Möhtərəm “Kommunist” qəzetinin 294-cü nömrəsində yoldaş Qarayev müəllimlərin həyatını təmin etmək barəsində söhbət açıb gəlir çıxır “Maarif və mədəniyyət” məcmuəsinə. Bura gəlib çıxdıqda məqalə sahibi deyir ki, bu məcmuənin məzmununu büsbütün dəyişdirməli, “bir çox anlaşılmayan məqalələrin və bir çox tartan-partanların əvəzinə müəllim və müəllimlərə yol göstərici, dəsturül-əməl verici, onların məişətinə dair şeylər yazmalı. Onu müəllim və müəllimələrdən ötrü məcmuə etməli”.


Qarayev yoldaş “Maarif və mədəniyyət” məcmuəsində yazılan yazıların adını “tartan-partan” qoyur; amma biz bir özgə cür deyirik: biz deyirik ki, bunların adı məhz bədbəxtçilikdir.

Ondan ötrü bədbəxtçilikdir ki, min doqquz yüz iyirmi üçüncü ildə, Azərbaycan Şura Cümhuriyyəti mərkəzi Bakı şəhərində əmələ və kəndli hakimiyyəti əsrində çap olunan “Maarif və mədəniyyət” məcmuəsi elə bir surətdə meydana çıxdı ki, nəinki indinin bu saatında, nəinki beş-on il sonra, bəlkə yüz il də bundan sonra nə Azərbaycan kənd və əmələləri, nə onların nəvə və nəticələri “Maarif və mədəniyyət” məcmuəsini əllərinə almaq istəyəndə, başa düşməyəcək ki, aya orada çap olunan tartan-partan nə dildə çap olunub və niyə və kimdən ötrü çap olunub?

Başdan bir-iki məqalə yazanlar, yer üzünün cəmi elm və fənlərini oxuyub qurtaranlar bu zalım oğlu əllameyi-təftəzanilər bir dəfə də olmadı ki, insafa gəlib yazıq millətin azsavadlılarını da nəzərə alsınlar, kənd müəllimlərini[də] nəzərə alsınlar.

Sonra.

Şeir, şeir, şeir və yenə də şeir. Təzə şairlər, çürümüş şairlər. Mənalı şerlər, mənasız şeir. Hər əsrin şairləri. Hər məsləkin şairləri. Hər millətin şairləri: ərəb, fars, türk.

Sonra.

Həqiqətdə olmuş şairlər, ixtirai şairlər (yəni heç yox imişlər).

Ölçü-biçiyə vuranda məcmuənin yüzdə doxsan doqquz hissəsi nəzmdir. Bircə bunu başa düşmədik, əgər məqsəd təzə ərsəyə gələn cavanları şairliyə tərəf tuş etməkdir – burada dəxi osmanlı şairlərimiz bizim üçün böyük ibrətdir (və böyük iftixardır).

Söz yox, dəxi şerdən başqa özgə bir yazıya lüzum yox. Əgər məcmuəni idarə eləyən bir müdir olsa idi, bir müdir əvəzinə on müdir olmasaydı, yəqin ki, bu xatalar baş verməzdi.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 1 yanvar 1924, № 1

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əzizim Həmidə! (25 avqust 1923)

Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız, ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al. Gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır.Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək mütləq burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfslənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ.

1 min
Əzizim Həmidə! (28 avqust 1923)

Bizim Bakıda havalar sərinləşmişdir. Yusifxan mənə məktub göndərib xahiş edir ki, sentyabrın 15-də Radiki imtahana aparım, çünki borcu qalıb. Təzə tarixlə sentyabrın 15-də hamınız gərək burada olasınız. Bizim uşaqlar da 25-indən bir neçə gün qabaq Bakıda olmalıdırlar ki, məktəbə hazırlaşsınlar. Onlara təcrübəli fars dili müəllimi tapmışam. Uşaqlar üçün lap ürəyim əsir. Midhətə velosiped almışam. Üzeyir məsləhət görür ki, skripka da alım. Hələlik. Sağ ol.Cəlil

1 min
Əziz oğlum Midhət! (28 avqust 1923)

Mən çoxdan sənə velosiped almaq istəyirdim. Axırı Malakan küçəsindəki bir ustada velosiped gördüm. Amma bu işdən başım çıxmadığı üçün ala bilmədim. Axırı dünən, avqustun 27-də eşitdim ki, qonşumuz İsrafil İbrahimov velosiped sürəndir. Faytona minib getdik. Pakizəni də apardım. İbrahimov bir saata qədər həmin velosipedə minib sürdü, baxdı. Onun razılığı ilə mən bu velosipedi alıb evə gətirdim (qızıl pul verdim).Bunun əvəzində gərək sən də, vədə verdiyin kimi, ağıllı, çalışqan oğlan olasan, ən vacibi: gərək ananı istəyəsən və onun sözünə baxasan.

1 min
Həmidə! (30 avqust 1923)

Sənə Şuşaya və Ağdama kağız yazmışam. Amma çoxdandır ki, səndən kağız almıram.“Yeni yol” Komitəsində işləyən cavan yoldaşımız Bəhramov indi Qarabağa yola düşür. Bir neçə gündən sonra qayıdıb gələcəkdir. Əgər onunla Bakıya gəlməli olsanız, sənə can-başla kömək edər.

1 min

Poems by other poets