İndi mən bu sözləri yazıram və bilmirəm ki, mənim bu sözlərimi oxuyan başa düşəcəkmi ki, nə yazıram və nə deyirəm, yainki başa düşməyəcək. Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin onbeş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq. Vay bizim halımıza, vay mürəttiblərimizin gününə, heyif oxucularımızın gözlərinin işığına.

Hələ bu belə.

İndi qaldı o biri məsələ: o da Peterburq ruhanilərimizin yığıncaq məsələsidir ki, ordubadlıların və Padar camaatının göz dikdikləri məsələdir. Doğrusu, indi biz bədbəxt müsəlmanların gələcəkdə xoşbəxt və bədbəxt olmağımız həmin bu məsələdən asılıdır. Əgər həmin Peterburq yığıncağında qərar qoydular ki, Bakı ruhanilərimizin məvacibini artırsınlar, o vədə bizim gələcəkdə nicatımıza yenə bir ümid yolu var; əgər belə olmasa, dəxi evimiz yıxıldı.

Həqiqət, bizim işlərimiz çox dal-qabaq düşüb. Bax, Bakıdan vəkil seçib göndərdilər, amma bir bunlara deyən oldumu ki, gedib orada nə danışsınlar və nə yolda çalışsınlar? Heç bir bunu yada salan oldumu ki, Bakıda hər bir yazıq adamın yolu ki, qəzavatxanaya düşür, evinə qayıdan kimi deyir:

– Arvad, iynə-sap ver, cibimin deşiklərini tikim!

Hələ bilmirəm bu nə vəkildir, imam Kuramşin haman məclisdə gör nə danışıb: durub ayağa və bir odlu nitq də söyləyib ki, gərək bizim övrətlər ilə kişilərin hüququ bərabərləşsin; yəni kişilər küçəyə üzüaçıq çıxan kimi, övrətlərimiz də üzüaçıq çıxsınlar.

Maşallah söz danışana!

Hələ bilmirəm bu nə vəkildir, imam Kuramşin kimdir? Bu nə sözdür? Hələ bilmirəm Topçubaşov cənabları nə səbəbə bu imama cavab verməyib?

Bir də eşitdim ki, Peterburq məclisində Qafqaz vəkilləri bu məsələni də ortalığa qoyublar ki, müsəlman qızları doqquz yaşa çatandan sonra dəxi məktəbə qəbul olunmasınlar və oxuyurlarsa da, məktəbdən kənar olsunlar.

Bunun da səbəbi məlumdur; çünki qız doqquza çatandan sonra dəxi naməhrəmdir və ərə getməli vaxtıdır.

Hərçənd bu təklifimə dovzanqurdular və bakılılar razı olmayıblar, amma qələt eləyirlər.

Bir də qaldı Maku xanlarının bir-birilərini qırmaq məsələsi və Bakıda Pyantkovskaya artistka xanıma on min manatlıq brilliyant bağışlamaq məsələsi.

Bu məsələlər barəsində də Peterburqda ruhanilər yığıncağında danışıq olunub; amma hələ ki, nəticəsi bizə məlum deyil. Bunu biləndən sonra gələn nömrədə yazarıq.

Hələ ki, sizin sağlığınız.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 28 iyun 1914, №21

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Həmidə! (2 fevral)

Bakı*Həmidə xanıma, Münəvvər və Müzəffərə dostluq salamı! Poçtla göndərilən quşları alıb ləzzətlə yedik. Jurnalın taleyi yaxın günlərdə həll olunacaq və nəticəsini biləcəksiniz. O zaman Həmidə xanımın Bakıya köçüb gəlməyi məsələsi də həll olunacaq.

1 min
Həmidə! (Bakı, 17 sentyabr)

Padaqranın müalicəsi haqqında məktubunu aldığım zaman bilmədim sənə necə cavab verim. Bakıda gətirilmə palçıq var, amma onun barəsində rəylər yaxşı deyil. Müalicəni gərəkdir əməlli-başlı eləmək. Buna isə həm pul, həm də başqa şeylər lazımdır. Ona görə də mən belə hesab eləyirəm ki, hələlik gözləyib dözə bilirsənsə, gərək gözləyəsən. Mən sənə kömək eləyə bilərdim, amma, əvvəldən, yayda var-yox pulumu xərcləmişəm, ikincisi, indi [məktəblərdə] məşğələlər başlandığına görə xərc-xiracatım xeyli artmışdır, maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymaq və çox ehtiyatla tərpənmək lazım gəlir.Sənə Şuşada söz vermişdim ki, müalicədə sənə kömək eləyəcəyəm və hətta Tiflisə də gedəcəyəm. Mən vədimə əməl eləməyə hazıram, amma yuxarıda izah elədiyim səbəbə görə indi yox, çünki belə bir səfərə başlamaq üçün müəyyən miqdarda məbləğ gərəkdir. Bir də indi heç cür yola düşə bilmərəm, çünki indi Bakıda jurnalla və başqa məsələlərlə bağlı çoxlu işim var.

1 min
Münəvvər! (20 iyun)

Şüşə qabdakı pambığı ehtiyatla çıxart ki, içində dərman var.Qlazomer tapılmadı, həqiqi ayna yoxdur, şüşə və çinidən var ki, onları da doktor Mehmandarov məsləhət görmədi sənə göndərim. Axtaracağam, tapan kimi göndərərəm. Sizdən bircə dənə də kağız almamışam, nigaranam, bilmirəm Həmidə xanımın və uşaqların kefi necədir. Adamların [həbsdən] azad olmaları barədə əlləşirəm.

1 min
Əzizim Midhət! (4 iyul)

Sən və o biri uşaqlar necəsiniz? Anan necədir? Nə üçün mənə heç kağız yazmırsan?Bu kağızla sənin diqqətini bir məsələyə cəlb eləmək istəyirəm: kənddən Şuşaya yola düşəndə və Ağdamda sən bütün yolu faytonun qozlasında üst-başı kirli sürücünün yanında oturmusan. Halbuki gərək öz ananın yanında oturaydın, çünki daha sən kiçik oğlan deyilsən axı. Ananın yanında təzə xanımı oturtduğunuza görə Müzəffər Ağdamda bazarda sizin yanınızda ola bilməyib və utandığından çalışıb aradan çıxsın. Bu səbəbdən o, sizi Şuşaya da yola salmaq istəməyib (bir də axı, heç onun üçün oturmağa yer də yox imiş). Amma bu onun işidir və ananın işidir, səndən – oğlumdan – xahişim budur ki, bundan sonra həmişə ananın yanında olasan, qozlada yox (əgər səni buna vadar eləyən səbəb olmasa).

1 min

Poems by other poets · Satire