Rusiyada və Yevropada nəşr olunan qəzetələr ha yazırlar ki, müsəlmanlar çalışırlar “ittihadi-müslimin” düzəldib birləşsinlər və əcnəbi millətlərə zor edib, bütün yer üzünə sahib olsunlar.

Bir adam lazımdı ki, gedə yapışa bu qəzetləri yazanların əlindən və gətirə Qarabağa və Qarabağın bir para vaizlərini nişan verə; haman vaizləri ki, camaatı yetmiş iki tirəyə bölməkdən savayı özgə bir işləri yoxdu.

Bir belə adam bizə lazımdı.

Bundan savayı bizə bir adam da lazımdır: bir adam da lazımdır gedib dursun Arazın kənarında və İrandan bu tərəfə keçən bəzi vaiz və mərsiyaxanlara və təzə seyidlərə desin: mən ölüm, ülgücləri qoyun burada, sonra Arazı keçin.

Bir belə adam bizə lazımdı:

Bundan savayı bir adam da bizə lazımdı:

Ağdamda hacı Qənbərvəli cümə günləri dükanı açır ki, guya toyuğu gəlib dükanda yumurtdayandan sonra dükanını bağlasın. Bu hiylə ilə hacı fürsət tapıb alış-veriş eləyir. Bir adam lazımdı ki, Ağdama gedib hacı Qənbərvəlidən soruşa: “Ay hacı, Allah atana rəhmət eləsin, necə heyifin gəlmədi o pullara ki, aparıb Ərəbistan biyabanında bədövilərə payladın?“.

Bir belə adam bizə lazımdı.

Sonra bir adam da bizə lazımdı.

Tiflisdə ruhani rəislərimiz gimnaziyada oxuyan şiə-məzhəb müsəlman uşaqlarına deyirlər ki, siz sünnü mollasından dərs almayın. Bir adam lazımdı ki, gedib həmin ruhani rəislərimizə desin: “Ay qardaşlar, nə vaxt siz bəxtiqarə müsəlmanların içindən rədd olacaqsınız?“.

Bu adamlardan savayı bir adam da bizə lazımdı, bu da qalsın sonraya.

Hərdəmxəyal

“Molla Nəsrəddin”, 3 noyabr 1906, №31

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Həmidə! (7 noyabr 1922)

Bakı*Kağızını alıb sənin və uşaqların naxoşlamağından bərk təşvişə düşdüm. Odur ki, qət elədim gəlim Kəhrizliyə. Sənin üçün fayton və istədiyin bütün şeyləri almışam. Yolda atları da alacaq və elə güman eləyirəm ki, hazır faytonla gələcəyəm. Amma bu vacib işlər gəlməyimi ləngidir: 1) Kəhrizlilərin işi. 2) Dəzgahların, yunun və pambığın sənə qaytarılması və 3) Dəyirmanı təmir eləmək üçün 10 dənə taxta verilməsi. Bütün günü bu işlər üçün idarələri dolaşıram. Bilirsən də, bizdə iş necə daşdan çıxır. Hamımız sağ-salamatıq və Müzəffər universitetə gedir. Əsədin oğlunu tez yola salmağa tələsir və məktubu bu ümidlə qurtarıram ki, yaxın günlərdə görüşəcəyik.

1 min
Əzizim Həmidə! (15 noyabr 1922)

Dünən Komissar Qədirli ilə Münəvvər barəsində danışdım. Mən yazmaq istəyirdim ki, Münəvvər Bakıda işləməyə gəlsin. Amma Qədirli məsləhət görür ki, bir neçə ay Ağdam xəstəxanasında təcrübə keçsin. Söz verir ki, sonra orada onu işə düzəltsin. Əgər Münəvvər bunu istəməsə, onda qoy gəlsin Bakıya, burada işə düzəlsin.Dünən Qulam Axundov vasitəsilə sənə kağız göndərdim. Sən nahaq yerə orada oturmusan. Uşaqlar sənin üçün darıxırlar.

1 min
Fəzilətli Fərəculla Pişnamazzadəyə (21 noyabr 1922)

Əziz olan qardaşım!Bir vaxt bunu bəhanə gətirdim ki, qoy alma, armud yeyək, sonra razılıq kağızı yazaq. Məlum ki, alma və armud çoxdan yeyildi, qurtardı, amma kağız yazılmadı. Xudaya, yemək nə qədər kağız yazmaqdan asan imiş... Amma keçən-keçib və indi istəyirəm borcdan çıxam. Əvvəla, bu saat uşaqların yanında bu kağızı yazıram. Ənvər deyir: dədə, görəsən, Əhməd nə yekəlikdədir? Qızım Pakizə soruşur: görəsən, Siddiqə xanım nə təhər xanımdı və nə qədər dərs oxuyur? Mən onlara deyirəm bu işləri yazı-pozu ilə öyrənmək olmaz, bunun çarəsi may ayının axırında köçüb Nuxuya yaylağa getməkdir. Vaqeən bu iş yaman olmazdı, həm ziyarət, həm ticarət olardı. Amma, çünki Həmidə xanım bu saat Qarabağdadır, odur ki, indi bu məsələni həll edə bilmərəm, yəni hələ tezdir. Hər halda sizdən nəhayət təşəkkürüm var.

1 min
Həmidə! (1 fevral 1923)

Bakı*Yanvarın 22-də yazdığın kağızı aldım. Uşaqlar Kəhrizlidəki naxoşluğu eşidəndə səndən nigaran oldular. Mən onlara söz verdim sənə yazacağam ki, bütün bu işlər, kəhrizlər və kəhrizlilər səni təngə gətirən kimi, dərhal çıxıb Bakıya gələsən.

2 min

Poems by other poets · Satire