Contents
  1. I
  2. II
  3. III
  4. IV

Page 2 of 6 · 17%

II

Dadaşım çubuğu çəkib tapdadı yerə, külünü boşaldıb taxtı belinə, durdu ayağa və mənim üstümə acıqlanıb buyurdu ki, itin yuvasından çıxıb və gedim minim gəmə. Mən dadaşımın buyurduğunu əmələ gətirdim və kəndlilər də durdular ayağa ki, hərə getsin öz işinə. Mən qaçdım mindim gəmə və çubuq ilə başladım malları sürməyi, dadaşım da ətəyi ilə alnının tərini silib şananı götürdü və başladı küləşi çevirməyə. Mallar üç ya dörd baş ancaq dolanmışdı ki, kənd səmtindən qlavanın giziri Cəlil bəy tayanın dalından nağafıl çıxıb hazır oldu. Mən çox qorxdum; çünki əlüstü yəqin elədim ki, Cəlil bəy gəlib dadaşımı aparsın nəçərnikin yanına.

Axırda elə mən dediyim oldu. Cəlil bəy dadaşımın tərəfinə yeriyib, tatarını qaldırdı göyə, amma yendirmədi; yəni doğrusu budur ki, yendirə bilmədi. O səbəbə ki, tatarı göyə qalxan kimi dadaşım cəld sağ əlini atdı yapışdı tatarının sapından və sol əli ilə Cəlil bəyi qucaqlayıb başladı yalvarmağa ki, desin görək dadaşımın təqsiri nədir. Cəlil bəy dadaşımın təqsiri barəsində bir söz demədi. Ancaq təkid ilə buyurdu ki, dadaşım məni də götürüb getsin nəçərnikin yanına.

Bu sözləri eşitcək mən özümü itirdim. Dəxi bilə bilmirəm sonra nə oldu, nə olmadı. Ancaq bir də gördüm ki, dadaşım yapışıb mənim sağ əlimdən, çəkə-çəkə aparır kəndə.

Çox qorxurdum və niyə də qorxmayaydım? Mən ancaq indi başa düşmüşəm ki, şəxs düz yolu ilə gedə, nəçərnik ona heç bir şey eləməz.

Amma o vədə yolda gedə-gedə dadaşıma deyirdim ki, vallah, dadaş, nəçərnik mənim başımı kəsər; aparma məni nəçərnikin yanına.

Bir də ki, əgər dadaşım olmasaydı, mən o qədər qorxmazdım. Nə qədər ki, mən öz-özlüyümdə qorxurdum, bir o qədər də dadaşım məni qorxudurdu; yəni o rəhmətlik də qəsd ilə eləmirdi, bilə-bilə məni qorxutmurdu. Ancaq o özü də başa düşmürdü ki, məni qorxudur. Dik yolda kənd içində məni aparanda mən elə ha soruşurdum dadaşımdan ki, axır nə səbəbə nəçərnik məni istəyibdir? Bunun cavabında dadaşım məni müqəssir tutdu ki, bəlkə mən qlavanın oğlu ilə savaşmışam, o da nəçərnikə şikayət eləyib.

Müxtəsər, gəldik yetişdik Hacı Namazalının meydanına. Kənddə nə qədər adam var, hamısı burada cəm idi. Nəçərnik də yenicə gələn qonaqları ilə Hacı Namazalının evində imişlər.

Hələ ki, mənim işdən xəbərim yoxdu, bilmirəm nə olacaq, nə olmayacaq. Heç kəsdən də cürət eləmirəm soruşum ki, nə var, nə yox, bu nə mərəkədi? Bir-iki dəfə çənəmi dadaşıma səmt qalxızdım ki, bəlkə ondan bir zad öyrənim; amma kəndlilərin qiylü-qalı o qədər idi ki, dadaşım nə mənim sualımı eşidə bildi, nə də ki, bir cavab verə bildi. Axırı bir tövr ilə adamları aralayıb, özümüzü soxduq meydanın ortasına.

Xəbər gəldi ki, nəçərnik gəlir. Guya ki, qurbağa gölünə daş atdılar; hamı üzünü çöndərdi Hacı Namazalının qapısına səmt və səs-səda lap kəsildi. Qapı açıldı və həyətdən əvvəl Hacı Namazalı özü çıxdı və adamlara “çəkil-çəkil” deyə-deyə özü də gəlib durdu bir tərəfdən. Sonra bir kişi çıxdı. Çünki bunun börkü qırmızı və çuxası ağ idi, mən elə güman elədim ki, bu nəçərnik özüdü; amma sonra mənə dedilər ki, bu nəçərnikin vəkilidi. Vəkildən sonra qlavanın giziri Cəlil bəy çıxdı. Bu da “çəkil-çəkil” deyib tatarını oyza tovladı, buyza tovladı, axırı özü də çəkilib durdu bir səmtdən. Bunlardan sonra qlava Pirverdi bəy çıxdı. Bu da qabaqca gələn şəxslər kimi adamları “çəkilçəkil” deyə-deyə aralayıb, çəkilib durdu bir səmtdə. Qlavadan sonra bir urus böyüyü çıxdı. Bunun dalınca bir ayrısı çıxdı. Onun dalınca biri də çıxdı, genə bir ayrısı çıxdı. Bunlardan sonra bir molla çıxdı, bu molladan sonra bir ayrı molla çıxdı; o molladan da sonra bizim Danabaş kəndinin mollası Molla Həzrətqulu çıxdı. Sonra mənə dedilər ki, bu mollaların biri qazıdı. Mollalardan sonra Hacı Namazalının həyətindən genə adam çıxdı. Amma, çünki mənim nəzərim çoxu rus böyüklərində idi, dəxi yadımda qalmadı Hacı Namazalının həyətindən kim çıxdı mollalardan sonra.

Bu hamı ərz elədiyim həzərat gəldilər meydanın ortasına və səf çəkib düzüldülər bir-birinin yanına. Qabaqda bir stol qoyulmuşdu, stolun üstünə bir örtük salınmışdı. Hamıdan əvvəl qazı yeridi qabağa, stolun üstə bir köhnə cildli kitab qoyub, üzünü tutdu camaata və başladı:

– Ey Danabaş kəndinin camaatı! Qulaq asın görün nə deyirəm, yaxşı qulaq asın.

Qazı bu sözləri decək, hər iki molla cavab verdi:

– Amin, ya rəbbül-aləmin! – Sonra qazı, genə başladı:

– Camaat, bilirsiniz, bu gün nə səbəbə cənab nəçərnik təşrif gətirib Danabaş kəndinə? Cənab nəçərnik eşidib ki, hələ siz, yəni Danabaş kəndinin əhli hələ indiyə kimi qaranlıqda qalmısınız. Odur ki, cənab nəçərnikin sizlərə rəhmi gəlib və bu qəsd ilə bu gün hədsiz zəhmətlər çəkib və Danabaş kəndinə təşriflər gətirib ki, burada bu gün bir uşkol aça və sizləri bəlkə bir tövrnən qaranlıq aləmindən çıxarıb, daxil eliyə işıqlıq aləminə. Və bir də bunu bilin ki, yer üzündə nə qədər ki, pərvərdigari-aləm şəhər və kənd xəlq edib, hər nə qədər ki, vilayət yaradıbdır, olar cəmisi çoxdan işıqlıq aləminə çıxıblar; məhz qalıb Danabaş kəndi. İnşallah əgər Allah-taala əcəldən aman verər, burada da bu gün nəçərnik ağa bir uşkol açar, ta bəlkə sizlər də işıqlıq şərbətini içəsiniz.

Hər iki molla “amin” deyəndən sonra qazı cibindən eynəyi çıxarıb geydirdi burnunun üstünə, Quranı hər iki əli ilə qalxızıb öpdü və basdı alnına; bir yerindən açdı və başladı ucadan oxumağı.

Qazı Qurandan bir neçə ayə oxuyub Quranı bükdü və hər iki molla “amin, ya rəbbül-aləmin” deyəndən sonra qazı Quranı qoydu stolun üstünə və üzünü tutdu camaata.

– Camaat, “amin” deyən dillər lal olmasın.

Qazının bu sözlərindən sonra əvvəl hər iki molla “amin” dedilər, kəndlilərdən də bir neçəsi mollalara baxıb “amin” dedilər; sonra qazı cift əlini qaziyülhacata uzadıb başladı dua-səna eləməyi: əvvəl padişahi-mehribanimizə, onun xatuni-kəriməsinə və cəmi xənədanibasədətinə.

Camaat səs-səsə verib ucadan dedilər: “amin”.

Sonra qazı başladı nəçərnikdən. Əvvəl tərif elədi və nə qədər ki, ərəb dilində ali-şan ləqəblər və sifətlər var idi, hamısını saydı, sonra genə başladı dua-səna eləməyə. Qərəz, qazı bu barədə çox danışdı, dedi, dedi və axır sözləri bu oldu:

– Ey cəmaəti-Danabaş! Bizə hamılıqnan lazımdır ki, hər gün və hər gecə ibadət vaxtında bari-pərvərdigara həmd eliyək ki, biz nə qədər xoşbəxt bəndəyik ki, bizim vilayətimizə belə hakim göndəriblər ki, ibarət olsun bizim cənab nəçərnik ağadan. Bu özgə bir şey deyil, məgər Allah-taalanın bizlərə lütfü və mərhəməti, amin!

Camaat da qazıya baxıb səsləndi: “amin”.

Qazıdan sonra bir urus böyüyü – alçaq boy və az saqqal – yeridi irəli və üzünü camaata tutub, başladı öz dilində ucadan danışmağa. Sonra biz bildik ki, bu danışan nəçərnik imiş. Nəçərnik sözünü deyib qurtarandan sonra bir ayrı rus böyüyü qabağa yeriyib genə üzünü tutdu camaatın tərəfinə. Camaat birdən dedi:

– Allah ağaya ömür versin!

– Ey Danabaş kəndinin camaatı! Heç annırsınız ki, nəçərnik ağa sizə nə deyir? Yaxşı sözlər deyir, çox gözəl sözlər deyir. Açın qulağınızı və eşidin; çünki həməvəqt mümkün olmaz şəxsə bu cür nəsihətləri eşitmək. Cənab nəçərnik buyurur ki, mən Danabaş kəndinin əhlini çox dost tuturam. Amma bunu da buyurur ki, mənim bu camaata yazığım gəlir; çox avam camaatdı, çox biməna camaatdı. Mən özüm yəqin eləyirəm ki, cənab nəçərnik ağa bu barədə xilaf fərmayiş eləmir. Mən özüm görürəm ki, siz avam adamsınız, yazıq adamsınız, heyvan adamsınız və sizin avamlığınız və heyvanlığınız burdan isbat olunur ki, nəçərnik buyuranı başa düşmədiniz, lazım gəldi ki, mən sizləri başa salam. Bəli, nəçərnik ağa buyurur ki, mənim Danabaş kəndinin əhlinə yazığım gəlir, bunlar çox dalda qalıblar, qaranlıqda qalıblar. Odur ki, nəçərnik ağa bu gün bu niyyət ilə sizin kəndə öz mübarək qədəmini basıb ki, bu gün bir uşkol açsın və bu tövrnən sizləri xoşbəxt eləsin.

Camaat birdən səsləndi:

– Allah ağaya ömür versin.

Sonra nəçərnik bir kağız aldı əlinə və başladı oxumağı; oxudu və üzünü tutdu indi müsəlmanca danışan rus böyüyünə. Bu da irəliki kimi üzünü camaata tutub başladı:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əzizim Məmmədəli! (29 yanvar 1911)

Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla.Faiq əfəndi yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar.

1 min
Əzizim Məmmədəli! (1 mart 1911)

Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.

1 min
Əzizim Məmmədəli! (14 may 1911)

Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.

1 min
Həmidə! (10 oktyabr 1911)

Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil

1 min

Poems by other poets