Nə biləydim nələr vardı qarşımda.İtik toxum göyərərmi hər şumda?Zalım zaman cıdır açdı yaşımdaNə alqışa, nə qarğışa dayandı.

Üzə durdum həyat adlı qənimlə,Yazı xoşdu, qışı boşdu mənimlə.Hara getdim zaman qoşdu mənimlə,Harda durdum ölüm qoşa dayandı.

Ürək dözmür salındığı qəfəsə,Üfüq yetməz insandakı həvəsə:Sinəm gəlib bir udumluq nəfəsə,Ömür bitib bir qarışa dayandı.

Ömür suydu, sular axdı payıza..Açan yarpaq solacaqdı payıza.Yarpaqlarnan döndü baxdı payıza,Torpaqlarnan üzü qışa dayandı.

Rüzgarların şahı sınmaz telimdə.Düşən yarpaq nə arıyır ölümdə?Sayılası barmaq qalmaz əlimdə,Payız qışa, yol yoxuşa dayandı,Yaş altmışa dayandı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring