Aşnalarımızdan bəzisi bizə məktub göndərib xahiş edir ki, onlara idarəmizin əhvalından bir neçə məlumat yazıb bildirək; məsələn, neçə müştərimiz var, kimdir bu müştərilər, hansı şəhərlərdən məcmuəmizə artıq həvəslə abunə yazılırlar, nə qism məktublar bizə göndərirlər və i.a.

Məcmuəmizin dördüncü nömrəsi iyirmi beş min nüsxə qədərincə çap olundu. Bu iyirmi beş mindən on səkkiz min dörd yüz otuz iki nüsxə doqquz aylıq, altı aylıq və üç aylıq müştərilərə göndərilir. Qalanı tək-tək satmaq üçün özgə şəhərlərə yollanır.

Müştərilərin yarısından çoxu İran əhlidir. Belə ki, Xorasandan başlamış, Tehran, İsfahan, Təbrizə kimi həmin şəhərlərə, hətta kəndlərə on beş mindən ziyadə məcmuəmiz gedir. Bunun on üç min altı yüz doxsanı illik abunə olanlarımızdır. Qalanı tək-tək satılır (gərək qonşularımız “Həyat” və “İrşad”ın əhvalı bu hesablara yavıq ola). On min nüsxəyə kimi “Molla Nəsrəddin” Qafqaz və Rusiya müsəlmanlarının arasında nəşr olunur (“İrşad” və “Həyat” da bu hesabda olmalıdırlar).

Bizə ən çox abunə verən şəhərlərin əvvəlincisi Naxçıvandır; burada iki minədək müştərimiz var, əlavə min beş yüz nüsxədən ki, hər həftə burada satılır. Naxçıvandan sonra Batum, Danabaş, Vladiqafqaz və Gorus şəhərləridir. Üç minə yavıq nüsxəmiz Krım, Qazan, Orenburq və qeyri şimali müsəlman şəhərlərində və kəndlərində dağılır (söz yox ki, dilimizin bir olmağı çox şərtdir). Bir qədər müştərimiz Bakı, Gəncə, Şamaxı və qeyri şəhərlərdə varımızdır.

İdarəmizə göndərilən məktublar hər bir dildə yazılır: rusca, firəngcə, latınca, yaponca, kitay, hindi, ərəb, fars, avstraliya, pataqoniya… qərəz dərdisər olmasın, yetmiş iki millətin dilində yazılmış məktub idarəmizdə tapmaq olar (əlbəttə, elmin çox olmağı şərtdir).

Söz yox ki, soruşursunuz, bəs bu yetmiş iki millətin dilində yazılan kağızları biz necə oxuyuruq. Yalan deyə bilmərik ki, cümləsini oxuyuruq. Kitay və pataqoniya dilində yazılan məktubların sahiblərinə həmişə xəbər veririk ki, özləri Tiflisə gəlib yazdıqlarını oxusunlar. Qalanlarını qoyuruq qabağımıza və zərrəbin vasitəsilə başlayırıq nöqtələrini götürüb öz yerlərinə düzməyə, yainki qəzet istəyənə karet, kürək istəyənə kürk və qurbağa istəyənə məcmuə göndəririk.

Bizim rəyimizə qalsa, bunların eybi yoxdur. Şərt xəttin gözəlliyidir və halonki, idarəmizə gələn məktubların cümləsi gözəl xətlə yazılmışlar. İnsaf əhli məcmuəmizin 4-cü nömrəsinin beşinci səhifəsini yadına salıb bu sözləri təsdiq edər. Vaqeən İrandan gələn yazılar xəttin gözəlliyi barəsində misilsizdirlər. Mən güman edirəm ki, bunlar hamısı əvvələn, hürufatımızın gözəlliyindən və saniyən İranın hamamlarının sularının təsirindəndir.

Müştərilərimizin cümləsi müsəlmandır. Qəribə burasıdır ki, dünən ittifaqən rus tanışlarımızın birisi idarəmizdə abunə dəftərinə baxıb təəccüblü mənə dedi:

– A Molla Nəsrəddin, nə çox rus və polyak müştəriləriniz var?

Dedim:

– Balam, heç biri də yoxdur.

Aşnam abunə kitabını qabağıma itələyib, dəxi artıq təəccüblə dedi:

– Bə du “oflar” və “iskilər” məgər müsəlman adlarıdırlar?

Gördüm ki, həqiqət aşnam doğru söyləyir və dedim:

– Əzizim, heç ürəyini sıxma, bunlar hamısı ötüşər…

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 5 may 1906, №5

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Həmidə! (27 avqust 1930)

Midhətin bu səfəri məni çox incitdi. Hələ onu demirəm ki, bu istidə havası adamı yandıran Bakıda qalmalı olmuşam, gündə yüz put çiy su içirəm.İş ondadır ki, ayın 19-da Midhət Leninqraddan 25 manat pul istədi. Həmin gün onun üçün 45 manat göndərdim. Deyəsən, bu barədə sənə yazmışdım.

2 min
Ən istəkli cavan yoldaşlarımdan hesab etdiyim Nəsrulla Qənbərli yoldaş!

Bu ayın 12-də yazdığın məktubu oxuduğumda doğrusu bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan. Amma mən yazmıram. Əvvəla, adət belədir ki, mən gərək deyəm ki, vaxtım yoxdur. Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdursa, indi bəs niyə kağız yazmağa vaxt tapdın?Bununla bərabər, sən həmişə yadımdasan ki, səni və İsmayıl qardaşını həmişə könlüm istər və arzularam. Məndən İsmayıla dua yetir.

1 min
Həmidə! (10 noyabr 1930)

Midhət artıq sənə yazmışdır ki, biz hacının evində sənin üçün otaq hazırlamışıq. Çox münasib otaqdır. Midhətlə fikirləşib bu qənaətə gəldik ki, qışda Şuşada sənə soyuq olar və darıxarsan. Bizim mənzilimiz isə darısqaldır. Odur ki, məsələni ancaq bu cür həll edə bildik. Çalışacağıq ki, burada rahatca dolanasan. Ona görə də yola düşməyə yığış və yaz görək Rzaquluya nə qədər borcun var. Yol pulunu və ona borcunu poçtla göndərərəm. Amma Şuşadakı yaylaq evi ilə tamam üzülüşmə, çünki yayda mütləq hamımız oraya gedəcəyik. Ağır şeyləri orada qoya bilərsən, bura heç nə gətirmək lazım deyil. Uşaqlar səni gözləyirlər.Cəlil

1 min
Uzaq Kislovodskdən mehriban Həmidəyə! (Kislovodsk, 10.12.1930)

4 dekabr (1930)*Uzaq Kislovodskdən mehriban Həmidəyə salam göndərir və ona xeyir-dua eləyirəm ki, mənə vaxtında iki oğul bəxş etmişdir. Onların hər ikisi bu ağır günlərimdə mənim ağıllı köməkçilərim olmuşlar. Fevrala qədər birtəhər səbr elə, sənin üçün birtəhər Bakıya yola düşmək mənə dərd olub. Bilmirəm buna necə dözəcəyəm. Hələlik, sağ ol.

1 min

Poems by other poets · Satire