Novruz bayramı çox yaxşı bayramdır, ancaq ikicə eybi olmaya: 1. Böyük xərci və 2. Nəhayət zəhməti.

Əvvəl xərcindən danışaq, sonra zəhmətə keçək.

İki ay bundan qabaq iki put Kürdəmir yağı aldım, iki put da xalis Sibir yağı aldım (Sibir yağı bir az şübhəli olduğuna görə Molla Məhəmməd Cəfərə məsləh elətdirdim, dedi eybi yoxdur), on put əla buğda götürdüm, iki kisə sədri düyüsü götürdüm; bunun kişmişi, xurması, badamı, albuxarası və zirə-zəfəranı da öz qaydasınca.

Bu plov dəstgahı; bir neçə yüz manat bura getdi.

Çərşənbə xərci: püstə-badam, xurma, kağızı badam, səbzə, gərmiyan, incir, alana, qax, haqverdi əriyi, miyanpur, alma, nar, üzüm, fındıq, şabalıd, lumu, portaxal... Bu da belə.

Bayram şirnisi: hər qism noğul, hər qism konfet, hər qism qürabiyyə, paxlava, rahəthülqum, şəkər-çörək və hər qism şəkər-çörəklər... Qaldı evdə bişən növ-növ yağlı, yumurtalı, badamlı və zəfəranlı çörəklər.

Bunlar hamısı neçə yüz manata baxır.

Bəs, bayram paltarı? Gör bu neçə yüz manat aparacaq?

Qaldı zəhməti. İki aydır yuxudan doymaq yoxdur: gərək sübh tezdən durasan və gedib gətiricilərin qabağını kəsəsən, alasan, hambala verəsən, bir evə qayıdasan, bir bazara gedəsən, yenə evə qayıdasan, yenə bazara gedəsən.

Ev yığışdırmaq, ev tökmək, ev təmizləmək, ev süpürmək, qab-qacaq, qalay, kömür, odun...

İndi qaldı bayram görüşü. Gör neçə yerə lazımdır getmək, neçə qonağın qabağına çıxmaq, yola salmaq.

– Hacı ağa, bayramın mübarək olsun!

– Ay səninki ilə belə!

Amma dünən bizim balaca oğlan mənə bir qəribə sual verdi; dedi:

– Dədə, bəs, kasıblar bu qədər pulu haradan alırlar ki, bayram saxlayırlar?

Dedim:

– Kasıbın bu qədər pulu olmaz.

Uşaq bir az fikrə getdi və yenə soruşdu:

– Bəs, kasıblar məgər bayram saxlamır?

Mən də bir az fikir edib, sözün doğrusunu dedim:

– Yox, bala, kasıb bayram saxlamaz.

– Dədə, elədə bu novruz bayramı varlıların bayramıdır?

– Bala, deyəsən, sən deyənə oxşuyur.

Neçə-neçə belə bayramlar görmüşəm və hər dəfə yüz-yüz manatlar xərcləmişəm və bayram saxlamışam. Amma deyəsən, bircə bu mənim yadıma düşməyib ki, mənim kasıb qonşularım yüz-yüz manatları tapa bilməyiblər ki, mənim kimi onlar da bayram saxlasınlar. Mən indiyə kimi elə bilirdim ki, mənim cəmi qonşularım bayram saxlayır. Ancaq dünən bunu bildim;

– Dədə, bəs, kasıblar necə pulsuz bayram saxlayır?

Bircə həqiqət bu imiş: novruz bayramı ancaq varlıların bayramıdı...

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 21 mart 1925, №12

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Küp

Bir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.

3 min
Ot

İlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir.Bu qədər var ki, şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. Kitablarda həmişə oxumuşuq ki:

3 min
Yuxu

Molla, salaməleyk!Durmuşdum, yuxuda gördüm ki, iki nəfər cavan oğlan, biri 15 yaşında zülflü və biri də 30 yaşında bığlı-birçəkli bir-birinə yetişdikdə, otuz yaşlı on beş yaşlıya hirsli dedi ki, ədə, ... bəs sən mənə vədə vermişdin ki, axşam bizə gələsən, necə oldu? Sən də Məhəmmədəli şah oldun ki, dediyin sözdən qaçasan?

2 min
Mırt-mırt

Vacib və lazımlı bir məsələ var ki, ona da heç diqqət eləmirik və qulaq asmırıq, deyirik: “Eh, necə olacaq olsun!”.Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır və bir neçə il gözləyirlər, – axırda da hər kəs rast gəlir, – gedirlər, amma çoxu da qalır evdə və özünə layiq oğlan tapa bilmir ki, getsin (Dövlətli qoca kişilərin kefidir ha!).

3 min

Poems by other poets · Satire