Şükür
Bir şey yadıma düşdü: keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. Mərhumun adını da yazmışdılar, amma mənim yadımda deyil. Yazmışdılar ki, İrəvan camaatının beli qırıldı; çünki mərhum çox şikəstə-nəfs bir adam idi. Yazmışdılar ki, İrəvan müsəlmanları üçün mərhumun ölməyi bir böyük bədbəxtçilikdir; o səbəbə ki, bu vücud çox səlamət və özgə ilə işi olmayan sakit bir vücud idi. Bir də yazılmışdı ki, mərhum millətin cibindən getdi; çünki mərhum dövlətli mülkədarlardan hesab olunardı və cibində həmişə çox pulu olardı. Müxbir cənabları bu xəbəri yazandan sonra, axırda bunu yazmışdı ki: “inna lillahi və inna ileyhi raciun”.
Həqiqət, bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. Çox danışıqlar oldu və yenə olmaqdadır.
Əvvələn, danışılan sözlərin biri budur ki, hər bir millət arasında qəzet ki var, böyük bir şeydir. Qəzet olmasa, millət qabağa getməz; o səbə qabağa getməz ki, məsələn qəzet olmasa, İrəvanda vəfat edən bir bəyin bu dünyayi-fanidən dünyayi-baqiyə getməyini kim biləcək? Amma qəzetin bərəkətindən indi cəmi yer üzünün müsəlman qardaşları bilir ki, İrəvanda flan ayın flanında bir şikəstə-nəfs vücud Allahın rəhmətinə gedib. Bu xəbəri indi Qarğabazarda da oxudular, Danabaş kəndində də oxudular, Zərdabda da oxudular, Sabunçuda da, Palan Qapanda da və Naxçıvanda da oxudular.
Qəzetin bir mənfəəti bu.
İkinci mənfəəti budur ki, indi Quba meydanında və şeytanbazarda məşədi qardaşlar oxudular və bildilər ki, İrəvan müsəlmanlarının evləri külli-kufan oldu və belləri qırıldı; çünki İrəvanda bir elə vücud vəfat edib ki, ömründə heç bir kəsə əziyyəti yetişməyib. Vaqeən böyük bir qənimətdir: özün olasan İrəvan mülkədarı, bəyzadə, dövlətli, müsəlman içində tərbiyə tapmış və müsəlman qardaşlara pislik eləmiş olmayasan, – vallahı ki, bu özü bir elə qənimətdir ki, min dəfə şükür eləməlidir və necə ola bilərdi bir belə mərhumun adını qəzetə yazmamaq ki, cəmi mömün qardaşlar oxuyub xəbərdar olmasınlar?!
O qələmi vuran barmaqları qızıla tutmalıdır.
Bu, qəzetin ikinci mənfəəti.
Üçüncü mənfəəti odur ki, əgər biz xoşbəxt millətin içində qəzet olmasaydı, indi Ağcabədi kəndində, Qurbağalı qəsəbəsində, Kürdəmir şəhərində və Danaqırt vilayətində haradan biləcək idilər ki, İrəvanda bir dövlətmənd şəxs vəfat etmək ilə İrəvan müsəlmanlarını başıaçıq və yetim qoydu? İndi bu xəbəri Rusiya və erməni dövlətməndləri oxumuş olsa, öz-özlərinə deyəcək ki, vallah bu müsəlman dövlətməndləri xoşbəxtdirlər. O səbəbə ki, sağlıqlarında millət yolunda heç bir qəpik də ehsan eləməyibsələr də, yenə öləndə adları qəzetlərdə söylənəcək.
Amma xaricilər axır bizim işlərdən xəbərdar deyillər. Onlar bunu bilmirlər ki, nə qədər bizim içimizdə bəyzadə və xanzadə var, bunların yanında millət söhbəti düşəndə öskürmələri tutur və ciblərindən dəsmalı çıxarıb basırlar ağızlarına və belə bəhanə ilə kənar olurlar.
Odur ki, İrəvanda vəfat edən ağaya şükür eləməlidir. Doğrudan, yenə minlərcə şükür olsun! Şükür və yenə şükür!
O ki, qaldı bizim qəzetlərimiz, – bunlarda da biclik var: bunlar belə-belə xəbərləri yazmaqda xəyalları İrəvan camaatına sataşmaqdır; yəni ey irəvanlı qardaşlar, nə olardı ki, o mərhum öz sağlığında neçəneçə kəndlərin birini millətin maarifi yolunda ehsan eləyə idi?!
Hər kəs nə deyir desin, amma mən yenə bunu deyirəm ki, minlərcə şükür etməlidir ki, bizim də qəzetlərimiz var; yoxsa olmasa idi, kim bilicək idi ki, İrəvanda flan tarixdə flan ağayi-möhtərəm vəfat edib?!
Min dəfə şükür.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 17 iyun 1914, №20
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-sukur
Use ← → keys to move, R for a random poem
More by this author
Keçən vaxtlarda Culfa qəsəbəsinə mənim çox vaxt yolum düşərdi. Hər dəfə orada olanda gömrükxana həyətinə girib, gömrükxana əməllərinə tamaşa edərdim.Məlumdur, İrandan Rusiyaya və Rusiyadan İrana keçənləri axtarırlar ki, sərhəddən o tərəfə, ya bu tərəfə kondrabat malı keçirtməsinlər. Çox vaxt payız fəsli görərdim ki, gömrükxana məmurları Rusiyadan İrana qayıdan İran fəhlələrini düzüb, bunların ciblərini axtarırlar. Fəhlələr özləri ciblərindən şeylərini çıxarıb və dəstmallarını açıb, düzərdilər yerə ki, qulluqçular gəlib görsünlər.
İbrət qalanlaraBir böyük adam bizim Aşqabadda naxoş idi, mən getdim ona baxmağa. Evə daxil olub oturmuşdum ki, gördüm Əzrail varid oldu, mənə baxıb bir güldü, bu adamın başı üstündə oturub qəbzi-ruh buyururdu. Bu halda o adam mənə dedi: bəs niyə mən belə ölürəm? Mən dedim, dinmə, kəlmeyi-şəhadətin de, kəlmeyi-şəhadətini demədi, amma ölən adama bu sözü dedim:Qəd ətəlmövt yığışdır ta büsatın bir görüm,
“Rəhbər”Bəli, bir “qəzet” də bu tərəfdən çıxdı. Vallah, Bakı mollaları fərmayiş etdikləri doğrudur: müsəlmanın evini bu qəzetlər yıxır; qəzetlər artdıqca müsəlmanın lotuları da artır.Hələ biz başa düşmürük ki, “Rəhbər” nə deyir. Gör hələ əvvəlinci nömrədə lap başdan nə yazır: “Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olasıdır”; yəni türküsü: bir millətin ki, məktəbi və kitabı olmasa, – o millət puça çıxar.
Oruc yeyənlərOrucluq yetişəndə mənim heç kəsə o qədər yazığım gəlmir, nə qədər ki, oruclarını yeyənlərə.Vallah, o cür ki, mən görmüşəm, orucu yeməkdənsə tutmaq min qat asandır.
Poems by other poets · Satire
Evini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdınki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!”
ElanımızıAman, ay Kirpi dayı, aç, oxu peymanımızı,Yaz, bütün hər yerə bildir bizim elanımızı.
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.
BöhtanzadəGecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,