Xeyirxahlıq
İrəvan məclisinin sədri və seminariyada şəriət dərsinin müəllimi qazı axund Molla Məhəmmədbağır ağaya bu bir neçə sözü bəndə məhz həmşəhərlik münasibəti ilə deyirəm; məhz xeyirxahlıq yolu ilə ərz edirəm.
Əgər qazı cənablarını yad adam hesab eləsəydim, əgər cənabialiyə məhəbbətim olmasaydı, bu aşağıdakı ərizəni bica hesab edib, bir söz danışmazdım.
Qazı ağa, hələ doğrudan nə səbəbə bu iyirmi beş ilin müddətində seminariyaya gündə bir dəfə ayaq döyüb, nə zəhmətlər ilə bu uzunluqda yolu gedib gəlirsiniz? Və nə qəsd ilə gündə seminariyaya təşrif aparırsınız? Vaqeən, mənim sizə ürəyim yanır. Axır bir mülahizə eləyin görün, sizin evinizdən seminariyaya nə qədər yoldur və onu da bilirəm ki, murdar faytona kə konkaya minmirsiniz ki, paltarınız mütənəccis olar.
Bəs bu nə zəhmətdir ki, çəkirsiniz?
Əgər məvacibdən ötrüdür, – mən buna inana bilmərəm ki, iki parə kəndiniz və iki ali imarətiniz və nə qədər nəqd pulunuz ola-ola otuzqırx manat məvacibdən ötrü bu əziyyətlərə tablaşasınız. Xeyr, bu dilənçilik sifətini mən sizdə ehtimal eləmirəm.
Əgər buyursanız ki, seminariyada müsəlman şagirdlərinə şəriət dərsi verib, onları müsəlmançılıqda saxlamaq qəsdi ilə bu riyazəti qəbul eləyirsiniz, – bu da ağla gəlməyən işdir; çünki sizə yaxşı məlumdur ki, şagirdlər sizin şəriət dərsinizi oxuyub qurtarandan sonra, ömürələrində nə bir rükət namaz qılırlar, nə bir gün oruc tuturlar, nə bir-birləri ilə bir kəlmə müsəlmanca danışırlar və zahirən müsəlmana o qədər oxşayırlar, necə ki mən Yaponiya imperatoruna oxşayıram.
Qazı ağa, mənim xatirim üçün bir məni başa salın görüm gündə bir dəfə nə qəsd ilə o kafirlərin içində ayaq döyürsünüz və gedib seminariyada nə qayırırsınız? Və hərçənd elə ittifaq düşür ki, aylarnan dərsə getmirsiniz, amma söz oradadır ki, mən bilmirəm gedəndə orada uşaqlara nə dərsi verirsiniz və kimə lazımdır sizin dərsiniz və nədən dərs verirsiniz? Və niyə şagirdlərə yazığınız gəlmir? Məgər bu qədər elm öyrətmək olar, məgər bilmirsiniz ki, insanı elm aparar?
Hələ bir bunu mənə deyin görüm, nə niyyət ilə gündə seminariyaya ayaq döyürsünüz?
Amma bunu mən sizdən çox təvəqqə edirəm, elə güman eləməyəsiniz ki, seminariyada müəllim olmağınızı mən xoşlamıram. Mən elə pis adamlardan deyiləm ki, arzu edəm siz oradan çıxasınız ki, bir kasıb cavan, qeyrətli və himmətli Allah bəndəsini sizin yerinizə təyin edələr ki, həmi özü elminin bərəkətindən bir ruzi sahibi olsun, həmi şagirdlərə az-çox bir şey öyrətsin.
Xeyr, xeyr, mən paxıl deyiləm. Mənim axtardığım budur ki, gündə bir dəfə kafirlər içinə gedib onlar ilə həmcəlis olmaqdan xilas olasınız.
Siz ki, Allaha şükür, alimsiniz, məgər eşitməmisinizmi ki, “qaləlhəvvariyun li-İsa: ya Ruhəllah mən nücalisü? Qalə: mən yüzəkkirükümüllah rəviyyətühü və yürəqqibüküm filaxirəti əməlühü”, yəni hüvvariyyun bir gün həzrəti-İsadan soruşdular: ya Ruhulla, kimlər ilə həmnişin olaq? Həzrət buyurdu ki, “bakəsi ki didənü mülahizeyi-övzaü ətvari-u xudara beyadi-şoma əndazəd və əməli-u şomara bəaxirət tərğib nemayəd”; yəni o kəslər ilə oturub durun ki, sizi axirətə tərğib edələr.
Hələ istəyirsən qafiyə ilə söyləyim:
Ey bəradər migiriz əz yari-bəd,
Yari-bəd bədtər bəvəd əz mari-bəd.
Mari-bəd tənha tora bərcan zənəd,
Yari-bəd bərcanü bəriman zənəd.
Siz ki, Allaha şükür, alimsiniz məgər bunu hələ indiyə kimi eşitməmişsiniz?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 6 sentyabr 1909, №36
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-xeyirxahliq
Use ← → keys to move, R for a random poem
More by this author
Həştərxan müftisinin idarəmizə göndərdiyi məktubu:Müdiri-möhtərəm!
Dövlət dumasına vəkil seçgisiA kişi, dünyada nə çox bikar adamlar var imiş. Bir neçə gün bundan irəli mənə, şəhər idarəsi tərəfindən üzv seçmək üçün dəvətnamə göndərilmişdi. Dünən axşam evdə oturub çay içirdim, zəng çalındı, nökər ərz etdi ki, bir cavan oğlan məni görmək istəyir; bəli, gəldi. Hə, nə qulluq? Əlin uzadıb qoltuq cibindən bir tikə qırmızı mürəkkəb ilə yazılmış vərəqə qoydu qabağıma ki, seçki günü haman vərəqəni aparıb salım qutuya. Dedim baş üstə, bu bir asan işdi. Kağızı heç açmadım. Eləcə bükülü qoydum cibimə. Cavan xudahafiz deyib getdi.Bir az keçdi, genə zəng vuruldu. Bu dəfə genə bir cavan oğlan, genə haman əhvalat.
BakılılaraAy bakılılar, Allah xətirinə məndən əl çəkiniz. Mən xəta eləmədim ki, gəldim bir para məzhəkəli nağıllarla sizi güldürəm ki, könlünüz açılsın və xörəyiniz yaxşı həllə getsin! Yoxsa mən gəlmədim ki, onu-bunu özümdən incidəm.İşin ibtidasında falı bəd vuran – o evi xarab Dəmdəməki oldu: götürüb o qədər yalan-palan yazdı ki, cəmi Bakı əhli məndən rugərdan oldular.
Niyə mən dərsdən qaçdımDünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.
Poems by other poets · Satire
Ay Baba, gəl deyim sənə dövri-zamanı birbəbir,Sən say əlinlə, mən deyim yaxşı, yamanı birbəbir.
Onlar ki, edir hörmətü namusunu təqdisOnlar ki, edir hörmətü namusunu təqdis –Bir digərinin irzinə eylərmi xəyanət?
Çıxmadı, qurtulaq dərdü bəladanÇıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!
BənzətməGöstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,