Biz müsəlman tayfası bir söz danışanda heç o sözün dalını-qabağını fikirləşmirik. Elə məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını: elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda? Görək bu sözləri kim oxuyacaq və kimə lazımdı və nəyə lazımdı ki, oxusunlar və niyə də oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar və nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar? Deyəsən, bir az uzun oldu.

Biz müsəlman tayfası bir söz danışanda heç istəmirik o sözün dal-qabağını fikirləşək. Məsələn, biz deyirik cümə günlərini tətil eləyək və dükanlarımızı bağlayaq və alış-verişə məşğul olmayaq.

Niyə, nə səbəbə? Yəni hər bir şeyin bir səbəbi var ya yox? İrəvanda da deyirlər vitsekonsulun köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır, yəni o da gününə baxır. Məsələn, elə gün olur ki, saat xoş olur-on beş alır, saat xoş olmayanda on manata da razı olur.

Hələ bunnan da işim yoxdu, özü bilər. Ancaq genə bunu demək istəyirəm ki, axır niyə müsəlmanlar cümə günləri alış-veriş eləməsinlər?

Niyə, nə səbəbə, nə cəhətə və nədən ötrü və nə cəhətin səbəbindən ötrü və nə səbəbin cəhətindən ötrü? Axır nə olub, nə haraydaddır?

Bunları mənə heç qandıran yoxdu.

Biz baxırıq özgə millətlərə, məsələn, üzdəniraq yəhudilərə, ayıb olmasın firənglərə, bilatəşbeh ermənilərə, ruslara, biz deyirik ki, niyə onlar eləsin, biz eləməyək?

Maşallah söz danışana. Götürüb qarpız qabığını şappıltı ilə vurasan bu cür sözləri danışanın ağzından, ağzını yumsun qoysun getsin işinə.

Əvvəla budur ki, nə səbəbə biz özümüzü bu millətlərə oxşadaq? Bir hələ bunu istəyirəm bilim ki, nə səbəbə biz özümüzü bu millətlərə oxşadaq? Bir burasını mənə deyən yoxdur ki, nə səbəbə biz özümüzü bu millətlərə oxşadaq?

Və nə səbəbə bu millətlərin heç birisi özünü bizə oxşatmır? Oxşatmaz və nə qədər ki, dünya var oxşatmayacaq.

Di buyurunuz görüm?

Axır bizim Nuxa qışlağında çaharşənbə ocaqlarımız var, bəs bu millətlərin nəyi var? Bununla belə, genə özümüzü istəyrik o millətlərə oxşadaq. İstəyirik o millətlərdən dərs alaq. Amma onların heç birisi özünü bizə oxşatmaq istəmir. Nədir bunun səbəbi?

Axır nə səbəbə müsəlmanlar cümə günləri dükanlarını bağlasınlar? Bəli, biz deyirik ki, niyə pəs əcnəbilər bazar günləri bağlayırlar? Axı, ay qardaş, əcnəbilər həyə bağlayırlarsa da, gedirlər kimi kəlisaya ibadətə, kimi gedir evinə rahat olur və oğul-uşağı ilə vaxtını keçirib həmi özü dincəlir, həmi əhli-əyalını xoşhal eləyir.

Çox əcəb, belə olan surətdə dəxi müsəlmanlar nə səbəbə cümə günləri dükanlarını bağlasınlar və bağlasınlar hara getsinlər və nəyə məşğul olsunlar?

Di buyurun görək nəyə məşğul olsunlar? Söz yox ki, əgər mümkün olsaydı hər cümə günləri məsciddə çay vermək, yainki heç olmasa qəndab vermək, ya qəhvə vermək, yainki heç olmasa Allahın quru papirosuna nə gəlib, belə bu zəhrimar da yoxdu, yoxdu da, yoxa ta nə deyəsən? Necə ki, deyiblər, bir dənə köhnə həsir, bir də Məhəmmədnəsir, vəssəlam. Dəxi kim dəli olub məscidə getsin?

Buradan istəyirəm bir haşiyə çıxam: alimi-fərzanə məşhur Abdulla Cövdət “Surayi-Osmani” qəzetində bir neçə söz deyir. Amma burada nağıl eləsəm, qorxuram mətləb uzana. “Surayi-Osmani”ni oxuyanlar bilirlər ki, nə yazılıb, oxumayanlara da mən neyləyim: canları çıxaydı oxuyaydılar.


Yəni bizim yazıq dükançılar cümə günləri tutaq dükanlarını bağladılar.

Pəs nəyə məşğul olsunlar?

Tutaq bir saatlığa bağladılar, yaxşı bütün günü səhərdən axşama kimi nə qayıracaqlar?

Hələ deyək getdilər evlərinə. Pəs evlərində nəyə məşğul olsunlar? Bir tərəfdən balaca uşaqların səsi-küyü adamın zəhləsini aparır, bizlərdə də ki, ər ilə övrət danışmaz: bəlkə demirəm bozbaşın duzu az ola, çörək üstə bir az mərəkə düşə, yoxsa bundan savayı evdə kişi üçün nə məşğələ ola bilər? Qərəz, mən deyirəm ki, adam sözü danışanda lazımdır ki, dalını da, qabağını da fikirləşsin.

Yaxşı, bir saatlığa tutaq ki, dükançılarımız cümə günü dükanlarını bağladılar.

Heç ağlınıza gətirirsinizmi ki, cümə günü dükanlar bağlı olsa cavan dükan şagirdləri və dükançıların balaca uşaqları nəyə məşğul olacaqlar?

Yaxşı nəyə məşğul olacaqlar? Mən doğrusu bilmirəm, siz buyurun görək nəyə məşğul olacaqlar? Di buyurun görək nəyə məşğul olacaqlar?

Hələ bir saatlığa cavanlar qalsınlar kənarda, di buyurun görək hacı və məşədilərimiz və seyidlərimiz və kərbəlayılarımız nəyə məşğul olacaqlar?

Deyəsən, mən bilirəm nəyə məşğul olacaqlar:

Bunlar da çömbələcəklər divarların dibində və başlayacaqlar şirin söhbəti. Biri deyəcək:

“Dər sali-bistü çahar rus nəhs əst ki hər mahi dü ruz başəd, əgər kəsi bimar şəvəd, bemirəd və əgər bəsəfər rəvəd bir nəgərdəd və əgər bəcənd rəvəd küştə şəvəd və əgər tərzənd mütəvəllid şəvəd nəmanəd”.

Heyf ki, farsca savadım yoxdur, yoxsa tərcümə edərdim.


Mən bircə bunu təvəqqe eləyirəm ki, bundan sonra cümə söhbəti ortalığa gəlməsin, qorxuram içindən bir şey çıxmaya.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 29 iyul 1907, № 28

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets