Ovuc yazısı İranda indiki əsrdə yenə davam etməkdədir.

Ovuc yazısı nə deməkdir?

Ovuc yazısı ondan ibarətdir ki, mirzə cənabları yazmaq istəyəndə əvvəl ədəb ilə dizi üstə əyləşir, sonra cibindən qələmdanı çıxardır, dəvata (mürəkkəbliyə) bir qətrə su tökür, qoltuq cibindən bir ovuc yekəlikdə bir kağız parçası çıxardır və “bismillah” deyib başlayır mətləbini yazmağa.

Mirzə cənabları çox tez-tez yazır və bundan savayı da çox rizə yazır; elə rizə yazır ki, elə bil ki, barama qurdu toxum tökür. Elə yazmaqdadır və tutaq ki, kağızda dəxi yer qalmayıbdır, amma münşi cənabları kağızı sağa çöndərir, sola çöndərir – yenə qıraq bucağında yer tapıb yazır.

Həmin bu bir ovuc vərəqənin üstdə çox mətləb yazmaq olar, necə ki, bir balaca kağızın üstə min-min barama toxumu tökmək mümkündür. Belə bir varaq kağızda böyük bir hekayə roman yazmaq olar, bu vərəqin üstündə İngilis hökumətinə ultimatum yazmaq olar. Söz yox ki, Firdovsinin “Şahnaməsi” və Sədinin “Gülüstan” və “Bustanı” bu böyüklük vərəqə üstə yazılıbdır.

Amma burası var ki, bu qədər uzun mətləbləri bir balaca kağız üstə sığışdırmaq hər bir hürufat ilə mümkün deyil: bu hünər tək bircə ərəb hərflərinin hünəridir.

Mozalan

“Yeni yol”, 8 iyul 1923, № 11

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Fəzilətli Fərəculla Pişnamazzadəyə (21 noyabr 1922)

Əziz olan qardaşım!Bir vaxt bunu bəhanə gətirdim ki, qoy alma, armud yeyək, sonra razılıq kağızı yazaq. Məlum ki, alma və armud çoxdan yeyildi, qurtardı, amma kağız yazılmadı. Xudaya, yemək nə qədər kağız yazmaqdan asan imiş... Amma keçən-keçib və indi istəyirəm borcdan çıxam. Əvvəla, bu saat uşaqların yanında bu kağızı yazıram. Ənvər deyir: dədə, görəsən, Əhməd nə yekəlikdədir? Qızım Pakizə soruşur: görəsən, Siddiqə xanım nə təhər xanımdı və nə qədər dərs oxuyur? Mən onlara deyirəm bu işləri yazı-pozu ilə öyrənmək olmaz, bunun çarəsi may ayının axırında köçüb Nuxuya yaylağa getməkdir. Vaqeən bu iş yaman olmazdı, həm ziyarət, həm ticarət olardı. Amma, çünki Həmidə xanım bu saat Qarabağdadır, odur ki, indi bu məsələni həll edə bilmərəm, yəni hələ tezdir. Hər halda sizdən nəhayət təşəkkürüm var.

1 min
Həmidə! (1 fevral 1923)

Bakı*Yanvarın 22-də yazdığın kağızı aldım. Uşaqlar Kəhrizlidəki naxoşluğu eşidəndə səndən nigaran oldular. Mən onlara söz verdim sənə yazacağam ki, bütün bu işlər, kəhrizlər və kəhrizlilər səni təngə gətirən kimi, dərhal çıxıb Bakıya gələsən.

2 min
Müzəffər! (6 fevral 1923)

Lavrenti kağız yazıb 30 manat yolpulu istəyir. O sənə yazmışdı, əgər onu kağız yazıb çağırmaq lazımdırsa, ya sən 30 manat yolpulu göndər, ya da yaz, mən göndərim. Mən onu sizə zorla qəbul elətdirmək fikrində deyiləm: fikirləşin. Əlbəttə, dəyirmanı təmir etdirmək lazımdır və hər nə gərəksə o eləyəcək, hərçənd onu həmişəlik dəyirmanda işlətməyin mənası yoxdur, çünki onda Əbdülkərim inciyəcək. Xülasə, fikirləşin. Təmir qurtaranda Lavrentini işdən azad eləmək olar. Ünvanı belədir: Çerez Lanqxutı, Atsana. S. Mamatı Şatiri. Lavrentiyu, Qoqeliya.Hələlik. Xudahafiz, əziz uşaqlar.

1 min
Həmidə! (18 mart 1923)

Əbdülkərimin oğlu Misir Bakıda imiş və yoldaşı ilə birlikdə mənim yanıma gəldi. Bu fürsətdən istifadə eləyib sənə bir neçə sətirlik məktub yazırıq. Bu günlərdə bayramdır. Uşaqlar sevinirlər. Uşaq uşaqdır da. Onlar üçün əsl bayram səliqəsi düzəldirəm. Lakin hey deyirlər ki, anamızı istəyirik. Mən onları inandırıram ki, bir də görəcəksiniz ananız gözlənilmədən gəldi. Əgər gələ bilməsən, onda ay yarımdan sonra onlar dərsləri qurtarıb kəndə gələcəklər. O vaxtadək orada tut, gül-çiçək, ərik və çoxlu yumurta da olar.Müzəffər neyləyir? Sənin yun emalatxanan necədir? Çalış ki, şallar daha zərif və daha tünd olsun. Göndərdiyin şaldan Teymur üçün şalvarlıq kəsib götürdüm, qalanını Minaya verdim.

2 min

Poems by other poets