Atlar dayandı
Page 1 of 2
Şəhər dağın təpəsində qurulubdur. Evdə oturanda hər yana göz gəzdirib görürsən ki, dağ, daş, dərələr və çaylar--hamısı səndən aşağıdadır.
Dağların hərəsi bir rəng çalır; çünki bunların eləsi var ki, meşələrlə örtülübdür. Amma dağların əksəri lütdürlər və bu lütlüyün hüsnü meşəli dağlardan da artıqdır; bunun səbəbi budur ki, dağların hərəsi,--xah uzaqdan baxanda, xah yavıqdan baxanda,--növ-növ rəng çalır. Ələlxüsus gün dağlara düşəndə, günün şəfəqi dağların gah bu tərəfini şölələndirib o tərəfinə qara kölgə salır, gah da əksinə.
Axşam vaxtları Xansaray şəhərinin məğrib tərəfi behiştin bir guşəsini yada salır. Yevropanın Şveytsariyasını görənlər, buranı Şveytsariyaya oxşadırlar. Türkiyənin Qəmər göy yaylağını görənlər, buranı oraya oxşadırlar. Üfa şəhərinin Cin yaylaqlarını görənlər Xansarayın zöhr vaxtı məğrib tərəf mənzərəsini oraya oxşadırlar. Mən də Qafqaz yolunun landşaft görünüşlərini görən bir allah bəndəsi bunu cürətlə deyirəm ki, Xansaray şəhərinin şam vaxtı məğrif tərəf seyrəngahı o qədər ki, insana ürək şadlığı verir,--az bir qeyri yerlərdə bu səadət ələ düşə bilər.
Yay zamanı, günortadan iki-üç saat keçəndən sonra gün batan səmtində açılmış "Çanaqqala" çayxanasının sağ və sol tərəfi seyr edən cavanlarla dolmağa başlayır. Bir az bundan aşağı şose yolunun ətrafı camaatla dolu olur. Bunlar yol ilə ötüb gedən arabalara, atlılara, fayton və avtomobillərə tamaşa edirlər.
Şose yolunun dolayları ən uzaqdan görsənir. Budur, dağın dalından bir fayton gəlir. Ancaq on dəqiqədən sonra haman fayton yavıqlaşıb bizim qabağımızdan keçəcək.
Budur, uzaqdan bir avtomobil görsənir; gah dolayın döngələrində gizlənib yox olur, gah döngədən çıxıb yavıqlaşır.
Odur, atlılar dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəfə çapırlar; bunlar hamısı cövlan edirlər.
Amma axşam vaxtları Xansaray şəhərinin girəcəyində, "Çanaqqala" çayxanasının qabağında, görkəmli və tamaşa etməli bir şey varsa, o da aşağıdan--yuxarı şəhərə varid olan avtomobillərin, faytonların və yaxud atlıların tamaşasıdır.
Bax, bir avtomobil gəlir. Görək bu qabağımızdan necə baş yuxarı qalxacaq. Buğ və maşın icad edənin anası ölsün! Bir dəqiqədə fırıldadı və pufladı, qalxdı getdi….
Budur, aşağıdan bir neçə atlı çapa-çapa gəlir. Gərək bunların atları necə çapacaq və görək yorulub duranı olacaq, ya xeyr, çapıb keçəcəklər.
Axşam vaxtları şəhərin "Çanaqqala" adlanan səmtində yolun ətrafı, sağ və sol tərəfi əhali ilə dolu olur. Kişilər, övrətlər, uşaqlar. Və ələlxüsus övrətlər: çarşaflı övrətlər, çardaqlı övrətlər, üzüörtülü övrətlər, üzüaçıq övrətlər…. Cahıllar, ortabab, balaca qızlar, məktəb qızları və məktəb oğlanları qarışqa kimi qaynaşırlar. Buraya cəm olmaqdan məqsəd--aşağıdan başyuxarı gələn atlılar, fayton və avtomobillərə tamaşa etməkdir.
Budur, aşağıdan üçüncü dolayıdan başyuxarı iki atlı çapışır. Görək bunların hansı qabaqlayacaq? Aha! Ya allah, ya allah!… Hı, ay qoçaq kəhər at, hı!… Maşallah, maşallah!… Ədə, qoyma!… Aha! Yox, balam, qara at kəhər atı qabaqladı.
Urra! Urra! Hay-küy, qışqırıq, üşkürük, qırrrr….
Budur, iki fayton gəlir; ikisi də zınqırovlu. Bunlar axırıncı dolayını qalxandan sonra atlarını qunutladılar və o qədər yazıq heyvanların sağrısına çırpdılar ki, atlar dördayaq çapıb aradan çıxdılar və çanlarını qurtardılar; yoxsa əhyana, əgər bunların biri dayanıb dursaydı, daha oğul-uşağın və nəinki tək bircə oğul-uşağın, bəlkə yekə kişilərin və hətta arvad-uşağın, şuşalıların qabağında, onların fışqırıq və üşkürəklərinin və "ğır-ğır"larının qabağında neçə batman tər axıdacaq idilər.
Doktor Qəbzibəylə birlikdə, Xansaray yaylaqlarında mən də çox vaxtlar keçirmişəm. Bir neçə il bundan qabaq hətta onunla İlmatan dağlarına da getdik və oralarda doktorla qəribə yerlər gəzdik, qəribə sulara, növ-növ mədən sularına rast gəldik.
Amma çox vaxtlar Xansaray şəhərinin özündə qalmışıq və qaldıqda da həmişə qəsdən qonşu olmuşuq və bu qonşuluqdan mən ki, həmişə məmnun olmuşam; doktor da, zənn edirəm, narazı qalmamış olsun gərək.
Əvvələn, doktor özü çox gözəl müsahibdir. Çalan, cağıran, oynayıb-gülən, qonaq sevən və dostluqda xeyli sədaqətli. İkinci də budur ki, doktorluqda özü mahir bir həkimdir və evimizin içində nə qədər ki, azarlı ittifaq düşübdür. Qəbzibəyin dövlətindən, həkimə və dərmana xərcimiz çıxmayıbdır və azar da dəf olub gedibdir.
Və lakin axır vaxtlarda, demək olar ki, Qəbzibəyin məişətində bir böyük dəyişiklik üz verdi. Onu istəyirəm deyəm ki, bir neçə ildir ki, həkim daha yay zamanı Xansaraya gəlmir. Bir neçə ildir ki, aşağıda, aranda, yay zamanı çox isti olan "Qaraqırt" qəsəbəsində qalıb oranın isti havasına və mığmığ milçəyinə tab gətirə-gətirə Xansaray kimi gözəl bir yaylağa getmək istəmir.
Bir neçə dəfədir Xansaraya köçüb gedəndən sonra mən Qəbzibəyə xüsusi təkliflər göndərmişəm, bir neçə dəfə görüşüb əhvalpürsan olmuşam, təkid eləmişəm, yalvarıb yaxarmışam və hər dəfə ondan qəti narazılıq cavabını almışam.
Təəccüb burasındadır ki, hələ Xansarayda doktor Qəbzibəyin öz məxsusi evi də var. Burada onun qohum əqrəbası var. Hər yay fəsli,--ki doktor burada olur,--onun yanına gələn azarlılardan onun yaylaq xərci artıqlığınca hasil olur. Demək, burada bir qənaət söhbəti də ola bilməz. Hələ demək olar ki, yay zamanı aranda, Qaraqırt qəsəbəsində həkimin bazarı o qədər də işləmir; səbəb budur ki, bütün camaat,--ki çoxları maldardır,--baş alıb yaylaqlara köçüb gedirlər.
Demək, aşağıda qalmaqla həkim Qəbzibəy özünü bütün işsizliyə də düçar qılırdı.
Bir neçə il bu minvalla keçdi. Doktor Qəbzibəy yay zamanı Xansaray yaylağına gəlməməkdə elə bir inad göstərdi ki, hətta onun öz yavıq qohum-əqrəbası da bu işə məəttəl qalmışdılar.
Keçən yay fəslinin qabağı mənim yolum Xansaraya düşən zaman, bir gecə Qaraqırt qəsəbəsində həkim Qəbzibəygildə qaldım və həkim Qəbzibəyə qonaq oldum.
Bu gecə burada mənim üçün xoş keçdi və buna da iki şey səbəb oldu. Biri bu idi ki, həkim bu gecə mənə ehtiram qoymaq babətindən, — necə ki, dəbdir,--beş on nəfər öz dost və aşnalarından qonaq çağırdı. Bunların içində öz yeznəsi Aslan bəy, məşhur tarzən də var idi. Həkim özü yaxşıca avazla oxuyurdu. Qardaşı Rza bəy kamança çalırdı. Beləliklə, şam yeyib qurtarınca bir də saata baxdıq ki, az qalır sübh işıqlana.
Amma, qeyrilərini demirəm, hər bir şeydən əfzəl burada mənə ruhani bir ləzzət verən həkim Qəbzibəyin bu məclisin şirin yerində bizim xahişimizə görə Xansaraya getməməyinin səbəbini nağıl eləməyi oldu.
Vaqeən hər bir şey öz qaydası ilə: yaxşıca yeyib içmək, çolpaplov, yanında hər bir xuruşu, yaxşıca Qarakənd şərabı, Qarakəndin birinciliyi qazanmış ağ konyakı, meyvəcət, bunlardan sonra musiqi və xanəndənin ruhu şadlıq gətirən və nisanı göylərə qalxızan nəğmələri.
Və lakin bunlar hamısı öz yerində hərçənd bu neməti də hər dəfə və hər gecə və hər yerdə tapmaq olmaz, amma genə tapmaq olar, hərdən bir də olmuş-olsa tapmaq olar. Amma, doğrusu, həkim Qəbzibəyin Xansaraya getməyi tövbə eləməyin rəvayətini bir də tapmaq olmaz; xüsusən ki, bu rəvayət həkimin öz dilindən eşidilmiş ola.
Əvvəl mən, sonra qonaqlar məclisin şirin yerində bənd olduq:
"Həkim, mən ölüm, doğrusunu de görüm səbəb nə oldu ki, bu bir neçə ilin müddətilə bir dəfə də Xansaray yaylağına getməyib bu qoxumuş və mirçəkli aranda qalırsan?"
Əvvəl həkim söyləmək istəmirdi; amma olmadı. O qədər ki, mən yalvardım və qonaqlar yalvardılar, yavaş-yavaş yumşaldı və qavalı yerə qoyub özünə yarım stəkan konyak və qonaqlara dolu stəkan şərab töküb başladı. Həkim Qəbzibəyin rəvayəti:
"Siz hamınız bilirsiniz və görürsünüz ki, mən atı çox xoşlayanam; amma minik atından da artıq qoşqu atını mən xeyli dost tuturam. Demək, atı yəhərin altında yox, qoşquda görməyi dəxi də artıq xoşlayıram. İndi, bax, bu saat mənim, doğrudur, bir dənə yaxşı minik atım var ki, onu çoxları arzu edərdi hər gün minib seyrə çıxsın, amma mən onu həftələr və bəlkə aylarla unuduram. Çünki meylimi həmişə qoşquya verirəm: təkərli arabaya, faytona, şarabana minmək istəyirəm, hətta avtomobili də yox, bir atlı, ya iki atlı faytonu dost tuturam və bu yolda həmişə artıq xərclər qoyuram. Artıq qazancımı yaxşı qoşqu ata verirəm və həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. Və bu yolda ustalaşmışam da. Atların xasiyyətini gözüm elə alıbdır ki, heç bir bədxasiyyət at fikrimə gətirə bilmərəm ki, onu iki-üç günün içində öyrədib faytona qoşa bilməyim."
Mənim fayton atlarım həmişə tərifli olublar; səbəb budur ki, mən onlara həmişə həqq-səy qoyuram. Atbazlığa həvəsim o dərəcədədir ki, mən həkimliyə, bir bərk azarlının üstünə çağırılanda da atın tumarını gərək yarımçıq qoymayam.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-atlar-dayandi
Use ← → keys to move, R for a random poem
More by this author
“Xah, beca, xah bica, xah imruz, xah fərda hər nöqteyi-Asiya ki, əmniyyəti-mali və cani nist, məhali-əql əst ki, beydəqi-Frəngistan bər on nöqtə nəsb nəşəvəd”.Mirzə Məlküm xan – “Üsuli-təməddün”.
Əmali-mahi-rəməzan1900-cü ilin rəməzan ayının üçüncü günü Gəncədə axşama iki saat qalmış getdim məscidə. Axund Molla İsmayıl Həsənzadə minbərin üstündə oturub belə moizə buyururdu:“Dər bəyani-əmali-mahi-mübarək. Bəli, hər ge dər şəbi-seyyümi-mahi-rəməzan qüsl künəd dər nəhri-cari və səy kəf ab bər sər berizəd, ta mahi-rəməzane ayənde flan və flan…”.
Paklar“Məkkeyi-mükərrəmdə, Səfa ilə Mərvə arasında, Mədineyimünəvvərədə küçələrdə iki nəfər hacı gördükləri ədəmi-nazafəti elə bir lisani-təəssürlə anlatıyorlardı ki, ciddən dilxun olmamaq qabil deyildi”.Bu sözlər yazılıb İstambulda çıxan “Tənin” qəzetinin 559-cu nömrəsində və mənası budur ki, iki nəfər hacı, Məkkədə və Mədinədə gördükləri çirki və zibili eli bir dil ilə nağıl edirlər ki, müsəlmanın qəlbi qan ilə dolur.
Nadirül-vücudBu yavıqlarda bizim sahibmənsəblərdən birinin ölüm xəbərini qəzetlərdə oxuduq. Məlum şeydir ki, cəmi yaranmışlar öləcəklər; torpaqdan xəlq olunanlar yenə axırda torpağa qayıdacaqlar.İnna lillahi və inna ileyhi raciun.
Poems by other poets
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Dauqavaİncə bir çiçəyim vardı, Dauqava,Bir gözəl-göyçəyim vardı, Dauqava,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.