Niyə mən dərsdən qaçdım
Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.
Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.
Məlumdur ki, dərsdən qaçmağa neçə-neçə səbəblər olur. Görürsən on üç yaşında bir uşaq nə qədər ki, qamışdan at qayırıb, minib küçələri o tərəf-bu tərəfə kişnəyə-kişnəyə çapır, sağ və salamatdır. Amma dərsə gedən kimi, biçarənin Şəki alması kimi qırmızı yanaqları başlayır solmağa. Uşağın atası gedib Hacı Kərim həkimə əhvalatı deyir və həkim uşağın üzünə baxan kimi ona bir dua yazır və uşağın atasına deyir ki:
– Oğlunun heç özgə naxoşluğu yoxdur. Məhz falaqqadan qorxub.
Və uşaq bu sözləri eşidəndən sonra, dəxi dərsdən qaçır.
Ya bu cür olur: uşaq gedir məktəbə və həmişə müəllimindən artıq hörmət, iltifat və mehribançılıq görür; məsələn, müəllim həmişə onu öz yanında oturdur, bazardan kişmiş-noxud alıb doldurur ciblərinə, dərsini bilməyəndə ayaqlarını falaqqaya qoymur, çətin dərs vermir və hər vaxt ki, uşaq dərsini bilmədi, müəllim yapışır onun çənəsindən və deyir: mən ölüm, bacıoğlu, mənim ürəyimi sıxma, dərsini yaxşı əzbərlə, yoxsa səndən küsərəm.
Amma sonra haman uşaq çiçək çıxardır. Dəxi bilmək olmur ki, bu nə sirrdir. Müəllim dəxi binəvanı bilmərrə gözdən salıb üzünə də baxmaq istəmir və bunun əvəzinə bir özgə gözəl uşağı yanında oturdub dəxi kişmiş-noxud təzə rəfiqinin ciblərinə doldurur. Yazıq həsrətlə rəqibinin üzünə bir qədər baxıb, götürür kitabını və üz qoyur məktəbdən getməyə və başmaqlarını geyən vaxt sağ əlinin şəhadət barmağını burnunun üstə döyə-döyə mollasına deyir:
– Hey, sən indi kişmiş-noxudu verirsən Cəfərə, mən də sənin acığına ta bundan sonra nə məktəbə gələrəm və nə də sənə halva gətirərəm.
Çox vaxt belə də olur: uşaq dərsə gedən kimi həmin uşağın evində bir bədbəxtlik üz verir; ələlxüsus ki, o məktəbdə rus dərsi də oxuna.
Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən gününün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölür. Uşağın atası gedib əhvalatı Danabaş kəndinin mollası Axund Hacı Molla Namazəliyə deyir. Axund cavab verir ki, onlar hamısı bir bəladır ki, şəxs etdiyi günah əməlin əvəzində Allah-Təala ona göndərir. Kişi and içir ki, uşağını rus dərsinə qoymaqdan savayı bir özgə günah işə mürtəkib olmayıb. Axund barmağını dişləyib deyir:
– Di belə de, rəhmətliyin oğlu! Ta məni niyə dağ-daşa salırsan?
Kişi evə qayıdıb götürür dəyənəyi və arvadına bir-iki çəkib, başlayır söyməyə:
– Ay köpəyin qızı, sən nə səbəbə bu uşağı doğdun ki, gedəyi rus dərsi oxumağa və qoyunlarımızın ölməyinə bais olaydı!
Dəxi işləri bu halətdə görəndən sonra uşaq dərsdən qaçır.
Amma mənim dərsdən qaçmağım söylədiyim əhvalatların heç birinə oxşamır.
Bu dəfə ta çox qəmişliyə getdik. İnşallah gələn həftə bu xüsusda sizə başağrısı verib əhvalatı təfsilən nağıl elərəm.
On üç yaşa çatan kimi mən küçələrdə xoruz döyüşdürürdüm. Ax, keçən günlər!..
Bir gün gəldim rəhmətlik dadaşıma dedim:
– Dadaş, məni qoy dərsə.
Rəhmətlik məni çox istərdi: çünki məndən savayı bir özgə övladı yox idi. Məhz məni istəmək səbəbinə ki, sözüm yerə düşməsin və ürəyim sıxılmasına, rəhmətlik dadaşım razı oldu: amma bu şərtlə ki, əvvəl gedib qonşumuz Molla İsmayıla istixarə etdirsin. Molla İsmayıl da vəfat edib; Allah ona minlərcə rəhmət eləsin. Rəhmətlik həm molla idi və həm də şair idi. Hər nə qədər ki, şeir demişdi, yazıb bir dəftərçə qayırmışdı və istixarə edən vaxt götürərdi həmin dəftərçəsini, gözlərini yumardı, ağzını açardı göyə səmt və dodaqlarını tərpədə-tərpədə dəftərçənin bir yerindən açıb oxurdu.
Rəhmətlik dadaşım mənim dərsə getməyimə istixarə etdirən vaxt rəhmətlik Molla İsmayıl kitabçanı söylədiyim qayda ilə açıb dadaşıma həmin bu şeirlərini oxuyub…
Ol gün ki, sənə xaliq edər lütf bir övlad,
Olsun ürəyin şad!
Təyin elə cindarı ki, etsin ona imdad,
Ta dəyməyə həmzad…
Sağdan sola, soldan sağa sal boynuna heykəl,
Qoy cinni məəttəl,
Min günə tilismatə tutub eylə müqəffəl,
Gəzdir onu əl-əl,
Gər dəysə soyuq, sancılanıb olsa da bimar,
Hökm et, gələ cindar.
Göstərmə təbibə o cigərguşəni zinhar,
Qoyma ola murdar.
Ağlarsa uşaq, dərdinin axtarma davasın,
Ancaq söy anasın.
Qorxuzsun o da damdabaca ilə çağasın,
Kəssin də sədasın.
Örgət ona, əlbəttə, özün bir neçə mövhum,
Məhdud ola məsum.
Bu sayədə ömr eyləyə dünyada o məzlum,
Hər haləti məzmum.
Tək-tək dil açanda ona təlim elə hədyan,
Həm olma peşiman.
Bildir ona min dürlü qəbahətləri hər an,
Alsın ələ ünvan.
On yaşə yetincə uşağın eyləmə qəflət,
Qandır neçə bidət.
Ta on beşə yetdikcə tapa işdə məharət,
Həm eyləyə adət.
Göndərmə onu məktəbə, dəng eyləmə başın,
Tökmə üzə yaşın.
Hər fənd və bijliklə edər kəsb məaşın,
Saxlar özü başın.
Rahət nəyə lazım edə dünyada məişət,
Quldurçuluq öyrət.
Ta inki, qumar oynaya, qətl eyləyə, qarət,
Xoşdur belə sənət.
Dünyanı soyub eyləyə hər gün səni xürsənd,
Sağ ol belə fərzənd!
Evdə tapılır indi dəxi çay, pilov, qənd,
Kimdir sənə manənd?
Nagah alınıb həbsə, tutarsa səni vəhşət,
Ver hakimə rüşvət.
Sat var-yoxunu advoqata ver neçə xələt,
Puç ol hələ-həlbət.
Axırda olub həsrəti-didari-cəmali,
Qal kisəsi xali.
Qaldıqda oğulsuz dəxi tez başla süalı,
Al vizrü vəbalı.
Tap rizqi-həlalı,
Ay başı bəlalı,
Yığ dəymişi-kalı,
Olmaz oxumaqdan
Tapmaq bu cəlalı!
Qərəz, bir neçə vaxt başladım məktəbə getməyə. İnsafən, artıq səyim var idi oxumağa. Belə ki, hər gün məktəbdən evə qayıdıb, tökərdim kitabları qabağıma və başlardım sabahkı dərsimi hazırlamağı. Axır dadaşım mənim oxumağımdan təngə gəlib, mənə bir-iki dəfə dedi:
– Ay balam, özünü bərkə salma. Nə olacaq sənə bu oxumaqdan? Mən dadaşımın sözünə qulaq verməyib, öz işimə məşğul idim. Bir gün evdə həmişəki kimi dərsimə baxmaqda idim. Gördüm ki, dadaşım gedib, anama bu sözləri deyir:
Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!
Dəng oldu qulağım.
Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan
İncədi uşağım.
Ağlın aparıb bəs ki, baxır gündə qərayə,
Yarəb, nə həmaqət!
Söz etməz əsər, çarə qalıb indi duayə.
Tədbir elə, övrət!
Lənət sənə, ifritə, sənindir bu cəhalət,
Etdin nə xəyanət!
Səndən törənibdir bizim evdə belə bidət,
Ey mayeyi-hiylət!
Tutsun çörəyim gözlərinin ağü qarasın,
Ey həmsəri-bədxah!
Haşa, oda yaxmaz ana istəkli balasın,
Kəssin səni Allah!
Bu tifli oxutmaqlığa etdin məni tərğib,
Həp eylədin iğva.
İndi nədi fikrin? İşimiz oldu bu tərkib,
Yox çarəsi əsla.
Heyhat ki, tədbir ola bu xanəxərabə,
Zail olub əqli.
Dərsə, qəzetə, məktəbə, jurnala, kitabə
Mail olub əqli.
Yıxdın evimi, eylədin övladımı zaye,
İş keçdi məhəldən.
Mən anlamaram elm nədir, ya ki sənaye,
Zarəm bu əməldən!
İstərdim o da mən kimi bir hörmətə çatsın,
Dünyadə dolansın;
Ta qol gücünə malik olub şöhrətə çatsın,
Azadə dolansın;
Bir vəqtdir indi ki, olub Rüstəmi-dövran,
Bir ad qazanaydı;
Qarətlər edib ta ki, tapaydı sərü saman,
Bir şey də qanaydı.
Puç eylədin, övrət, bu gözəl, sadə cavanı!
Dilbilməz oğul, vay!
Rəngi saralıb, qalmayıb əsla yarı canı,
Bir gülməz oğul vay!
Ax, naxələf oğlum, nə çətin məşqə düşübsən,
Ey kaş, usanaydın!
Quldurluğa yox, elmə tərəf eşqə düşübsən,
Bu qübhü qanaydın!
Ey nuri-düçeşmim, oxumaqdan həzər eylə,
Saleh vələd ol, gəl!
At min, hünər öyrəş, məni də bəxtəvər eylə,
İşdə bələd ol, gəl!
Bəsdir oxudun, az qala canın tələf oldu,
Bu kardan əl çək!
Yazmaq, oxumaq, başına əngəl-kələf oldu,
Əşardan əl çək!
Min elm oxuyub söz biləsən, hörmətin olmaz
Bu dari-cahanda;
Söz bəhrinə gövhər olasan qiymətin olmaz
Xassə bu zamanda;
Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz,
Canın bəcəhənnəm!
Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!
Mırtılda dəmadəm,
Qıl elm fərahəm,
Ol qüssəyə həmdəm;
Ömrün olacaq kəm;
Düşmən sənə aləm…
“Molla Nəsrəddin”, 19 və 26 may, 16 iyun, 1906, №7, 8, 11
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-niye-men-dersden-qacdim
Use ← → keys to move, R for a random poem
More by this author
Nağıl edibdi Lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil.*Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər.
Dəllək... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır.(Hələlik qulaq verin)
OlacaqsanMən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,
OyanmadımDərədə yatmış idim, oyatdılar, oyanmadım,Bumuma tikanlan uzatdılar, oyanmadım,
Poems by other poets · Satire
“Yoxdur eybim, – desə hər kim, – məni tənqid eləmə”,Baxma, bic tülküdür, ay Kirpi dayı, al qələmə.
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
Bir müdirin ki, keçməyə qolunaBir müdirin ki, keçməyə qolunaQolu bulvarda bir gözəl sənəmin,
Möhkəm birlikƏcəb şeydir: yazınızzəif əsərlər – o, sən,