İrəvandan bir belə kağız aldıq:

“Bir gün Hacı Şeyx Ələkbər ağa, Hacı Molla Sadıq ağanın təziyəsində moizə edirdi. Əsnayi-moizədə dedi: Camaat, bir gün bir neçə adam gəldilər ikinci xəlifə Ömərdən sual elədilər ki, ya xəlifə, biz şiələri tanımırıq ki, tutub öldürək. Xədifə çıxartdı bir ip verdi ki, bu sizin ölçünüz. Bu ip hər kəsin boyuna gəlsə öldürün – o şiədir!”.

Əgər Hacı Şeyx Ələkbər ağa xırda mollaların biri olsaydı, biz bu sözlərə əhəmiyyət verməzdik və bu barədə danışmazdıq; lakin Şeyx Ələkbər ağa İrəvanda o dərəcədə hörmət qazanıb ki, əgər yuxarıda yazılan əfsanəni demiş olsa, dəxi bundan sonra İrəvan qırmızı saqqallılarının beynindən bu cür sözləri kankan qazması ilə çıxartmaq olmayacaq.

İrəvanda haqq və sədaqət tərəfdarlarından təvəqqə edirik ki, işi diqqət ilə təhqiq eləyib, bu barədə bizə əhvalatın əslini və həqiqətini yazıb bildirsinlər. Əgər bu xəbər yalan olmuş olsa, biz şeyxdən üzr istəyib, müxbirdən məcmuəmizdə şikayət yazarıq.

Əgər doğru olsa, o vədə yenə bu söhbəti təzələrik.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 15 fevral 1909, №7

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire