Birinci etiraf

Atam İnfil İbrahimova ithaf edirəm.

Varmı, bir sözümdən varmı kam alan?!
Gün keçir, ömür də qurtarasıdır.
Elə fikirlərim hey komalanan,
Elə hey dağılan qum tayasıdır.

Bir quru, bir sonsuz səhra mənimdir,
Sərkərdə – küləklər, əmrini buyur!
Mənim hər zərrəmin inadında bir
Qasırğa uyuyur, tufan uyuyur.

Bu torpaq üstündə ömürlük varam,
Əzilsəm, torpağa dağılasıyam.
Nə vaxtsa dikəlib bulud yararam,
Nə vaxtsa göyərib dağ olasıyam.

Hamımız vətənin bir daş parçası,
Özülü tapıldı – kim onun oldu.
Bu torpaq kiminin qumaş parçası,
Bu torpaq kiminin buz donu oldu.

Fikirdir yer üstə saralmaz zəmi,
Fikir quranı da fikir dağıdır.
Bu torpaq üstündə bitən Nizami
Bəşərin ən uca fikir dağıdır.

Hər külək ağzında bir səmtə varsam,
Açılmaz şerimin qızıl dan yeri.
Əgər yer üzündə Nizami varsa,
Fikir dartımıdır fırladan yeri.

Bu torpaq nə dağlar dikəldib, Allah!
Bu torpaq uçrumlu, dərəli, nəli...
Burda gözəlliyin hüsnünə aldan,
Burda gözəllər də torpaq sinəli.

Oğullar doğublar – qaya duruşlu,
Canlılar doğublar – mağara qarın.
Hələ tarixçisi bir sərsəm huşlu
Küləkdir, bu qədim mağaraların.

Sən də bax, ey ağzı köpüklü «çılğın»,
Dünən də barlıydı bu bağça, bu bağ.

Qapıb ünvanlara qəfil atdığın
O daşın əyil bir yazısına bax.

Baba kirpiyidir onları yazan,
O daş qiyafəli səslər nə deyir:
Bu gün dünənini az tanıyırsa,
Bu hələ dünənin günahı deyil!..

Alov dağları var üstə bu yerin,
Onun bir zərrəcik qoru san məni.
Qələmim, Nizami hikmətlərinin
Tənə daşlarından qoru sən məni!

İkinci etiraf

Yenə fikirlərim qanad istədi,
Yenə düşüncələr qafiyələndi.
Bir ata ürəyi övlad istədi
Gileylər üstümə qəfil ələndi.

Sanki pəncərəmə bir qara qarğış
Qonub söylədi ki, üzül ədanla!
Yen torpaq üstündə, torpaqdan danış
Yen torpaq üstündə, özünü danla.

Nə qələm dilinə sığışmır bu sirr,
Nə kağız sinəsi bu səsə məhrəm.
Bir ata həsrəti yollarda əsir,
Mən də Parislərdə mövzu gəzirəm.

Mən uzun gecənin qaranlığında –
Uzaq dağ döşündə yanan bir ocaq:
Keçib dərələrin toranlığından
Mənim alovuma əl çatmayacaq.

Elə hey yanıram tək özüm üçün,
Torpağın bozaran həsiri ollam.
Hıçqırıb-hıçqırıb mən için-için,
Qara quş küləklər əsiri ollam.

Hansı yarğanasa dağılan külüm,
Yerə yapışmağa yağış istəyər.
Qanqallar dibinə yığılan külüm
Ata ocağından çağrış istəyər.

Məni tanımasa ocaq daşları,
Məni qaytarmasa ocağa baxtım, –
Sıyır məzarıma bıçaq-daşları,
Məni tuş eləmə o çağa, baxtım...

(Yenəmi illərin dalınca qaçım,
Oxuyum dərsimi ocaq başında.
Xoş gördük, nənəmin urvası, sacı,
Nənəmin ərsini, ocaq başında.

Arabir isinə, köklənə bilə
Könlümün hər simi ocaq başında.
Bir də yaddaşıma həkk edə biləm
Babamın səsini ocaq başında.

Bir əsim küləyəm, bircə dil odam,
Qanadlan, ey könül, dağlara haydı!
Ey mənim gələcək bir qarış odam,
Bir qaya dibində yerin olaydı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland