. Kapitan qızının macərası tarixin öz süjeti deyildir. Bəlkə də o zaman heç belə bir hadisə olmamışdır. Lakin Puşkin dühası Puqaçov üsyanının inikasını və o zamankı həyata təsirini göstərərkən, oxucuya professional tarixçilərdən az material vermir.

Puşkin öz qarşısında tarixdən məlumat vermək vəzifəsi qoymasa da, dövrü bildiyi və gözəl təsvir etdiyi üçün, istər-istəməz, bizə tarixi məlumat da vermişdir.

Bu qeyddən aydın görünür ki, yazıçı təsvir etdiyi dövrün bütün təfərrüatı ilə öyrənməli və tam mənası ilə duymalıdır. Məsələn, XVIII əsrdən bəhs edərkən, feodal münasibətlərini göstərmək əvəzinə kapitalist əlaqələrindən danışan sənətkar, şübhəsiz tarixi əsər yaratmır. Hər dövrün öz xüsusiyyəti vardır. Bunu göstərmədikcə tarixdən yazan yazıçı sənətkar öz vəzifəsini bitmiş saya bilməz.

Bəzən yazıçı tarixi vəsiqələri bir-birinin dalınca əsərinə köçürməklə əsl tarixi roman yaratdığını zənn edir. Belə vəsiqələr çox vaxt təsvir olunan dövrü birtərəfli göstərir və əsərlər də olduqca sönük çıxır. Bu əsərlərdə ən əsas şey – canlı insanın bədii surəti yaranmır və romançının verdiyi məlumat da quru və cansız bir memuardan başqa bir şey olmur. Sənətkarın vəzifəsi həmin vəsiqələrə can və qan verməkdir; bu vəsiqələrin arxasından çox zəif görünən insanları ətə-qana doldurmaqdır. Bədii əsərlər yalnız və yalnız bu cür əmək və ilhamla yarana bilər.

Şəxsən mən, tarixi mövzularda yazılmış əsrlərimizdə hamı üçün səciyyəvi olan ümumi bir nöqsan görürəm. Bu nöqsan ən çox dram əsərlərində nəzərə çarpır. Dramaturqlarımız nədənsə, öz qəhrəmanlarını həmişə qalib kimi göstərirlər. Tarixə nikbin münasibət dəyərli və zəruri bir xüsusiyyətdir. Lakin yazıçı təsviri etdiyi tarixi dövrün faciəsini, qəhrəmanların öz əsrləri ilə olan dərin ixtilafını göstərməkdən boyun qaçırırkən, əlbəttə, düzgün iş görmür. Vaqifin, Qaçaq Nəbinin, İbrahim xanın və başqalarının özlərinə məxsus dərin faciələri olmuşdur. Həmin faciələri təsvir etmək yolu ilə dramaturq böyük xarakterlər – ehtiraslar yarada bilər. Bu faciələrin təsviri qətiyyən müəlliflərin nikbin dünyagörüşünü xələldar etməz.

Bu nöqteyi-nəzərdən böyük dramaturqumuz Cəfər Cabbarlının “Od gəlini” faciəsi bizim üçün ən gözəl bir nümunədir. Müəllif, qəhrəmanının yüksək faciəsini göstərməklə bərabər, bizim qarşımızda ərəb istilası dövrünün bütün dəhşətlərini canlandırmağa müvəffəq olmuşdur və eyni zamanda özünün tarixi hadisələrə olan nikbin baxışını ifadə etmişdir.

Bizim indiki əsərlərimizdə isə, qəhrəmanlar həddindən artıq asan yolla qalib gəlirlər. Mürəkkəb insan səciyyələri əvəzinə çox vaxt sxema yaranması da bunun nəticəsidir. Səciyyələrin müstəqim xətt üzrə inkişafı, əsərlərimizin bədii qüvvətini də azaldır.

Məlumdur ki, bu birtərəflilik tarixi həqiqətin təhrifi üçün əlverişli bir zəmin yaradır. Bu təhrif, müəllifin tarixi perspektivi düzgün göstərməsinə də mane olur. Əgər hamı qalib gəlsəydi, ölkəmizin düşmənləri həmişə belə asanlıqla məğlub edilsəydi, o vaxt, şübhəsiz, bu hadisələri yenidən canlandırmağın heç bir mənası qalmazdı.

Mənim dediyim, yalnız bədii əsərin növünə aid deyildir. Mən yalnız faciə növünün zəruriliyini qeyd etməklə kifayətlənmək istəmirəm. Mən eyni zamanda tarixi mübarizəmizi saxtalaşdırmağın nə dərəcədə ziyanlı olduğunu, xalqımızın qəhrəmanlarına münasibətimizdəki səthiliyin bədii əsərlərimizə necə ziyan vurduğunu bir daha xatırlatmaq istəyirəm.

Yazıçı tarixçi deyildir. Yazıçı tarix kitabı yazmır. Yazıçının təsir gücü daha dərin olduğu üçün, onun hadisələrə və şəxsiyyətlərə birtərəfli yanaşmağa qətiyyən haqqı yoxdur. Yalnız böyük həqiqətləri dürüst və hərtərəfli göstərən sənətkar həqiqi təsir gücünə malik ola bilər.

Tarix – elmdir. Bədii ədəbiyyat isə ixtiradır. Bunları bir-birinə qarşı qoymaq lazım deyildir. İxtira edən hər kəs, birinci növbədə elmi öyrənməlidir. Elm isə, ixtiraların mənasını izah etməlidir. Elə isə, qoy tarixçi sənətkara, sənətkar isə tarixçiyə öz qardaşlıq əlini uzatsın.

Biz tariximizi sevirik. Bu sevgi müasir həyatımız və gələcəyimiz üçündür. Tarix həmişə bizim tərəfimizdədir. Əgər bu böyük qüvvətdən daha səmərəli istifadə etmək mümkündürsə, nə üçün geniş lövhələr təsvir edən yeni dastanların yaranmasına, yeni romanların və dramların meydana çıxmasına daha yüksək ilhamla, daha böyük həvəslə çalışmayaq?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Beşinci fəsil

1**Tahir texniki minimum dərslərinə müntəzəm surətdə davam edirdi. Axır günlərdə müəllimlər hər bir şagirdə çox tələbkar yanaşırdılar. Məşğələlər vaxtında başlayır, vaxtında qurtarırdı. Hər gün keçilən dərsləri o birisi gün nöqtəsi-nöqtəsinə soruşurdular. Bunun səbəbini şagirdlər bilməsələr də, müəllimlər yaxşı bilirdilər.

1 h 10 min
Altıncı fəsil

1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.

34 min
Yeddinci fəsil

1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?

56 min
Səkkizinci fəsil

1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.

1 h 15 min

Poems by other poets