Misyonerlər
İranda hələ köhnə istibdaddan çox yadigarlar var, biri də misyonerlikdir.
Rusiyada misyonerlik istibdadın atası birinci Pavel padşah tərəfindən təsis olunmuşdu. Hərçənd ikinci Aleksandrın azadixahlığı sayəsində misyonerlər hörmətdən düşdülər, amma axırıncı Nikolay əsrində misyonerlər yenə nüfuz qazanmışdılar; belə ki, Qazan müsəlmanları içində məşhur Radlov, Türküstanda Ostroumov və Qafqaziyada miropyevlər xeyli bir zaman müsəlmanların qanını şişəyə tutmaqda idilər ki, axır inqilabda onlar hamısı əziz ömürlərini İrandakı misyonerlərə bağışlayıb rədd oldular.
Bir saatlığa biz özümüzü azadixahlığa qoyaq və bu babətdən razı oluruq ki, müsəlmanın da gərək haqqı olsun Amerika yainki Yaponiyada öz dinini təbliğ etməyə, xristiyanlar da bizim azad məmləkətdə öz ayinlərini azad surətdə tərvic eləsinlər. Amma mətləb buradadır ki, xristiyan misyonerliyi İranda kapitulyasion məcburiyyəti ilə təşkil tapıb və məhz bu səbəbdəndir ki, İran hökuməti misyonerlikdən dəfəatla baş verən zəhmətlərə qatlaşıb və bunun qabağını almağa pul tapmayıbdır. Məsələn, götürək İsmayıl ağa faciəsini: İranın qərb sərhədlərinin keçmişdə siyasi həvadisatından baxəbər olanları, bizim işarələrimizdən çox qəziyyələr yada sala bilərlər.
Biz zəif bir millətik. Amerika kimi əzəmətli bir məmləkətdən biz çox maddi və mənəvi köməkliklərə müntəzir ola bilərik və hər birinin müqabilində öz ixlasımızı izhar edə bilərik. Amerika axır vaxtlarda möhtaclarımıza müavinət əli çat[dır]anda biz haman nəcib və şücaətli millətin yer üzündə varlığına iftixar edirdik. Amma.. .. .. .. . , minlərcə təəssüf olsun ki, qism-qism elm, fənn, sənət mədəni hesab olunan Amerika məmləkətindən professorlar və ustadlar əvəzinə bizə göndərilən töhfələr ibarət olur uzun ətək və uzun saqqal misyonerlərdən, fənni mədrəsələr və sənətxanalar yerində keşişxanalar bina olunur.. .
Biz mehmandostluq babətindən və azadixahlıq xatirəsi üçün məmləkətimizdə yaşayan cəmi xristiyan millətlərinə və o cümlədən misyonerlərə də riayət etməyə hazırıq. Amma haman azadixahlıq naminə onlar da gərək zəmanənin təqazasını mülahizə eləyib, öz ruhani istibdadından əl çəkələr və dini təbliğatlarında məcburiyyətliyi bilmərrə tərk qılalar. Onlar öz pulları ilə təsis etdikləri mədrəsələrə qeyri xristiyan uşaqlarını qəbul etməyə məcbur ki, deyillər. Amma zəmani ki, möhtaclara rəhm eləyib, onları dərsdən bibəhrə qoymaq istəmədilər, o vaxt dəxi bir belə ağır təklifi yeddi-səkkiz yaşında uşağın boynuna qoymayalar ki, onlar gərək xaçpərəst dərslərini və ibadətlərini məcburən qəbul eləsinlər.
Necə ola bilər balaca müsəlman uşaqlarını cəbrən ata-anasının dinindən yadırğadıb incil və İsa dərsləri ilə beyinlərini laxlatmaq, onları cəbrən xristiyan ibadətxanasına daxil eləmək? Əcəba, ziyalı bir Amerika milləti bunu rəva görür? Hətta keçən istibdad dövrlərində də misyonerlikdə məcburiyyət bu əndazədə deyildi ki, indi İrandadır.
İdareyi-maarifimiz, görəsən, bu məqaləmizdən incimədi ki?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 14 şaban, 1339 (23 aprel 1921), №6
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-misyonerler-2
Use ← → keys to move, R for a random poem
More by this author
Məcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmuəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir.İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil, çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır.
İdarədənBu əhvalatı “Bakı fəhləsi” qəzetinin 49-cu nömrəsində oxuyandan sonra götürüb Zəyəmə, müdir həzrətlərinə kağız yazdıq və bu barədə cəmi məlumat istədik və dünən haman müdir tərəfindən bu məzmunda bir məzəli cavab aldıq.Kuryatin cənabları yazır: yazır ki, bir para adamlar öz gözlərində tiri görmürlər, mənim gözlərimdə qılı görürlər. Əgər Zəyəmdə, doğrudur, əkin idarəsində mənim gözümün qabağında on yeddi əkin maşinası paslanmaqdadır və rəiyyətə mən onları vermirəm xeyir götürsünlər. Bəs siz əgər sədaqətli yazıçısınız, bəs bunu niyə yazmırsınız?
Ovuc yazısıOvuc yazısı İranda indiki əsrdə yenə davam etməkdədir.Ovuc yazısı nə deməkdir?
İki cür rəvayətQəzalardan və mahallardan bizə gəlib çatan xəbərlər iki cürdür: bu xəbərlərin bir qismini biz gəlib-gedənlərin ağzından eşidirik, bir qismini də qəzetlərdə oxuya bilirik.Və bu iki qism xəbərlərin arasında nədənsə həmişə böyük təfavüt olur.
Poems by other poets · Satire
Nə gözə! bir işdi, ya Reb, bu işe dayana ləzgi,Asa xəncərin, həmışə, o sayaq dolana ləzgİ.
Özünü gözləAktyor düzgün keçinsə, iddialar fok gedər,Səhnə qalsa qalmağalsız, bu balalar fok gedər!
Ağlaşma ("Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!")Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!Bu nə söz ki, ac qalanə oluna ianə, ya rəb!
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,