Mən – müsəlmanam.

Va müsəlman olduğum üçün həmişə öz islam dinimizi özgə dinlərdən ali və bərhəq hesab edirəm.

Və indiyə kimi nə qədər ki, yer üzünə mənimtək qələm sahibi müsəlman gəlibdir – onların hamısı yeri düşəndə həmişə pak olan islam dinini qeyri dinlərdən əfzəl tutublar (və yəqin ki, əfzəldir də).

Amma bu yavuq zamanda bir qəribə kitaba rast gəldim: bizim müqəddəs hesab olunan iranlı həmşərilərimizdən ağayi Mirzə Hüseyn Tuti həzrətləri “İran-şəhr” məcəlləsinin bir yerində “Dəyanət və İran” sərlövhəli bir məqaləsində yer üzündə olan dinlərdən söhbət açıb vətəndaşlarının qədim zərdüşti dini barəsində belə yazır: yazır ki, “Bir nəfər ingilis əhli-qələmi deyir ki, hal-hazırda yer üzündə sitayiş olunan ayinlərdən tək bircə zərdüşti dinidir ki, indiki ülum və fünun ilə onun ziddiyyəti və beynunəti yoxdur”.

Məqalə sahibi özü də bunu deyir ki, “bəli, səhihdir və məhz bu dinin bərəkətindəndir ki, islam dininin himayəsi sayəsində bizim fars məmləkəti, bizim fars dilimiz, bizim novruzumuz və hətta axır çərşənbə atəşbazlığımız indiyədək baqi və bərqərar qaldılar” (amma nimeyi-şəbanın atəşbazlığını, deyəsən, unudub).


Hərçənd məqaləsinin bir yerində ağayi Mirzə Hüseyn cənabları öz pak və müqəddəs islam dinini də dinlərin bərgüzidələrindən hesab edir; ancaq mən həqiri heyrətə gətirən bircə nöqtədir ki, aya, səbəb nə olub ki, məqalə sahibi birdən-birə, nagəhan, oturduğu yerdə və heç bir kəs ondan soruşmadığı bir halda, atəşpərəst dinini vətəndaşların nəzərinə çəkir?

Hə, burada mən barmağımı dişlədim və agah oldum: bu söhbətlərin cümləsi – İran azərbaycanlılarının qulağını qızışdırmaqdır: yəni – ey azərbaycanlılar, siz gərək fəxr edəsiniz ki, Tehran hökuməti Azərbaycan məmurlarının cəmini farslaşdırır, ta əyalətdən başlamış müdirimaarifə və qeyrilərinədək və siz fəxr ediniz ki, Azərbaycanın türk dilini Təbriz idarələrində qədəğən ediblər; o səbəbə gərək fəxr edəsiniz ki, fars millətinin Zərdüşt kimi tarixi bir yadigarı var...

Azərbaycan tayfası ağayi-Tutinin nəsihətini təşəkkürlə qəbul edərdilər; bu şərtlə ki, barı o ali olan Zərdüşt ayinindən atəşbazidən başqa qeyri bir əlamət də qalmış olaydı; məsələn, Tehran hakimlərinin içində “Əhrimən”lərin cümləsində gahdanbir “Hürmüzd”ə də nişan verən olaydı...

Amma bədbəxtanə, hamı gördü gəlirimiz “Əhrimən”lərdir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 25 sentyabr 1926, №39

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire