İkinci məclis
Page 1 of 4
Hacı Həsənin qonaq otağı. K ə r b ə l a y ı F a t m a x a n ı m və qulluqçusu Zeynəb evi səliqəyə salırlar. Nazlı sevincək gəzir, oynayır, oxuyur.
N a z l ı (sevincək anasına). Ana, başına dönüm, ana, o qadanı alım, ana, deyirlər bu gələn qonağımız ölüləri dirildir. Qadanı alım, ana, bir de görüm doğrudur, ya yox? (Anasını qucaqlayır).
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ay qız, mən nə bilim? Mən də sənin kimi. Deyirlər Xorasanda on yüz adam dirildib. Kərbəlayı Fətullah əmoğluvu da dirildib. Hələ məni ötür, indi qonaqların gəlmək vaxtıdır, qoy işimi görüm. Ay qız, Zeynəb, tez ol yasdıqları gətir, bu tərəfdən qoy. Bu xalçanı bir az bu tərəfə çək. Tez ol! Bir az çəpik tərpəş!
N a z l ı. Ana, vallah, bilmirəm ağlayım, ya gülüm. Vallah, gör fikrimə nə gəlir. Ana, ürəyimdə bir söz var, qoy deyim (anası dinmir). Ana, vallah, qonağımıza yalvaracağam, onun ayağına düşəcəyəm (ağlaya-ağlaya) mənim Sara bacımı da diriltsin.
K ə r b a l a y ı F a t m a x a n ı m. Ay qız, nə bilim (Yerə çöküb, üzünü çarqatının ucu ilə örtür və başlayır ağlamağa).
Z e y n ə b. Ay xanım, sən allah, ürəyini sıxma, allah kərimdir (Kərbəlayı Fatma xanım gözlərini silib, üzünü açır). Ay xanım, sən allah, o kişi necə adamdır ki, ölüləri dirildir? Yaxşı, bəlkə imamdı, seyiddi? Bay, allah, kərəminə şükür. (Bir az dinməyib). Sən allah, xanım, bircə bunu səndən soruşacaqdım ki, görəsən o kişi kasıbların da ölüsünü dirildir, ya bircə dövlətli adamlarınkını? Vallah, xanım, bu gün o qədər fikir eləmişəm heç bilmirəm nə qayırıram. Doğrusu (ağlaya-ağlaya) bizim balaca oğlan bu gün yadımdan çıxmır. Elə deyəsən tifil bu saat qabağımda can verir. Yazıq uşaq öləndə gözlərini elə dirəmişdi üzümə ki, deyəsən məndən bir zad istəyir. (Ağlaya-aqlaya çarqatı ilə gözünün yaşını silir).
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ah, vallah, heç özüm də bilmirəm. Allah rəhim allahdı, əlbəttə bizə də yazığı gələr. Di durma, Zeynəb, get Əliyə de ki, su gətirsinlər. Sən də ocağın altına bax. (Zeynəb çıxır).
N a z l ı. Ana, ana, vallah, ürəyim bir tikə olub. (Gülə-gülə). Bircə dəfə Sara bacımı görsəydim, ölməzdim. Ana, axı, sən bilirsən mən Sara bacımı nə qədər istəyirdim. Bircə ölməyəydim, o günü görəydim Sara bu qapıdan girir içəri. Belə atılıb onun boynunu qucaqlayaydım, deyərdim, ay torpaqların içində çürüyən bacı! Vallah, ana, istəyirəm dəli olam. Bilmirəm gülüm, ya ağlayım. Mən and içirəm allaha, peyğəmbərə; nəzir eləyirəm ki, hər nəyim var, paylayım fəqir-füqəraya, bax, paltarlarımı, qızıllarımı, bax, gedib hər nə var gətirəcəyəm. (İstəyir qaçıb gedə).
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ay qız, hələ tələsmə. Qoy hələ görək. Gedib şey-şüyü gətirib bura tökmə. Qonaqların gəlmək vaxtıdı. Get Zeynəbə de tez olsun gəlsin.
İ s k ə n d ə r (oxuya-oxuya girir içəri). Hə … ana, kefin necədi?
K ə r b ə l a y ı F a t m a x a n ı m. Eh, zəhrimar olsun kefim! Sənin dərdin az qalıb məni çürütsün. Xalqın da uşaqları dərs oxuyublar. Odu, hamısı ağıllı-başlı adam olublar; hamısı ayıx-şayıx, ağılları başlarında. Hərəsi özünə görə bir qulluq sahibi olub. Amma sən gecə kefli, gündüz kefli…. Vallah, el içində lap biabır olmuşuq. İçirsən o zəhrnmarı, hər nə ağlına gəlir, danışırsan. Nə allah tanıyırsan, nə böyük-kiçik tanıyırsan. Hələ o nə sözdü dünən Nazlıya demisən? "Gəl yapışım əlnndən gedək, gəzək". Yoxsa indi də bu qalıb ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı gəzələr? Vallah, dünən bunu Cəlal mənə deyəndən az qalıram elə öz əlimlə bir qəbir qazam, girəm içinə, yaxam qurtarsın.
İ s k ə n d ə r (qah-qah çəkib, yapışır anasının çiynindən). Daha bundan sonra ölsən də, yaxanı qurtara bilməyəcəksən. Odu, Şeyx Nəsrullahdı-nədi, bu gün gəlir. Sən ölərsən, şeyx genə səni dirildər. Xa … xa … xa!… Daha bundan sonra ölməknən də yaxan qurtarmaz. Xa … xa … xa!…
Z e y n ə b və N a z l ı girirlər. İskəndər gedib oturur yasdıqların üstündə, Z e y n ə b istəyir qoymasın.
Z e y n ə b. Oturub yasdıqları əzmə! Səndən ötəri bunları bura qoymamışıq! Görmürsən ki, qonaq gəlir?
İ s k ə n d ə r (Zeynəbə). Hey, Zeynəb, vallah, fəndini duymuşam! (Durur). Qonağın yolunda, bu qədər çalışırsan ki, ərin Kərbəlayı Novruzu diriltsin? Vallahı, fəndini duymuşam. Xa … xa … xa!…
K ə r b ə l a y ı F a t m a x a n ı m (İskəndərə). Ay yazıq, ay başı daşlı! Sən nəyə inanırsan ki, buna da inanasan? Yazığım gününə! Yaxşısı budu çıx get, qoy işimizi görək. Ay qız, Zeynəb, gəl bu xalçanın ucunu düzəlt.
N a z l ı (İskəndərə). Dadaş, sən allah, barı bu gün özünü yaxşı saxla. Vallah, adam utanır, qonaq-zad gələcək.
M i r B a ğ ı r a ğ a (girib, başmaqlarını çıxardır). Salam əleyküm.
Nazlı üzünü örtüb, qaçıb gedir.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Əleykəssəlam. Ağa, buyur əyləş.
M i r B a ğ ı r a ğ a oturur. İskəndər qaçır Nazlının dalınca.
İs k ə n d ə r. Ay qız, Nazlı, muştuluğumu ver! Nişanlın gəldi.
K ə r b ə l a y ı F a t m a x a n ı m (İskəndərə acıqlı). Kəs səsini! Axmaq-axmaq danışma!
Mir Bağır ağa başını salır aşağı.
İ s k ə n d ə r (gəlib durur Mir Bağırın qabağında). Mən ölüm, əl ver! Lotusan həyə, əl ver! Vallah, ruhun var; düz doqquz yaşında; gərək bircə tikə artıq olmasın. Quzu əti, şax, tazə-tər, lətif, balaca. Ağzından süd qoxusu gəlir. Ləzzət, ləzzət! Vallah, ruhun var! Lotusan həyə, əl ver!
M i r B a ğ i r (İskəndərə). Ayıbdı, ayıbdı! Heç olmasa, anandan həya elə, o sözləri danışma.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Onun həyası olsa, niyə o sözləri danışır?
İ s k ə n d ə r (bir az durub, təəccüblü baxır özünə). Doğrudan, bəlkə məndə heç həya yoxdu. (İki əlini ciblərinə salıb, bir şey axtaran kimi). Baxım görüm, bəlkə həya ciblərimdədi: yox, yoxdur. (Mir Bağır ağaya). Ağa, mən ölüm, sən də bir ciblərinə bax, bəlkə ciblərində ola.
Mir Bağır ağa istəyir dursun ayağa.
Xa … xa … xa!… Mən ölüm incimə! Lotusan həyə, incimə! Əyləş, əyləş. Bu saat gedib nişanlını gətirəcəyəm yanına. (Çağırır) Nazlı, Nazlı! (Fatma xanım da durur ayağa).
M i r B a ğ ı r a ğ a (qeyzli çox ucadan). Kəs səsini, piyan! (istəyir getsin).
K ə r b ə l a y ı F a t m a x a n ı m. Buy, ay uşaq, başıma xeyr! Bu gədə lap dəli olub. (Ucadan) Adə, Əli, kəl bu səfehi çıxar sal eşiyə! (Mir Bağır ağa çıxıb gedir)
N a z l ı (girir içəri). Dadaş, vallah, lap biabır olduq. O nə sözlərdi danışırdın? Ayıb deyil?
İ s k ə n d ə r (çırtıq çala-çala oxuyur və oynayır).
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-oluler-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Hekayə*Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.
Dinsizdirlərmi Azərbaycan kəndliləri?Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?
Mədfən“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.
Qarabağda aşuraBu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular.Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi.
Poems by other poets
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Əmoğlu(Sabirə nəzirə)*Beş gündü cahan, dövləti neylərsən əmoğlu?
İranlılar deyir kiBunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,Yarın İranımız, əlbəttə ki, bir babət olur;
ای به درگاه تو نیاز همهکرم تست چاره ساز همه