Heşəstçəm-be miyan...

Mənim evim rus kilsəsi ilə Təzəpir məscidinin ortalığındadır. Onun üçün ki, dünyada məndən də xoşbəxt bir insan gərək olmasın. Kilsənin zəngi vurulanda evimizdə danışmaq mümkün deyil. Çünki bir danışan o biri danışanın səsini eşitməz.

Məsciddə də məhərrəm günləri təbil vurulanda bizim balaca uşaqlar, ələlxüsus azarlı olanda yuxudan dik atılıb, ağlaşırlar.

Hələ təbil dərdinin ömrü azdı. Beş-on gün məhərrəmlikdədir. Amma kilsənin zəngi bu saat qulağımda cingildəyir.

Doğrudur, məscidin azan səsinin və kilsənin zəng səsinin bərəkətindən popların və axundların inandırmağına görə lap behiştlərin əla mərtəbələrində olacağam. Amma sözüm bu dünyanın, o dünyanın barəsində deyil. Sözüm oradadır ki, dünən mənzilimdə oturmuşdum və uzaqdan Təzəpir məscidinin imarətinə baxırdım və baxa-baxa xəyalıma gəldi ki, əgər xaçpərəstlər bu kilsə əvəzinə bunun yerində bir teatr, ya da bir yetimxana tiksəydilər, indi bu saat Bakı şəhəri bu teatrın və ya yetim evinin vücuduna nə qədər iftixar eləyirdilər.

Əgər Təzəpir məscidinə qoyulan həqqi-səy və məsarifi bir darülelmin binasına qoymuş olsaydılar, indi burada elə bir universitet tikilmişdi ki, ingilislərin Oksfordundan geri qalmırdı.

Daranq... bay dik atıldım. Kilsənin zəngi vuruldu. Bu gün İsa peyğəmbərin asqıran günüdür. Gur... Bay uşaq yuxudan sərasimə atıldı; Bu gün məhərrəmlik təbli döyüldü. Adamın yadına köhnə və qaranlıq əsrlər düşür. Guya ki, indi heç şura əsri deyil.

Allahın altında biləydim; dəxi nə qədər bu behişt vəhşilikləri davam edəcək.

Lağlağı

“Molla Nəsrəddin”, 8 sentyabr 1923, №31, səh. 5

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Maarif dostlarına bəşarət

Cəmadi yəs-saninin on doqquzunda düşənbə günü maarifin təravici yolunda elə bir binagüzarlıq olunub ki, İran tarixində bunun misli yada düşmür.Həmin gün millətin təlaşı və hökumətin müsaidəti sayəsində qərar qoyulub şəhri-Təbrizdə və Azərbaycanın sair şəhərlərində və qəryələrində min iki yüz təzə mədrəsə təsis olunsun: beş yüz mədrəsə Təbrizdə və yeddi yüz mədrəsə kənar nöqtələrdə.

2 min
Elanın zərəri

“Təkamül” ruznaməsi hər nömrəsində xəbər verir ki, bir kəs istəsə ruznamədə elan çap elətdirə, qiyməti flan qədərdir. Mən elə qanıram bu sözləri ruznamədə yazmağın mənası yoxdur. Səbəb budur ki, xalq dəli deyil ki, öz əlilə özünə ziyan vursun və hələ idarəyə pul da versin.Elanın zərəri budur ki, məsələn, biri elan etdirəcək ki, məsələn, flan yerə bu qədər yaxşı içməli çay gəlib, ya flan yerdə yaxşı təzə varid olmuş xurma satıram. Bunu camaata xəbər verməyin heç bir faydası yoxdur, zərərindən savayı. Zərəri budur: əvvəla, oğrular biləcək ki, flan yerdə çay, ya xurma var. Saniyən, bir möhtac adam, ola bilər ki, gedə yalvara ki, hacı, qadan alım, o çaydan bir çimdik ver uşağıma çay dəmləyim. Salisən, burda bədnəzər məsələsi də var.

1 min
Vətən xadimləri

Dibaçeyi-kitabBir gün nəzmiyyə qabağından keçirdim, gördüm orda bazar əhlindən bir böyük yığıncaq var. Soruşdum:

2 min
Qız tərbiyəsi

Bir məsələ var ki, onu gərək indidən düşünək ki, axırda peşmançılıq üz verməsin. Mətləb budur ki, biz görürük bu axır vaxtlar oğlanlarımız mədrəsələrə gedib təhsil tapırlar və yekəlib evlənmək fikrinə düşəndə axtarırlar ki, özlərinə elə bir ömür yoldaşı tapsınlar ki, onların səliqəsinə və zövqünə müvafiq gəlsin. Amma çünki özləri az-çox elm və tərbiyə görüblər, dəxi tərbiyə və elm görməmiş qızlarımıza mail olmurlar və çoxları gedib əcnəbi millətlərin oxumuş qızlarından bəyənib, alıb özlərinə övrət qərar verirlər.Əgər bu iş bir qədər vaxt belə getsə, axırda bir yandan ailələrimiz milliliyini itirib millətimizdən yadırğayacaqlar; bir tərəfdən də qızlarımız yekəlib, illərlə evdə qalıb, nişanlı intizarında olacaqlar.

2 min

Poems by other poets · Satire