İkinci məclis
Page 4 of 4 · 75%
H a c ı K ə r i m. Xeyr, Mir Bağır ağa, o qələti eləyə bilməz.
M i r B a ğ ı r a ğ a. Necə eləyə bilməz? Hazır dünən məgər doqquz yaşında bacısına deməyib ki, dur çıxaq küçəyə gedək, gəzək. Nə bilim, gün çıxıb, çiçəklər açıb. Mən öz qulağımnan eşidmişəm.
Ş e y x N ə s r u l l a h (durur ayağa). Vaveyla, vaveyla! (Adamlar hərəkətə gəlir və hamı qalxır ayağa, Şeyx Nəsrullah qapıya tərəf hücum eləyir). Mən bu vilayətdə qala bilmənəm!
Adamlar qarışır bir-birinə. Hacı Həsən təşvişlə girir içəri və ağlaya-ağlaya gedib düşür şeyxin ayaqlarına.
H a c ı H ə s ə n. Şeyxəna, mən yazığam, mənə rəhmin gəlsin. Nə tənbeh lazımdır, mən eləyim; kaş siz mənim evimdən narazı getməyin və məni bədbəxt eləməyin.
H a c ı l a r. Şeyxəna, siz sakit olun. Biz bu saat onu buradan qovarıq, itilib gedər cəhənnəmə!
Adamların bir neçəsi evdən çıxıb, İskəndərin dalınca deyinə-deyinə qaçırlar.
H a c ı H ə s ə n (adamların dalınca). Yavaş! Yavaş! Səbr eləyin. Mən özüm onun tənbehini elərəm. Hacı Bəxşəli, Hacı Kərim, Hacı Kazım! Cahıl-cuhulu sakit eləyin, mən özüm o məlunun öhdəsindən gələrəm (çıxır, otaqda qalır Şeyx Nəsrullah və Şeyx Əhməd).
Ş e y x N ə s r u l l a h. Şeyx Əhməd, mənim bu İskəndərdi nədi, bundan gözüm su içmir.
Ş e y x Ə h m ə d (bir az fikirdən sonra). Şeyxəna, heç narahat olma, onu buralarda heç adam yerinə qoyan yoxdur. Sən damağını pozma, işində ol.
Ş e y x N ə s r u l l a h (bir az fikir eləyib). Şeyx Əhməd, əvvələn, çıx ev sahibinə xəlvətcə de ki, mənə bir tikə çörək gətirsinlər. Saniyən, təvəqqe elə ki, gəlib mənə yer göstərsinlər, rahat olmaq istəyirəm. Və salisən, (bir az dayanıb) dəxi özün bilirsən ki, söz yox ki, tədarük görübsən. Mən bu gecə tək burada qala bilmənəm, bədənim yekcə ağrıyır. Gərək ovduram…. Allaha şükür, özün hamısını bilirsən. Dəxi dayanma, tez ol!
Şeyx Əhməd çıxır, hava başlayır qaranlıqlaşmağa.
(Şeyx Nəsrullah gəlib oturur döşəyin üstündə və bir qədər fikirdən sonra öz-özünə). Mən həmişə xalqa deyəndə ki, naxoşam, elə bilirlər ki, xalqı aldadıram; amma allah şahiddir ki … (bir az dayanıb) mən heç kəsi aldatmıram; çünki həqiqətdə mən naxoşam. Camaatın qabağında mən özümü naxoşluğa vuranda, Şeyx Əhməd həmişə elə bilir ki, mən adamları ələ salıram; amma bu biçarənin heç xəyalına gələ bilməz ki, mənim mərəzim çox şiddətli mərəzdir…. (Fikir eləyir). Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq və ağlayıb atamdan kişmiş istəyən kimi gündə bir dəfə utana-utana deyirəm: "Şeyx Əhməd, mənə kişmiş" (iki əlilə üzünü örtüb, sakit oturur).
Hacı Həsənin nökəri Ə l i bir məcməyi içində plov və qeyri xörəklər gətirib qoyur ortalığa və çıxır. Ş e y x Ə h m ə d daxil olur və gəlib durur bir tərəfdə. Bir qədər keçir, qapıda iki ö v r ə t görsənir. Pıçapıç ilə övrətlər bir b a l a c a ö v r ə t i n əlindən tutub, gətirirlər içəri və dururlar qapının yanında. Nökər girib çıraq yandırır. H a c ı H ə s ə n övrətlərin dalınca girir.
H a c ı H ə s ə n (övrətlərə). Qızım, utanma, allah əmridir. Niyə utanırsan?
Ş e y x N ə s r u l l a h. Şeyx Əhməd, mənim tərəfimdən vəkil ol və siğəni cari elə.
Ş e y x Ə h m ə d. Baş üstə.
Hamı çıxır və balaca övrət qalır otaqda. Bu da istəyir adamların dalınca çıxsın; amma çıxanlar qapını örtüb, bunu qoyurlar içəridə. Şeyx Nəsrullah durur ayağa və bir qədər fikirdən sonra tərpəşməyib, övrətə sarı bəlağətlə deyir.
Ş e y x N ə s r u l l a h. O sənin öz ixtiyarındadır: istəyirsən get, istəyirsən qal. O sənin öz ixtiyarındadır ki, öləndə düşəsən bərzəx aləminə. Ayaq tərəfindən baca açıla cəhənnəmə və qatır yekəlikdə əqrəblər gəlib yapışalar bədəninə. Bu da sənin öz ixtiyarındadır ki, səni qəbrə qoyanda baş tərəfindən bir dəriçə açıla və o dəriçədən bir nəfər qılman gəlib sənnən mazaqlaşa və bu əsnada qılmanın boynunda sana düzülmüş zəbərcəd danələri qırılıb dağılalar və başlayasınız hərə bir tərəfdən zəbərcədi genə sapa düzməyə və bir də görəsiniz ki, yetmiş min dünya saatları gəlib dolanıb və indi qiyam-qiyamət olur. (Övrətə yavuqlaşır). O vədə qılman yapışar sənin əlindən (yapışır övrətin əlindən) və gülə-gülə sənə deyər: "Görəsən dünyada nə qədər savab işlər görübsən?"
-P ə r d ə*
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-oluler-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Hekayə*Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.
Dinsizdirlərmi Azərbaycan kəndliləri?Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?
Mədfən“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.
Qarabağda aşuraBu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular.Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi.
Poems by other poets
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Əmoğlu(Sabirə nəzirə)*Beş gündü cahan, dövləti neylərsən əmoğlu?
İranlılar deyir kiBunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,Yarın İranımız, əlbəttə ki, bir babət olur;
ای به درگاه تو نیاز همهکرم تست چاره ساز همه