“Tərcüman”ın 25 ili

(1883-1908)

Bu aprel ayının onunda möhtərəm “Tərcüman” qəzetinin çıxmağa başlamasının 25-ci ili tamam oldu.

Bir müsəlman qəzetinin faydalı və səmərəli bir yolda 25 il davam etməyi nəinki Rusiyada, bəlkə bütün dünyada əvvəlinci dəfə görülən bəxtiyarlıqlardandır.

Mətbuat aləmində 25 il qələm çalan böyük yoldaşımız İsmayıl bəy Qasprinski həqiqətən bəxtiyardır.

Bəli, bəxtiyardır. Çünki 25 il çalışıb min zəhmət və müsibətlə əkdiyi toxumun meyvəsini fərəh və şadlıqla görür. Görür ki, 25 il əvvələ qədər donmuş bir halda olan millətin qanı yavaş-yavaş tərpənir, beyni yavaş-yavaş işləyir. Bu işləməklə özünü bir az tanımaq haqqını bilmək, insaniyyəti qanmaq, zəmanənin təqazasına qulaq asmaq istəyir.

İsmayıl bəyin millətimizə, insaniyyətə etdiyi böyük-böyük xidmətləri burada saymaq bizim üçün çox çətindir. Ancaq millətimizin əksərinin, hələ indiki halda belə, mətbuata, təzə fikirlərə, yeni üsula olan rəğbətsizliyini, zəmanədən bixəbərliyni göz önünə gətirəcək olursaq, İsmayıl bəyin, bu səbatlı böyük, mühərririn bu uzun müddətdə nə zəhmətlər çəkdiyini, nə fədakarlıqla “üsuli-cədidə”nin nəşrinə çalışdığını bilmək olar.

İsmayıl bəy haziq həkim kimi millətimizin dirilməyini məktəbdə, maarifin nəşrində gördü: qüvvətinin ən çoxunu bu yolda sərf elədi. Üsuli-cədidəsini, üsuli-cədidə kitablarını Bağçasaraydan Çinə, Kazandan İrana qədər nəşr elədi. Mülayimanə, lakin təsirli məqalələr ilə uyuşmuş beyinlərdə “mühakimə” qüvvəsini oyandırdı; köhnə üsulu, bütpərəst adətlərimizi silməyə çalışdı.

İsmayıl bəy millətinin oyanmağına lazım olan heç bir vasitədən geri qalmadı: bir tərəfdən mətbuatda çalışdı, digər tərəfdən daxildə, xaricdə cəmiyyətlər təşkil edib millətdə “müşavirə” hüsnü oyandırdı.

Camaat qeydinə qalmaq genə camaatın, ümumin borcu olduğunu anlatdı və ancaq bu ittihad və müşavirə qüvvətilə əsarətdən xilas olmaq mümkün olacağını bildirdi.

Xülasə, demək olar ki, indiyə qədər millətin ehtiyacını, gələcəyini haqqı ilə nəzərə alıb ciddi və səmərəli yolda çalışan, türk millətinin içində birinci dəfə İsmayıl bəy çıxdı.

İştə bu birinci ədibimizin 25 illik xidməti aprelin 10-da tamam oldu. İsmayıl bəy öz milli və insani borcunu nə cür yerinə yetirdisə, ümid ki, millətimiz də onun xidmətini təqdir edib qədirşünaslıq borcunu yerinə gətirər və bu günün yadigarlığı üçün əldən gələn fədakarlığı əsirgəməz.

Hərçənd İsmayıl bəyin böyüklüyünü, xidmətini tarix və gələcək bizdən daha yaxşı tədbir edəcək və adını qızıl xətlə yazacaq, bizsiz də o uca mərtəbəsinə çatacaq. Amma belə bir gündə millətin bihiss durmağı millətin özü üçün böyük həqarətdir, millətin hələ xeyir ilə şəri qanmadığını bildirməkdir. Buna görə İsmayıl bəyə nə qədər hörmət göstərilsə, millət o mərtəbə mədəni dərəcəsini, öz qədirşünaslığını, öz diriliyini göstərmiş olur. Bu səbəblədir ki, Orenburq, Üfa, Türküstan, Krım müsəlmanları bu günün mübarəkbadlığı üçün böyük nişanələr, əsərlər qoymağa hazırlanırlar. Rusiyanın bir çox yerlərində bu günün yadigarlığına “İsmailiyyə” adilə darülmüəlliminlər, nəşri-maarif cəmiyyətləri, ibtidai oğlan və qız məktəbləri açmaq, mühərririn naminə məktəblərə müsəlman şagirdləri üçün stipendiya vermək və ya mühərririn özünə münasib hədiyyələr göndərmək istəyirlər və bir çox şəhərlərdən məxsus vəkillər gedib mayın 2-də olacaq duada bulunacaqlar.

Ümid ki, bizim Qafqaz müsəlmanları da öz dirilik və insaniyyət mərtəbələrini göstərmək üçün bu böyük ədibimizə lazım gələn hörmət və tədbirdən geri qalmazlar. Hərçənd 25 ilin tamamı aprelin onunda oldu, amma Bağçasaraya yığılıb dua eləmək mayın 2-də olacaq.

Əgər göndəriləcək hədiyyələr və o günün adına qoyulacaq əsərlər mayın 2-nə çatmasa sonra da ola bilər.

“Molla Nəsrəddin”, 20 aprel 1908, № 16

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xanımlara

“Füyuzat”ın 24-cü nömrəsində axırıncı səhifədə “Azad” təxəllüslü şair üzünü xanımlara tutub ərəbcə deyir:Vətən övladının təmini-istiqbalı müşküldür.

2 min
Bakının əlacı

Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan sonra səbr eləmək mümkün deyil. Heç mümkün deyil səbr eləmək. Bakının üfunəti dünya və aləmə dağılıb qoymur nəfəs almağa.Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəb ki, hamı gözünü dikib Bakıya və o Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzür həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanların fikrini çaşdırır. Cavanlarımız özlərini Bakı qoçularına oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərini Bakı müəllimlərinə oxşadırlar.

2 min
Vəkil

Müsəlman içində bir söz var, deyərlər ki, “Kor atın da kor nalbəndi olar”.Hələ bu qalsın kənarda.

2 min
Cuhudun məktubu

Bakıdan idarəmizə yəhudi dilində bir belə məktub gəlib:Cənab Molla Nəsrəddin! Dünən mən getmişdim müsəlman bazarına ev üçün bir-iki yemiş alam. Getdim durdum bir qoca dükançının dükanının qabağında və yemişin qiymətini soruşdum. Dükançı yemişləri tərəziyə qoyub çəkməkdə idi. Gördüm bir müsəlman bir özgə müsəlmana deyir: “Adə, Həsən dadaş, cuhuddu, ha!”. Dükançı yemişləri qoydu qabağıma və mən də istədim yemişlərin pulunu verəm – genə gördüm bir müsəlman deyir: “Adə, Həsən dadaş, cuhuddu, ha!”. İstəyirdim yemişləri vuram qoltuğuma və gedəm, bu heyndə naqafil daldan bir müsəlman yavıqlaşıb başımdan bir qapaz ilişdirdi, elə bərk ilişdirdi ki, şapqam girdi gözümə.

1 min

Poems by other poets