Qəzvində çıxan “Nəsihət” qəzeti ingilis vəzirlərinin Misrə hücumu barəsində söhbət açıb məqalənin bir yerində deyir ki, lordların həmin politikası tək bir Misir barəsində yox, gələcək zamanlarda Türkiyənin də, İranın da və Əfqanıstanın da başında çatlayacaq və bunu nəzərə alıb qəzet belə məsləhət görür ki, bu üç məmləkətə lazımdır dal-dala verib bir-birinə kömək dursunlar, ta ki cahangir düşmənlər bunların üstünə töküləndə bunları təkləyə bilməsinlər.

Burada iki məsələ vardır ki, onların barəsində möhtərəm qəzet heç bir söz danışmır. Bu iki məsələnin biri çox kiçik və o biri də çox böyük məsələdir.

Kiçik məsələ Azərbayçan məsələsidir: xah Şura Azərbaycanı, xah İran Azərbaycanı. Bu barədə qəzetdə heç bir işarə yoxdur; bir surətdə ki, Qəzvin cəridəsi görməyə bilməz ki, onun qulağının dibində şimal tərəfdə bar-bar bağıran Şura Azərbaycanında dünən yox srağa gün Misir üstə hücum çəkən ingilis dünyagirləri qarşısına böyük bir çıxışlar və hətta cəmiyyətlər təşkil olundu və olunmaqdadır.

Qaldı o biri böyük məsələ: o da İran-Türkiyə məsələsidir ki, bunların dal-dala verməkləri yolunda “Nəsihət” qəzeti uzun bir nəsihət başlayıb. Amma çox təəccüb. Və yəqin ki, qəzetin müdiri təzəlikdə Marsdan yer üzünə düşüb və nə Türkiyədən və nə İrandan əsla xəbəri yoxdur. Və mən heç bunu başa düşmürəm ki, müdir cənabları necə cürət edib İran-Türkiyə sözü danışır? Məgər o bilmir ki, indiyə kimi Tehran hökuməti İran Azərbaycanında türklük söhbətlərini o dərəcədə qədəğən tutub ki, bu sətirləri cızma qaralıyanın gözünün qabağında Təbriz şəhərində həftənin bu başı, o başı kitab mağazalarında saxta axtarışlar əmələ gəlirdi ki, məbada-məbada orada bir türk kitabı tapıla.

Hələ sən bu cür səfahətin qabağını al, qalan işlər də sənə peşkəş olsun.

Lağlağ

“Molla Nəsrəddin”, 27 dekabr 1924, №29

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şəhər və kənd

Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçmüşəm.Bu bir ayın müddətində bizim evə qonşuluqda olan övrətlərdən bir neçəsi ayaq açıb, övrətimlə üns tutublar və dostlaşıblar.

2 min
Sarı

Bir neçə il bundan qabaq Şuşa şəhərində olurdum. Bir gün bir bələdçi götürüb getdim hamama.Şəhərin Ermənistan məhəlləsində səliqəli nömrəli hamam idi. Hamamı bina edən də və icarəyə götürən də erməni idi, amma camadarları və kisəçiləri müsəlman idi.

4 min
Zəlzələ

Zəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam.Zəlzələdən dağılan Badamlı qəsəbəsi idi. Doğrudur, Badamlı ilə bizim fasiləmiz uzaq idi, amma orada üz verən müsibət o dərəcə ağır idi ki, mən və bir nəfər də yoldaşım araba qoşdurduq və Sarvanlar meşəsindən keçdik, kəsə yol ilə axşam vaxtı yetişdik Badamlıya. Orada müəllim Mirzə Əliquludan savayı bir kəsi tanımırdıq və arabanı qəsəbənin içinə sürüb Mirzə Əliqulunu soraqlaşdıq. Məlum oldu ki, məktəb binasının bir tərəfi zəlzələdən uçub və Mirzə Əliqulu oradan özgə yerə köçübdür.

7 min
Qoşa balınc

Avqust ayının iyirmi üçündə mənə məlum oldu ki, Zaqatala ünas darülmüəllimatında imtahanlar tezliklə başlanacaqdır. Bunu eşitcək qızımı götürdüm və avqustun iyirmi dördündə sübh tezdən özümü yetirdim Yevlax stasionuna. Burada qızımla bərabər və bir neçə qeyri miniklərlə mindik avtomobilə və saat on birdə yetişdik Nuxaya. Burada karvansarada bir saata qədər təxir elədik və günorta zamanları haman avtomobillə yola düşdük və saat 3-də yetişdik Zaqatalaya.Xəyalım mehmanxanada qalmaq idi, səbəb budur ki, burada bir nəfər də tanış xəyalıma gəlmirdi. Olsa idi də, genə mehmanxananı qoyub bir kəsə zəhmət verməyəcəkdim. Onunçun da avtomobildən şeylərimi məndən izinsiz dalına alan hambala heç bir söz demədim və qızla bərabər hambalın dalına düşüb başladıq getməyə. Bir az gedəndən sonra genə ehtiyat üçün soruşdum:

12 min

Poems by other poets · Satire